Dəniz... Günəş... Zirvə...

 

Nəbi Xəzri deyəndə, ilk yada Xəzər düşür, dəniz düşür, gilavar, xəzri düşür, bir də günəş düşür. Öz təxəllüsünü dənizdən götürən şair ilk şeirini 16 yaşında yazmış və günəşə həsr edilən bu şeir ona uğur gətirmişdir. Sonra bütün yaradıcılığı boyu o günəşin şəfəqlərinin yolçusu olmuş və günəş onun yaradıcılığından bir ana xətt kimi keçmişdir.

Uşaqlığı Xəzərin sahillərində keçmiş şair Bakı küləyini, gilavarını, xəzrisini şeirlərə çevirmiş, elə özü də bir xəzri kimi ana suların ruhuna hopmuş, dalğalarına qarışmış və söz-söz, şeireir zirvələrə ucalmışdır.

Çox gənc yaşlarında çıxış etdiyi bir tədbirdə Səməd Vurğun da olub və Nəbi Xəzrinin oxuduğu şeir böyük şairin xoşuna gəlib. Sonra elə Səməd Vurğunun zəmanəti ilə hələ gənc ikən Yazıçılar Birliyinə üzv qəbul edilib və hər yerdə, həmişə böyük şairin dəstəyini, köməyini hiss edib. Özü də böyük şairin etimadını doğrultmağa çalışıb,  vətənə, xalqa ləyaqətlə xidmət edib. Bu xidmətin bəhrələri fəxri adlarla, medallarla, təşəkkürlərlə adına yazılıb, ünvanına yazılıb.

Xırdalanda doğulan şair vətəni bir misra ilə elə möhtəşəm, elə gözəl tərənnüm edib ki, elə bu misrayla da yaddaşlarda qalıb xatırlanır və daima da xatırlanacaq.

Şair "Anamın anasısan, Azərbaycan!" deyir.

 

Ey əziz anam Azərbaycan!

Sənə bağlıyam, Azərbaycan!

Ömrümün mənasısan, Azərbaycan!

Qardaşlıq dünyasısan, Azərbaycan!

Anamın anasısan, Azərbaycan!

 

İndi bu misralar bütün azərbaycanlıların dilinin əzbərinə çevrilib və Nəbi Xəzrini bir vətən övladı, bir vətəndaş, bir şair  kimi yaşatmaqdadır. Hətta bu şeir, bu nəğmə unudulmaz sənətkarlarımız Rəşid Behbudovun, Müslüm Maqomayevin repertuarında bütün dünyanı dolaşıb, Azərbaycan adını dünyaya tanıtdırıb və musiqi mədəniyyətimizin inciləri sırasına daxil olub.

Şairin, eləcə çox sayda başqa şeirləri, mahnıları dillər əzbəridir. Onun saysız şeirlərinə nəğmələr bəstələnib, tanınmış sənətkarlar o mahnıları oxuyub və o mahnılar da, o şeirlər də xalq tərəfindən sevilib, sevilməkdədir və seviləcək də.

 

Gəl bölək dünyanı ikilikdə biz,

Dərə mənə düşsün,

Dağı sən götür.

Qalsın yer üzündə qoşa izimiz,

Qara mənə düşsün,

Ağı sən götür.

 

Nəbi Xəzrinin Azərbaycan poeziyasında öz möhtəşəm yeri var. O elə bir yerdə dayanır ki, o yer həmişə, daima var olacaq, heç zaman öz möhtəşəmliyini itirməyəcək, heç zaman unudulmayacaq. Onun vətən sevgisi, torpaq sevgisi, ana sevgisi bir günəş ziyası kimi ürəklərə dolacaq, ürəklərdə yaşayacaq.

Şair həm publisist idi, həm də gözəl dramaturq idi. Neçə dram əsərləri səhnəyə qoyulmuş, tamaşaçı rəğbəti qazanmışdır.

