Bal
Arılara
Deyirlər, arıların beş gözü var. Neçə gözü olur-olsun, mən arıların ifrat zəhmətkeşliyini divanəlik,
səfehlik sayıram.
Baxmayaraq ki, "Quran"da
bal arısına da
aid məxsusi surə
var. Bununla belə, işləyə bilməyən,
xəstə arının
qanadlarını yolub
yuvadan kənara ataraq tələf eləmək qəddarlığın
son həddidi. Yaratdığını,
min bir dərdin dərmanı olan balını qədirbilməz
məxluq yeyəcəksə,
zillət çəkməyin
mənası nədi?
Düzdü, ayılar
da meşədəki balı
yeməyi xoşlayırlar,
arının balından
savayı, südü
də çox xeyirlidi. Amma bunun o xeyri yaradana, arılara nə dəxli? Gecə-gündüz
zəhmət çək,
gündə neçə
kilometr uç, hər güldən bir qətrə toplayıb can dərmanı
yarat ki, naşükür
adamlar acından ölməsin. Artıb, çoxalıb qarışqa
kimi düzü-dünyanı
tutsun, güc toplayaraq hər yeri dağıdıb xarabazara çevirsin, məhşər gününü
yaxınlaşdırsın. İnsan ruzi tapmayıb aclıqdan gəbərməliydi, kökü
kəsilməliydi ki, bu
dünya, yer üzü rahat nəfəs alsın. Dağıdıcı üçün
ruzi yaratmaq onunla əlbir olub öz-özünə
qənim kəsilməkdi.
Qəddar arı ailəsinin kəskin qaydaları xəstə balasını yeyib heç olmasa, fiziki birləşmək duyğusunu gerçəkləşdirən
pişiklərin adətindən
də qat-qat dözülməzdi.
Pişik balasını
aclıqdan yox, əlacsızlıqdan, istədiyindən yeyir. Balası ilə bir yerdə olmaqdan ötrü... Qədim, antik dövrdə də təxminən, belə rituallara rast gəlinirdi. Ad çəkmək
istəmirəm, amma sevimli, bilikli sagirdləri, tələbələri
ilə cinsəl yaxınlıq eləyən
filosoflar vardı. Hər bir tələbə
arzulayırdı ki, ustadı
onunla yaxınlıq eləsin, çünki bu yaxınlıq həmin tələbənin
seçilmiş olmasından,
ən yüksək mərtəbəyə çatmasından
xəbər verirdi. Bəzi antik filosoflar haqqında məhz buna görə ölüm hökmü çıxarılmışdı. Bu işin dinimizə zidd olduğu ilə, çox böyük günah sayılması ilə işim yoxdu. Hərçənd bunun tarixi bizim dinimizdən
çox-çox əvvəllərə
gedib çıxır,
elə İslamdan qabaqkı dinlər də bu işin
ən bağışlanmaz
suç olduğunu deyirdi. Bu öz yerində, əsas məsələ heyvanların,
həşəratların, insanların
qoyduğu qaydadakı
öləzik oxşarlıqdadı.
Xəstə körpəni
yeyib onunla birləşmək, işləyə
bilməyən balasının
qanadlarını yolub
öldürmək, bir
də ki, öz oğlun qədər istədiyin ən istedadlı tələbənlə
yaxınlıq eləmək...
Şübhəsiz, bu
qaydalardan ən iyrənci adamlarınkıdı,
ona görə ki, quramadı, nəfsə, şəhvətə xidmət
eləməkdi. Hələ
mən bunun dini tərəfini qoyuram bir qırağa.
Beləcə, yenə
eyni nəticəyə
gəlirik; Adəm övladı yaranmışların
ən yararsızı,
ən murdarıdı...
Yaradan belə murdar məxluqu yalnız dağıdıcılığına
görə xəlq eləyə bilərdi.
