Bu bir eşq
hekayəsi...
Hekayə
O idi, Humayyəydi, zəng vurmuşdu. Dönüb, elə sevindim ki, nə ola, o məlhəm ünvandakı köşkə
yenə gələ. Getdiyi yoldan, ötdüyü izdən,
ayaq ləpirlərini oxşayan yurddan, yeni xatirələrindən danışa,
bir ömür dinləyərdim. Bilirəm,
uzun kiprikləri, hilal qaşları, mavi gözləri, mübhəm, şəfqətli
baxışları da yenə
elə onun özüylədir, gətirib,
gəlib...
***
...Onunla iş başında görüşüb
tanış olmuşduq.
Çalışdığı yerdə iş vaxtı baş verən bir dadsız, xoşagəlməz
olay isə münasibətlərimizə yeni bir məzmun verdi. Eşitdim ki, bəs, adı Humayyə olan bu xanım yerin
bilməzi, boşboğazlıq
edib saatlarla aranı qatan, özündənrazı, əslində
isə bivec bir kişini boğazlayıb divara dirəyərək əməlli-başlı
"tənbeh" eləyib.
Əhvalatla bağlı
marağım tanışlığımızı
dostluğa, səmimi ünsiyyətə doğru
çəkdi.
Bu yerlərdə qərib sayılmazdı, Güney ellərimizdən idi, Ərdəbil mahalından,
Meşkin şəhərindən.
Ancaq elə bəlkə də bu səbəbdən bir az çəkingənliyi
vardı. Bilirdim ki, iş yerində də ürək qızdırdığı həmdəmi,
yaxın dostu da yox idi. Tez-tez
görüşməyə başlamışdıq. Söhbətimiz
də tuturdu.
***
...Uca, mütənasib qaməti, incə-zərif əndamı,
hilal qaşları, sıx, qapqara, uzun şəvə saçları ilə elə nağıllardakı
şahları taxtdan salan, can alan o "dilbərlər"ə, "pərilər"ə
bənzəyirdi.
Qənirsiz gözəl idi.
Görüb bilənlərdən
eşitmişdim ki, Ərdəbil
civarında gözəl
bir xanımla rastlaşanda sorğu-sual eləməmiş, - yəqin
"Meşkindəndir", - deyib, dodaqlarının altında pıçıldarlar.
İri,
mavi, uzun sıx kiprikləri ilə halqalanmış
can alan gözləri ilə qarşısındakına
məlahətlə baxır,
sonra da gülümsünüb
başını endirir,
həmişə təravət
saçan o baxışlarını
həmsöhbətindən gizlədirdi. Bəzən saatlarla üz-üzə otursaq da, o gözləri qəfil, ya da "qaçaraq" anidən görə bilirdim. Nə vaxtsa, nədənsə qorxmuş,
kimdənsə qısqanmış
kimiydi. Sanki gözlərinə
hardansa kölgə düşəcəyindən, ya
da "nəzər" dəyəcəyindən
qorxurdu. Hər halda, mən belə düşünürdüm.
Rahat işi, yaxşı təşkilatçılıq bacarığı, idarəçilik
səriştəsi var idi.
Çalışqandı, işgüzar
olduğu qədər
də diqqətliydi.
Bu səbəbdən də
əhatəsindəkilər tərəfindən sevilirdi.
Qazancı, yaşayışı
da çoxları üçün
həsəd doğuracaq
qədər yetərliydi.
Qarşılaşanda sanki öz doğmasını,
yaxınını görürmüş
kimi sevinir, haldan-hala düşür,
elə bil nəsə daxilən gərginliyi artır, sonra da birdən-birə əmin-arxayın rahatlaşıb
rayihələnirdi. Elə
mən də ona öz doğmalarımdan
biri kimi baxırdım, bəzən
halına qayğılanırdım
da...
Qəribəlikləri çox idi. Məni böyük qardaşı
kimi bilib, "Ağa, bəy" çağırırdı. Bəy
ifadəsindən xoşlanmasam
da, onun dilində bu ifadə mənə
çox dadlı gəlirdi.
İndi düşünürəm
ki, elə qardaşdan
da çox qardaş-bacı
olmuşduq. Tədricən
sirdaşa çevrilmişdik.
