Lənətə gələydi
37-ci ili...
Bir ailənin faciəsi
Hekayə
...Yenə də boğucu öskürək... Elə öskürək idi ki, sanki nəfəsi bir daha geri qayıtmayacaq... Bir müddət keçdi. Öskürək axır ki, kəsdi. Sinəsi xışıldayırdı.
- Yox. ölməyəcəm mən. Allah
ölümü də mənə çox görür. Bu nə əzabdı, ay
Allah?!
Zeynəb
çarəsiz-çarəsiz, çarpayıda yumağa
dönmüş, qırış-qırış dərisi
sümüyünə yapışmış qarıya baxırdı.
Onun qocaya yazığı gəlirdi. Neçə gün idi
ki, bu vəziyyətdə idi. Artıq boğazından su da
keçmirdi.
-
Heç kim qalmadı bizdən. Atamın soyu mənimlə
sona çatır. Atamın nə günahı vardı ki?..
Torpaq o Səmədi, Əjdəri necə götürdü
görəsən?..
-
Gülsura xala, az fikirləş o haqda. - Zeynəb bilmirdi
qarı onun dediyini eşidir, ya yox.
-37-ni lənətə
gələydi. Atamın nə günahı vardı ki?.. O
Talıbı nə tanıyırdı atam?! Yazıq
Talıbın nə günahı vardı ki?
Axır
ki, susdu. Nəfəsi də sakitləşdi. Sinəsindəki
xışıltı da azaldı. Deyəsən, qoca yuxuya
getmişdi.
***
O hadisə
1937-ci ilin noyabrında olmuşdu. Gecədən əsən
soyuq külək səhərə yaxın qarlı
çovğuna çevrilmişdi. Artıq səhər 9-a
yaxın külək də, qar da kəsmişdi. Amma möhkəm
şaxta var idi. Qar az yağmışdı deyə yeri tam örtməmişdi.
Əvəz
işə gedirdi. "Çapayev" adına
balıqçılıq kolxozunun balıq duzlama sexinin
briqadiri olan Əvəz, kolxozun dördotaqlı binasına az
qalmış, uzaqdan gələn qara maşını
görmüşdü. Səhər tezdən bu nə
maşın idi belə?..
Maşın
nəhayət, gəlib onun qənşərində dayandı.
Sürücü ilə birlikdə üç nəfər
idilər. Arxada əyləşmiş adam qapını
açdı. Başına üzün dimdikli qara kepka
qoymuşdu:
- Ay
yoldaş, Tapdığın evi hansıdır? - deyə
soruşdu.
Adamın
salamsız-kalamsız, bir qədər də amiranə
danışığı Əvəzin xoşuna gəlmədi.
- Əvvəla,
sabahın xeyir.
- Səndən
söz soruşuram, a kişi, - Maşındakı arıq adam
hirslə Əvəzin sözünü ağzında qoydu.
Əvəz
yalnız indi, irəlidə oturmuş ikinci adama nəzər
saldı. İrəlidə oturmuş adam şişman birisi
idi. O da eyni ilə arxada oturan adam kimi başına uzun dimdikli
kepka qoymuşdu. Düz irəliyə baxırdı.
- Burada
iki Tapdıq var, - Əvəz də bu salamsız-kalamsız,
acıqlı-hirsli adamın hərəkətindən
incimiş kimi, hirslə cavab verdi. - Hansını soruşursan
sən?
-
Talıbovu, - irəlidəki adam cavab verdi. Həmin adamın ləhcəsindən
azərbaycanlı olmadığı bilinirdi.
- O müəllimi
deyirsən?.. Bax o ev. - Əvəz qarşıdakı dikdirdə
birotaqlı, birpəncərəli, üstü qamışla
örtülmüş daxmanı göstərdi. - Amma o indi evdə
olmaz ki.
- Harda
olar bəs? - Arxadakı nazik bığlı adam amiranə
şəkildə soruşdu.
- Harda
olacaq? Müəllim deməyin nədi, müəllimin harada
olmağını soruşmığın nə?!
- Məktəb
uzaqdı?
- Uzaq niyə
olur. Məktəbimiz də görünür buradan. Bax, o taxta
bina.
- Gedib
Talıbı çağıra bilərsən?
Əvəzin
onsuz da bu adamlardan xoşu gəlməmişdi: - Mənim
işim-gücüm var, iş adamıyam mən, - hirslə
dilləndi. - İki addım yoldu. Altınızda da
maşın.
-
Qapını ört. - İrəlidə əyləşən,
adamdan çox daş heykələ bənzəyən
şişman adam arxada əyləşən adama səsləndi.
Maşının
qapısı örtüldü. Əvəz heç
maşının hərəkətə gəlməsini də
gözləmədi. Kolxoza tərəf yol aldı.
***
- Kim idi
onlar? - Kolxoz sədri Səməd, bayaqdan pəncərədən
Əvəzlə naməlum adamlara tamaşa edirdi. Əvəz əllərini
otaqda yanan odun sobasının üstünə tutdu:
- Mən
nə bilim, kim idilər?! Amma üzdən adama
oxşayırdılar. Adamın nə salamı var, nə kəlamı
var. - Əvəz sanki öz-özünə deyinirdi. - Cəhənnəm,
heç olmasa, xoş üzün olsun. O da yox.
