KİŞİ SALONU

 

HEKAYƏ

 

Səlim milyonluq şəhər məktəblərinin birində dil-ədəbiyyat müəllimi idi. Dünyanın indiki vaxtında şagirdlər onu çox istəyirdi bir sözünü iki etməzdilər. Bu gün-sabah yaşı əllini haqlayacaq. Cavan vaxtlarında az-az uydurduğuyeri gələndə , gəlməyəndə , şeir yazırdı. Ancaq heç kəsin bundan xəbəri yox idi, yazdığı şeirləri özü oxuyub kef eləyirdi – o şeirlər həsr etdiyi qızın da elmi-gümanı çatmazdı. Səlim bu işi o qədər dövlət sirri səviyyəsində gizli saxlayardı ki, adam hərdən şübhələnirdi ki, görəsən onun özünün şeir yazmasından xəbəri varmı...

Səlim səbrli olsa da cırtdaqozluğu da vardı, xırda bir haqsızlığa görə ucundan tutub gedə-gedə az qala bütün bəşəriyyəti günahkar çıxardar, bir prokuror ədası, hikkəsiylə onun cəzalandırılmasını istəyərdi. Ancaq belə bir mexanizm yox idi axı, indiyə qədər bütün bəşəriyyəti kim cəzalandırıb? Həm bu, kimsənin bacaracağı deyildiAllahdan başqa...

İki məsələ onu bərk narahat edirdi, demək olar ki, bütün rahatlığını əlindən almışdı. Müəllimlərin şagirdlərin ayağına verilməsi ilə heç cür barışa bilmirdi. Düzdü, bu məsələnin şəxsən onun hörmətinə, şagirdləri tərəfindən sevilməsinə heç bir dəxli yox idi, ancaq ölkədəki böyük müəllimlər ordusu tək Səlimdən ibarət deyildi axı.

O, ürək qızdırdığı bir-iki nəfərə deyirmiş ki, mənim tanıdığım bir yer var, hərdən qalxıb ordan saatlarla, diqqətlə dünyaya baxıram, hamı gedir; yavaş gedən, tələsən, sürünən... ancaq hara getdiklərini bilmirlər, çünki tez-tez dayanıb geri baxırlar, ona görə mən şübhələnirəmçox qəlizdi...

Ürək qızdırdığı bir-iki nəfər Səlimə deyəndə ki, bir dəfə o yerə qalxanda bizi apar, biz ordan baxaq, görək dünyada var, yox, olmaz deyirmiş.

    Niyə olmaz?

    Olmaz ...

    Axı, niyə olmaz , biz bilək...

     A kişilər, ona görə olmaz ki, orda sizin havanız çatmaz, boğularsınız, ürəyiniz qalxar.... Ordan kəllə-məyallaq olub təkər kimi diyirlənərsiniz dərənin dibinə. Bir yadınızda saxlayın: o mən dediyim yer biradamlıqdı, biradamlıq. Yer üzündə neçə miryard adam var?

     Çoxdu, çoxdu...

     Bax, hər adamın heylə bir yeri var, vaxt istəsə ora qalxıb dünyaya baxa bilər; ancaq adamların çoxu o yuxarıdakı yerinin harda olduğunu bilmir. Bu, hələ harasıdı ki? Adamların çoxu... adamların çoxu... bilmirlər ki, yuxarıda heylə bir yerləri var ee... dəhşət budu, bu...

Səlim hər gün tezdən o bir adamlıq yerinə qalxır, dünyaya tamaşa eləyir, günəş çıxmamış evinə qayıdır ki, hava işıqlanar, onu görüb eliyən olmasın. Şeir yazdığını dövlət sirri səviyyəsində gizli saxladığı kimi, yüksəklikdəki yerini hamıdan yayındırırdı.

