"Böyük
Azərbaycan naminə
Əziz Əliyev" kitabı haqda
Bu günlərdə istedadlı
tədqiqatçı və
ictimai xadim Adıgözəl Məmmədovun
Azərbaycan tarixində
görkəmli iz qoymuş, dövlət və partiya xadimi, diplomat, tibb elmləri doktoru, professor, Azərbaycanın Əməkdar
həkimi, ölkəsinin
və xalqının vətənpərvər övladı
Əziz Əliyevin ictimai və siyasi fəaliyyətinə
həsr olunan "Böyük Azərbaycan naminə Əziz Əliyev" kitabı işıq üzü görübdür. Bildiyiniz
kimi, Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinin bazası əsasında Azərbaycan Dövlət Tibb İnstitutu yaradılmışdır. Bu institutun
yaradılmasında Əziz
Əliyev böyük
rol oynamışdır.
1932-ci ildə o, həmin
institutun direktoru işləmişdir.
Bu təyinatdan az sonra onun rəhbərliyi
altında həlli vacib sayılan bütün məsələlər
üçün geniş
tədbirlər planı
hazırlanmışdır. Ə.Əliyev azərbaycanlı kadrları
işə cəlb edərək onların fəaliyyət dairəsini
genişləndirmiş, həmin
dönəmlərdə ana dilində dərsliklər
və dərs vəsaitləri, monoqrafiyalar
və tövsiyələr
yazılmasına nail olmuşdur.
Onun təşəbbüsü ilə
işıq üzü
görən əsərlərdən
özünün "Klinik
analizlər" kitabı,
K.Ə.Balakişiyevin "İnsanın
normal anatomiyası", Məmmədtağı
Qəniyevin "Mikrobiologiya
kursu", C.Hüseynovun
"Pataloji anatomiya",
Y.Qazıyevin "Ağciyər
vərəmi", Ü.Musabəyovanın
"Göz xəstəlikləri",
Ə.Talışınskinin "Travmatologiya", Q.Səfərov
və Ə.Həsənovun
"Bioloji kimya" və digər dərsliklər, eləcə
də M.A.Mirqasımovun,
M.A.Topçubaşovun, M.M.Mirsəlimovun,
M.A.Əfəndiyevin, Z.M.Məmmədovun
və başqalarının
çap olunan əsərləri Azərbaycanın
tibb tarixində ən qiymətli nəşrlərdəndir.
Ə.Əliyev həm də qısa müddətdə başqa
dillərdə alternativi
olmayan tibbi kitablarından ən vaciblərinin Azərbaycan
dilinə tərcümə
edilməsinə nail olmuşdur.
Onun təşəbbüsü
ilə İ.Berberinin
"Boğaz, burun, qulaq xəstəlikləri",
A.Qaltiçinin "Uşaq
xəstəlikləri", V.Skvortsovun "Farmakologiya
kursu", E.Freyzeldin
"Histologiya" adlı
kitabları və digər müəlliflərin
dərslikləri də
Azərbaycan dilinə
tərcümə edilmişdir.
Ümumiyyətlə, 1930-1945-ci illərdə Azərbaycan
Dövlət Tibb İnstitutunun əməkdaşları
tərəfindən 80 adda dərslik
və dərs vəsaiti nəşr olunmuşdur ki, bunların
da 55-i Əziz Əliyevin
instituta rəhbərlik
etdiyi 5 il ərzindəki
yaradıcı və məhsuldar dövrdə baş vermişdir. 1937-ci ildə isə Əziz Əliyevin "Eksperimental nefrit" elmi işi SSRİ Elmlər Akademiyası və Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin mükafatına
layiq görülmüşdür.
O, 1937-ci ilin 1 yanvarından
1937-ci ilin 26 iyununa qədər Azərbaycan Dövlət Universitetinin rektoru vəzifəsində
işləmişdir. Naxçıvan
MSSR-in Culfa dairəsindən
SSRİ Ali Sovetinin deputatı
(dekabr 1937) və birinci çağırış
Azərbaycan SSR Ali Sovetinin
deputatı olmuşdur.