Bax, indi sözümün əvvəlindəki
fikrimdən imtina edirəm. Burada qəribəlik nədir ki?..
Görüşüb söhbətləşəndə
ən çox işdən, çevrəmizi
əhatə edən adamlardan, gündəlik məişət dərd-sərindən
danışardıq. Axır
vaxtlar söhbətlərimizin
mövzusu tədricən
xeyli dərinləşirdi.
İnsanın mənəvi
dünyası, inancı,
yaşam qayəsi, həyat fəlsəfəsi,
xeyirxahlıq, yaxşılıq
və bədxahlıq,
nə bilim, belə-belə çox şeydən danışırdıq.
Ordan-burdan söz-söhbət hardansa
qəfilmi, ya elə mətləb üstünə gəlib həyatda sevib-sevilməyə
çatanda o köks ötürər, susub durardı.
Hər görüşəndə, rastlaşanda
ilk ağlıma gələn
bu olurdu ki, bu qədər gözəl, lətafətli,
dili şirin, nəzakətli, qadına xas belə bütün
məziyyətlərə sahib xanım əcəba, yaşı ötsə də, indiyəcən niyə ailə həyatı qurmayıb? Sevənimi olmayıb? Yox, buna nəinki inanmaq, heç ağla gətirmək də naşılıq olardı, belə gözəl qadın sevilməzmi?..
***
Doğulduğu məmləkətə, ata ocağına dönəcəkdi. "Doğma
elinə, ocağına
bizlərdən salam
apar", - deyə bir də
doyunca söhbət edib uğurlamaq üçün birlikdəydik.
Arada: "bəlkə
bir də daha heç dönəsi olmadım"
kimi fikirləri də dilinə gətirirdi. İçimdə
bu fikrinə razı olmasam da, - Nə üçün? niyə dönməyəcəksən?
- deyib etirazımı
da bildirmirdim. Ancaq
"gedirəm" deyəni
yolundan saxlamaq olmaz ki...
Yenə
görüşdük, elə
həmişəki yerdə,
kiçik şəhərin
məlhəm ünvanlarından
olan, sinəsinə taxta komacıqlar səpələnmiş abad
guşəsində.
***
Elə bu görüşümüzdə
də xeyli söz-söhbətdən sonra
ona eşitdiyim bir əhvalatı danışdım. Səkkiz
yaşındakı Xaqan
adlı bapbalaca bir oğlan evlərində bir məclisdə xala çağırdığı xanımdan:
- Cəmilə xala, sənin neçə yaşın var? - deyə soruşur. Cəmilə xalası da:
- Ay bala, ay kişi qırığı, yadında
saxla ki, kişi xeylağı qadından yaşını soruşmaz,
o ki, qaldı yaşıma,
otuz beşdir, - deyir.
Oğlan
əllərini xala çağırdığı xanıma tərəf uzadıb ölçə-ölçə
canıyananlıqla:
- Cəmilə xala, yaşın keçib ee, - deyə çoxbilmişliklə dillənir,
- evdə qalacaqsan, niyə ərə getmirsən, tez ol ee, evlən...
Müasir
uşaqların yaşlarından
böyük, bir qədər də həqiqətə uyğun
"ağıl vermək"
kimi iddiaları, təkəbbürləri, düşündürücü
olduğu qədər
həm də belə məzəli mükaliməsi əslində
nikbin, xoş bir əhval-ruhiyyə yarada-yarada həm də ən azından adamın dodağını qaçırır...
Ancaq o gün nəql etdiyim bu əhvalatdan
Humayyənin nə dodağı qaçdı,
nə də qaşlarını çatıb
təəccübləndi...
***
Qabağımızdakı çay soyuyurdu. O, stəkana əl uzatmırdı, mən də qeyri-müəyyən bir əhvaldaydım. O susduqca
mən də dinib danışmırdım.
Ürəyimdə fikirləşirdim ki, yəqin ehtiyatsızlıq,
diqqətsizlik edib xətrinə dəymişəm.
Beləcə, düşünə-düşünə
bu naqolay vəziyyətdən çıxmaq
üçün yollar
axtarırdım. O isə
hələ də başıaşağı oturub,
elə hey süfrənin
saçaqlarını aramsız
sığallayırdı.