O, son vaxtlar çox kövrək olmuşdu; bu, ya mərhəmətdən, ya da zəifliyindən doğurduadamlara yazığı gəlirdi, onlara acıyırdı, bəlkə doğurdan adamlar yazıq günə qalmışdı. Bəzən yaşadığı böyük məhəllənin başından girib ayağından çıxırdı ki, kiminsə üzündə təbəssüm görsün, rahatlaşsın - əksini görəndə bir az da ağırlaşıb geri qayıdırdı, evə girməyi ilə çıxmağı bir olurdu, özünə yer tapa bilmirdi; özünə yer tapa bilməyəndə isə əlacı qalırdı çıxıb dünyaya baxdığı o biradamlıq yerinə. Ora isə gündə bir dəfədən artıq qalxmaq olmazdı...

O, axırıncı beş-altı ayda, demək olar ki, durduğu yerdə işə düşmüşdü, dərdini heç kəsə deyə bilmirdi, salmışdı içinə. Səlim, necə deyərlər, içindən yaranlanmışdı, mühit onu içindən vurmuşdu. İç yarasını isə heç kəs görə bilmirdi, axı o, bu yarasını özü hamıdan gizlədirdi, utanırdı; ona elə gəlirdi ki, bu barədə kimə danışsa, ya ona gülüb arxada ələ salacaq, ya da şübhələnib orda-burda deyəcəklər ki, o söz...

Səlimin ürək qızdırdığı, simsar hesab elədiyi iki nəfər var: birinin boyu çox hündür olsa da, ağlı topuğunda deyildi, ikincisi gödək adam idi, ancaq çoxbilmiş deyildi. onlar ikisi çox yaxın dost idilər, arvad-uşaq da bir-birini tanıyır, get-gəlləri vardı. Onlar şəhər məhləsinin parkına gəzməyə çıxanda çox gülməli görünürdülər - əgər uzun gödəyin əlindən tutsaydı gendən baxanlar elə bilərdi ki, ata-baladılar ata balasını gəzməyə çıxarıb. Heç kəs bilmirdi ki, “bala atasındanyaş yarım böyükdü - əlbəttə, bu onları tanımayanlara aiddi.

Bu cütlükdən başqa Səlimin gümanı heç kimə gəlmirdi. Cütlüyün ona böyük hörməti vardı: - Azərbaycanda bir müəllim varsa, o da Səlim müəllimdi... kişinin oğlu dəryadı dərya... adam qədər şeir əzbər bilər... baş deyil eee, maqnitafondu, maqnitafon...

O tanışlarının vasitəsiylə son altı aydakı durumu ilə əlaqədar yaxşı bir həkim tapmışdı, təxminən on-on iki seans qəbul edəndən sonra xeyli özünə gəlmişdi. Axırda isə həkim ona dedi:

Səlim müəllim, heç bir təhlükə-filan yoxdu, siz güclü adamsınız, bundan sonra özünüz öz həkiminiz olmalısınız...

    Axı, necə? – Səlim bir az da gen-bol həkim məsləhəti istədi.

    Səlim müəllim, biz sizin yanınıza bir adam qoşa bilmərik ki, o, hər dəfə sizinlə olsun... siz şəhərin müxtəlif yerlərində o lövhəyə rast gələndə görməyəsiniz deyə üzünüzü başqa tərəfə çevirsinbu, mümkün deyil, yoxsa mənə var... yenə sizə seans verib pulumu alaram ... Axı, siz doğurdan yaxşısınız... Fikir verməyin...

     Həkim... o yerlərin adını dəyişib dəlləkxana qoymaq olmaz?

     Yəqin ki, olar? – Həkim qayğıkeşliklə dilləndi.

     Görəsən onu kim eliyə bilər? – Ümidlə soruşdu.

     Mən bilən baksovet eliyə bilər... icra hakimiyyəti...