- Nə
deyirdilər axı?
-
Tapdıq müəllimi soruşurdular.
- Neynirdilər
Tapdiq müəllimi?
- Mən
nə bilim. - Əvəzin dilxorçuluğu hələ də
keçməmişdi.
***
Heç
bir saat keçməmiş bütün kəndə xəbər
yayıldı ki, Tapdıq müəllimi tutublar. Bakıdan
maşınla iki çekist gəlib,Tapdıq müəllimi
onlar həbs ediblər.
- Neynib
ki,Tapdıq müəllim?
- O sakit
adam idi.
-
Yazığın bizim kəndə gəldiyi heç dörd
ay deyildi.
- Görəsən,
nə günahı varmış?
- Yəqin
nəsə günahı varmış ki, tutublar. Yoxsa, boş
yerə adam tutarlar?
Axşama
qədər kənddə belə söhbətlər gəzdi.
Tapdıq
müəllim heç buralı deyildi. Gəncədən idi.
İnstitutu bitirəndən sonra, təyinatla bu kəndə
müəllim göndərmişdilər. Mədəni,
savadlı, xoş təbiətli bir adamdı. Deyirdilər,
şeir də yazır. Qəzetlərdə şeirləri də
çıxmışdı. 22 yaşı yenicə tamam
olmuşdu.
***
Əvəz
evə axşam gəldi. Hava qaralmışdı. Kerosin
lampasının işığında 9 yaşlı
qızı Gülsura dərs kitabını oxuyurdu. Arvadı
Suğra kiçik taxta kətildən qalxıb içərisində
yemək olan, ətrafı hisli qazanı qızdırmaq
üçün ocağın üstünə qoydu.
- Ata,
Tapdıq müəllimi tutdular. Bizə dərs keçəndə.
İki nəfər sinfə girdi. Tapdıq müəllimə
"bir dəqiqə bayıra çıx" dedilər.
Tapdıq müəllim çıxdı. Bir az keçəndən
sonra pəncərədən gördük Tapdıq müəllimi
maşına mindirib apardılar. Əvəzin oğlu,
altıncı sinifdə oxuyan Tahir birnəfəsə, bayaqdan
ürəyində dönə-dönə təkrarladığı
və az qala əzbərlədiyi sözləri atasına
söylədi. Uşaq o qədər həyəcanlı idi ki,
danışanda bəzi sözləri iki-üç dəfə
təkrar edirdi.
- Bilirəm,
- Əvəz yorğun-yorğun dilləndi.
- Ata...
- Nədi?
- Deyirlər,
Talıb müəllim şpion imiş?
- Qələt
edirlər. - Əvəz səsini qaldırdı, - Sabahkı dərsini
öyrənmisən? - Əvəz oğluna çəpəki
nəzər saldı. Hirslənsə də, əsəblərini
cilovlamağa çalışırdı. - Axmaq-axmaq sözlər
danışmaqdansa, dərslərini oxu...
Suğra
gəlib yenidən əri ilə üzbəüz kiçik kətilin
üstündə əyləşdi:
-
Doğrudan, ay Əvəz, nə məsələdi bu?
- Mən
nə bilim. Səhər həmin adamları birinci mən
gördüm, birinci mənə rast gəldilər. Heç
adam kimi adam da deyildilər. Mənimlə elə
danışırdılar, elə bil mənim dədəmin
onların dədələrinə borcu olub...
-
Hökumət adamlarıdır. Hökumət adamları necə
danışmalıdır ki?..
-
Yaxşı, yaxşı. Dur yeməyi çək,
görüm.
Suğra
qalxdı.
Bir azdan
ailə süfrə arxasında şam yeməyini yeyirdi.
***
Əvəzin
həyatını büsbütün dəyişən
günlər də həmin gündən sonra başladı.
Səhər
Suğra uşaqlarının çay-çörəyini
verib məktəbə yola saldı. Bir azdan Əvəz də
çörəyini yeyib, çayını içərək
qalın kürkünü geyindi və işə gəldi.
Sədrin
otagına girərkən hesabdar Əjdəri də sədrin
otağında gördü. Səmədlə, Əjdər nə
barədəsə danışırdılar. Əvəzin
içəri girməsilə sözlərini kəsmələri
bir oldu.
-
Sabahınız xeyir, - Əvəzin dünənki
dilxorçuluğu nisbətən keçib getsə də,
Talıb müəllimə görə narahatlığı hələ
də qalırdı. Fikirli idi. - Səməd, Tapdıq müəllimdən
bir xəbər yoxdu?
Səməd
zəndlə Əvəzə baxıb:
- Məndən
niyə soruşursan ki? - dedi.
- Dedim, bəlkə
sən bir xəbər biləsən.
Səməd
"heç nə bilmirəm" mənasında
başını tərpətdi.