Axır
ki, handan-hana başını
qaldırdı. Hüzn
yağan gözlərini
üzümə dikib məhrəm baxışlarını
mənə dikdi. Gülümsədi, yox, əslində gülümsəməyə
çalışdı, eləcə
baxırdı.
Çox
pərt olmuşdum.
"Xətrinizə dəydim",
- deyib uzun-uzadı üzrxahlıq eləmək
istəyirdim ki, tez sözümü kəsdi:
- Yox, əsla, yox. Düzünə qalsa, danışdığınız
çox məntiqli, adamı yerindən tərpədən, düşündürən
bir hekayət oldu, - dedi. - İndiki balacalar belədi də, hələ mənim qardaşım, bacım uşaqları, onların nəvələri bilirsiz,
hardan deyib, nələrdən danışırlar?
Geri dönəcəyimdən xəbər tutub, indidən hərəsi bir rəvayət danışır. Hər şey yaxşıdı, qaydasındadı, - deyib məni sakitləşdirmək
istədi.
Soyumuş çaydan bir qurtum içdi. Bardağı yerinə qoyub başını yenidən aşağı
endirdi. Bir qədər
fikrə daldı.
Sonra da başını qaldırıb
elə əvvəlki tövrlə üzümə
baxdı, udqundu, köks ötürdü.
- Sizə buralarda indiyəcən
heç kəsə danışmadığım, hələ
də kimsənin eşidib-bilmədiyi bir əhvalat danışmaq istəyirəm, - dedi.
Mən:
- Sirdirsə, həm də kimsə bilmirsə, bəlkə heç danışmayın,
- dedim, - elə sirr kimi saxlayın...
- Yox, özümlə bağlıdır, öz həyatımla, öz taleyimlə, sizə danışa bilərəm
-deyib indi qələmə aldıqlarımı,
bu acı hekayəni nəql etdi...
***
...Adı Mehdad idi və o Mehdad
yaşadığımız kiçik şəhərin
sayılıb-seçilən bir nəslinin övladı idi. Ailənin təki, yeganə oğlu. O vaxt Mehdadın iyirmi, mənim isə on yeddi yaşım var idi. Yəqin məktəb yolunda, ya da anamla dükan-bazara
gedəndə görübmüş
məni. Demə, oğlan vurulubmuş mənə. Hadisələrin
sonrakı gedişi, acı sonluğu da göstərdi ki, həm də dəlicəsinə
vurulubmuş, elə bu məcnunluğu sonralar iki tayfanın,
iki böyük nəslin arasında ədavətə, hələ
indiyəcən də
davam edən düşmənçiliyinə səbəb oldu...
Dediyim kimi, çox varlı, imkanlı ailə idilər. Uzun müddət idi ki, qız evinə elçiliyə gəlib-gedir, "olmaz, vermirik" cavabından usanmırdılar. Oğlan
tərəfindən tayfanın
ağsaqqalları, ağbircəkləri
qapımızı yağır
etmişdilər. "Yox"
cavabı ala-ala axır
vaxtlar lap yalvar-yaxara keçmişdilər.
Atam isə ipə-sapa yatmayıb qəzəb donunu soyunmur, "yox ki, yox, olmaz,
bu iş olmayacaq, mən hara, Bilal hara,
biz Hacı Ələkbərlilər
hara, Mığımlılar hara?
Ay-hay, mən qız böyütmüşəm ki, Mığımlılara
verəm? Məndə
sizlərə verəsi
qız yoxdur. Sizdən birin almışam bəsdir. Məyər bilmirsiz, bizdə qız aldığın tayfaya qız verməzlər? Anamı göstərib, sizlərdən olan bu Nəcibə bizə yetər, gedin, itiyinizi başqa yerdə axtarın. Məndə sizin sülaləyə veriləsi qız yoxdur", - deyib durur, daş atıb başını tuturdu.
- Əslində elə dediyi kimiydi, yaşca məndən böyük dörd bacımın hamısını
öz tayfasından olan əmi uşaqlarına,
yaxın əqrəbalarına
ərə vermişdi,
- əlavə edir.
