Çağdaş Azərbaycan nəsrində bir ilk –
Tural Cəfərlinin "Sokratla çayxana söhbətlərim" romanı
haqqında
"Əgər sözlər səni özündən çıxara bilmirsə,
deməli, ya ağlın buna imkan vermir, ya da dəli olmaq istəmirsən". Alman filosofu Feyerbaxın bu fikri ilə yazıma başlamaq istərdim. Çünki bu yaxınlarda oxuduğum və təsirindən uzun müddət çıxa
bilmədiyim (əslində,
hələ də təsirindəyəm) roman haqqında
oxucu qeydlərimi yazmaqla, məhz sözün və düşüncə gücünün
imkanlarını bir daha nəzərdən keçirmək fürsətini
əldə etdim...
Gənc
yazıçı, fəlsəfə
araşdırmaçısı, gələcəyinə böyük
ümidlər bəslədiyim
Tural Cəfərlinin
"Sokratla çayxana
söhbətlərim" adlı
romanı çağdaş
Azərbaycan nəsrində
bir sıra ilklərlə diqqəti cəlb edir. Bəli, məhz "ilk"lərlə. Belə
ki, müəllif antik
yunan filosofu Sokratı müasir dövrdə, həm də Azərbaycanda təsvir etməklə, ilkə imza atmış oldu. Tural Cəfərlinin fəlsəfə məzunu
olması və fəlsəfə araşdırmaçısı
kimi fəaliyyəti ona geniş imkanlar verməklə yanaşı, həm də ona bir
müəllif kimi fəlsəfi fonda roman yazmağa əlverişli zəmin hazırlayıb.
Bu mənada, müəllif
həm də fəlsəfəni ədəbi
kontekstdə uğurla
istifadə edərək,
növbəti ilkə
imza atıb.
Digər
bir tərəfdən
müəllif romanda müasir dövrün aktual məsələlərini,
insan xarakterinin zidiyyətlərini aydın,
təmiz və dəqiq ifadələrlə
əxz etdirərək,
oxucunu mətnin sehrinə salmaq işinin öhdəsindən
gəlib və beləliklə, oxucunu mətnə cəlb edə bilib. Bu da çox önəmli bir faktordur. Əgər müəllif oxucunu yazmış olduğu mətnə cəlb edə bilmirsə, deməli, uğursuzluğa düçar
olub. Bu mənada, Tural Cəfərli oxucunu mətnə cəlb etməyi ustalıqla bacarıb. Nəzərə alsaq ki,
"Sokratla çayxana
söhbətlərim" müəllifin
ilk romanıdır, bu
da gələcək əsərlər
üçün nikbin
düşünməyə əsas verir.
Romanda hadisələr "Bəxtsizlər"
qəsəbəsində cərəyan
edir. Adi məişət
qayğıları ilə
mübarizə aparan qəsəbə sakinləri
həyatlarını monoton,
boş və mənasız keçirməklə,
sanki ümidsizlik içində yox olmağın ağrılarından
zövq alırlar. Belə olan halda qəsəbə qanunları üçün
yad hesab olunan, öz prinsipləri və həyata baxış bucağı ilə seçilən, ziyalı kimi fikirlərini cəmiyyətə
çatdırmaq istəyən
qəhrəmanın özünə
yeni dost tapması ilə
hadisələr yeni məcra
almış olur. Yeni dostun kimliyi isə romanda ilk vaxtlar sirr olaraq
qalır, sonra isə oxucu Sokratın həyata və insanlara olan münasibəti ilə tanış olur. Bu tanışlıq özündə fərqli
və qəribə düşüncələrin meydana
çıxması ilə
nəticələnir.
"Bəxtsizlər" qəsəbəsinin
sakinləri kənardan
adi görünən bir həyat yaşayırlar. Lakin günlərin
bir günü peyda olan qeyri-adi,
qəribə bir adam qəsəbənin həyatına, dünyaya baxışına qarşı
çıxır və
bütün diqqətləri
özünə çəkir.
Həmin adam qədim yunan filosoflarından biri olan Sokratdır.
