Dəniz, göy, məhəbbət
şairi
Nəbi
Xəzrinin 100 illiyinə
O,
Bakının yaxın kəndlərinin birində -
Xırdalanda doğulmuşdu. 1924-cü ilin soyuq bir qış
günündə - dekabrın 10-da, yoxsul kəndli Ələkbər
kişinin ailəsində...
O, 2007-ci
ilin yanvar ayında - yenə soyuq bir qış günündə
Bakıda vəfat etdi.
Amma Azərbaycan
poeziyazısına bir bahar müjdəsi gətirdi Nəbi Xəzri.
İlk
şeirini 1940-cı ildə qələmə
almışdı. Onda 16 yaşı vardı. Şeirin adı
"Günəş" idi və bütün
yaradıcılığı boyu Günəş onun
poeziyasına işıq saçdı.
Nəbi Xəzrisiz
nə XX əsrin, nə də indi
yaşadığımız XXI əsrin Azərbaycan
poeziyasını təsəvvürə gətirmək çətindir.
Onun poeziyası son səksən ilin milli-mənəvi dəyərlərimiz
sırasındadır. Heç bir mübaliğəyə,
epitetə ehtiyac duymadan deyirik ki, Azərbaycan mentalitetinin
dünyaya tanıdılmasında Nəbi Xəzrinin də
özünün və əsərlərinin payı var.
Bu gün
ədəbiyyatımızda sözün fiziki mənasında
onun yeri görünür. Amma mənəvi mənada Nəbi Xəzri
elə öz yerindədir. Onun zərif, incə, məhəbbət
dolu lirikası yenə öz hərarətini bizdən əsirgəmir.
Əgər
ki, yıxılsam, çinar göstərin,
Mən
ona söykənib arana baxım.
Gözlərim
görməsə, Göy gölü verin,
Mən
onun gözüylə cahana baxım.
Hər
yerdə, həmişə
Sənsən
gümanım.
Canım-gözüm,
mənim
Azərbaycanım!
Azərbaycan
poeziyasında Vətənə aid yüzlərlə, minlərlə
şeirlər yazılıb və yazılacaq, çünki
"Vətən əcdadımızın mədfənidir"
(A.Səhhət). Amma Nəbi Xəzrinin bu misraları nə qəsidədir,
nə marşdır, nə də mədhiyyə, bu, Vətən
sevgisinin ən poetik və mükəmməl ifadəsidi:
Gəl
bölək dünyanı ikilikdə biz,
Dərə
mənə düşsün,
Dağı
sən götür.
Qalsın
yer üzündə qoşa izimiz,
Qara mənə
düşsün,
Ağı
sən götür.
İlin
övladıyıq, yazla qış kimi,
Fəsillər
yaşasın yanaşı məndə.
Biz ki bir
yerdəyik gözlə qaş kimi,
Gözlər
səndə qalsın,
Göz
yaşı məndə.
Nəbi Xəzrinin
təbiət lirikasında Dağ, Dərə, Çinar, Kəhkəşan,
Çay, Xəzər poetik simvola çevriliblər. Təbiətin
harmoniyadan ibarət olduğunu, poeziyanın da təbiətin təbii
davamına çevrilməsini, insanla təbiətin ən
böyük birliyini Nəbi Xəzri poeziyasında da daha
aydın hiss edirik. Böyük tənqidçimiz Yaşar
Qarayev yazırdı ki: "Təbiətə münasibətdə
şairlər müəllimlərdən çox iş görə
bilərlər. Çünki burada biliklə yanaşı, həyəcan
lazımdır, ehtiras lazımdır, sadəcə, öyrətmək
yox, "yoluxdurmaq", alışdırmaq, narahat etmək
lazımdır" və fikrimizcə, Nəbi Xəzri də
təbiəti necə sevməyin dərslərini öyrədib
bizə. Əslində onun poeziyasında İnsan, Təbiət,
Sevgi vəhdət halındadır.
Qarlı
bir zirvə olsan,
Ağ
buludun olaram.
Dərin
xəyala dalsan,
Mən
sükutun olaram.
Çəmən
olsan, əgər sən,
Sərin
yağış çilərəm.
Əgər
dənizə dönsən,
Sahilə
çevrilərəm.
Vaxtilə
ustad tənqidçi Məmməd Arif yazmışdı ki:
"Nəbi Xəzrinin öz poetik aləmi-məcazlar, bənzətmələr,
bədii ifadələr aləmi vardır. Bu aləmi o
özü yaratmışdır və ona sadiqdir.
Bu poetik
aləm çox zəngin mənəvi aləmin - ideyalar,
fikirlər, hisslər aləminin gözəl bir inikas
formasıdır.
Şairin
mənəvi dünyasını mən dörd kəlmə ilə
ifadə edərdim: ucalıq, genişlik, təmizlik, gözəllik.
