"Atam
üçün darıxanda
onun şeirlərini oxuyuram"
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Azərbaycanın Xalq
şairi,
görkəmli ictimai xadim, Dövlət Mükafatı
laureatı
Nəbi Xəzrinin anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Yubiley ərəfəsində
böyük şairimizin yadigarı Arzu Babayevlə görüşüb atası
haqqında geniş söhbət elədik.
- Arzu müəllim, xoş gördük.
- Xoş gördük.
- Siz Xalq
şairi Nəbi Xəzrinin ailəsində
doğulmusunuz.
Bu müstəsnalıq sizin uşaqlıq həyatınıza necə
təsir edirdi?
- Ağlım kəsəndən onun şeirlərini oxumağa başlamışam və dərk etmişəm ki, böyük bir şairin oğluyam. Uşaq vaxtımdan onun şeirlərinin incəliyini, saflığını duymuşam. Buna görə hələ uşaqlıqdan məndə bir məsuliyyət hissi yaranıb, hər hərəkətimə diqqət yetirmişəm, atamın adına xələl gəlməsinə yol verməmişəm. Bu məsuliyyət hissi tələbəlik illərində də, dövlət işində çalışanda da mənimlə olub. Əlbəttə, atama görə həmişə özümə qarşı xüsusi hörmət, diqqət görürdüm. Bu mənim xoşuma gəlirdi. Atam evdə həmişə mənə deyirdi ki, cəmiyyət içində özünü nümunəvi aparmalısan. Heç vaxt həddini aşmaq olmaz. Onun üç övladı vardı, üçümüzə də gözəl tərbiyə verib. Onun bir üzü ipək kimi, bir üzü sərt idi. Biz onun sərt üzünü görməkdən çəkinirdik. Bütün övladlarına eyni münasibət göstərirdi. Deyirdi,"siz Nəbi Xəzrinin övladları kimi cəmiyyətə nümunə olmalısınız". Biz də çalışmışıq ki, onun tövsiyələrinə əməl edək. Deyərdi, "baxmayaraq ki, mən imkanlı tacir ailəsinin oğlu idim, amma öz zəhmətimlə Nəbi Babayevdən Nəbi Xəzriyə çevrildim və parladım. Nəbi Xəzrinin oğlu olmaqla bərabər, çalış, özün öz zəhmətinlə həyatdakı cığırını tapasan və özünü cəmiyyətə zəhmətinlə tanıdasan. Deməsinlər ki, bu Nəbi Xəzrinin oğludur, desinlər ki, Arzu Babayevdir. Sənə həm mənə, həm də özünə görə hörmət etsinlər". Mən atamla həmişə fəxr etmişəm. İndi də qürur duyuram ki, Nəbi Xəzrinin oğluyam.
- Bir qardaşınız da olub - Ələkbər... Nəbi müəllimin ona həsr etdiyi şeirlər də var.
- Əslində, biz beş uşaq olmuşuq. Üç bacı, iki qardaş. 1958-ci ildə Lalə adında bacımız dünyaya gəlib, iki yaşında xəstəlikdən dünyasını dəyişib. Atamın onun ölümünə ürək yanğısıyla yazdığı bir şeiri var, o şeiri oxuyanlar göz yaşlarına hakim ola bilmir. Olduqca təsirli şeirdir.
Sən yumdun gözünü, tutuldu səhər,
Sanki günəşə də qaranlıq çökdü.
Bahardan bəriyə yağmayan göylər
Bu axşam ağlayıb göz yaşı tökdü.
1960-cı ildə qardaşım Ələkbər dünyaya gəlir. Atam ona öz atasının adını vermişdi. O da cəmi dörd il yaşadı. O, dünyasını dəyişəndə mənim iki yaşım olub. Doqquz yaşımacan onun ölümünü məndən gizlədiblər, özümdən əvvəl bir qardaşım olduğunu bilməmişəm. Bir dəfə atamın şeirlərini oxuyurdum, orda atamın Ələkbərin ölümünə yazdığı "Həzin misralar" şeirinə rast gəldim və sarsıldım, ağladım. Atam şeirin əvvəlində belə yazmışdı: "Oğlum Ələkbərin son vida gününə". Bu şeiri oxuyandan sonra evdəkilərlə dalaşdım, dedim ki, axı niyə siz məndən bunu gizlətmisiniz? Tək olduğuma görə xiffət edirdim, heç olmasa, təsəlli tapardım ki, mənim qardaşım olub. Uşaq olmağıma baxmayaraq sonra gedib onun məzarını ziyarət elədim.