Yaradıcılığına günəşlə başlayan şairin sonralar, pambıqçı-trakorçu Sevil Qazıyevanın ölümünə həsr etdiyi "Günəşin bacısı" poeması ədəbiyyat tariximizdə önəmli yer tutur.

Milli-mənəvi dəyərlərimizi istər nəsr əsərlərində, istər şeirlərində, poemalarında qoruyub saxlayan və nəsildən-nəsilə ötürməyi bacaran şair özündən sonra elə bir iz, elə bir irs qoyub ki, o iz dünya durduqca gələn nəsillərə örnək olacaq və yollarında günəş kimi işıq saçacaq.

Böyük geniş ürəyə malik idi, Nəbi Xəzri. Ürəyi, qanı, canı sevgidən yoğrulmuşdu. Vətən sevgisi bu sevgilərin başında dayanırdı. Elə ona görə də Şuşanın işğalından sonra çox sarsılan şair vətən nisgili, Şuşa dərdi, yurd həsrətindən göynəyə-göynəyə şeirlər yazır, bu ağrıdan qovrulur, yanır, yaxılır. Amma, həm də qələbəyə, zəfərə böyük inamından söz açır.

Onun Şuşa haqqında yazdığı şeirləri oxuduqca həsrətin qoxusunu duyursan, bir vətən övladının ağrıları keçir içindən və o ağrıları yaşayan şairin nələr yaşadığını, nə hisslər keçirdiyini sanki hiss edirsən. "Şuşa gəlir yuxularıma" şeirini göz yaşlarısız oxumadan keçmək olmur.

 

Gecə...səksəkəli uyuyur aləm,

Uzaq xatirələr yaxına gəlir.

Bu gün mən Şuşaya gedə bilmirəm,

Bu gün Şuşa mənim yuxuma gəlir.

 

Şairin oğlu deyir ki, kaş atam sağ olaydı, Şuşanın zəfər gününü görəydi. Şuşasızlıq şairin sanki qəddini əymişdi, gülümsər çöhrəsinə, şən ovqatına kədərli bir kilid vurmuşdu. Şuşanın adı gələndə gözləri dolurdu, halı pərişan olurdu, amma yenə də ümidini itirmirdi. Bir müdrik uzaqgörənliklə Şuşanın azad olacağını bilirdi, duyurdu, yazırdı, deyirdi:

 

Sabah Şuşadayam, bu ulu haqdır,

Yuxum, şübhə yox ki, çin olacaqdir!

Zəfər səslənəcək, inanıram mən,

Mənim Vətən adlı kainatımda.

Şuşaya doğmalar dönüb gələrkən,

Dönüb qayıdacaq "muğamat"ım da.

 

İnanıram ki, bir xəzri Şuşada dolaşır, şairin ruhu əlvan çiçəkləri qoxlayır, sevinir və şaddır.

Nəbi Xəzri xəzri oldu, günəş oldu, nəğmə oldu, dillərdə sevgiylə dolaşdı, sevgi oldu, vətən oldu...

 

Nəğmə olmaq istəyirəm, ay ana,

Mən səslənim, batma dərdə, qəmə sən!

Ol, ay bala, anan qurban boyuna,

Sən onsuz da mənə sonsuz nəğməsən.

 

Şuşanın zəfərindən sonra qürurla doğma küçələrini gəzdikcə, daşlı yollarını dolaşdıqca Nəbi Xəzrini xatırladım. Sanki şairlə qoşa gəzdim Şuşanı, qoşa dolandım. Bakı xəzrisinin nəfəsini duydum ağaclarda, çiçəklərdə, havalarda, Şuşanın hər yerində.

 

Dəniz olmaq istəyirəm, ay ana,

Zirvə olmaq istəyirəm, ay ana,

Günəş olmaq istəyirəm, ay ana.

 

Nəbi Xəzri dəniz də oldu, zirvə də oldu, günəş də oldu...

 

Elçin İSGƏNDƏRZADƏ

 

Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2024.- 10 dekabr, №48.- S.15.