"Sən
yaxşılıq eylədin,
sənə xoş xəbərim
var"
Məhəmməd Qəzayinin
"Sözün qiyməti" pyesi barədə
Azərbaycan və digər türk xalqlarının qeyri-maddi mədəni irs nümunələri olan dastan, nağıl, əfsanə və digər şifahi xalq ədəbiyyatı örnəklərindən təsirlənərək bu zəngin xəzinədən bir çox motivləri diqqətə alan və yüksək sənətkarlıqla onlardan bəhrələnən şair və yazıçılar həmin motivlər əsasında uşaqlar üçün də dərin məzmunlu əsərlər də qələmə alıblar. Bu motivlər içərisində ən işlək olanı atalar sözü və zərb-məsəllərdir. Elə bir yazar, qələm adamı yoxdur ki, əsərlərində, eləcə də bədii yaradıcılığında atalar sözü və zərb məsəllərdən yararlanmasın...
Azərbaycan xalqının hikmət boğçasından dürr çıxaran, onlardan yaradıcı şəkildə istifadə edərək mükəmməl şeir, poema, roman, hekayə və pyeslər qələmə alan yazarların sırasında çağdaş dövr Güney ədəbiyyatını yaradanlardan biri - Məhəmməd Qəzayi də yer alır.
Haşiyə: Məhəmməd Qəzayi 1980-ci ildə Təbriz şəhərində dünyaya göz açıb. 13 yaşından şeir və ədəbiyyat dünyasına meyillənib və Azərbaycan türkcəsində şeirlər oxuyub-yazmağa başlayıb. Oxuduğu şairlər içərisində ustad Şəhriyar, Məhəmməd Füzuli, Nəsimi, Əbulqasım Nəbati, Bəxtiyar Vahabzadə, Nüsrət Kəsəmənli, Bulud Qaraçurlu Səhənd, Məmməd Araz və Nəbi Xəzrinin əsərləri daha çox diqqətini çəkib. Özünün söylədiyinə görə, elə ilk oxuduğu əsərlər də bu yazarların yaradıcılığından örnəklər olub...
Məhəmməd Qəzayi 14 yaşından etibarən uşaq və yeniyetmələr üçün qələmə alınmış şeirlərlə, özəlliklə, böyük ədəbiyyatla maraqlanıb və uşaq şeirləri də qələmə almağa başlayıb. Şairin günümüzədək: "Hamı yatıb, cırtdan oyaq", "Tanı məni", "Bənövşə", "Qar adamı", "Qarhaqar", "Utanım yerinə, ay utanmayan (Şeir toplusu, köçürən-Şahmar Əkbərzadədir) və "Dənizə bir baxış (İran ədəbiyyat ulduzlarının ustad Şəhriyar haqda baxışları)" adlı yeddi kitabı çap olunub.
Şair hazırda Təbriz şəhərində yaşayır.
Güney Azərbaycanda uşaqların böyüməsində və inkişaf etməsində önəmli rol oynayan, xəyal, duyğu və düşüncələr aləminə, duyarlılıqlarına, zövqlərinə uyğun olan və onların əylənmələrinə qatılmaq amacı ilə reallaşdırılan çocuksu bir ədəbiyyata son dönəmlərdə maraq xeyli artıb.
Uşaq ədəbiyyatının gəlişməsinin təmin edilməsi ilə bağlı çalışmalar üzərinə Nadir Əzhərinin yürütdüyü fikirlər bu gerçəyi tamamilə təsdiqləyir: "İndiki vaxtda, gözəl bir kitabçı dükanına girən bir uşaq böyük bir ehtimalla istədiyi kitabı tapa bilər. Şəkilli, rəsmsiz macəra romanları, pəri nağılları və əfsanələr, fantastik, özyaşam əhvalatları, tarix kitabları, təbiətlə əlaqədar kitablar, şeirlər, qısaca, yer üzündə var olan hər şeylə əlaqədar düzinlərlə kitab rəflərini doldurar. Bu gün kitab oxuyan uşaq sayı köhnəsinə görə çox artdı. Kitab satın almağa gücü çatmayan uşaqlar üçün Xalq kitabxanalarının uşaq kitabları hissəsindən davamlı olaraq borc kitab alına bilər. Bir çox məktəbin də öz xüsusi kitabxanası var. İndiki vaxtda uşaq kitablarının həm təlimçi, həm də əyləndirici olmasına əhəmiyyət verilir. Amma köhnədən belə deyildi, üstəlik, uşaqların oxuyacaq kitab tapmaları asan olmurdu. XVIII əsrin əvvəlində yaşamış bir uşaqla bu mövzuda konuşa bilsəydiniz, oxumuş olduğu kitabların azlığına və bunların yalnız bir neçəsinin uşaqlar üçün yazılmış olmasına şaşardınız. Bundan 150 il əvvələ qədər kitab deyilincə, uşaqların ağlına, ilk başdan sona qədər yaxşı davranış qaydaları ilə dolu dərs kitabları gəlirdi. Təlimçi kitabların yanında uşaqlar üçün maraqlı, əyləndirici kitablar yazılmağa başlanalı çox olmadı..."