Dərin
daxili böhranlar keçirən, bir-birinin ardınca ağlasılmaz
hadisələrlə qarşılaşan
qəsəbə sakinlərindən
biri, Sokratı kəşf edir və onunla dostluq münasibətləri
qurur. Çayxanada baş tutan söhbətlər özündə
fərqli, yeni və faydalı mövzuları ehtiva edir. Romanda
hadisələr keçmişlə
gələcəyin, qaranlıqla
işığın, yeniliklə
köhnəliyin qarşıdurması
fonunda cərəyan edir. İndi qəsəbə
sakinlərinin nicat yolu hər iki
qəhrəman üçün
böyük önəm
daşıyır. Sokrat
və dostu "Bəxtsizlər" qəsəbəsinin
sakinlərinin düşüncələrini,
həyata baxışlarını
dəyişə biləcəklərmi,
yoxsa onlar da qəsəbə qanunları
ilə yaşamağa
davam edəcəklər?
Bu suallar əvvəlcə kilid xarakterini daşısa da, sonra hər bir sualın
açarı oxucu üçün təqdim
olunur. Oxucu romanda həm özünü, həm də ətrafındakı
insanları görür,
tanıyır. Bu da romanı
daha da maraqlı edir. İş həyatında hamımızın
qarşılaşdığı insan xarakterinin müxtəlif eybəcərlikləri
romanda güzgü effekti verir. Məsələn, aşağıdakı
mətnə diqqət
edək:
"İşdə müdirlə
mübahisə etdim. O
mənə "axmaq"
dedi, mən də ona "yaramaz" dedim. Nəticədə, mən
haqlı çıxdım.
Bu da məsələni bir
az böyütdü. Söhbət xadimələrə
kimi gedib çıxdı. Xadimələr
də mənim haqlı olduğumu təsdiqlədilər, ancaq
bunu etiraf edə bilmədilər. Çünki işdən
çıxmaq intihara
bərabərdir, bu zamanda... Mübahisəmizin
sonunda ərizə yazıb işdən çıxacağımı bildirdim.
Onsuz da maaş məni qane eləmir, adı gedib özü işə gəlməyənlərin
yerinə də işləməkdən bezmişəm...
Taksit kartım, bir də ikinci
ali təhsil üçün götürdüyüm
kredit olmasaydı, çoxdan rədd olub getmişdim. "Bəxtsizlər" qəsəbəsində
ümidlərlə yaşamaq
özünü aldatmağın
ən asan yoludur"...
Tural Cəfərli "Sokratla çayxan söhbətlərim"
romanında Sokratı
tipik azərbaycanlı
kimi mühitin təsiri altında formalaşan "filosof"
kimi təqdim etməklə növbəti
ilkə imza atmış oldu. "Yəni, cəmiyyət necədirsə, fərdlər
də elədir" prinsipi əsər boyu silsilə xarakter daşıyır.
Lakin müəllif həm
də oxucu üçün düşüncənin
gücü, intellektin
üstünlükləri kimi
məsələləri də
qabartmaqla, gələcəyin
elm, təhsil üzərində
qurulmasına işarə
edir.
"Sokratla çayxana söhbətlərim"də ailə,
qarşılıqlı anlaşma,
insanlar arasında münasibətlər kimi məsələlər də
önə çəkilir.
Bu baxımdan, Sokrat da
insandır, o da digərləri
kimi evlənməyin, ailə qurmağın sosio-psixoloji tərəflərini
izah etməyə çalışır və
bununla da gənclərə
faydalı mesajlar ötürür. Lakin təəssüf
ki, Sokratı çoxları
ciddiyə almır, onun fikirlərinə önəm vermir və müdrik bir adamın maddi durumunun aşağı olmasından
dolayı ona hörmət etmirlər. Təbii ki, bütün bunlar Sokratı narahat etmir, o daha çox cəmiyyətin cahil kütləyə çevrilməsindən
narahatdır və bunu söhbətlərində
qeyd etməklə, çıxış yolunu
göstərməyə çalışır.
Aşağıdakı dialoqa diqqət edək:
"Təbiət insanı əxlaqlı etsə də, insanın içindəki heyvanı
qova bilmədi. Bu heyvan insanı ələ verdi, ona mağara həyatını xatırlatdı.
Beləliklə insan əxlaq adlı bir uydurmanı fikirləşməkdən başqa
yol görmədi. Müasir insan üçün geyim, pul əxlaqdan üstün hesab olunur. Əslində isə bir insan
üçün əxlaq
çörək və
paltardan daha vacibdir.