- Nəbi müəllimin
həmin şeiri yadınızdadırmı?
- Əlbəttə (Kövrəlir və "Həzin misralar" şeirindən iki bənd söyləyir).
Mən sənə atamın adını verdim,
Mən səndə atamın özünü gördüm.
Niyə
belə etdin, belə olarmı?
Ölümün gülləsi dəydi
hədəfə,
İnsan
iki dəfə yetim qalarmı?
Mən
ki yetim qaldım ikinci dəfə.
...Arzunun sözündə sənin sözlərin,
Arzunun gözündə sənin
gözlərin.
Arzu kiçik qardaş, Arzu sonbeşik,
Qoy görsün dünyanın
xoş baharını,
Yaxşı ki, adına Arzu
demişik,
Yaşatsın sənin də arzularını...
- Arzu müəllim,
gəlin, Nəbi müəllimin ədəbiyyata
gəldiyi dövrə
qayıdaq. Özü
yəqin ki, ilk dəfə
şeir yazmağının
tarixçəsini sizə
danışıb.
- Özündəki
şairlik istedadını
7 yaşında kəşf
edib. Bir məsələni
də deyim. O, hələ 6 yaşı olanda məhlədəki uşaqların məktəbə
getdiyini görüb, evdə deyib ki, mən də məktəbə getmək
istəyirəm. Amma hələ
dekabr ayında 7 yaşı olacaqmış.
Babam Kərbəlayı
Ələkbər görüb
ki, uşaq ağlayıb
özünü öldürür,
onu aparır məktəb direktorunun yanına. O da nüfuzlu bir kişi idi,
sayılıb-seçilən tacirlərdən idi. Babamın sözünə
görə müstəsna
hal kimi atamı məktəbə
qəbul edirlər.
1931-ci ildə birinci sinifdə oxuyarkən,
"Böyüyəndə kim olmaq istəyirsən?"
mövzusunda inşada
şair olacağını
yazıb. O zaman bəziləri
buna təəccüblənib, bəziləri isə gülüb. O da evə gəlib, üzüqoylu yatağa düşüb hirsindən ağlayıb,
yemək də yeməyib. Sonralar özü danışırdı
ki, yaxşı ki, onlar
mənə güldülər.
Mən inad göstərib özümü
sübut etməyə
çalışdım. O vaxt
da sürücülük hamının
maraq göstərdiyi peşə olduğu üçün az qala, sinfin yarısı
sürücü olmaq
istədiklərini yazıb.
Təkcə atamın
şair olmaq istəyi qeyri-adi görünüb. Sonradan məktəbin divar qəzeti və pioner qəzetlərində
şeirləri çap
olunub. Nəbi Babayev imzasını həmyaşıdları
arasında fərqləndirməyi
bacarıb. İlk şeiri
"Günəş" olub.
Beləcə, taleyini ömürlük ədəbiyyata
bağlayıb.
- Nə vaxtdan Nəbi Xəzri imzasıyla yazmağa başlayıb?
- "Xəzri" təxəllüsünü
1958-ci ildə götürüb.
Atam Xəzərin vurğunu idi, o dənizsiz, Xəzərsiz
və xəzrisiz yaşaya bilmirdi. Bu sevgini də mənə o aşılayıb.
1958-ci ildən sonra
"Xəzri" təxəllüsü
ilə şeirlər yazmağa başlayır və Azərbaycan ədəbiyyatında Nəbi
Xəzri cığırı
beləcə yaranır.
Atam, hətta sovet dövründə pasport alan zaman belə, rəsmi soyadının yanına
"Xəzri" sözünü
əlavə etdirə
bilir və bunu hər zaman məmnunluqla xatırlardı.