Əminliklə deyə bilərik ki, məhz bu az vaxtda çocuksu ədəbiyyat xeyli gəlişdi. Körpə fidanları maraqlandıran, həvəslə oxuduğu önəmli konuları hədəfə alan, onların anasının özbəöz dilində - Azərbaycan türkcəsində əsərlər qələmə alındı, kitablar çap olundu. Belə bir mühüm sonuca varıldı ki, uşaqlar üçün nəzərdə tutulan maraqlı, əyləndirici kitablar, bədii əsərlər ana dilində qələmə alınmalı, azyaşlı və yeniyetmə oxucuların yaş səviyyələri, milli xüsusiyyətləri və anlama qabiliyyətləri nəzərə alınmalıdır. Çocuksu ədəbiyyatı oluşduran əsərlərin süjet xətti sadə olmalı, aydın və xəlqi dildə yazılmalıdır ki, bağça və məktəbyaşlı uşaqların dilinin, bədii zövqünün və dünyagörüşlərinin inkişafına, formalaşmasına yardımçı olsun...
Şair Məhəmməd Qəzayi də uşaqların zövqünə uyğun yaradılan, onlarda maraq oyadan ədəbiyyatın yazarıdır.
Tərbiyəvi-didaktik konuda qələmə aldığı "Sözün qiyməti" pyesini Məhəmməd Qəzayi məhz bu məsələləri nəzərə alaraq yazıb, desək, yanılmarıq. Şair xalqın hikmət xəzinəsindən, folklor boğçasından bəhrələnərək qələmə aldığı bu pyesi iki personajın - Quş və onu tələyə salan Ovçunun dialoqu üzərində qurub. Ovçu ilə onun tora saldığı quşun söhbəti həm kiçikyaşlı oxucuda, həm də böyüklərdə dərin maraq doğurur və əsəri sonadək oxumaq həvəsi oyadır. Sadə, axıcı türkcədə qurulmuş təhkiyə, nəql olunan olay, quşun atalar sözlərinə əsaslanaraq dilə gətirdiyi nəsihətlər çox düşündürücüdür.
Olay günəşli bir yaz səhəri bağçanı anladan yamyaşıl bir ağacın altında baş verir. Kiçik bir quş mavi göydə uçaraq xoş avazla mahnı oxuyur və ağacdan-ağaca, budaqdan-budağa qonduğu, ucsuz-bucaqsız göy üzündə eninə-boyuna qanad çalıb uça bildiyi üçün bu azadlığı ona bəxş edən uca Tanrıya dualar edir...