- O gün tiktokda gic-gic hərəkətlər
edən, yarıçılpaq
bir qıza şir atdılar - söhbətin məğzini
dəyişmək istədim.
- Deyirəm, sənin də bu şit
zarafatların olmaya
da. Belə pis adam deyilsən, ancaq yerini bilmirsən
də. Sokratın qaşları çatanda vəziyyətin nə yerdə olduğunu tez anlayıram.
- Niyə? - təəccüblə
soruşuram. Guya heç nədən xəbərim yoxdu.
- Yerini bilsən, indi sən danışardın,
mən qulaq asardım.
- Tiktoka, feysbuka münasibətin necədir?
- Müasir insan bayaq dediyim içindəki
heyvanı məhz bu cür ortamlarda
daha çox bayıra buraxır. Heç kim içindəki heyvanı
kitabxanada, universitetdə,
akademiyada göstərmək
istəmir. Çünki
başa düşür
ki, içindəki heyvan
üçün belə
yerlər yaddır, dardır, sıxıcıdır.
Ancaq sənin dediyin Tiktok kimi yerlərdə insan öz içindəki
heyvanı sərbəst
buraxa bilir, insanın instiktiv yadına düşən mağara həyatı belə yerlərdə daha əlverişli imkanlara sahib olur.
- Bilirsən, bir şirin qiyməti neçiyədir? Deyilənə
görə, altı yüz manatdır! Gözümü ağardıb
Sokratın turp kimi qızaran burnuna baxıram.
- Ay axmaq, o şiri atanlar da sənin kimi içində heyvanla yaşayanlardı
da".
Müəllif sosial şəbəkələrin
insan həyatına təsirini Sokratın düşüncələri fonunda
təqdim etməklə,
oxucu üçün
sosial şəbəkələrin
mahiyyətini və həqiqi tərəflərini
göstərmiş olur.
Bu da müəllif tərəfindən
gənclərin pis vərdişlərdən uzaq
durması üçün
çağırış kimi başa düşülə bilər.
Gənclərin mütaliəyə,
kitaba, elmi yeniliklərə yönləndirməyin
vacibliyi bir daha ortaya çıxmış
olur...
"Sokratla çayxana söhbətlərim" həm
də təhsilin, savadın, biliyin arxa plana keçdiyi, həqiqətdə isə
inkişafın, tərəqqinin
əsas mənbəyi
olduğu gerçəkliyini
bütün varlığı
ilə göstərməyə
çalışan Sokratın
müəyyən mənada
özü ilə mübarizəsi kimi də qəbul oluna bilər. Çünki o, müasir dünyada yaşamağın
və düzgün qərarlar qəbul etməyin nə qədər çətin
və təhlükəli
olduğunu dərk edir.
Romanda müxtəlif sosial məsələlərə fəlsəfi
prizmadan yanaşılmaqla,
ictimai əhəmiyyət
kəsb edən məsələlərə yer
ayrılıb. Bir tərəfdən
də insan psixologiyasının mürəkkəbliyi,
hiyləgərlik, unutqanlıq,
nankorluq kimi məsələlər romanda
incə detallarla təsvir olunub. Tural Cəfərli "Sokratla çayxana söhbətlərim" romanında
kütləni idarə
edən savadsızlıq
sindromundan qurtulmağın
yolları haqqında Sokratın dili ilə müxtəlif axtarışlara cəhd edib.
Fəlsəfi düşüncələr müəllif kimi Tural Cəfərlinin yaradıcılıq dünyasına
rəng qatır. Onu digər yazıçılardan fərqləndirir.
Müəllif tərəfindən
böyük həssaslıqla
və incə yumorla yazılan "Sokratla çayxana söhbətlərim" romanında
oxucuların dünyagörüşünə
təsir edəcək
əhvatlar, yanaşmalar
da böyük əhəmiyyət
kəsb edir. Və bütün bunlar bir yazıçı
kimi Tural Cəfərlinin növbəti
əsərlərinin uğurundan
xəbər verir. Həm də yaxın zamanlarda bir müəllif kimi ona çoxsaylı
oxucu sevgisi və marağı üçün zəmin yaradır. Yazıçı
üçün də
elə ən böyük mükafat oxucudur!
Vahid Əlioğlu
Ədəbiyyat qəzeti.- 2024.- 6
dekabr, №47.- S.29.