- Dilini
udmusan? - Əvəz hikkəli-hikkəli dilləndi. - Səndən
söz soruşuram, niyə adam kimi cavab vermirsən?
Bir kənddə
doğulsalar da, uşaqlıqları, gənclikləri,
ahıl çağları bir yerdə keçsə də,
Əvəzin Səmədlə arası yox idi.
Acığı gəlirdi Səməddən. Səməd əldən
də, gözdən də əyri adam idi. Yeniyetməlik
yaşlarında bu naqisliyinə görə Əvəz Səmədi
bir neçə dəfə döymüşdü də. Amma
düz deyirlər ki, qozbeli qəbir düzəldər.
İndinin özündə də Səmədin kolxozda işləyən
qadınlara baxışlarında bir naqislik görürdü
Əvəz. Əjdər kolxozun mühasibı işləyirdi.
Əjdərin vasitəsi ilə Səməd kolxozdan pul da mənimsəyirdi.
Əlbəttə, bu mənimsəmədən Əjdərə
də pay düşürdü. Əvəz bunu bilirdi. Hətta
bu əməlinə görə Səmədə bir neçə
dəfə təpinmişdi də:
- Elə
eləmə katibə deyim. Yazıqsan. Balaların var. Səni
bura ona görə qoymayıblar ki, dövlətdən
oğurluq edəsən. Əjdərin ağılı yoxdu. Nə
deyirsən, onu edir. Yazıqsınız. Özünü də
bədbəxt edərsən, onu da. Əl çəkin bu əməlinizdən.
Məhz
bu səbəblərə görə Səməd də,
Əjdər də üzdə büruzə verməsələr
də, həmişə çəkindikləri, qorxduqları
Əvəzə düşmən kimi baxırdılar.
***
Günorta
Suğranı kolxozun həyətində görəndə,
Əvəz o dəqiqə hiss etdi ki, nəsə yaxşı
olmayan bir hadisə baş verib. Suğra hələm-hələm
onun iş yerinə gəlməzdi.
- Nə
olub? - Əvəz həyəcanla arvadından soruşdu.
- Evə
gedək.
- Evdə
nə olub ki?
- Evdə
bilərsən.
- Nə
ürəyimi üzürsən. Evdə nə olub axı?.
Uşaqlara nə olub?..
-
Uşaqlara heç nə olmayıb. Amma evə gedək.
Evinə
qədər olan yolu necə gəldi, xəbəri olmadı. Nəfəsini
kürəyindən alırdı. Daxmasına girəndə,
oğlu Tahirin alnında, üzündə qan izlərini
görəndə özünü lap itirdi. Tahir ağlayıb
yorulmuşdu, içini çəkirdi.
- Nə
olub buna?
-
Özündən soruş. - Suğra da hirsli idi.
- Nə
olub?!! - Oğlunun üstünə qışqırdı.
- Ata, -
Tahir içini çəkə-çəkə dilləndi: -
Ata, sən demaqosan?
- Nə?!!
- Eyvaz
deyir ki, sənin atan demaqodur. O qədər uşağın
içərisində dedi. Dedi Tapdıq müəllimi atan
tutdurub. Bakıdan gələn çekistləri də atan
çağırıb. Onlara bələdçilik edib.
- Qələt
edir Eyvaz! Başını da daşa çırpır! -
Əsəbdən az qalırdı Əvəzin ürəyi
partlasın.
- Ələsgər
də o dediyini deyir.
- Biqeyrətlər.
Namərdlər. - Əvəz qeyzlə dilləndi. Amma bu
sözləri Tahirlə savaşan, onun üz-gözünü
qana bulayan Eyvazın, Ələsgərin ünvanına yox,
Eyvazın atası Səmədin, Ələsgərin atası
Əjdərin ünvanına deyirdi.
Həmin
gün işə qayıtmadı. Əvvəl istədi Səmədgilə,
sonra da Əjdərgilə getsin, dişinin dibindən
çıxanı onlara desin. Amma Suğra qoymadı.
- Səsə
salma, - dedi. - Gedib əlləşərsən, camaat da fərli
deyil. Deyərlər ki, günahı yoxdusa, niyə iki
uşağın sözündən belə əsəbiləşib
özündən çıxır.
Arvadının
sözü Əvəzin ağlına batsa da,
narahatlığı azalmadı, əksinə, gecəni yata
bilmədi, səhəri dirigözlü açdı. Kolxoza həmişəkindən
tez gəldi.
Səmədlə
elə yolda qarşılaşdı:
-
Uşağın nə qələtdi eləyib? Onun
ağzının zibilidi o söz?
- Nə
olub ki? - Səməd heç nədən xəbəri
yoxmuş kimi dilləndi.
-
Eyvazın ağzının zibilidi o söz?
-
Hansı söz?
-
Özünü artistliyə qoyma.
-
Heç nə başa düşmürəm, - Səmədin
özünü hər şeydən xəbərsiz kimi
aparması Əvəzi lap hövsələdən
çıxardı.