İkinci
Dünya müharibəsi
illərində atam -
1942-44-cü illərdə İrəvan
şəhəri yaxınlığındakı
45-ci tikinti batalyonunda xidmət edib. 1944-cü ilin sonunda ordudan
tərxis olunub. Bakı vağzalında düşüb birinci bacısıgilə gedib. Qapını döyüb içəri keçəndə
bibim onu tanımır. Elə bilir ki, çörək,
yeyəcək üçün
qapını döyən
başqa əsgərlərdən
biridir. Çünki
o zaman əsgərlər evlərə
tez-tez gedər, nəsə azuqə alardılar. Bibim tanımayıb deyir ki,
"a bala, bayaq gəldin, nə lazım idisə, sənə verdik, indi öz uşaqlarımın
boğazından kəsən
deyiləm ki?!." O
zaman vəziyyət çox
çətin olub, talonlarla, uzun sürən növbələrlə
bir parça çörək əldə
etmək olurdu. Atam heç nə demir, diqqətlə bibimə baxır, bibim nəhayət, onu gözlərindən tanıyır.
Heyrətlənir, "ay atamın
balası, bu sənsən?! Tanımadım
səni", deyib, hönkürtü ilə ona sarılır. Atam da möhkəm kövrəlir. O dərəcədə
sınıxmışdı ki, doğma bacısı belə onu ancaq
gözlərindən tanıya
bilmişdi.
Hərbi
xidmətdən sonra atam 1944-cü ildə Azərbaycan Dövlət Radiosunda diktor kimi işə başladı. O zaman radioya
Şəmsəddin Abbasov
rəhbərlik edirdi.
Şəmsəddin müəllim
onun səsini dinləyir, deyir, "Nəbi, sənin səsin çox xoşuma gəldi, xəbərlərdən başqa
bütün verilişləri
sən oxuyacaqsan".
O zaman Xırdalana gedib-gəlmək
çox çətin
idi. Verilişlər isə gecə saat 12-də bitirdi. Atam danışırdı
ki, çox vaxt işdə qalmağa məcbur olurdum, taxtaların üstündə
yatırdım. Səhər
durub görürdüm
ki, taxtabitilər üstümə
daraşıb. Verilişlər
o zaman canlı gedirdi.
Bir dəfə muğam
konsertinin başlandığını
elan edir. Xan Şuşinski
oxuyurmuş. Nəbi müəllim konserti elan edəndən sonra gəlir "Azərbaycan"
kinoteatrının yanına,
orada böyük bir ərzaq mağazası varmış.
Orda nahar edir, sonra başı
şeir yazmağa qarışır. Birdən
baxır ki, konsertin qurtarmağına beş dəqiqə qalır. Özünü qaranəfəs
Radio Komitəsinə çatdırır,
görür ki, Xan əmi
hələ muğamı
yekunlaşdırmayıb. İki
dəqiqədən sonra
muğam bitir, atam konsertin bitdiyini elan edir. O, radioda işləyə-işləyə,
eyni zamanda "Ədəbiyyat qəzeti"ndə
korrektor işləyirdi.
Yaradıcılığının ilk illərində yazdığı
"Söz" şeiri
onun yaradıcılığında
mühüm yer tutur. Sizə deyim ki, XX əsrdə heca vəzninin ən mükəmməl örnəklərini yaradanlardan
biri də Nəbi Xəzri idi.
Söz ucaldar bu cahanda
insanı,
Əzizləyər bu cahan da insanı.
Vaxt olar ki, bircə anda insanı
Əlli
ilin hörmətindən
salar söz.
Çalış Nəbi, gecə-gündüz
yarat sən,
Bəd sözləri öz sinəndən yar, at, sən.
İnci
seçib, dürr toplayıb yaratsan,
Səndən eldə bir nişanə qalar söz.
Nəbi
müəllim bu şeiri 1944-cü ildə
20 yaşındaykən yazıb.
Danışır ki, radioda
işdəydim, dedilər
ki, Səməd Vurğun
səni axtarır, tez get Yazıçılar
İttifaqına. Gəldim
Yazıçılar İttifaqına,
Səməd Vurğunun
qəbuluna girdim. Dedim, "Salam, ustad. Nəbi Babayev mənəm".