21 iyul 1938-ci il tarixindən
17 may 1940-cı ilə qədər
Azərbaycan SSR Ali Soveti
Rəyasət Heyətinin
katibi vəzifəsində
işləmişdir. 9 sentyabr
1939-cu il tarixindən 1941-ci ilin martınadək Azərbaycan Respublikasının
Xalq Səhiyyə Komissarı vəzifəsində
çalışan Əziz
Əliyev 1941-ci ilin aprelindən 1942-ci ilin sentyabrına qədər Azərbaycan KP MK-nın üçüncü katibi
vəzifəsində işləmişdir.
Ümumiyyətlə, keçən əsrin 40-cı illəri
elə dövr idi ki, artıq bu zamandan başlayaraq
Azərbaycanın rəhbər
elitasında, xüsusilə,
siyasi cəhətdən
yetkin azərbaycanlı
gənclərə daha
çox üstünlük
verilirdi. Məhz o illərdə də, Böyük Azərbaycan layihəsinin əsası qoyulurdu və 1941-ci ildə Əziz Əliyevin başçılıq
etdiyi azərbaycanlılardan
ibarət böyük
bir qrup İrana gedir. Hərbi şuranın qərarı və Zaqafqaziya ordusu komandanının əmri ilə sentyabrın 16-da polkovnik-komissar Əziz Əliyev Təbrizə daxil olan 47-ci ordunun Hərbi Şurasının üzvü
seçilir. Adıgözəl
Məmmədovun kitabından
öyrənirik ki, Əziz
Əliyev sovet ordusunun hissələrinin yerləşdiyi bütün
şəhərlərdə və yaxın kəndlərdə əhali
arasında geniş təbliğat işlərinə
başlayır. O, Bakıya
göndərdiyi digər
məlumatında bildirir:
- "Yayılan təbliğat vərəqələrinin əhaliyə
güclü təsiri
var. Bizə bir çox yerlərdə kəndlilər açıq
şəkildə deyirdilər:
"Əgər siz getmək istəsəniz belə, biz Ordunun İran Azərbaycanını tərk
etməsinə icazə
verməyəcəyik". Artıq Azərbaycanın
bütün bölgələrində
əhali İranın
dövlət orqanlarının
törətdiyi qanunsuzluqlardan
bizə şikayət
etməyə başlayıblar.
Biz onları hər cür qoruyuruq. Əhali tərəfindən
hərarətlə qarşılanan
"Vətən uğrunda"
qəzetinin artıq iki nömrəsini Azərbaycan dilində nəşr etmişik. Urmiya və Pəhləvidə Azərbaycan
dilində qəzetin nəşrinə böyük
ehtiyac var. Təbrizdə
15 il ərzində Azərbaycan
dilində bir dənə də olsun elm, texnika, poeziya və ədəbiyyat sahəsində
yazıçı və
şairlərin yaradıcılığının
inkişafı üçün
şərait yaradılmayıb,
hamısı şah rejimi tərəfindən təqib olunublar. Zeynal Gənci, Turxan Gənci, Nadir Fitrət, Ruhi, Sadiq Naxçıvan, Qeybullah Cavid və başqaları
kimi Təbriz şair və yazıçıları heç
bir əsərini çap etdirə bilmirdilər. Məktəblərdə
bir qayda olaraq, rəhbər vəzifələr farslarla
zəbt edilibdir.
Professor-müəllim heyətinin
əsas hissəsi mövcud nizam-intizamın əleyhinə çıxıb,
xalq təhsili sistemində köklü dəyişiklik, məktəblərdə
dərslərin Azərbaycan
dilində keçirilməsini,
farslara görə imtiyazların aradan qaldırılması tələblərini
irəli sürür.
Şəhərlər və
kəndlər son dərəcə
antisanitar vəziyyətdədir.
Hazırda həkim qrupları rayonlar üzrə sanitar xəritələrin tərtib
edilməsi üzərində
işləyirlər. Oktyabrın
6-da professor Fəxrinin rəhbərliyi
ilə Təbriz şəhərinin yerli həkimləri ilə qarnizonun hərbi həkimləri arasında
görüş keçirildi.