Nəbi Xəzri
lirikasında bir neçə obraz var ki, bu obrazlar simvola, rəmzə
çevriliblər. Bunlardan ikisi - Dəniz və Çinar onun
şeirlərində tez-tez səslənir. Dəniz məhəbbətin
simvolu kimi, Çinar da Vətənin - Azərbaycanın rəmzi
kimi... "Dəniz, göy, məhəbbət" şeiri XX
əsr Azərbaycan poeziyasının sevgi
yaddaşıdır, - desəm, yanılmaram. İnsan sevgisini
dənizlə, mavi səma ilə təşbih edən yüzlərlə
şeirlər oxumuşuq, amma Nəbi Xəzrinin şeiri
İnsanla Təbiətin təşbihinə yox, onun İnsanla
vahidliyinə, bütövlüyünə həsr edilib.
İstəsən,
yuxuna gələrəm sənin,
Gələrəm, dəniz
kimi.
Üzünə
incilər çilərəm sənin,
Çilərəm, dəniz
kimi.
Yoluna
şəfəqlər səpərəm hərdən,
Səpərəm, dəniz
kimi.
İstəsən,
üzündən öpərəm hərdən,
Öpərəm, dəniz
kimi.
Nə qədər
öylər var, mən səninləyəm,
Nə qədər
dəniz var, sən mənimləsən.
Nəbi Xəzri
poeziyasından söz açan müəlliflərdən
heç biri onu "təbiət şairi" kimi təsnif
etməyib, əslində buna ehtiyac yoxdur, çünki Nəbi
Xəzri elə ilk yaradıcılığından təbiət
lövhələri yaratmağın, təbiətin öz
poeziyasını duydurmağın ustası olub. Onun təbiət
mənzərələri, lövhələri heç bir zaman
insansız deyil - onun böyük coşqu ilə şeirə
gətirdiyi salxım söyüdləri, ağ çiçəkləri,
Xəzəri, Qız qalası, Ana Kürü, dərələri,
dağları məhz insanla ünsiyyətdə gözəlləşir.
Dəniz,
Göy, Məhəbbət şairi Nəbi Xəzri keçən
əsrin doxsanıncı illərində birdən-birə o həzin,
lirik şeirlərdən zamanın acı küləklərinin
əsdiyi bir ovqata kökləndi. Dünya dəyişirdi, Azərbaycanın
başı üstünü qara buludlar almışdı, xain
qonşularımız rus imperiyasının dəstəyilə
torpaqlarımızın bir qismini işğal etmişdi, onun
arxalandığı Kommunist Partiyası isə artıq tarixin
qara səhifələrinə çevrilirdi. Dəniz, Göy,
Məhəbbət şairi Nəbi Xəzri o illərdə
Zamanla üz-üzə durdu, həyatın, yeni quruluşun, hələlik
sistemsiz Sistemin yaratdığı xaosa, hərc-mərcliyə,
məmləkətdə baş verən mürəkkəb,
başaçılmaz olaylara, az qala, mənəvi
dünyamıza hakim kəsilən, bəzən ən zərif
hissləri, duyğuları belə "özəlləşdirən"
BAZARa qarşı etirazını bildirdi:
Dünya
başdan-başa bazar olanda,
Şairin
yaşamaq haqqı varmıdır?
Artıq
sevilməkdən söz düşə bilməz,
Daha yer
üzündə sevmək də gecdir!
İnsanlar
insandan var-dövlət umur,
Sənə
var-dövlət də qazanmaq gecdir!
Şeirə,
sənətə də cahan göz yumur,
Şeirlə
sərvət də qazanmaq gecdir!
Nəbi Xəzri
o illərdə "Qəm dəftəri", "Zaman
çıxsa məcrasından", "Xəzan
yarpaqları" kitablarını çap etdirdi və o
kitablarda olan şeirlərə diqqət yetirsək, görəcəyik
ki, şair məmləkətimizdə baş verən hadisələrin
heç birinə biganə qalmamışdır...
...Nəbi
Xəzri bu yurda, bu torpağa, bu məmləkətə, onun
qanla yazılan tarixinə, XX əsr gerçəkliyinə, həm
də Dədə Qorqud dünyasına bağlı bir
şairdi. "Əfsanəli yuxular" poemasında,
"Torpağa sancılan qılınc" pyesində o, Dədə
Qorqud dastanlarına müraciət etmiş, qədim-mifik
tariximizə müasir dünyamızdan boylanmışdı.
N.Xəzri türk bahadırı Atilla və onun igidliyi
haqqında poema yazmışdı, dinimizin,
islamçılığın yaradıcısı Məhəmmədi
"Peyğəmbər" əsərində mədh
etmişdi.