- Əjdərin
oğlu ilə sənin oğlun... - Əvəz hirsləndikcə
sözlər arasındakı rabitəni də itirirdi, -
uşağa deyiblər. Niyə o sözü deyiblər
uşağa?!
İşə
gələn işçilər onların ətrafına
yığılırdılar.
- Nə
deyiblər ki? - Səməd yenə də heç nədən
xəbərsiz adamlar kimi dilləndi.
-
Tapdıq müəllimi mən tutdurmuşam?!! - Artıq hisslərini
cilovlaya bilməyən Əvəzin əsəbi, gur səsi
yaxınlıqdakı dənizin dalgalarında əks-səda
verdi - NKV-dən çekistləri kəndə mən
çağırmışam?
- Mən
nə bilim? - Səməd bu sözü elə məzəli
şəkildə dedi ki, ətrafda onlara tamaşa edənlərin
bir neçəsi Əvəzin nə qədər əsəbi
və gərgin olduğuna baxmayaraq, Səmədin məzəli
səs tonuna özlərini saxlaya bilməyib xısınca
güldülər də. Amma adamlar içərisində olan
Əjdər qəh-qəhə çəkib güldü və
özünü ələ ala bilməyən Əvəz:
- Ay
köpək oğlu, - deyib Səmədin sifətinə var
gücü ilə bir şillə çəkdi. Qəfil zərbənin
təsirindən Səməd müvazinətini itirub yerə
yıxıldı.
Camaat mane
olmasaydı, Allah bilir, Əvəz orada Səmədi nə
günə salacaqdı.
***
Səhəri
Əvəzi milis idarəsinə çağırdılar.
Sonra məhkəmə oldu... Əvəzə 45 günlük həbs
cəzası kəsdilər.
45
gündən sonra Əvəz rayon mərkəzindəki milis
idarəsinin qazamatından çıxanda, kənd camaatı
onun adının əvvəlinə bir söz
artırmışdı. Kənd camaatı indi ona "demaqo
Əvəz" deyirdi.
***
Camaatın
ağzını yığmaq olmaz. Əvəz qalan
ömrünü bu ad altında yaşadı. Daha
uşaqlarının adını birbaşa yox,
atalarının təzə adı ilə yada
salırdılar:
- Demaqo
Əvəzin oğlu.
- Demaqo
Əvəzin qızı.
Əvəz
özünü nə qədər şax, qürurlu tutsa da,
olmurdu. Kolxozda, kənddə əvvəllərdə olan
hökmü qalmamışdı. Həbsdən sonra onu vəzifəsindən
azad etmişdilər. İndi o, fəhlə işləyirdi.
Hikkəli
bir uşaq olan Tahir uşaqlarla təmasdan qaçırdı.
Qızı
Gülsura böyüdükcə, günü-gündən
gözəlləşirdi. Kənddə o yaraşıqda
qız, bəlkə də yox idi.
Tahir məktəbi
bitirən ili hərbi xidmətə
çağırıldı. Artıq İkinci Dünya
müharibəsi başlamışdı. Neçə şəhərin,
kəndin almanlardan geri alınmasında iştirak etdi. Berlinə
qədər gedib çıxdı. Rəşadətinə
görə ordenlər, medallar aldı. Amma müharibədən
sonra kəndlərinə qayıtmadı. Sorağı gah
Voronejdən, gah Saratovdan, gah da Odessadan gəldi.
Müharibə
qurtarmışdı. Müharıbədən sağ
çıxanlar kəndə qayıtmışdılar.
***
1948-ci ildə
Əvəzin bir oğlu da dünyaya gəldi. Adını Cəfər
qoydular.
***
Gülsuranın
tay-tuşları olan qızların evlərinin
qapılarını elçilər bir-bir döyməyə
başladı. Amma, gözəl-göyçək
Gülsuranın adını bir nəfər də olsun çəkən
olmadı. Gülsuranın tay-tuşları ailə qurdular.
Gülsuranın adını isə, hansı evdə çəkdilərsə,
dodaq büzdülər. "Demaqoqun qızını
oğluma ala bilmərəm", dedilər.
***
İkinci
oğlu doğulandan sonra, Suğra çox yaşamadı.
Cəfər
bacısı Gülsuranın ümidinə qaldi. Cəfəri
o böyütdü. Əvəz artıq
düşmüşdü. Təqaüdə çıxandan
sonra evdən bayıra çıxmırdı. Əvvəllər
uşaqlarına son dərəcə tələbkar olan, hər
şeylə maraqlanan, kəndin xeyrində-şərində həmişə
öndə olan Əvəz, indi hər şeyə biganə
idi. Bir radio almışdı. Ancaq muğamat çalınanda
qulaq asardı radioya. Hər muğama qulaq asanda da
xısın-xısın, dərdli-dərdli ağlayardı.
İllər keçdikcə ona qoyulan ayamanın
ağrısını, başqa bir dərd üstələyir,
onu için-için yandırırdı. Oğul dərdi.
Atasına görə doğma yurdundan perik düşən
oğlu Tahirin dərdi.