Ağacın bir budağında oturub mahnı oxuyarkən aşağıya baxan quş torpağın üstündə buğda görür. Buğdaları dənləyib çinədanını doyurmaq amacı ilə uçub yerə qonur. Nəfsinə uyan quş Ovçunun qurduğu tələyə düşür... Bu zaman ironiya ilə ilk ata sözünü: "Gül ağa gül idi (Gülağa çox gözəl idi), vurdu çiçək də çıxartdı!" söyləyir və göylərə üz tutub: "Məni qurtar İlahi... Göyə apar İlahi... İşim yaşdı (yəni şuluqdu), yəqin uzaqdan gələn Ovçu məni tutmağa gəlir. Gərək ağlımı işə salım. Fikirləşim, görüm neyləyə bilərəm?!" - deyir. Tələsinə düşən quşu görən Ovçu da yemək tapdığına sevinərək hisslərini ikinci atalar sözü ilə ifadə edir: "Hardasa bir canlı var, ağırlığın yer çəkər, ruzisin Allah verər..." Quşun da ağlına bu anda ataların miras qoyduğu bu kimi müdrik fikirlər gəlir. Ovçuya onu buraxması üçün yalvarır, acizanə şəkildə azadlığının əvəzində ona üç nəsihətamiz söz deyəcəyini və bu kəlamlardan böyük fayda görəcəyini ərz edir. Birinci atalar sözünü onu tələdən xilas edib əlində tutarkən, ikincini qonduğu ağacın budağında, üçüncünü isə budaqdan uça-uça gedərkən deyəcəyini bildirir. Ovçu: "Deyəsən, bu düz deyir, Ağıllı bir söz deyir. Bu heç bir tikə olmaz, Əti məni doyurmaz. Bəlkə dediyi sözlər, Özündən ağır gələr. Kim nə bilir, bəlkə də, Bir xeyir var bu işdə", - düşüncəsi ilə razılaşır. Quş ona vəd etdiyi üç atalar sözünü söyləyir:
Əldən
gedən bir zada
Heç
zaman olma peşman.
Axı, nə
faydası var,
Sonradan
peşman olsan?!
Mümkün
olmayan sözü
Eşit,
ancaq inanma!
Dünyada
hər gələnin
Dediyinə
aldanma...
Xalq hikmətinin
üç ata sözündəki təzahürünü
poetikləşdirərək quşun dili ilə diqqətə
çatdıran M.Qəzayi sonrakı, pisliklə
yaxşılıq barədəki öyüdündə -
quşun növbəti - üçüncü
uyarısında bu tendensiyanı daha ağırlıqlı
davam etdirir. Beləliklə, müdrik kəlamlardakı
didaktika, ehtiva etdiyi öyüd-nəsihət yaddaqalan olur,
oxucunun gözünü açır, onu düşünməyə
vadar edir:
Yaxşılığın
cavabı yaxşılıqdır, ay kişi.
Bu
varlığın qurğusu elə qurulubdur ki,
"Hər
nə töksən aşına, o gələr
qaşığına!"
Zərrəcə
xeyir işin savabı var dünyada,
Zərrəcə
pisliyin də cəzası var, ay kişi!
Quş
söylədiyi: "Mümkün olmayan sözü eşit,
ancaq inanma", "Hər gələnin dediyinə
aldanma", "Sonrakı peşmançılıq fayda verməz",
"Yaxşılığın cavabı
yaxşılıqdır", "Xeyir iş görmək
savabdır", "Heç bir pislik cəzasız
qalmır", "Gül ağa gül idi, vurdu
çiçək də çıxartdı", "Hardasa
bir canlı var, ağırlığın yer çəkər,
ruzisin Allah verər...", "Nə tökərsən
aşına, o da çıxar qaşığına" və
s. kəlamların insanın - Ovçunun yaddaşında,
ruhunda nə dərəcədə iz qoyduğunu öyrənmək
üçün kələk qurur. Ovçunu sınağa
çəkmək istəyir və ona: "Mənim çinədanımda
heç bilirsənmi nə var? Mən bir almaz udmuşam, Toyuq
yumurtasından üç dəfə böyük olar!" -
deyir...
Ovçu
az öncə eşitdiyi öyüd-nəsihət,
yönlü kəlamları unudaraq quşun
yalanına-mümkün olmayana inanır və
peşmançılıqdan az qalır ki, ürəyi
dayansın. Hirsindən dil-dodağını gəmirir.
Dayanmadan ağacın başına fırlanır, gah durub
quşa baxır, gah əllərini başına çalıb
sızıldayır, gah da qarşısında diz
çöküb yalvarır ki, quşun mədəsindəki
almazı ələ keçirsin. Budağın üstündən
hələ uçmayan quş kişinin əhvalını
görür və bəşər övladının
unutqanlığına, yelbeyinliyinə və
tamahkarlığına acıyaraq dilə gəlir:
Nə qədər
yazıqsınız, siz, ay insan övladı!
Çox
tez unudursunuz bu dünyada hər zadı.
Mən sənə
demədimmi, heç zaman olma peşman!
Dedim?!
Yoxsa, demədim?!
Mümkün
olmayan işi eşit, ancaq inanma?!
Dedim?!
Yoxsa, demədim?!
Dərs
alıb əvəzində məni göyə buraxdın.