Səlim həkimin yanından çıxıb tək-tənha xeyli gəzib dolandı, uzun-uzadı götürqoy eləyəndən sonra bu qərara gəldi ki, Bakı Şəhər İcra Hakimiyyətinə ərizəylə müraciət eləsin... ... bir şəxsiyyət vəsiqəsi ilə bağlı prezident aparatının müvafiq şöbsinə geniş bir teleqram göndərməliydi. Səlimə elə gəlirdi ki, burda böyük yanlışlıq var, necə yəni şəxsiyyət vəsiqəsiölkədə uşaqlı-böyüklü on milyondan bir az artıq adam yaşayır, deməli bunların hamısı şəxsiyyətdi?! Biz tarix yazanlara, tarixi yaradanlara da şəxsiyyət deyəkşəxsiyyət vəsiqəsi verək, kanalizasiya təmizləyənlərə ?! Bəs, fərq?! Özü boyda fərq...

Birdən Səlimə elə gəldi ki, məktubun da, teleqramın da cavabı gəlib, hər ikisi müsbət həll olunub. Ağlına gəldi ağlına gələnə elə inandı, elə inandı ki, elə bil ağlına gələn başına gəlib. Sonra da niyyətin hara mənzilin ora atalar misalını xatırladıbu, lap yerinə düşdü onun kefi kəllə çarxa vurdu... Səlimin belə xasiyyəti vardıbəzən mənəvi cəhətdən əliyalın olsa da, özü özünü tək qoymurdu, kömək eləyirdi, əl uzadırdı...

Səlim evindəki yazı stolunun siyirtməsini çəkib səliqə ilə qatladığı kərpici şagird dəftərinin vərəqini açıb, ordakı siyahını diqqətlə nəzərdən keçirəndən sonra varlığına şirin tənbəllik hopsa da təslim olmadı:

    Kişi başladığı işi yarımçıq qoymaz... özün kişilik uğrunda döyüşürsən, cəmisi səkkizi qalıb... uzağı iki saatlıq işin qalıb, möhkəm ol, - dəhlizdəki yumru güzgününüzünəgüldü, elə bil dişlərini güzgüyə göstərirdi...

O, uzun müddətdi gecədən xeyli keçmiş evdən çıxıb gedirdi, səhərə yaxın qayıdırdı. Arvadı ondan əməlli-başlı şübhələnmişdi, ancaq heç demirdi, aradan pərdəni götürmək istəmirdi, hələ gözləyirdi, gözləyirdi ki, görsün işin axırı ilə qurtaracaq. “Gecədən xeyli keçmiş evdən çıxıb gedən, səhərə yaxın, xoruz banlamamış qayıdıb gələn kişi hara gedə bilər? Ya oğurluğa, ya adam öldürməyə, ya da ki, özgə arvad yanına gedər... başqa hara var ki, hara gedə... Gecənin qırt yarısında kitabxana işləmir... kababxana işləmir... bilim, bir az da dözüm gərək noolur... Dözmüşəm axıracan dözüm.

Bu müddətdə Səlimlə ikicə dəfə dəhlizdə qarşılaşıb; bir gün səhərə yaxın evə qayıdanda, bir dəfə gecəyarı evdən çıxıb gedəndə - çünki Səlim elə sakit-sakit gedib gəlirdi ki, heç kəs duyuq düşmürdülap ruh kimi gedib-gəlirdi. Hər iki halda arvad soruşanda ki, gecənin bu vaxtı xeyir olacavabı belə olmuşdu:

    İşim var... sən narahat olma.

...Gecə saat dördün yarısı-zadı olardı. Səlim başında uzun dimdikli papaq, gözündə qara eynək dəlləkxanaya yaxınlaşıb qoltuq cibindəki çəkici çıxardı, sağ əli iləKişi slonuyazılmış işıqlı lövhəyə necə çırpdısa çilik-çilik oldu, öz-özünə pıçıldadı:

    Kişi salonu... İndi kişi var, salon da ola... Kasıb itinin adını gümüş qoyan kimi...

Səlim hər dəfəKişi salonuyazılmış işıqlı lövhəni qoltuğunda gəzdirdiyi çəkiclə vurub çilik-çilik eləyəndə mütləq bu sözləri pıçıldayırdı, bir az fasilə verəndən sonra pıçıltıdan bir az yuxarı tonda üç kəlmə əlavə eləyirdi:

     Qarabağsız kişi olmaz!!!

