Yoxluğun şairi
Şeirin
tutduğu yer kiçikdir. Yaratdığı empatiya
duyğusu isə genişdir, bəzən isə sərhədsizdir.
Ona görə də oxucu şeirlə yaradılan ruh
halına bürünür, empatiya hissi yaşayır. Şeir
həm hamınındır, həm də heç kimin deyil.
Orta səviyyədə zövqü olan hər kəs şeiri
mənimsəyir. Özününküləşdirir. Şeir
mənimkiləşəndə digərinin olur.
Uzaqlaşır. Azad olur. Axı azadlıq digəri
olmaqdır. Özgələşmədir. Nəbi Xəzri
poeziyası bütöv bir duyğu, hissetmə yaradır; Azərbaycan
dilinin poetik imkanlarını bədii enerjiyə çevirir.
Yalnız ana dilmizdə var olur Nəbi Xəzri poeziyası.
İstənilən yazıçı və dramaturqumuzu rus,
ingilis, alman, fransız dillərinə tərcümə edib az
itkiylə vəziyyətdən çıxa bilərik. Ancaq Nəbi
Xəzrinin şeirləri Azərbaycan dilinin xaricində
çox itkilərə məruz qalacaq. Bu hal şairin
böyüklüyüdür. Misal üçün, Sabiri
başqa bir dildə Sabir deyil. Sual yarana bilər ki, bəs
Avropada fransız, ispan, italyan və alman dillərində yazan
böyük şairlər necə oldu ki, dünya şöhrəti
qazandılar? Onlar nə qədər gözəl tərcümə
olunsalar da, ingilis dili ortaq düşüncə dilləridir.
Fransız dili Bodlerin duyğusal dilidir. İngilis dilində
olan Bodler şeiri isə şairin mexaniki, riyazi dilinin məhsuludur.
Tərcümədə şeirin düşüncə
estetikası cəlb edir.
Azərbaycan
dilində gözəl şeir yazmaq çətindir.
Çünki şairlərimiz poetik düşüncənin
imkanlarını maksimal dərəcəyə
çıxarıblar. Nəbi Xəzri şeirlərinin ritmi,
musiqisi, ahəngi, psixologiya və dramaturgiyası Azərbaycan
dilinin poetik və bəzən də ritorik potensialından
qidalanır. Onun şeirlərinin üstün tərəfləri
də, əskik cəhətləri də tərcüməyə
sığmır.
Bilirik ki,
şeirin aldığı vaxt azdır, ancaq davamedici
zamandadır, nəhayətsizdir. Bəs sevgi, onun da bir
ölçüsü, miqdarı var? Sonsuzluğu belə
ölçmək olur, davam edən tezlik və
ardıcıllığı izləməklə, nəzarətlə.
Əbədilik isə gəlimli-gedimli dünyada empatiyasız
anlayışdır. Onun nə olduğunu empatiya edə bilmərik.
Çünki ölümlüyük və sərhədlərimizi
aşa bilmirik. Bəyəm, şeir sənəti məhdudluğun
sərhədlərini dağıdır? Bəli, "şairlər
reallıqlar deyil, kabuslar yaradırlar".
Məhəbbət
ölçülmür illə, əsrlə,
Məhəbbət
ölçüsü əbədiyyətdir.
Şeirin
təsir gücü insan, xarakter, mühit, ölkə və
peşəyə görə fərqlənir. Həmin
adamın zövqü isə başlıca amildir. Şeir
gözəllik duyumu və estetik zövq sənətidir.
Gözəl bir şeirin özünü isbat etməyə
ehtiyacı yoxdur. Nəbi Xəzrinin şeirlərindəki
gözəllik duyumu da belədir. Gözəllik
varlığı ilə estetik ölçüdür, dəyərdir.
Ona heyranlıq isə ölçüsüzlükdür, dəyərsizlikdir.
Axı ürəyin terroru heç bir dəyər
tanımır. Çünki biz o kəsləri sevirik ki, onlar
bizi sevmirlər. O kəslər bizi sevir ki, biz onları
sevmirik:
Yaralar
qövr edir təzədən, ürək,
Niyə
könül verdin ona sən, ürək,
O səni
sevmədi, sən niyə sevdin!