Bir
gün səhər, onların evindən gələn
Gülsuranın ürək parçalayan səsi bütün
kəndi başına götürdü.
Camaat
bir-birindən: "Nə olub?" deyə soruşdular.
- Demaqo
Əvəz gecə yatıb, səhər durmayıb.
***
Cəfər
artıq gəlib 15 yaşına çatmışdı. Rayon
mərkəzindəki xəstəxanada xadimə işləyən,
əvvəlki gözəlliyindən əsər-əlamət
qalmayan qarımış bacısı Gülsura ilə
söhbət edirdilər:
- Bu
gün az qala Xudayarı öldürəcəkdim.
- Niyə
ki?.
-
Sözümüz çəp gəldi.
- Nə
üstə?
- Dərsdə
heyvərə-heyvərə danışırdı, ona görə.
- Müəllim
sinifdə yox idi?
- Yox.
- Fikir
vermə.
- Necə
fikir verməyim? Sinifdə o qədər qız var, bu da
ağzını qoyub Allah yoluna. Ədəbsiz- ədəbsiz
danışır. Deyirəm, səsini kəs. - Cəfər
birdən-birə əsəbiləşdi. - İçəridə
bu qədər qız var deyirəm... Bu alçaq da...
Cəfər
sözünün gerisini deyə bilmədi. Deyə bilmədi
ki, Xudayar o qədər uşağın içərisində
ona:
- Demaqoqun
oğlu nə vaxtdan qeyrət çəkən olub? -
cavabını verib. Cəfər o qədər qürurlu idi
ki, atası haqqında eşitdıyı könül
darıxdırıcı söhbətləri heç kəsə,
hətta öz doğma bacısına belə söyləməyi
şəninə sığışdırmırdi. Və
atası haqqında ürək darıxdırıcı
söz deyənlərin cavabını həmişə
özü verirdi; dəxli yoxdu, ya özündən
yaşlı olsun, ya da öz yaşıdı olsun. Sözlə
lazım olanlara sözlə, yumruqla lazım olanlara yumruqla.
- Amma
çənəsinə saz bir yumruq ilişdirdim
alçağın. - Cəfərin Xudayara qarşı olan
hirsi hələ də soyumamışdı.
Cəfər
o qədər ciddi idi ki, Gülsura qorxuya düşdü:
- Səni
də şərləyərlər, Cəfər.
- Şərləsinlər
də.Belə yaşamaq olar?..
15
yaşlı uşağın həyatdan belə bezar olması
Gülsuranın ürəyini qorun-qorun yandırırdı.
Amma büruzə vermədi.
- Bizim dədəmiz
mərd kişi olub, Cəfər.
- Bəs
bu söz-söhbət nədi?
- Sənə
neçə dəfə danışmışam. Səmədlə
Əjdərin böhtanına düşdü kişi. Səmədlə
Əjdəri hər görəndə istəyirəm
onları özüm boğub öldürəm.
-
Onları özüm öldürəcəm!
-
Amanın günüdü, Cəfər, mənə
yazığın gəlsin...
-
Yaxşı, o Tapdıq müəllim ki, deyirlər, guya dədəmiz
onu satıb. Sonra ondan bir xəbər olmadı?.. Gələrdi
kəndə, camaatı başa salardı ki, məni Əvəz
satmayıb.
- Mən
də çox soraqladım onu.1956-cı ildən sonra bildim
onun aqibətini. 37-ci ildə onu da güllələyiblər.
Guya Türkiyənin agenti imiş.
- Adam
fikirləşəndə az qalır dəli ola - Cəfər
yaşına uyuşmayan kədərli səslə dilləndi.
- Lənətə
gələydi 37-ni... Nə qədər adamın ömrünə
son qoydu. Nə qədər insanı gözüyaşlı
qoydu. Nə qədər insan Sibir şaxtalarında can verdi. Nə
qədər evləri dağıtdı. Bizim də evimizi 37
yıxdı, Cəfər.
Gülsura
qəfil dayandı. Bədbin danışığının
Cəfərə ağır təsir edəcəyindən
qorxurmuş kimi karıxdı. Amma bu bir anlıq oldu:
- Ancaq sən
ürəyini sıxma. Görərsən, axırı
yaxşı olacaq. Yaxşı günlərimiz çox olacaq.
Təki sən ruhdan düşmə.
***
İllər
keçdi. Amma o yaxşı günlər gəlmədi ki, gəlmədi.
Səməd də, Əjdər də, onların
tay-tuşları da dünyalarını dəyişdilər.
Yeni nəsil dünyaya gəldi. Kənd öz simasını dəyişdi.
Köhnə, qom, palçıq evləri söküb,
mişar daşından evlər tikdilər. Göz oxşayan
uşaq bağçası tikildi kənddə. Üçmərtəbəli
məktəb binası inşa edildi, müasir tipli həkim məntəqəsi.
Hər şey dəyişdi. Bircə Gülsura ilə Cəfərin
adının əvvəlindəki ayama dəyişmədi:
- Demaqo
Əvəzin qızı.
- Demaqo
Əvəzin oğlu.