Ürəyi soymurdu, sonuncu əlavəsini edirdi:

    Səlim! Sən kişi deyilsən!!! Birdən elə bilərsən... Çaşma haaa!!!

...Səhərə yaxın evinə-eşiyinə qayıdanda arvadı dəhlizdə onu qarşıladı:

– Bu vaxtı xeyir ola, ay Səlim? – Qıpqırmızı gözlərini ərinə zillədi.

    İşim var... sən narahat olma.

Arvadın səbri lap çoxdan tükənib yerə tökülmüşdü:

    Bəs, sənin bu işin vaxt qurtaracaq? – Arvadı Səlimdən onu rahatlayacaq bir cavab gözləməsə , soruşdu.

    Bu gün... bu gün qurtardı... Sən narahat olma...

Arvadı Səlimin boynuna sarılıb için-için hıçqırdı, onun boynu islandı, bu duzlu nəmlikdən Səlimin ürəyinə bir dünya işıq şırıltı ilə axdı, ancaq bu şırıltını Səlimdən, bir arvadından başqa heç kim eşitmədi...

...Səlim son altı ayda bəlkə otuza qədər dəlləkxananınınkişi salonu”nu çəkiclə vurub çilik-çilik eləmişdi. Hardasa ürəyinin dərinliyində, bəlkə lap dibində unudurdu ki, mənasız işlə məşğuldur, ancaq özünü saxlaya bilmirdi. Adamın inanmağı gəlmirdi ki, işdi-şayəd Qarabağ vaxtsa azad edilsə belə Səlim dayanmayacaq – o qəti surətdə əmin idi ki, kişi yoxduvəssəlam.

Sosial şəbəkələrdə bəzi saytlarda, hətta bir-iki dəfə televizorda xəbər vermişdilər ki, guya bir mütəşşəkil dəstə şəhərin mərkəzi küçələrindəki dəlləkxanalara maddi zərər vurur polis əməliyyat tədbirləri keçirsə hələlik cinayətkarın izinə düşə bilmir. Yaxşı ki, Səlim ələ keçməmişdi...

Arvadı son vaxtlar Səlimdən bir balaca şübhələnmişdi: “Elə bil ki, kişi nəsə bir təhər dəyir ee gözümə...” Sonra da öz-özünə təskinlik verirdi: “noolub, gül kimi kişidi...”

Səlim son aylar bu işlə məşğul olduğu müddətdə bir şey gözləyirdigözləyirdi ki, bu vaxt faş olsa, kütləvi informasiya vasitələri, sosial şəbəkələr bu barədə yazsalar, kimliyi bilinməsə onu tərifləyəcək, ruhlandıracaqlar. Ancaq tam əksini gördü, adı bilinməsə hamı onu qınayırdı, tənbeh eləyirdi. Bu, Səlimi sarsıtdı keçirdiyi sarsıntı ona yol göstərdi: gecənin qırt yarısı üç dəlləkxananın qapısına, tanınmasın deyə əyri-üyrü xətlə belə bir məktubda yazıb qoydu: “Bu addı? Kişi salonu

-  indi kişi var ki, salonu da olsun?!” Səlimin bu şanlı məktubu sosial şəbəkələrə yol tapandan sonra yerindən duran onu müdafiə edib tərifləyirdi, az qala onun şərəfinə tost da deyirdilər: “Halal olsun. Kişi adamdı. Onu tanısaydım əlindən öpərdim”. Hətta orta yaşlı bir qadın yazmışdı ki, “adamın belə əri ola... bəxtəvər onun arvadının başına.”

Səlim bu rəyləri oxuduqca ürəyi dağa dönsə , sevincini yarımçıq hesab eləyirdiaxı, heç kəs bilmirdi ki, bu tərifnamələr onun ünvanına idi. Xüsusilə orta yaşlı qadının yazdığı qibtə dolu sətirlər: “Kaş arvad biləydi ki, o mənəm...” Ancaq bir böyük, möhtəşəm təsəllisi vardı ki, camaat onun tərəfində idi.