Qadınlar arasında
işləmək üçün
mama və qadın həkimlərdən ibarət
orta səviyyəli tibb kadrlarına təcili ehtiyac var. İqtisadi cəhətdən
də bizə qarşı təxribatlar intensivləşmişdir. Təbriz
vilayətinin valisi özü təxribatçıların
himayədarıdır. Bir çox
sənaye müəssisələrinin
işləmədiyini, iri
tacirlərin bir hissəsinin Tehrana və ingilislərin işğal etdiyi ərazilərə getdiyini
bilən qubernator bizim tələblərimizə
baxmayaraq, son vaxtlara qədər iqtisadi həyatı normallaşdırmaq
üçün heç
bir tədbir görmürdü və hər dəfə bundan çəkinirdi. Yalnız bu yaxınlarda onun əməlləri ilə bağlı məsələnin
Tehrandakı səfirliyimiz
vasitəsilə İran hökumətinin
diqqətinə çatdırılacağı
barədə ciddi xəbərdarlıq edildikdə,
hiss olunur ki, İran hökuməti
daha qətiyyətli tədbirlər görməyə
başladı".
Müəllifin arxiv sənədlərinə
əsaslanaraq, Əziz
Əliyevin Cənubi Azərbaycanda və Dağıstanda işlədiyi
illəri başqa rakursdan işıqlandırır,
oxuculara o dövrün
hadisələrinə yeni baxış
bucağı təqdim
edir. Xüsusilə, kitabda Əziz Əliyevin Cənubi Azərbaycandakı məhsuldar
fəaliyyətindən sonra
Dağıstana rəhbər
təyin olunmasının
səbəbləri barədə,
o dövrdə Mərkəzi
komitənin katibi olmuş Mirhəsən Seyidovun xatirələrində
yer verilir. O, belə qeyd edirdi ("Tam məxfi - Mirhəsən Seyidov, Xatirələr". Əlyazma):
"Qohumum, həkim Əliyev Əziz Məmmədkərim oğlunun
ailəsi bizim kimi 1918-ci ilin mart hadisələri zamanı erməni daşnaklarının
türklərə qarşı
törətdikləri qırğınlardan
qaçaraq İrəvan
şəhərini tərk
etmişdilər. Ailəsi
Naxçıvan vasitəsilə
Bakıya köçmüşdür.
Azərbaycan Dövlət
Universitetinin tibb fakültəsini bitirdikdən
sonra həkim, sonra isə Tibb İnstitutunun rektoru, Xalq Səhiyyə
Komissarı, MİK Rəyasət
Heyətinin katibi seçilmişdir. Sonra M.C.Bağırovun təşəbbüsü
ilə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin
katiblərindən biri
seçilmişdir. Böyük
Vətən müharibəsi
başlayan kimi Əziz Əliyev Azərbaycanın digər
məsul işçiləri
ilə birlikdə sovet qoşunlarının
tərkibində Cənubi
Azərbaycana göndərilmişdir.
1942-ci ildə Krım
tatarlarının deportasiyası
məsələsindən sonra
(Qeyd: rəsmi olaraq Krım tatarlarının deportasiya
olunmaları barədə
2 aprel 1944-cü il tarixində
qərar qəbul edilib. Amma görünür,
artıq 1942-ci ildə
Krım tatarlarının
deportasiya olunmaları
ilə əlaqəli Dövlət Müdafiə
Şurasında gizli bir qərar olubmuş. Onu da qeyd edim ki, Dövlət
Müdafiə Şurasının
bir çox gizli qərarları bu günə qədər "məxfi"
qrifi ilə qorunur və ya təlimata uyğun olaraq qısa bir müddət
sonra məhv edilirdi. Hər halda Beriyaya yaxınlığı ilə
seçilən M.C.Bağırov hələ
1942-ci ildə belə
bir gizli qərarın olması barədə Azərbaycan Kommunist (bolşeviklər)
Partiyası Mərkəzi
Komitəsinin katibləri
arasında müzakirəsini
aparmışdır. Mərkəzi
Komitənin katibi kimi bu hadisə
Mirhəsən Seyidovun
yaddaşında məhz
1942-ci il kimi qalmışdır.
Rəsmiyyətdə isə,
1944-cü ilin may ayının
10-dan başlayaraq işğaldan
azad olunmuş Krım yarımadasından
Krım tatarlarının
deportasiyasına start verilmişdir.