Gülsura
elə gün olmurdu ki,1937-ci ilə lənət
yağdırmasın. Özü də bir gündə
neçə dəfələrlə:
- Lənətə
gələydi 37-ni.
***
Bir
neçə il də keçdi. Cəfər hərbi xidmətini
çəkib gələndən sonra, rayon mərkəzindəki
avtobazada çilingər işləyirdi.
Bir
gün səhər tezdən onların qapısı
döyüldü. Vaxtı ilə Gülsura ilə eyni sinifdə
oxuyan Adil idi.
- Xeyir
ola, Adil?
Adilin
gözləri gülürdü:
- Məndə
bir şad xəbər var.
-
Qardaşımdan? - pıçıltı ilı dilləndi
Gülsura. Diqqətlə baxan olsaydı, Gülsuranın
gözlərində parlayan göz yaşlarının onun
vaxtından əvvəl qırışlar
düşmüş üzünü necə
nurlandırdığını aydın görərdi.
-
Muştuluğumu verməsən, demərəm. Gülsura evə
qaçdı. Bir an keçməmiş əlində bir 50-lik
geri qayıtdı.
Adil
Gülsuranın əlindəki 50-liyə baxıb:
- Nə
bilirsən ki, sənə bahalı xəbər deyəcəm?
- dedi.
- O xəbərdən
başqa məndən hansı xəbərə muştuluq istəyə
bilərsən ki?.
- 50-liyi
ver görüm.
Gülsura
pulu Adilə verdi.
Cəfər
də bu səs-küyə yuxudan oyanıb, paltarını tələsik
geyinərək onların yanına gəlmişdi. Təəccüblə
onlara baxırdı.
- Tahiri
görmüşəm - Adilin səsində təntənəli
bir ifadə var idi.
Gülsura
isə sevincindən ağlayırdı. Qardaşı Cəfəri
qucaqlayıb dayanmadan elə hey - Sənə qurban olum, sənə
qurban olum, - deyirdi. Onlara tamaşa edən Adil də kövrəlmişdi.
Amma özünü tez ələ ala bildi:
- Rostova
getmişdim. Univermaqdan uşaqlar üçün pal-paltar
alırdım. Elə bil kimsə birdən-birə mənə
dedi ki, dön sağ tərəfə bax. Baxdım.
Gördüm bir adam mənə elə baxır, elə
baxır, elə bil əziz adamına baxır, - Adilin səsi
titrədi - Gülsura, gözlərindən tanıdım onu.
-Adil əlinin arxası ilə yaşarmış gözlərini
sildi. - Yadına gəlir də, onun baxışları, zəhmli
idi axı. Univermağın içərisində
qucaqlaşıb öpüşdük.
- Dəyişilib?
- Gülsara soruşdu.
-
Qocalıb, ay Gülsura. Çox qocalıb. Həm də
çox düşüb. Gör neçə ildi qürbətdədi.
Qocalmağı da, düşməyi də ondandı.
Gülsura
yaylıqla gözünün yaşını sildi:
- Evlidi?
-
Soruşmadım. Özü də tələsirdi.
- Bəs
ünvanını almadın? - Gülsura həyəcanla
soruşdu.
Adil hələ
də əlində saxladığı 50-liyə baxdı:
- Bəs
bu pulu səndən boş yerə almışam?..
Ünvanını da gətirmişəm. - Əlini pencəyinin
döş cibinə saldı - Özü də Rostovda yox,
Rostovun yaxınlığında olan bir kənddə
yaşayır.
Adil
döş cibindən kiçik bir kağız
çıxarıb Gülsuraya verdi.
- Birdən
səhv adres verər - Gülsuranın həyəcanı
keçib getmirdi.
- Sən
Arifi hərif bilmisən? - Arif əminliklə, bir qədər
də özündən razı halda dilləndi - Sənin
fikirləşdiyini onda mən də fikirləşmişdim.
Yaxşı ki, pasportu üstündə idi. Pasportundan
yazdım adresini.
***
O hadisədən
5 gün sonra Cəfər işdən bir həftəlik icazə
aldı. O, üzünü bir dəfə də görmədiyi
qardaşını görməyə gedirdi. Həyəcanlı
idi. Amma Gülsura ondan da həyəcanlı idi. Bu bir həftəni
necə gözləyəcəkdi, bir həftənin
intizarına, həsrətinə necə dözəcəkdi.
Allah bilir.
***
Bu 6
gün Gülsura üçün 60 il qədər uzun çəkdi.
6 gündə Gülsura üst-üstə, bəlkə də
heç 6 saat yatmadı. Gülsura Cəfəri necə
gözləyirdi, necə gözləyirdi. Ürəyinə
dammışdı ki, Tahir Cəfərlə gəlməyəcək.
Gəlsəydi, bu neçə ildə heç olmasa, bir dəfə
gələrdi. Amma hər halda Tahirdən xoş soraq gözləyirdi.