Hətta bu da, Səlimin tam rahat olması üçün kifayət etməmişdi. “Kişi salonuməsələsi sosial şəbəkəni əməlli-başlı işğal eləyib gündəmə çevirmişdi get-gedə sakitləşmək əvəzinə daha da qızışırdı. Bütün bu çalxalanmanın mərkəzində isə bir naməlum şəxs dayanırdı, heç kəs onu tanımırdı, ancaq hər kəs onu tanımaq istəyirdionu bircə nəfər tanıyırdıSəlimin özü...

Ancaq Səlim az qalırdı ortasından çatlasınbu barədə kiməsə ətraflı söhbət eləyib sakitləşmək istəyirdi; ürəyində belə bir adamın axtarışında idi, ancaq tapa bilmirdi. Bütün qohum-əqrəbası, dost-tanışı növbə ilə, səliqə-səhmanla gəlib onun gözlərinin qabağından keçdi, qorxdu, heç birinə etibar etmədi, hərəsinə birqəmişqoydu uzunaxtarış-əməliyyat tədbirlərindənsonra elə bil nəsə tapdı: arvad... bir piyada gəzəndə ata-balaya oxşayan ürək qızdırdığı o cütlük. Bu da, bir problem yaratmışdı, indi qalmışdı arvadla cütlüyün arasında... Onun ürək qızdırdığı bu cütlük, arvadla müqayisədə bir neçə köynək ondan uzaq idi. “Elə arvad hamısından yaxşıdı vallah, uşaqlarımın anasıdı ... o yaxşıdı...” Tam qərara gəlməmiş bir fikir pırtdayıb ortalığa çıxdı: “axı, deyirlər arvadın boğazında hulqum olmur... cəhənnəmə - gora olsun... mən onun boğazına hulqum qoyduranam?!” Yadına bu gün qadınlar arasında dəbdə olan kosmetik əməliyyat düşdü. Tələsik qərarını dəyişdi.

Səlim çayxanada tək-tənha oturub calaq işinə baxırdı, çay içə-içə siqareti siqaretə calayırdı. Dünəndən danışdıqları kimi ürək qızdırdığı o cütlüyü gözləyirditez-tez saatına baxırdı. Onun bu hərəkətindən sonra gendən baxanlar bu qərəra gəlmişdilər ki, Səlim müəllim kimisə gözləyir. Əslində bu cütlüyün günahı yox idi, Səlim özü tez gəlmişdi; onun adəti idi, bütün görüşlərə on-onbeş dəqiqə tez gedər, danışdıqları vaxt tamam olandan sonra da, uzağı on beş dəqiqə gözləyərdi, gəlməsəydi çıxıb gedərdi. Heç vaxt heç kəsi gözlətmədiyinə görə , heç vaxt heç kəsi gözləməzdi, uzağı on-onbeş dəqiqə.

Cütlük Səlimin stoluna yaxınlaşan kimi Uzun saatına baxıb soruşdu:

    Çoxdan gəlmisiniz? – Özü cavab gözləmədən əlavə etdi, - biz vaxtında gəlmişik, - çönüb Gödəyin üzünə baxdı.

    Oturun, oturun... mən tez gəlmişəm... oturun.

Uzunla Gödəyin birlikdə çayxanaya təşrif gətirmələri elə bil ki, çay içənlərin hamısının üz-gözünə təbəssüm yaxdı, hətta kimsə yaxın stolların eşidə biləcəyi bir tərzdə dilləndi : “ata-baladılar ee... ata-bala gəldi...” Halbuki yuxarıda dediyimiz kimi bala atadan yaşca böyük idi.

    Uşaqlar, sizə işim düşüb, - Səlim ehtiyatla ətrafa nəzər saldı.