Səni
sevməyəni sən niyə sevdin!
Bertold
Brext "Şair ağıldan qorxmamalıdır" adlı
essesində deyir ki, şeirin əsas məntiqi onun məntiqinin
olmamasıdır. Təşbeh və metaforlardan
arınmış, yabanı şeiri isə dadsız-duzsuz,
ürək bulandıran yeməyə bənzədir ki, burada mən
onunla razılaşmıram. Şair ağıldan imtina etməlidir.
Etməlidir ki, onu əldə edə bilsin. Ağılın sərhədsizliyidir
şeir. Şüurun üstsəviyyəyə
çatmasıdır bu hal. Nəbi Xəzri ağıl və
düşüncənin mümkünsüzlüyünü
mümkün qılan şairdir. O, olmayan sahilləri
yaradır:
Dəniz
sahilinə qayıtmaq olar,
Göylərin
sahili varmı, gedim mən?!
Şairin
dənizdən göylərə köçürdüyü
sahil abstrakt məkan deyil. Nəbi Xəzri "Dəniz,
göy, məhəbbət" şeirində göylərin
"uzaq, yaşıl ada"sını tapır. Fərqli
estetik platformaları təmsil edən şairlərin (Nəbi
Xəzri-Vaqif Səmədoğlu) yolu kəsişir. Məhəbbətin
dəniz və göylərin limanında maddi, fiziki hadisəyə
çevrilməsi onu həm də əbədiləşdirir.
Şeirimizin Xəzrisi abstrakt məkanlarda əsməsəydi,
oraları görməsəydi, onların vizual bədii
portretini çəkə bilməzdi. Və şair məcazlar
ilə həyatın, eşqin və yaşamağın həqiqətinə
varır. Çünki məcazlar ən yaxşı dərketmə
formasıdır. Həmin dərketmə şəkli hissetmənin
fizikasını yaradır.
Nəbi Xəzri
şeirlərində ifadə vasitələri deyil, təsvir
vahidləri aparıcıdır, sintaktiksis leksikaya tabedir.
Linqvistik struktur böyükdən kiçiyə doğru
inkişaf edir. Daxildən xaricə tərəf
böyümür, xaricdən daxilə sarı inkişaf edir.
Səs, ritm və harmoniya qafiyələri klassik bir formatda
yaratsa da, ənənədən qopma prosesi ilə də
rastlaşırıq. Sevgi yaz
çağıdır, təzədir, tərdir.
Ömrünün qışında olan şair ehtiraslı
ruhunda qəm gəzdirir. Sükutun şeirini yaradır. Olmayan
sevginin varlığıdır. Varlıqla yoxluğun
qovuşa bilmədiyi anın sükutudur.
Nəbi Xəzrinin
şeirləri semantik və semiotik təhlillərə
açıqdır. Filoloji təhlil və gözəlləmələrlə
öz mətnimi yox edə bilərəm. "Peşəkar"
şeir təhlilləri istənilən halda xaric səslənəcək.
Çünki filoloji təhlillərim şairin şeirlərindəki
xatirələrin xaricində qalacaq. Yepyeni həyat təcrübələrim
ola bilər. Nəbi Xəzrinin şeirləri məndə həmin
hiss və duyğulara
qarşı empatiya da yarada bilər. Şeirlərin xatirələri
mənə aid olmasa da, şairin illüziyayaratma
bacarığı olduqca təbiidir, naturaldır və həm
də mənimdir. Mənim... mənim yazım isə estetika
formalaşdırmağa çalışsa da, şeirlərin
yoxluq yaratmaları qədər təsirli olmayacaq. Nəbi Xəzri
yoxluğu varlıq illüziyası ilə təsdiqələyən
şairdir. Eynilə mənə bu yazını
yazdırdığı kimi.
26 noyabr
2024
Ülvi
BABASOY
Ədəbiyyat
qəzeti: xüsusi buraxılış.- 2024.- 10 dekabr, №48.- S.7.