Məni,
beş qardaşın,
beş bacının sonbeşiyini, ailənin ən sevimli övladını beləcə
"əzizləyib" bağırlarına
basa-basa böyütdükləri
qızcığazı gözlərindən
kənarda qoymağa qıymırdılar.
"Bəs ananız, ananız bu işə necə baxırdı?" sualıma:
- Hə, anam! Anamın nə həddi var idi ki, ərinin, Hacı Kənan ağanın bir sözünü iki eləyə, ya da öz sözünü
deyib fikir bildirəydi?!.
Kişinin elə zabitəli, qəti hökmü var idi ki, daş divarları belə yarıb keçərdi. Bir tirin altında üç kəbinli arvad saxlayırdı, gözümü
açıb o qəziyyə
baş verən vaxtacan anam qarışıq
onlardan hansının
xanım, hansının
anamın üstünə
gəlmiş günü,
hansının hansı
bacımın, ya qardaşımın anası
olduğunu biz qardaş-bacılar
bilmirdik.
Onları
bir-bir öz adları ilə, - "Nəcibə ana", "Zəkiyyə
ana", "Gülöyşə
ana" deyib çağırardıq.
Hələ bir Fəxriyyə də vardı ki, onu da xala çağırardıq.
Fəxriyyə xala Hacı ağanın evimizə aldığı
sonuncu gözçəsiydi.
Onu siğə eləmişdi.
Mən:
- Bu hesabla dörd oldu ki, - deyə dəqiqləşdirirəm.
- Hə, eləydi. Fəxriyyə xala sonradan tapılanlarından
idi. Ondan qardaş-bacımız da olmadı.
Susur, xəyallanır, fikri hiss edirəm ki, onu harasa, bəlkə elə o xanımla bağlı hansı bir xatirənin ardınca götürüb
gedir.
Handan-hana başını qaldırıb üzümə
baxır, gülümsəyir
və davam edir:
- Sonralar Fəxriyyə xaladan başqa, arvadların hamısı Hacı xanım oldular. Arvadlarının Hacı ağa çağırdığı Hacı Ələkbər kişi, atam onları növbə ilə, ildə birini özü ilə Kəbə ziyarətinə aparıb Hacı xanım elədi.
Yarızarafat, yarıgerçək sözümdən qalmadım:
- Qoçaq adammış atanız, millət birinin öhdəsindən
gələ bilmir, o isə, ay maşallah! - deyib söz atdım.
Atmacamı göydə tutmuşdu.
Gülüb, üzümə
baxırdı. - Hələ
bu harasıdır? Daha nələr, nələr var, - deyib, elə gülə-gülə
də söhbətinə
davam edib:
- Hə, nə isə məni beləcə orada-burada
"gizlədirdilər". Ara nisbətən bir balaca sakitləşmişdi.
Aradan iki il ötmüşdü ki, atam
rəhmətə getdi.
Qardaşlarımla evə,
yurda qayıtdım.
Ata itirmişdik, hamımız
hüznlüydük. Evin
əhli-əyalı bir
yana qalsın, kiçik şəhərimizin
dul arvadlarının
da göz yaşı leysan olub axırdı,
ta kişinin ilinəcən
o göz yaşları
qurumadı. O qədər
gəlib-gedib "Hacı
ağa"ları üçün
ağı deyib, şivən qoparırdılar
ki, axırda anam dözmədi, "sizin oxşayıb ağladığınız
o Hacı ağanızın
yeri görüm, bir az da dərin
olsun. Sizin yanınızda halal-hümmət
arvadları bizlər yalan olduq. O Hacı Kənanınız odur ee, yatıb Dədə Maqsudda (məzarlığın adı).
Gedin orda ağlayın, haydı, gedin, bir daha
buralarda sizi görməyim", - deyib
o arvadları birtəhər
başımızdan elədi.
Bu müxtəsər tarixçədən
sonra sözünü
tamamlayıb yenə də güldü...
Mən də özümü saxlaya bilməyib elə gülə-gülə:
- Daha deyin, Hacı
Kənan ağa "savab" əhli olub ki, - deyə yenə araya söz atdım.
- Hə, eləydi, - deyib gülə-gülə
söhbətini davam etdirdi:
- Kişinin yaxşı imkanı vardı, pul sarıdan da kalan idi. Görünür,
o da əl tutmağı,
pul xərcləməyi
belə "xeyir işlər"də görürmüş...
