Burada onun dostları
yaşayırdı...
Nəbi Xəzri – 100
Nəbi
Xəzrinin şeirlərini
kiçik yaşlarımdan
sevmişəm. Hətta
yazıb-oxumaq bilmədiyim
vaxtlardan.Onun şeirlərinə olan sevgim mənə atamın təlqini ilə keçib. Güclü yaddaşı
olan atamın hafizəsində çoxlu
sayda şeirlər var
idi və biz - onun övladları atamın səsində həmin şeirləri dönə-dönə dinləyərdik.
Məktəbə gedənə
qədər artıq mənim sevdiyim, şeirlərini əzbər
bildiyim şairlər
var idi: Sabir, Səməd
Vurğun, Nazim Hikmət,
Rəsul Rza, Bəxtiyar Vahabzadə... və təbii ki, Nəbi Xəzri. Bunlar əlbəttə, ən əvvəl atamın təqdir etdiyi şairlər idi. Nəbi Xəzridən ilk əzbər
bildiyim şeiri də atamın "yaddaşından mənimsəyib"
əzbərləmişdim:
Könül ayrılmayır öz
baharından,
İlham baharından, söz baharından.
Deyirəm, Vətənin bircə
qış günü
Yaxşıdır qürbətin yüz
baharından.
Nəbi
Xəzrinin özünü
isə birinci sinfə gedənə qədər artıq evimizdə görmüşdüm
və yuxarıda xatırladığım 4 misralıq
şeiri də onun özü üçün söyləmişdim.
Əlbəttə, Nəbi Xəzrinin
yaradıcılığı ilə, onun duyğusal poeziyası ilə əhatəli tanışlığım sonralar
olacaqdı... Nəbi müəllimin sağlığında
çap olunmuş kitablarının böyük
qismi atamın kitabxanasında var idi. Əksəriyyəti də
öz avtoqrafı ilə... Yenə də uzaq uşaqlıq
illərimi xatırlayıram.
Atam Nəbi Xəzrinin "Bura Muğandır"
şeirini xüsusilə
çox xoşlayırdı
və nədənsə,
istəyirdi ki, mən
də həmin şeiri əzbərləyim.
Ümumiyyətlə, atam
heç vaxt hansısa bir şeiri əzbərləməyimizi
bizə təkid etməyib. Mən o zaman dördüncü, ya da çeşinci sinifdə oxuyurdum. Şeir həcmcə böyük idi. Heç cür başa düşə bilmirdim ki,
atam bu şeiri
əzbərləməyimi belə
təkidlə niyə
istəyir. Eyni zamanda şeirin qayəsini anlayan yaşda da deyildim... Amma əzbərlədim. Bir neçə
gündən sonra o şeiri atam üçün əzbər
deyəndə:
- Nəbi Xəzri bu şeiri Muğana
- bizim yaşadığımız
yurda həsr edib. Şeirdə təsvir olunanlar hər gün bizim qarşılaşdığımız
yerlərdir, mənzərələrdir
- dedi atam.
Doğrudan da, elə idi. Neftçala, konkret olaraq indi mənim
yaşadığım ata
yurdumuz olan kənd Xəzərin sahilində yerləşir.
Günəş ilkin olaraq dənizdən boy göstərir, günəşin
ilk şəfəqləri ilkin
olaraq dənizin üfüq xəttində
görünür. Zülmət
burda boğulur. Bu yerlərin dərələri
yamyaşıl, təpələri
gözəl olur. Bir sözlə, bizim yerlər - Muğan - hər halı ilə Nəbi Xəzrinin təsvir etdiyi kimidir:
Çəmənlər yamyaşıl, dərələr gözəl,
Elə bil dünyada hər yerdən əvvəl
Səhər bura gəlir, əlində məşəl,
Bura zülmətboğan, günəş
doğandır,
Bura Muğandır!
Zəhmətlə yoğrulmuş onun
mayası,
Min əsrin eşqidir sözü, mənası.
Ağ-ağ tayalardır dağı,
qayası,
Sonsuz zəmiləri dərin ümmandır,
Bura Muğandır!
Yağdıqca düzlərə nur
qucaq-qucaq,
O gözü dumanlı ceyrana bir bax,
Hansı
şairisə xatırlayaraq
"Məndən bir də yazın", deyir haçandır,
Bura Muğandır!
Həyat
ona verib bütün rəngləri,
Söyüdlü çayların ilk ahəngini
Çəmənin sonsuzu, göyün
əngini
Ona təbiətdən bir ərməğandır,
Bura Muğandır!