Nə gözlərini bərəldib diqqətlə
qulaq asırsan? Başa düşürəm
ki, heç nə qanmırsan. Səndə qəbahət yoxdu, hərdən mən özüm də öz fikirlərimin arasında dolaşıb qalıram, çıxış
yolu tapa bilmirəm. Adamları da heyvanlarla, həşəratlarla müqayisə
eləmək olar? Mən onları müqayisə eləmirəm,
bərabər də tutmuram, mən balaca bir kəndin
axundu kimi hökm verirəm özlüyümdə. Hökm
verməyə ixtiyarım
olmasa da, illərdi gəldiyim nəticəni dilimə gətirirəm: İnsan nəinki heyvandan, həşəratdan
da aşağıdı. Əstəğfürullah,
təkcə qurbanolduğum
tərəfindən seçilmiş
müqəddəslərdən savayı... Əfsus ki, onların da, həyatlarını
bu yolda fəda eləyənlərin
də gücü yetmədi adamları düz yola gətirməyə...
ənə adi adam
kimi baxma, nə dediyimi yaxşı bilirəm mən. Sənin başının tükü
sanı kitab oxumuşam.
Hərçənd sənin
də saçın seyrəlib. Keçəlləşirsən
yavaş-yavaş... Mənim
rəhmətlik dədəm
də cavan vaxtından dazlaşmışdı.
Yazığın yel xəstəliyi də vardı, sümüklərinin,
oynaqlarının ağrısından
səhərəcən yata
bilmirdi rəhmətlik.
Yazda cürbəcür
arılar tutub soxurdu maykasının altına ki, vursun arılar onu. Arının zəhəri
də xeyirlidi axı... Di gəl, arılar da neştərini
sıxmırdu, batırmırdı
onun bədəninə,
vurmurdu onu... O qədər tənbəki
çəkmişdi ki, təkcə
üst-başından yox,
bədənindən, qırmızımtıl
dərisindən də
tütün iyi gəlirdi kişinin. Arılar da sakitcə mürgüləyirdi, gəzirdi
kişinin maykasının
altında, azadlığa
çıxmağa məqam
axtarırdı, vəssalam.
Dədəm də gözləməkdən bezikib,
axırda deyinə-deyinə,
hirslə əynindəkini
soyunurdu, əzilib xurd-xəşil olan arılar düşürdü
yerə, qurtulanlarsa tez uçub gedirdi.
Mən dədəmə oxşamamışam, dayılarıma
çəkmişəm, saçlarım
coddu, sıxdı, ancaq qar kimi
ağappaqdı. Lap şaxta
babaya oxşayıram.
Saçım ağ, bığım-saqqalım ağ...
Amma saçın ağarmağındansa,
elə tökülməyi
yaxşıdı. Hərçənd
indi buna da çarə
tapıblar, keçəl
başa tük əkirlər, ağ saçı rəngləyib
qapqara qaraldırlar.
Bir növ, Allaha demirəm, zamana kələk gəlirlər
indiki kişilər.
Odey, Şirzadın oğlu
çənə Bayram lap ağını
çıxardıb; arvad
kimi saçını
saraldıb, eləyib sapsarı... Sən də görmüsən yəqin. O abır-həya
bilməz Bayram sarı
başı ilə səhərdən-axşamacan şəstlə
o yana gedir, bu yana gedir.
Utanmaq-zad da qalmayıb
adamlarda. Nə deyim, vallah, indi heç bilmək olur ki, kim hansı məssəbə (məzhəbə)
qulluq eləyir?! Kimin əlinə nə gəlir, sürtür başına
ki, belə moddu. Məxluq lap yolunu azıb. Əzəldən
var idi hüsnü-camalı,
indi də olub dəli Bayraməli...
"Arı" dedim, yadıma düşdü, sənin üçün bir banka xalis bal
gətirmişəm, acanda
çörəyin üstünə
yaxıb yeyərsən.
İstəsən, bir
az kərə yağı da qatarsan. Yağnan balı bir-birinə qarışdıranda
lap ləzzətli olur...
Mübariz Cəfərli
Ədəbiyyat qəzeti.- 2024.- 13 dekabr (¹49).- S.7.