Səməd Vurğun
ona deyir ki, mən sənin şeirlərini oxumuşam,
sən çox istedadlı şairsən.
Səməd Vurğun
bu şeiri oxuyandan sonra gənc Nəbi Babayevi yanına çağırıb, onu
təkidlə Yazıçılar
İttifaqına üzvlüyə
keçirib. Halbuki hələ ilk kitabı çap olunmamışdı.
Nəbi müəllim
danışırdı ki, mən
iki dəfə öz üzərimdə böyük məsuliyyət
hiss etmişəm, birinci
dəfə məktəbdə
uşaqlar mənə
güləndə, sonra
isə böyük Səməd Vurğun mənə zəmanət verəndə. Anam danışırdı ki, Səməd
Vurğun dünyasını
dəyişəndə Nəbi
evə gəlib hönkür-hönkür ağladı,
dedi ki, mənəvi atamız getdi. Biz yetim qaldıq. Mən ilk dəfə idi ki, onu belə
hönkür-hönkür ağlayan
görürdüm.
- Nəbi müəllim yaradıcılıqla məşğul
ola-ola təhsilini də
davam etdirirdi. M. Qorki adına Ədəbiyyat İnstitutunu
bitirmişdi.
- Ona qədər 1946-cı ildə
Azərbaycan Dövlət
Universitetinin (indiki
BDU) filologiya fakültəsinə
daxil olmuşdu. Sonradan təhsilini davam etdirmək üçün Leninqrada,
daha sonra isə Moskvaya Qorki adına Ədəbiyyat İnstitutuna
yollanır. Ümumiyyətlə,
Rusiya mühiti onun bədii yaradıcılığına çox
müsbət təsir
göstərdi. Rus dilində
15 şeir kitabının
çapdan çıxması
bunun əyani sübutudur. 1947-49-cu illərdə
Leninqrad Dövlət Universitetində, 1949-52-ci illərdə
isə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda
təhsil alıb. Leninqradda oxuduğu zaman qruplarında 19 qızın
yanında yeganə oğlan tələbə
o olub. Onlardan yaşca böyük olduğu üçün
bir dost, qardaş kimi qızları qoruyarmış. Atam danışardı ki, bir gün universitetdə dərslər təzə başlayan zaman onlardan yaşca böyük olan, yuxarı kursda oxuyan iki
erməni tələbə
qruplarındakı qızların
birinə sataşır.
Qız acıqlansa da,
erməni ondan əl çəkmir. Atam yaxınlaşaraq, erməniyə etiraz edir. Deyir kişi
ol, qızı rahat burax. Onun
cavabında anlayır
ki, hansı millətdəndir.
Xatırlayanda deyərdi
ki, nə yaxşı
ki, o əlimdə ölmədi.
Yəni, atam onu o dərəcədə
möhkəm döyüb
ki, əlindən bir xəta çıxmadığına
sonradan özü də sevinirdi. O biri yoldaşı da atam ermənini döyən zaman, təbii
ki, qaçıb aradan
çıxır. Çünki
qorxaqlıq, darmacalda aradan çıxmaq o millətin xislətində
hər zaman olub. Atam o hadisədən sonra dərsdən çıxıb yataqxanaya
gəlirmiş, elə
orada eşidib ki, artıq onu universitetdən xaric ediblər. Sən demə, atamın oxuduğu Filologiya fakültəsinin dekanı
milliyyətcə erməni
imiş. Odur ki, həmin iki erməni oğlanın şikayətindən sonra
cəmi bir saatın içində atamın haqqında təqdimat yazıb, onu universitetdən xaric edirlər. Bu səbəbdən yataqxanaya
da buraxılmır və
gecəni bayırda skamya üstündə yatır. Səhəri universitetə gələndə
qrup yoldaşları olan qızlar deyir ki, "Nəbi, hər şeydən xəbərimiz var, biz sənin
arxanda duracağıq,
elə günü bu gün rektorun
qəbuluna gedəcəyik".