Mənə görə isə
vəziyyət başqaydı.
Humayyə yəqin Kənan Hacının zövcələri ilə
aralarında bu haqda indi mənə
açıb demək
istəmədiyi bəzi
məzəli əhvalatlar
olmuşdu. Və indi danışdıqca bax onları xatırlayıb gülürdü,
dodağı qaçırdı.
Eh, qoy təki belə olsun, dodağı qaçsın,
gülsün, qəh-qəhə
çəkib gülsün...
***
Humayyənin atası ilə
bağlı bu söhbətlərindən onu
da anladım ki, dilə
gətirməsə də,
kişidən sınıbmış.
İçində hələ
də xatırladıqca
qoru közərən
kül topası var. Qaynağı, kökü
isə o Mehdadın bir vaxt ona
uzanan, ancaq çatmayan, qucaqlaya bilməyən qolları imiş...
***
...Belə, sözünə ara verib, dərindən
nəfəs aldı.
Sanki illərlə ürəyində,
ya da çiynində daşıdığı ağır
bir yükdən xilas olmuşdu. Başını azacıq
yuxarı dikəldib baxırdı, gözləri
dolmuşdu. Ancaq indicə yenə də gözlərini gizlədəcək, endirəcəkdi.
Elə dediyim kimi də oldu,
baxışlarını yenə
gizlətməyə çalışıb
gah susa-susa, gah da baxışlarını
harasa dikə-dikə sözünə davam edir:
- Kiçxannılar, Mehdadın
ata-anası əlacsız
qalıb bu dəfə çarəsizlikdən
daha təhdidə, hədə-qorxuya keçdilər...
***
Nə bilim... Ağıllarına,
başlarına hardan girmişdi. Bəlkə də şeytan işi idi...
...Atam beş oğlunu,
qardaşlarını, özünə
arxa bildiyi yaxın-uzaq əqrəbalarını,
daha kimləri səfərbər elədi,
hamısının da əli
tüfəngdə, barmaqları
da tətikdəydi. Məni
məktəbdən ayırdılar.
Atamın kifayət qədər pulu var idi və kirayələdiyi
müəllimlər evə
gəlib mənə dərs verməyə, bilik
öyrətməyə başladılar.
Evdən küçəyə
çıxmağım beləcə
yasaqlandı.
Bir neçə dəfə ötəri gördüyüm,
heç salam verib, salamını almadığım, səsini
belə eşidib xatırlamadığım, kəlmə
kəsmədiyim oğlanın
özü bir yana, qohum-əqrəbasından
belə məni hifz edib qorumaya
aldılar...
***
...Sonra
da, nəhayət, bu qəmli olay, hər yerdən əlacı üzülən,
eşqindən Məcnuna
çevrilən Mehdad
çıxış yolunu
öz intiharında gördü...
***
"Humayyəsiz yaşamaq istəmirəm. Onsuz bu həyat mənim
üçün heçdir. Başqa çıxış yolu
tapa bilmədim, həyatıma
son qoyuram, əlvida. Mənim ölümümdə!.." Bu məktubu yazıb elə otağındaca naqandan gicgahına atəş açaraq intihar etmişdi.
***
Bu tifağı dağılmış
oğlanın, Mehdadın
öz acı, tərəfsiz eşqini etirafı ilə bağlı tək məktubu deyilmiş. Sən demə, günlərlə oturub qurduğu xəyallarla bağlı qalaq-qalaq məktublar yazıbmış.
Və o məktubları
da valideyinləri onun otağında görüb
oxumuşdular.
***
Bundan sonra oğlan evi ilə qız
evi arasında ədavət düşdü. Mehdadın ata-anası, qohum-əqrəbası,
"öldürəcəyik, yaşamağa qoymayacağıq,
nəslinizi kəsəcəyik",
- deyib, əməlli-başlı
ədavətə qalxdılar.
Onsuz da, çoxdan çölə-bayıra çıxmağım
yasaq edilmişdi. Ağır günlərim
bir az da sərtləşdi.
Məcbur
olub tez-tez yaşadığımız yerlərin
ünvanlarını dəyişirdik.