    Səlim müəllim, özünüz bilirsiniz ki, sizə boyda hörmətimiz var, - Uzun Gödəyin üzünə baxan kimi dostu başı ilə onun dediklərini təsdiqlədi, - biz hazır, dedi.

    Səlim onları birinci dəfə görürmüş kimi diqqətlə nəzərdən keçirdi:

    Heç bilmirəm necə deyim? – Səlim narahatlıq içində idi.

    Ay Səlim müəllim, biz özgə deyilik ki, bizə söz demək üçün --- hazırlaşasınız, - bu dəfə Gödək qabağa düşdü, Uzundan dəstək gözləyirmiş kimi onun üzünə baxdı, - necə xətrin istəyir elə , deee...

    Uşaqlar, Sizin içinizdə kiminsə sirri var? – Səlim qəfl soruşdu.

Cütlük təəəccüblə bir-birinin üzünə baxıb deyəcəklərini bilməyəndə, Səlim onlara kömək etməyə tələsdi:

    Yəni demək istəyirəm ki, sirr saxlaya bilirsiniz? – Uzunun üzünə baxdı, Uzun da Gödəyin, elə bil ondan nəsə gözləyirdi.

Gödək dedi:

    O baxır sirrdi ... – Əvvəlcə Səlimin, sonra da Uzunun üzünə baxdı.

Uzun dilləndi:

    Düz deyir... O baxır sirrdi... Ailə sirri var, dövlət sirri var... bilim vallah...

Cütlüyü maraq götürmüşdü, Səlim bunu hiss elədiyinə görə xırtdaya-xırtdaya qalıb gözlərini döyürdü, bu tərəfdən nahaq yerə onları bura çağırdım, indi deyim, necə deyim... qorxuramfikri onu elə bil ki, divara dirəyib sıxırdıqalmışdı sıxıla-sıxıla...

Axır ki, dilləndi:

    Uşaqlar, mənə sabaha qədər vaxt verin... fikirləşməliyəm, - Səlim onların üzünə baxmadan ayağa durub çayın pulunu verib getdi.

Cütlük, əvvəlcə gözdən itənə qədər Səlimin dalınca, sonra da bir-birinin sifətinə baxa-baxa qalmışdı.

Səlimin xəbəri yox idi ki, rəngi qapqaradı. Ona görə içəri girən kimi arvadı onun qabağına yeriyib həyəcanla dedi:

    Ay Səlim, noolub sənə... niyə bu gündəsən?

    Yavaş... uşaqlar eşidər... noolub ki, mənə... – dəhlizdəki güzgüdə özünə baxıb çənəsini yüngülvari əlləşdirdi. Sonra yataq otağına keçib arvadı çağırdı; arvad tələsik, elə bir az da qadın istəkləri ilə özünü Səlimə çatdırdı, qapını da arxadan bağladı.

Səlim cütlüklə elədiyi söhbəti təxminən arvadı ilə elədi. Səlimin dedikləri cütlüyü hansı hala salmışdısa, arvadı da o vəziyyə qoydu. Axırda üzünü arvada tutub pıçıldadı:

    Ay qız, mənə sabaha qədər vaxt ver... fikirləşməliyəm...

Sabahı gün Səlim yenə çayxanada cütlüklə görüşdü, dünənki gün yenidən təkrar olundu. Axırda da dedi:

    Uşaqlar, mənə bir gün vaxt verin... fikirləşməliyəm.

Sonra da çayın pulun verib evə gəldi. Yenə güzgüdə özünə baxıb arvadı yataq otağına çağırdı; arvadı bu dəfə tələsmədən, heç bir istəyi olmadan Səlimin yanına gəldi.

Ancaq, mənim bir yazıçı kimi xəbərim olmadı ki, Səlim arvadına nəsə dedi, ya demədi...

Yazıçınan da xəbəri olmadığı şeylər çox olur.

 

Şabran. Oktyabr. 2024.

 

Seyran Səxavət

 

Ədəbiyyat qəzeti.- 2024.- 13 dekabr, ¹49.- S.14-15.