"Bura Muğandır" şeiri
Muğan haqqında yazılmış ən gözəl əsərlərdən
biridir. Nəbi Xəzri bir rəssam kimi Muğanın əsrarəngiz
tablosunu yaradıb bu şeirdə. Belə şeiri yalnız böyük istedad-ilham sahibi olan, Vətənini sonsuz məhəbbətlə
sevən qələm sahibləri yaza bilər. Nəbi Xəzri "Bura Muğandır"
şeirində xatırladığı
böyük ustadı
Səməd Vurğun
kimi Muğana dərindən bələd
idi. Burada onun dostları yaşayırdı; Salyanda
Aşıq Pənah, Neftçalada atam...
"Bura Muğandır" şeirini də ən yaxın dostlarından olan Əliağa Kürçaylıya
həsr etmişdi.
Yuxarıda xatırladığım kimi, Nəbi Xəzri ayrı-ayrı vaxtlarda, bir neçə dəfə bizə gəlib: Süleyman Rüstəmlə,
Rəsul Rza ilə, Ənvər Əlibəyli, Əli Kərim, Əliağa Kürçaylı, Qabil...
ilə birlikdə... Hətta keçən əsrin 60-cı illərində
atam, kəndimizdəki
məktəbdə, Nəbi
Xəzrinin məktəblilərlə
görüşünü keçirib.
İndi, kəndimizin yaşlı
sakinləri, o vaxtın
məktəbliləri həmin
unudulmaz görüşü
xoş bir ovqatla xatırlayırlar...
Nəbi
Xəzrinin atama yazdığı bir məktubda həmin günlərin nostaljisi belə ifadə olunub: "Əzizim İmamverdi müəllim!
Salam! Xatirələr cığırıyla
sən yenə də məni tale yolumuzun mavi, coşqun sahillərinə
apardın. Duyğular
da dalğalanıb, qanadlanıb
ana Kürə qovuşdu.
Yenə sənin səmimiyyət yuvası,
ədəbiyyat, şeir
ocağı saydığım
evinə qədəm basdım. Mənə birdən-birə elə gəldi ki, dünyanın
bütün ulduzları,
kahkəşanları öz
mehvərindən sənin
evinin üstünə
axışdılar (axı
mən ilk dəfə
sənin evində gecələyəndə bu
hissləri keçirmişdim).
Görürsən, illər
qayıtmasa da, xatirələr
qayıdır və nə yaxşı ki, qayıdır!
Bağrıma basıb öpürəm.
Bütün ailəyə
salam-dua! Həmişə
sənin Nəbi Xəzri. 8 iyun 1998".
Mən Nəbi müəllimi axırıncı dəfə
1999-cu ilin 20 mayında
gördüm. Nə üçünsə Bakıya
getmişdim. Oğlum Əbil də mənimlə idi. O vaxtın ifadəsi ilə desək, "Baksovet"in qarşısından
keçərkən, ürəyimdən
Nəbi müəllimlə
görüşmək istəyi
keçdi. Nəbi müəllimin sədr olduğu Azərbaycan Xarici Ölkələrlə
Dostluq və Mədəni Əlaqələr
Cəmiyyəti ("Azərbaycan
Dünyası" Beynəlxalq
Əlaqələr Mərkəzi)
həmin ərazidə
yerləşirdi... Qədim
binanın pilləkənləri
ilə yuxarı qalxdıq. Tək idi. Bizi mehribanlıqla
qarşıladı. Oğlumun
adını soruşdu.
Sonra bizdə olduğu
günləri xatırladı.
Danışdıqca mən
ona fikir verirdim, tez-tez kövrəlirdi. Bizdə birlikdə olduğu dostlarının əksəriyyəti,
artıq dünyalarını
dəyişmişdilər. Bilinirdi ki, onların nisgilini yaşayır... Qəhərlənir, tez-tez
səsi qırılırdı...
Nəsə, təsəlliverici
bir söz də deyə bilmirdim.
...Ayrılarkən, 14 yaşlı
oğlum üçün
"Peyğəmbər" kitabına avtoqraf yazdı; ona uğurlu gələcək
arzuladı.
...Bu gün Xalq şairi
Nəbi Xəzrinin 100
illiyi tamam olur.
Artıq
17 ildir ki, Nəbi Xəzri haqq
dünyasındadır.17 ildir ki, Nəbi Xəzri özünün əbədiyyət
ömrünü yaşayır.
Bu əbədiyyəti o, həmişəyaşar
poeziyası ilə qazanıb.
Etibar ƏBİLOV
Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2024.- 10 dekabr, ¹48.- S.14.