Hətta ölkədən
çıxıb Təbrizə
qədər gedib çıxdıq, tez-tez yerimizi dəyişəndə
də məni mühafizə edib qoruyurdular.
***
Vaxt ötüb, zaman uzansa da, ara hələ də soyumurdu ki, soyumurdu. Qardaşlarım
da mənə görə
öz iş-güclərindən
olmuşdular. Biri Bakıda,
o birisi İstanbulda, Təbrizdə işlərini
buraxıb məni, ailəmizi qorumaq üçün kiçik
şəhərimizə yığışmışdılar.
Qardaşlarım, - "xətər yetirərlər,
qaçırarlar", ya
"qətlə yetirərlər"
qorxusu ilə sonda məni yaşadığımız o kiçik
şəhərdən köçürüb
uzaqlaşdırmaq qərarına
gəldilər.
Əvvəlcə Türkiyəyə, İzmirə
getdik. Qardaşımın
orada biznes işi var idi. Bir il dözdüm, sonra oralara uyuşa bilmədim, darıxdım.
İstanbula köçdük, orada
da duruş gətirə
bilmədim. Şəhərin
gurultusu, sıxlıq,
elə yenə də hər yerdə böyür-başımda
qardaşlarım, onların
məndən ötrü
danışıb tutduqları
mühafizəçilər bezikdirirdi məni...
Qardaşlarımın Bakıda da biznesləri var idi. Nəhayət, Bakıya üz tutduq. Burada toxdadım, özümü toparlamağa
başladım. Oxudum,
ali təhsil aldım. İş qurdum, kollektiv yaratdım, amma!..
***
Aradan altı il ötəndən
sonra bir gün atamın məzarına ziyarətə
getmişdim. Bacılarım,
qardaşım arvadları
da yanımda. Uzaqdan anasını oğlunun məzarı başında
diz çöküb oturan gördüm. Tanıdım, oydu, Mehdadın anasıydı.
Təyyilə xanım.
Nə haldaydı, deyə bilmərəm... Ancaq şəksiz ki, bilənlər bilər, nakam oğul itirən anaların halındaydı...
Bacılarıma:
- Gözləyəcəm, qoy
anası çıxıb
getsin, sonra Mehdadın məzarını
mən də ziyarət edəcəm, - dedim. - Heç olmasa, bir çınqılla
da olsa, məzarını
taqqıldadacam, - dedim.
Bacılarım da, qardaşım
arvadları da bir ağızdan:
- Sən nə deyirsən? Dəli olmusan? Olmaz, gedə bilməzsən, görən, eşidən-bilən
olar. Onsuz da, hələ də bizdən bədgümandırlar,
düşmənləri kimi
baxırlar. Xəbər
verən olar, - deyə ciddi-cəhdlə,
- yox, olmaz, - deyə-deyə məni fikrimdən daşındırmağa
çalışırdılar. - Başqa yerə yozan olar...
Mən isə fikrimdən dönən deyildim. Gedəcəm, o məzarı
ziyarət edəcəm,
deyə təkid edirdim.
***
Qadın
oğlunun məzarı
başında xeyli oturdu, biz də atamın qəbrinin üstündə yubandıq.
Nəhayət, Mehdadın anası
oğlunun məzarından
ayrılıb çıxıb
getdi.
Qəbiristanlıqdan uzaqlaşdığına
əmin olandan sonra bacılarımı atamın qəbrinin üstündə qoyub Mehdadın məzarına yaxınlaşdım. Sağlığında
da məhəllədə, küçədə
bir neçə dəfə uzaqdan görüb yanından ötdüyüm, əsla
heç bir kəlmə kəsmədiyim
oğlana məzar daşındakı rəsmindən
ilk dəfə dönə-dönə
baxdım. - Bəxtsiz,
- dedim. Əyilib yerdən bir daş götürdüm.