Peşman
olub, o saat, niyə yandın, yaxıldın?
Bir az
qayıt qabağa, verdiyim öyüdlərə.
Huş-baş
ilə qulaq as, indi özün bir düşün:
Mənim
çinədanıma yerləşərmi o almaz?!
Ancaq
Ovçu ona yaxşılıq etmiş, tələdən
açaraq azadlığına qovuşdurmuşdu. O da
yaxşılığa yaxşılıqla cavab verməli idi.
Bu məqamı özündə yansıdan bir atalar
sözü duruma "əl sallayır":
"Yaxşılığa yaxşılıq hər
kişinin işidir, yamanlığa yaxşılıq nər
kişinin işidir". Odur ki, Quş budağın
üstündən pırlayaraq ovçunun başı üstə
dolanır və etdiyi yaxşılığın əvəzini
qaytarmaq amacı ilə deyir:
Sən
yaxşılıq eylədin, sənə xoş xəbərim
var,
Gördüyün
bu ağacın kötüyünü qazarsan,
Orda bir
küp dolu qızıl var!
O
küpü çıxararsan, satarsan, varlanarsan.
Ancaq
yadında olsun, Allahına inansan,
Ağlını
işə salsan, bir ömür xoş yaşarsan...
Pyesdə
baş verən olayların incələnməsindən də
göründüyü kimi, "Türkün mənəvi-əxlaqi,
dini-ruhani, elmi-irfani, ədəbi-ictimai, sosial-mədəni,
mürəkkəb sintetik dəyərlərinin ən optimal
reallaşma faktı" həm də atalar sözündə və
zərb-məsəllərin içərisindədir. Şair
göstərmək istəyir ki, "Söz konkret hərəkətə,
əmələ söykənməlidir. Sözü təsdiq
edən əməl varsa, o sözün qiyməti dünyalar qədər
olur..."
Söz
insanları bir-birinə dost, ya düşmən edər.
Müdrik fikirlər - sözlər onları söyləyənə
hörmət gətirər, əksi deyildikdə hörmətdən
salar. Təbii, yerində, məqamında deyilən
ağıllı fikir insanı ucaldır, əksi isə
alçaldır. Faydalı məsləhət,
düşünülüb, "yüz
ölçülüb bir biçilərək" söylənən
söz ümumən xeyir gətirir. Bu məntiq söz
haqqında ata-babalarımızın ta əski
çağlardan bəri söylədikləri və
günümüzədək gəlib çatmış:
"Söz odur ki, haqqa vara", "Çox bilib az
danışmaq igidin ləngəridir", "Çox bilən
quş, dimdiyindən cələyə düşər",
"Şirin dil ilanı yuvasından çıxardar",
"Sözün yalanı olmaz, yanlışı olar",
"Sözün yaxşısı baldan şirin olar",
"Söz həyatın bəzəyidir", "Söz
çeynəyən çox, söz deyən az",
"Söyləyəndən dinləyən arif gərək",
"Söyləyən olma, dinləyən ol" və s. kimi
kəlamlarda əks olunur. Deməli, dünyada sözün
görə biləcəyi işləri görə bilən
ikinci bir maddi və mənəvi dəyər tapmaq
mümkünsüzdür. Müdriklik boğçasından
aldığımız örnəklərdən də
görünür ki, hər kəsin dəyəri elə
sözünün dəyəri qədərdir. "Söz
dediyin xeyir qapısıdır, insanlara yardımdır, haqqa
çağırış, duadır..." "Sözün
qiyməti" pyesi həm də böyüklərin
oxumalı, ibrət götürməli olduğu dəyərli
bir əsərdir.
Məhəmməd
Qəzayi "Sözün qiyməti" əsərində
müdrik kəlamların yaratdığı mənəvi dəyərlər
məcmusuna diqqəti yönəltməklə bildirmək istəyir
ki, elmi, fəlsəfi, mənəvi-əxlaqi, dini
görüş və ideyaları bədii formalarda əks
etdirən nəsihət, didaktik xarakterli ədəbiyyat da məhz
atalar sözü, məsəl, dastan, rəvayət, əhvalat,
bayatı düşüncəsindən, xalqın
varlığından, məişətindən
süzülüb gələn dəyərləri səciyyələndirir.
Esmira
Fuad
Ədəbiyyat qəzeti.- 2024.- 6
dekabr, №47.- S.28-29.