Rektorla görüşən
qızlar ona deyir ki, "Nəbi rus qızının qeyrətini qoruyub. Buna görə o universitetdən
çıxmamalıdır". Bu sözlərdən sonra rektor atamı universitetə bərpa edir. Beləcə, atam təhsilini davam etdirir. 1949-cü ildən Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna
gələrkən qızlar
ağlayırmış, hamısı
atama deyib ki, "bəs, bundan sonra bizi kim
qoruyacaq?"
Ədəbiyyat İnstitutunda atam
Yevgeni Yevtuşenko, Andrey Voznesenski kimi böyük şairlərlə birlikdə
təhsil almışdı.
Bu da onun Rusiya ədəbi mühitində
yerinin möhkəmlənməsinə
səbəb oldu. Atam Bakıya qayıdandan sonra 1952-ci ildən 1958-ci ilə qədər Yazıçılar
Birliyində şeir üzrə məsləhətçi
vəzifəsində çalışdı.
Üç adamın onun ədəbi taleyində böyük rolu olub: Səməd
Vurğunun, Mehdi Hüseynin,
bir də Şəmsəddin Abbasovun.
Rəsul Həmzətovla
Nəbi Xəzrinin dostluğuna Səməd Vurğun xeyir-dua vermişdi.
- Yeri gəlmişkən, Qarabağ hadisələri
başlayarkən, Nəbi
müəllimlə Rəsul
Həmzətov arasında
inciklik baş vermişdi. Rəsul Həmzətovun məlum çıxışından və
"Literaturnaya qazeta"da
çap olunan yazısından sonra Nəbi müəllim ona böyük cavab məktubu da yazmışdı. Təəssüf
ki, "Literaturnaya qazeta"
Nəbi müəllimin
cavab məktubunu dərc etmədi. Amma
1996-cı ildə Səməd
Vurğunun 90 illiyində
Rəsul Həmzətov
Bakıya gələndə
ilk görüşmək istədiyi
insan Nəbi Xəzri olmuşdu.
- Bəli, doğrudur. 1988-ci
ildə Qarabağ məsələsi ilə bağlı Qorbaçovun
yanında iclas olanda Rəsul Həmzətov qətiyyət
göstərmədi. Atam
da ondan möhkəm incidi. Həmin kadrlar efirdə göstəriləndə atam
böyük təəssüf
hissiylə dedi ki, ax, Rəsul, mən səndən bunu gözləmirdim! Onlar möhkəm dost idilər.
Rəsul Həmzətov
Bakıya gələn
kimi birinci bizə gələrdi. Biz də Mahaçqalada onun evində dəfələrlə qonaq
olmuşduq. Sonra məlum
məsələlərə görə münasibətləri
pozuldu. Səməd Vurğunun 90 illiyi keçiriləndə Rəsul
Həmzətov ulu öndər
Heydər Əliyevin təşəbbüsü ilə
bu yubileyə dəvət olundu. O da həyat yoldaşı Patimat xanımla Dərbənddən keçib
maşınla Bakıya
gəlmişdilər. Bakıya
gələn kimi də birinci bizə gəldilər. İki dost uzun müddət bir-birinə baxdı, sonra qucaqlaşıb ağladılar.
Beləcə, barışdılar.
Sonra atam haqqında çəkilən "Şeir
mənim üçün
bir kainatdır" sənədli filminin çəkilişləri zamanı
Rəsul Həmzətova
da müraciət olunmuşdu.
O da demişdi ki, mən
məmnuniyyətlə dostum
Nəbi Xəzri haqqında danışmağa
hazıram. Çox gözəl də çıxış eləmişdi.
- Nəbi Xəzri ilə Rəsul Həmzətovun dostluğu
nə vaxtdan başlamışdı?
- Onlar 1949-cu ildə Moskvada tanış olmuşdular. Bu tanışlıq
da dostluğa çevrilmişdi.
- Nəbi Xəzrinin
Azərbaycan televiziyasında
da böyük xidmətləri
olub. Bu barədə nə deyə bilərsiniz?
- Bəli. Atam 1958-ci ildə Azərbaycan Yazıçılar İttifaqının
katibi seçildi.
