İsti qar yağır...
Xalq şairi Nəbi Xəzrinin iki şeiri üzərinə
variasiya
Böyük şairimiz Nəbi
Xəzrinin oxucular tərəfindən sevilən
onlarla şeiri var. Əlbəttə, onun poeziyası küll halında XX əsr Azərbaycan ədəbiyyatının
sərvətidir. Mən
də uşaqlıq illərimdən Nəbi Xəzri şeiriyyətinin
vurğunu olmuşam, neçə-neçə şeiri
dilimin əzbəridir.
Amma uzun illərdir ki,
şairin iki şeiri yaddaşımda həmişə işıq
haləsi kimi qalıb, içimi isidib. "Uşaqlıq köynəyim" şeirini
ilk dəfə nə
zaman oxuduğumu, bu şeirin təsirinə nə vaxt düşdüyümü
dəqiq xatırlamıram.
Sandıqdan bir köynək
Çıxarıb anam,
- Bala, səninkidi - dedi bu axşam,
Baxdım...
Xatirələr
Axdı
bir anda,
Ömrün ilk baharı, yazı
göründü,
Qayıtmaz illərin
cığırlarında
İtmiş uşaqlığın izi göründü,
Dindi ilk
arzular
İlk səhərimdə,
Yapışdı əynimə elə
bil köynək.
Sanki birdən-birə çiyinlərim
də
Qısaldı uşaqlıq çiyinləritək.
Udub kəndimizin yaz küləyini,
Gördüm: döngələrdə
Qanad açıram.
Geyib uşaqlığın boz
köynəyini
Sanki uşaqlıqdan
Qaçır,
Qaçıram!
O anlar uzaqdır,
O anlar uca!
Neçə yol gül açıb çiçək
saralıb,
İllərin yükündən
Saç
ağardıqca,
İllərin yükündən köynək
saralıb.
Sözümü illərə
Deyə
bilsəydim,
Tanış cığırlarla qanad
açardım,
Bu gün o köynəyi geyə bilsəydim,
Gələn qocalıqdan
Qaçar,
Qaçardım.
Şeiri
bütöv halda təqdim etməkdən özümü saxlaya bilmədim. Necə əzbərləmişdim bu
həzin, kövrək
misraları? Zaman keçdikcə,
yaş üstünə
yaş gəldikcə
bu şeir mənə daha da doğmalaşır, bir az da məhrəmlik qazanır. İndi anamın
köhnə sandığında
qoruyub saxladığı
uşaqlıq köynəklərimə
baxdıqca qeyri-ixtiyari
Nəbi Xəzrinin bu misraları dilimdən qopur. Şeirdəki amansız həqiqəti dərk etmək üçün böyümək lazım
imiş. "Uşaqlıq
köynəyim" zamanla
dərk olunan şeirdir və məhz ömrün bəlli aşırımında
ürəyə toxunur,
içimizdəki qaçılmaz
hissləri poetik dillə bənzərsiz şəkildə ifadə
edir. Bax, onda məna çənbərində vurnuxmalar
başlayır, şairə
bu misraları yazdıran duyğular fotolent kimi aşkarlanır.
Şeir, sanki gələcək zamanın
elçisi kimi müəyyən işarələr
ötürür, təsvir
olunan uşaqlığın
hüdudunda səni gözləyir. Dəf olunması mümkünsüz
olan qocalıqda bu köynək sənə uşaqlığını
xatırladır və
sarsıntı predmetinə
çevrilir. Uşaqlığın
əyani görüntüsü
yaşanmış ömrün
muzey eksponatı kimi daim göz
önündədir.
Bu düşüncələr sadəcə,
bir oxucu təəssüratıdır. Şeirdəki
həqiqət o qədər
aydındır və
o qədər sadədir
ki, heç bir izaha ehtiyac yoxdur.
Di gəl, bu həqiqəti poetik fikir donuna bürüyəndə
heyranlıq hissi yaranır. Oxucu qavramında saysız-hesabsız
assosiasiyalar yaranır.
Hər kəsin uşaqlıq köynəyi
olub və bu əziz-girami köynək relikviya kimi nostalji hissləri
körükləyir. Amma "Uşaqlıq köynəyim"
şeiri məndə sözlə ifadə edə bilməyəcəyim
duyğular yaradır.
Keçmişin rəngləri,
qoxusu - uşaqlıqla
bağlı bütün
təəssüratlar oyanır.
Nəbi Xəzrinin şeirini mənim üçün müstəsna
edən də bu həzin duyğu
çalarlarıdır. Hər
dəfə məni uşaqlığımla görüşdürür
və mən bu görüşdən heç ayrılmaq istəmirəm...
İkinci
şeir isə, "İsti qar" şeiridir.
Günəşli bir səhər...
İsti yay günü...
Nədən ağappaqdır hər
iz, hər cığır?
Bulud örtməsə də göyün üzünü,
Elə bil çovğundur, yağır, qar yağır.
Yay günündə isti qar yağmasını təsəvvür edin... İnanılmazdır. Növbəti
misralara diqqət edək:
Yağır dərələrə, yağır düzlərə,
Alır
qucağına bağı,
bağçanı.
Qonur çiyinlərə, qonur
üzlərə,
əgər bu qardırsa, soyuğu hanı?
Əlbəttə, qar soyuq olar, indiyə qədər isti qar görən olubmu? Bunu yalnız
şair gözü görə bilər.
Qovaq çiçəkləyir! Bürkü
yay günü,
Ağa bürünmüşdür hər
iz, hər cığır.
Gör necə bəzəyib yerin üzünü,
Nə yaxşı qar yağır, isti qar yağır!
Misraların aramlı düzülüşü
qar yağmasını
imitasiya edir. Sözün möcüzəsinə
baxın! Yayda da qar yağdırmağı
bacarır.
Qışda təbiətdən aldığı
qarı
Yayda elə bil ki, qaytarır qovaq.
Mən bu şeiri yayda
deyil, həmişə
qışda oxuyuram. Yaz həsrətinə bu yolla qalib
gəlirəm. İçimdə
həmişə isti qar yağır...
Buna görə sizə hər zaman minnətdaram, Əziz Şairim!
Kənan
HACI
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış.- 2024.- 10 dekabr, №48.- S.17.