Harda olursa-olsun, təki canı sağ olsun, xoş
sorağı gəlsin. İmkan olar, gələcəkdə
Gülsura da gedib baş çəkər qardaşına. Elə
qəribsəmişdi ki, qardaşından ötəri. Nəhayət,
6-cı günün gecəsi Cəfər gəlib
çıxdı. Neçə illərin həsrətlisi
Gülsura qardaşının üzünə baxanda, bildi ki,
Cəfər yaxşı xəbərlə gəlməyib. Elə
də oldu.
***
Gülsuranın
dərdinin üstünə yeni dərd gəlsə də, yenə
də hardasa sevinirdi ki, qardaşını tapıb. İndi
onda qardaşının dəqiq ünvanı da var idi.
Üç-dörd gündən bir məktub yazırdı
qardaşına. Tahir isə 10 məktuba bir cavabı güclə
yazırdı. Özü də, cəmi 3-4 kəlmə:
"Mən yaxşıyam. Hər şey qaydasındadır.
Salamat qalın..." Bax, belə cavablar.
Gülsura
buna da şükür edirdi.
***
Cəfər
27 yaşına gəlib çatmışdı. Hələ də
evlənməmişdi. Gülsura çox istəyirdi
qardaşının evlənməyini. Cəfər evlənsin,
uşaqları olsun. Atasının nəsli davam eləsin. Amma
bu barədə hər söhbət salanda Cəfər susurdu,
gözləri yol çəkirdi. Nəhayət, bir gün
bacısına, rayon mərkəzində, orta məktəbdə
laborant işləyən Adilə adlı bir qızı istədiyini
dedi.
-
Qızla danışmısan?
- Bir-iki dəfə
cəhd etmişəm. Amma qaçır məndən.
Gülsura
həmin günün səhəri işdən bir
saatlığa icazə alıb həmin məktəbə gəldi.
Bir bəhanə ilə qızı gördü. Həmin məktəbdə
xadimə işləyən bir qadınla Gülsura
tanış idi. Ona sirr gəldi. Xadimədən qızın
ağzını aramağı xahiş etdi:
- Gör
bir istəklisi, deyilisi yoxdu ki. Gördün istəklisi,
deyilisi yoxdu, əgər özün münasib bilsən,
qardaşımın onu istədiyini de. Gör nə deyir?..
Xadimə:
- Səhər
bu vaxt mənə dəyərsən, - dedi.
Və səhər
Gülsuranın xadimədən eşitdiyi söz, onsuz da onun
zədəli dünyasını yerlə-yeksan elədi. Məktəbin
xadiməsi, Gülsura tapşırdığı kimi,
qızla danışmış, bir istəklisi, deyilisi
olmadığını biləndən sonra qıza, Cəfərin
onu sevdiyini söyləmişdi.
- Qız
nə dedi? - Gülsura həyəcanla soruşdu.
- Nə
deyəcək, dedi bircə atası demaqoq olanımız
çatmırdı.
***
Gülsuranın
görəcək günləri hələ irəlidə
imiş. Qız tərəfindən təhqiramiz şəkildə
rədd edilən (əslində Gülsura Adilənin dediyi o təhqiramiz
söz haqqında Cəfərə heç nə deməmişdi.
Cəfər, Adilənin dediyi o sözü necə öyrənmişdi,
Gülsura bunu sona qədər bilmədi) Cəfər
içkiyə qurşandı. Gülsura dil tökdü,
yalvardı, amma qardaşını içkidən
uzaqlaşdıra bilmədi. Gülsuranın ürəyinə
bir nigarancılıq, narahatlıq hakim kəsilmişdi. Ürəyinə
dammışdı ki, onu Cəfərlə bağlı acı
bir hadisə gözləyir. Cəfər hövsələsiz
olmuşdu, hər şey üstündə əsəbiləşirdi,
işə bəzən getmirdi, yaxud işdə içib sərxoş
olur, iş yoldaşları ilə tez-tez dava-dalaş
salırdı.
Gülsuranın
ürəyinə daman o acı hadisə axır ki, baş
verdi. Cəfəri toya çağırmışdılar.
Toyda möhkəm içir, sonra oynamaq istəyir. Toyu idarə
edən tamada ona: -Bir qədər gözlə - deyir - oynamaq
istəyən çoxdur. Sənə də vaxt çatar, tələsmə.
Cəfər
isə israrla: -İndi oynamaq istəyirəm, - deyir.
Tamada ona,
bu dəfə sərt şəkildə: -Gözlə - deyəndə,
Cəfər əli ilə onu kənara itələyir.
Müvazinətini saxlaya bilməyən hündürboy, kök
tamada yıxılır. Əksəriyyəti kefli olan
camaatın gülüşü altında tamada tələsik
ayağa durub, hamının eşidəcəyi səslə:
- Demaqo
Əvəzin oğlundan bundan artıq nə gözləmək
olar?! - deyir və onun hündürdən dediyi bu söz toyda
olanların daha gur gülüşünə səbəb olur.
Tamadanın
bu sözündən sonra Cəfər sanki ağlını
itirir, stolun üstündə olan bıçaqlardan birini
götürüb tamadaya 4 bıçaq zərbəsi vurur.