1965-ci ildə isə Azərbaycan Dövlət Teleradio Komitəsində televiziya üzrə sədr müavini təyin olundu. O zaman Teleradio Komitəsinin sədri mərhum şairimiz Ənvər Əlibəyli idi. Ənvər müəllimlə
atam möhkəm dost idilər. Atam danışırdı ki, Ənvər
müəllimin qəribə
iş metodu vardı, öz sadəliyi ilə işi idarə edirdi. İşçilər
ondan utanırdı, işə məsuliyyətlə,
vicdanla yanaşırdılar.
O vaxt verilişlər
efirə canlı gedirdi. Atam televizorun
qarşısında oturub
diqqətlə baxırdı.
Bütün məsuliyyət
onun üzərində
idi. Bir dəfə necə oldusa, pauza yarandı, efirə ədəbsiz bir söz getdi.
Mənim beş yaşım vardı, yadıma gəlir, atam telefonu götürüb
Komitəyə zəng
elədi və həmin aparıcını
möhkəm tənbeh
elədi.
- Arzu müəllim, Nəbi Xəzri uzun illər yüksək vəzifələrdə
çalışıb. Bəs
rəsmi işlər onun yaradıcılığına
mane olmurdumu?
- Yox, mane olmurdu. Gün ərzində səkkiz saat yatırdı, günorta nahar fasiləsinə evə gəlirdi, onda da hardasa on beş dəqiqə mürgüləyirdi. Biz 1958-ci ildə şəhərə
köçdük. Abdulla Şaiqin
indiki ev muzeyində yaşayırdıq.
Sonra 1965-ci ildə atama
Hüsü Hacıyev
küçəsində (indiki
Azərbaycan prospektində)
ev verdilər. Şəhərə köçməmişdən
bir az əvvəl
atam "Moskviç"-412 almışdı. İşə
də öz maşını ilə gedib-gəlirdi. Şənbə-bazar
günləri Xırdalana
gəlirdik. Deyirdi ki, mən dünyanın çox ölkələrini
gəzib-dolaşmışam, amma mənim üçün dünyanın
behişti Xırdalan kəndidir. Çox sevirdi Xırdalanı. Bizim Corat-Novxanı yolunun arasında, Saray massivi deyilən
yerdə bağımız
vardı, iyun-avqust aylarını da o bağda
keçirərdik. Qəribədir
ki, həmişə biz bağa
köçəndə Xəzri
başlayırdı, atam
deyirdi ki, bax, görürsünüz, adaşım
məni qarşılamağa
gəlib. O günlərdə
atam vaxtını ancaq yaradıcılığa
həsr edirdi. Onun şeirlərinin ilk dinləyicisi biz, ailə üzvləri olurdu.
- Sizin rəyinizi qəbul edirdi?
- Bir dəfə mənim fikrimi qəbul elədi. İyirmi yaşım vardı, mənə bir şeir oxudu, utana-utana dedim ata, bəlkə elə yox, belə
yazasan? Fikrə getdi, dedi: "ay sağ ol, sən
düz deyirsən"
və o misranı dəyişdi. O, son dərəcə
duyğusal, böyük
ürəkli insan idi. Xatırlayıram, Salatın Əsgərova şəhid olanda sarsılmışdı və
bu sarsıntı ona "Salatın" poemasını yazdırdı.
Həmin poemanın qonorarını Salatının
övladı Ceyhunun adına açılmış
Fonda köçürdü. Deyim ki, Nəbi Xəzri on beşə qədər poema yazıb. Sizə deyim ki, atamı "Kiçik təpə"
poemasına görə
uzun müddət təqib eləmişdilər.
İrad da bu idi ki, sən niyə bəy oğlu obrazını müsbət planda vermisən?
Onun poemaları ayrıca bir söhbətin mövzusudur. Mən çox istərdim ki, gənc filoloqlar onun poemalarını tədqiq etsinlər. Məsələn, atam
1994-cü ildə "Atillanın
atlıları" poemasını
yazıb. Türklüyümüzün
tarixi haqqında yazıb. Bu poemanı yazana qədər Atilla haqqında xeyli araşdırmalar aparmışdı,
arxivlərdə işləmişdi.