Əlimdəki daşla
məzarın mərmər
sinəliyinə döyəclədim:
Bəxtsiz adam, Mehdad, budur, mən gəlmişəm. Özün
getdin, mən də illərimi yollara, ömrümü də bada verdim,
- indi rahatsanmı? Toxdadınmı? -deyib elə beləcə ilk dəfə hönkürdüm,
özüm üçün
doyunca ağlayıb ürəyimi boşaltmağa
çalışdım (Mənsə,
fikirləşirəm, yəqinimdi
ki, Mehdad üçün
ağlayıb. Özümə
elə belə də dedim. Eh, ürək, sən nələrə zindan imişsən...). Hələ
də oturacaqdım, daha yenə də deyəcəklərim
vardı, bacılarım
gəldilər, dil töküb məni toxdada-toxdada Mehdadın məzarı başından
uzaqlaşdırdılar.
***
Susdu, anidən başını
qaldırıb üzümə
baxdı. Gözləri
dolmuşdu, ilk dəfə
o həsrətli gözlərində
kölgə gördüm.
Başını astaca
endirdi, yenə susdu.
Handan-hana mən sükutu
pozdum, ondan:
- Mehdadın ailəsi sənin onların oğlunun məzarını
ziyarət etdiyini bildilərmi? - deyə soruşdum.
O, elə sakitcə, aram-aram:
- Yox, bilmədilər, heç bunları onlara demək olardımı? Bilsəydilər,
anası: - Gördünüzmü,
mən deyirdim axı, oğlumu bu qız öldürdü,
səbəbkar odur, indi də gedib
məzarını qucaqlayır,
- deyib təzədən
bir mərəkə qoparar, növbəti qalmaqala səbəb olardı...
Köks
ötürə-ötürə:
- Qorxuram, o vaxtdan bəri qorxuram, illərdir içimdə bir vahimə, xof var. Birini sevsəm, ya birinə "hə" desəm, Mehdadla olan kimi yenə
bir faciə yaşayacağımdan, özümün
də tərki-vətən
olub, yenə də diyar-diyar dolaşacağımdan qorxuram,
- dedi.
***
...Yenə yağış başladı, qəfil yay
yağışı. Külək
də əsirdi. Oturduğumuz köşkün
şüşəbəndi də çırpınan
damcılardan sanki qırov bağlayıb puçur-puçur olmuşdu...
***
Kipriklərini qaldırdı, həyat
eşqi ilə qaynayan, həmişə şölə saçan
o gözləri bu yay yağışı ilə
qucaqlaşan buludlar kimi kölgələnmişdi,
ətrafa həm həzin, həm də dərin bir hüzn saçırdı.
İlahi, o gözlərin
belə baxması necə də zülüm idi, məşəqqətli idi...
Təsəlli vermək istədim,
ancaq həqiqəti, ürəyimdən keçənləri
dedim:
- Humayyə, bax indi, bu danışdıqların,
deyib-söylədiklərin sənin gecikmiş bir etirafındır. Qorxu yox, səni
neçə illərdi
qandallayıb, buxovlayıb
saxlayan, eşqindir, sevgindir. Özün də bilmədən sevmisən Mehdadı. İnad edib neçə dəfə elçiləri qapınızdan
qaytarılsa da, yenə
də dönə-dönə,
təkidlə qapınızı
döyən valideynləri
əl çəkməyəndə
xoşlanmısan ondan.
Özünə atəş
açıb, həyatına
son qoyanda da vurulmusan ona. Sevgini, sevdiyini
qorxu bilmisən. Yenə də "qorxuram" deyirsən. Düz deyirsən, səni sevənlərdən
birinə "hə"
deyib onun sənə olan nakam sevgisinə, ürəyində onsuz kök salmış Mehdad sevgisinə kölgə salacağından
qorxursan, - deyə uzun-uzadı təsəlli
kimi bir izahat verdim.
***
Tələs, bu səfər
Mehdadın sinə daşını daşla deyil, göz yaşlarınla döyəcləyəcəksən
və gözlərindən
axıb puçurlanan
o damcıların harayı
Mehdada daha tez yetişəcək.
Eh, mənim könül dostum, gözlərinin işığını qoru,
özündən xəbərsiz ilk sevdiyinə
və pünhan eşqinə şahid o şəhərə dönürsən,
ağlama, Mehdadın məzarının başındakı
o şəklə o məhəbbət
yağan, məlhəm
baxışlarınla hüzn
apar...
Köhnə koma
27 iyul 2024-cü il
Novruz NƏCƏFOĞLU
Ədəbiyyat qəzeti.- 2024.- 13 dekabr, ¹49.- S.26-27.