...Nəbi
Xəzrinin 60-cı illərin əmək qəhrəmanı
olan Sevil Qazıyevanın ölümünə həsr etdiyi
"Günəşin bacısı" poeması
üstündən illər keçməsinə baxmayaraq ədəbiyyatımızın
incilərindən sayılır. Çünki bu poemada əmək
adamının ordenləri, medalları, qazandığı
nailiyyətləri deyil, mənəvi dünyası, gənclik
arzuları və faciəli ölümü əks
olunmuşdu. Çox sonralar o, Qarabağ müharibəsində
amansızlıqla qətlə yetirilən Salatın Əsgərova
haqqında bir elegiya-poema yazdı.
...Nəbi
Xəzri sosrealizmin ədəbiyyatda hakim mövqe tutduğu bir
zamanda "Kiçik təpə" poemasını qələmə
almışdı və nə qədər mübahisələrə
səbəb olsa da, bu poemada o dövr üçün
"müsbət" yox, əzabkeş bir azərbaycanlı
qürbətkeşin obrazını yaratmışdı.
...Nəbi
Xəzri lirik-fəlsəfi poemalar ustası idi. "Ana",
"Bacı", "Ömür yoldaşı"
poemaları təkcə Anası, Bacısı, Ömür
yoldaşı haqqında yazılmamışdı, Azərbaycan
qadınlarının müqəddəsliyinə poetik himnlər
idi bunlar.
Nəbi Xəzri
həm də dramaturq, nasir və publisist idi. Doğrudur, Nəbi
Xəzri deyəndə, dərhal gözlərimiz
qarşısında bir ŞAİR obrazı canlanır. Amma bu
ŞAİR obrazı onun nəsrində, dramaturgiyasında və
publisistikasında da öz sözünü deyir. Nəbi
lirikası, ona xas olan zərif, incə duyğular pyeslərinin
də, nəsr əsərlərinin də məntiqinə,
ruhuna hopur. Əslində bunları bir-birindən ayırmaq,
hansınasa üstünlük vermək olmaz. Nəbi Xəzri
tarixin və yaşadığı dövrün həqiqətlərini
təkcə şeir və poemalarında deyil, "Sən
yanmasan", "Əks-səda", "Mirzə Şəfi
Vazeh", "Torpağa sancılan qılınc",
"Burla Xatun" pyeslərində, "Heykəlsiz abidə",
"Miras" povestlərində də əks etdirirdi.
...Nəbi
Xəzri dramaturgiyasında olduğu kimi, publisistikasında və
ədəbi düşüncələrini ifadə edən məqalələrində
də ŞAİR idi. Yəni bu yazılarında da
poeziyasına məxsus obrazlı ifadələrdən, bədii
təsvir vasitələrindən istifadə edirdi. Amma belə
yazılarda tanınmış bir Azərbaycan şairinin hadisələrə
obyektiv, ciddi mövqeyi də aydın duyulurdu. Ritorika yox,
emosionallıq, hiss-həyəcan hakim idi bu yazılara.
"Doqquz gün, doqquz gecə", "Missisipi axan yerdə",
"Şimal qutbünün astanasında" publisistik
yazıları İran, Amerika və İslandiya səfərlərindən
sonra yazılmışdı. O, ustadlarına və öz
müasirləri olan şairlərə də bir sıra
yazılar həsr etmişdi və bu yazılar əslində,
çox gözəl esselər idi.
O,
müasirliklə, dövrün həqiqətləri ilə nəfəs
alan, İNSANı - quran, yaradan, düşünən,
böyük arzularla yaşayan İnsanı vəsf edirdi. Bu
insan sırf milli-bəhəri duyğularla yaşayan, öz
şanlı keçmişilə fəxr edən
soydaşımız idi.
Nəbi
müəllimlə tez-tez telefonda söhbətləşir, tədbirlərdə
görüşürdük. "Azərbaycan" jurnalı
redaksiyasına yeni şeirlərini göndərirdi və zəng
edib deyirdi ki, o şeirləri birinci sən oxu, çünki sənin
poeziyadan başın çıxır, həm də mənim
daimi oxucularımdansan. Təbii ki, ustadın xahişinə əməl
edirdim.
Nəbi Xəzri
əsl şair ömrü yaşadı və bu ömür
son zərrəsinəcən xalqına, Vətəninə
bağlı idi.
Əsl qəhrəmandır
Əsl
şair ki,
Ömrü
də xalqının ömrüylə birdir.
Sözümü
Xalq şairi Fikrət Qocanın bu misralarıyla bitirirəm:
Şair nəğmə
kimi gəlir cahana,
Şair
ölümünə mən inanmıram!
Vaqif YUSİFLİ
Ədəbiyyat
qəzeti: xüsusi buraxılış.- 2024.- 10 dekabr, ¹48.-
S.6.