O poema çap olunanda tanınmış şairlərdən biri ona zəng vurub
demişdi ki, Nəbi,
sən işğalçı
haqqında poema yazmısan, bu nədir? Atam da ona cavab vermişdi
ki, mən işğalçı
haqqında yox, böyük türk hökmdarı haqqında
dastan yazmışam. Sonra "Peyğəmbər" poeması
yazıldı. O poemanın
üzərində on il işləyib.
Həmin poema Türkiyə Dəyanət
Vəfqi tərəfindən
çap edildi və atam yüksək
qonorar aldı. Atam o qonorarı da şəhidlər fonduna köçürdü. "İki
xəzər" poeması
var, on bir yaşımda
mən o poemanı əzbər bilirdim. 1969-cu
ildə "Ana" poemasını
yazmışdı. Nəbi
müəllimin anasına
olan sevgisi son dərəcə böyük
idi. Anasının başına pərvanə
kimi dolanırdı. Anam danışırdı
ki, mən Nəbi kimi anasını sevən övlad görməmişəm. Bu böyük
sevgisini də
"Ana" poemasında ifadə
edib. Anası ona həm ata,
həm də ana olmuşdu. Atam hələ doqquz yaşı olanda atasını itirmişdi.
"O uzaq gecə" adlı povesti var, sonra o povest əsasında "Gecə
döyülən qapılar"
pyesini yazdı. Həmin əsər atamın nəslinin taleyidir. O əsərə
görkəmli rejissorumuz
Mərahim Fərzəlibəyov
Akademik Milli Dram Teatrında
quruluş vermişdi.
Ondan əvvəl isə atamın "Əfsanəvi yuxular" adlı poeması vardı. Mərahim müəllim atamı həvəsə gətirdi
ki, bu poema hazır pyesdir, siz bunu pyesə
çevirin. 1985-ci ildə
"Torpağa sancılan
qılınc" tamaşası
da Mərahim müəllimin
quruluşunda səhnə
həllini tapdı. Bundan başqa, Mirzə Şəfi Vazehin həyatından bəhs edən "Mənsiz dünya" pyesini birlikdə işlədilər. Bu da "Heykəlsiz
abidə" povesti əsasında yazılmışdı.
Mingəçevir teatrında
xaricdə yaşayan azərbaycanlıların həyatından
bəhs edən "Qütb ulduzu" tamaşası getmişdi.
Sonra yenə Akademik Teatrda "Burla Xatun" dramı hazırlandı.
Ulu öndər Heydər
Əliyev tamaşaya gəlib baxmışdı
və çox bəyənmişdi. Demişdi
ki, Nəbi Xəzri çox dəyərli tarixi bir əsər
yazıb, mən onun bu xidmətini
xüsusi qiymətləndirirəm.
Ümumiyyətlə, ulu öndərimiz
atamın yaradıcılığına
və şəxsiyyətinə
həmişə böyük
dəyər verib; onun xidmətlərini yüksək qiymətləndirib.
1973-cü ildə atam
SSRİ Dövlət Mükafatı
laureatını aldı.
1979-cu ildə Əməkdar
İncəsənət Xadimi
fəxri adını aldı. 1995-ci ildə
"Şöhrət" ordeniylə
təltif edildi. Bütün bunları ona Heydər Əliyev vermişdi.
2004-cü ildə isə
cənab prezident
İlham Əliyev atamı
"İstiqlal" ordeniylə
təltif etdi. Bu günlərdə atamın
100 illik yubileyinin keçirilməsi haqqında
Sərəncam imzalandı.
Bütün bunlara görə ölkə başçısına dərin
təşəkkürümü bildirirəm.
Atam
2007-ci ildə dünyasını
dəyişdi. Mən
möhkəm sarsıldım,
onun yoxluğunu heç cür qəbul edə bilmirdim. Amma zaman keçdikcə
onun şeirlərini oxuyurdum, sakitləşirdim.
Mənə elə gəlirdi ki, o, yanımdadır,
onunla söhbət edirəm. İndi də onun üçün darıxanda şeirlərini
oxuyuram.
Söhbətləşdi: Kənan HACI
Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2024.- 10 dekabr, ¹48.- S.4-5.