Dövlət Müdafiə
Komitəsi Krım tatarlarının Özbəkistan
SSR-ə köçürülməsi haqqında 1944-cü il aprelin
2-də qərar qəbul
etmişdir. Köçürmə
əməliyyatı 1944-cü il mayın 10-dan iyunun 1-nə
qədər davam etmişdir.) müharibənin
qızğın vaxtında
Moskvada müəyyən
qüvvələr Qafqaz
xalqlarının Orta Asiyaya köçürülmə
məsələsini SSRİ Dövlət Müdafiə
Şurası qarşısında
qaldırmağa hazırlaşırdılar
və ilk seçim Dağıstan xalqlarının
üzərinə düşürdü.
Dağıstanın rəhbərləri
M.C.Bağırovun onlara qarşı xoş münasibətini yaxşı bilirdilər.
Buna görə də
tələsik bir qrup ağsaqqal Bakıya Bağırovla görüşə gəldilər.
Onlar Bağırovdan xahiş etdilər ki, o, Dağıstan xalqlarının
başına gələ
biləcək bu dəhşətli faciənin
qarşısını alsın.
Bağırov Stalinə
zəng vuraraq Dağıstandan gələn
ağsaqqallar barədə
məlumat vermiş, məsələnin mahiyyətini
ətraflı danışmağa
başlamış və
dərhal anlamışdı
ki, bu iş hələ Stalinə çatmayıbdır. O, tarixən
formalaşmış xalqlarımız
arasındakı münasibətlərdən
danışmışdır. Bildirmişdi ki, dağıstanlı
heyvandarlar ailələri
ilə birlikdə onlara məxsus yüz minlərlə qoyunun qışladığı
Azərbaycanda yaşayır
və hər dördüncü neft ustası dağıstanlıdır.
Dağ xalqları bizim qardaşlarımızdır.
O, Stalindən dağıstanlıların
doğma yurdlarından
köçürülməmələrini
xahiş etmiş və onların sədaqətli olacaqlarına
dair bütün məsuliyyəti öz üzərinə götürmüşdür.
Stalin isə demişdir:
"Mənə hələ
bu barədə məlumat verilməyib, əgər siz dağıstanlıların sədaqətli
olacaqlarına görə
bütün məsuliyyəti
öz üzərinizə
götürürsünüzsə, yaxşı, qoy belə olsun, onların köçürülməsinə
razılıq verməyəcəyəm,
onda bu respublikanı
öz himayənizə
götürün, rəhbər
heyəti etibarlı və yetişmiş kadrlarla əvəzləyin,
tam nizam-intizamı bərpa
edin".
Bu andaca M.C.Bağırov
Dağıstana yeni rəhbər
kimi Əziz Əliyevin namizədliyin irəli sürür. O, deyir: "Yoldaş Stalin, Siz Əziz Əliyevi
tanıyırsız, o, istər
İranda, istərsə
də burda Mərkəzi Komitədə
təşkilatçı partiya
işçisi kimi özünü yaxşı
tərəfdən göstərmişdir".
Stalin Bağırovun sözünü
bitirməyə imkan vermədən "doğru
və düzgün namizəddir", deyərək
telefon söhbətini
bitirir.
Beləliklə, Dağıstan Vilayət
Partiya Komitəsinin Birinci Katibi vəzifəsinə seçilən
Əziz Əliyevlə
birlikdə Azərbaycanın
hüquq-mühafizə orqanlarının,
komsomolun, həmkarlar ittifaqlarının böyük
bir qrupu Dağıstana ezam edildi. Əziz Əliyev başda olmaqla, oraya göndərilən insanların
fədakar əməyi
sayəsində onlar öz məqsədlərinə
çatdılar. Müharibə
illərində və
müharibədən sonra
bu respublikada heç bir neqativ fakt meydana
çıxmadı. Beləliklə,
Dağıstan xalqlarının
köçürülməsi məsələsi bir daha qaldırılmadı.
Sonda onu qeyd etmək
istəyirəm ki, bu tədqiqat əsəri həqiqətən də,
tariximizin bir çox gizli səhifələrinə işıq
salır və gənc nəslin vətənpərvərlik ruhunda
yetişdirilməsində xüsusi
əhəmiyyət kəsb
edir.
Vaqif Şadlinski
Əməkdar elm xadimi, Tibb Elmləri doktoru,
Rusiya Tibb Elmləri Akademiyasının akademiki,
professor
Ədəbiyyat qəzeti.- 2024.- 13 dekabr, №49.- S.3.