Və həmin
gecə Cəfəri həbs edirlər.
***
Üç
aydan artıq idi ki, Tahir onun məktublarına cavab
yazmırdı. Onsuz da gecələr pis yatan Gülsuranın
indi gözünə yuxu getmirdi. Görəsən,
qardaşının başında nə var? Niyə cavab
yazmır, görəsən?
Hövsələsi
bir tikə olan Gülsura bəzən bir gündə iki məktub
yazırdı Tahirə. Nəhayət, bir gün Rostovdan -
Tahirin yaşadığı kənddən məktub gəldi.
Amma xətt başqasının idi. Adı bir də oxudu. Məktubun
üstündə qardaşının arvadının adı
yazılmışdı. Məktub İrinadan gəlmişdi.
Ürəyi
uçuna-uçuna, titrək əlləri ilə məktubu
açdı. Rusca az bilsə də, yazılanları başa
düşdü: "Tolik dva mesəsa nazad umer. Bolğşe
ne pişite..."
Gülsura
özünə xəstəxanada gəldi.
Bu acı
xəbəri Cəfərə yazmadı. Həm də ürəyində
bir şübhə var idi. O rus köpəyinin qızı bəlkə
özü qərəzlə yazıb?! İstəməyib ki,
Tahirlə bir daha əlaqə saxlayaq. Qonşuları, rus dili
müəllimi Səftər müəllimgilə gəldi. Səftər
müəllim onun adından Tahirin yaşadığı kəndin
kənd sovet sədrinə məktub yazdı: Abbasov Tahir Əvəz
oğlu haqqında ona məlumat göndərməsini xahiş
etdi. Cavab yeddi gündən sonra gəldi. Bu məktub da rusca
idi: "Qrajdanka Abbasova Qölğsura Avəz qızı v
otvet na vaş zapros zaəvləö, çto qrajdanin Abbasov
Taxir Avəz oqlı umer dva mesəüa nazad i poxoronen v
selğskom kladbihe".
Bu acı
həqiqətdən sonra evinin boş və soyuq otaqlarında
Gülsura xəyal kimi gəzib dolaşırdı. Carəsiz,
köməksiz Gülsura günlərlə qardaşı Tahir
üçün göz yaşı tökdü:
- Son nəfəsində
o uzaq, atalı-analı xoşbəxt
uşaqlığımızı xatırladınmı Tahir?
Son günlərində çoxmu əzab çəkdin,
Tahir?.. Qərib yerdə gözlərini kim bağladı,
qardaşım?.. Səni kəfənə tutdularmi?. Səni dəfn
edəndə qəbrinin üstündə "Yasin"
oxudularmı?..
***
- Lənətə
gələydi 37-ni.
Bu söz
Gülsuranın dilindən düşmürdü.
***
Səkkiz
il də gəlib keçdi. Cəfər azadlığa
çıxdı. Gülsuranın gözlərinin nuru
qalmamışdı. Bir dəri, bir sümük idi. Amma
inanırdı ki, Cəfərin gəlişi ilə
bütün xəstəlikləri keçib gedəcək.
Amma Cəfər...
Səkkiz illik həbsdən Cəfər amansız, əlacsız
xəstəliklə qayıtmışdı. Ayaq üstə
güclə dayanırdı. Tahirin ölümündən xəbəri
vardımı? Gülsura bunu heç vaxt bilmədi. Dəhşətli
ağrılardan ağlını itirmək dərəcəsinə
gəlmişdi. Gələndən sonra cəmi üç ay
yaşadı. Amansız ağrılarını Gülsura
onunla birlikdə çəkdi. Gülsura özündən
baş aça bilmirdi. Bu ağrı-acıya necə
dözürdü? Bu üç ayda Gülsura
qardaşının carpayısının başından
ayrılmadı. Qardaşı dünyasını dəyişəndə
dərdlər əlində qovrulan Gülsura yalquzaq kimi
uladı:
-
Canım, ay qardaş, atam, ay qardaş, anam ay qardaş, balam,
ay qardaş... - Gülsuranın yanğısı bayatıya
döndü:
Canım
qardaş, gözüm qardaş,
Ən
yanıqlı sözüm qardaş.
Köçüb
getdin bu dünyadan,
Sənsiz
necə dözüm, qardaş?..
Nəfəsini
dərəndə də 37-ci ili qarğıdı: -Lənətə
gələydi 37-ni... Ailəmizin axırına
çıxdı. Soysuz atam, hey... Soysuz anam, hey... Soysuz Tahirim,
hey... Soysuz Cəfərim, hey... Viran qalmış soyumuz, hey...
***
...Artıq
4 aya yaxın idi ki, özü də yataq xəstəsi idi. Ona
qonşusu Səftər müəllimin arvadı Zeynəb
qulluq edirdi. Yeməyini gətirirdi, çimizdirirdi,
paltarını yuyurdu, əynini dəyişdirirdi.
***
Artıq
3 gün idi ki, boğazından su da keçmirdi. Quruyub
qurtarmışdı. Qırış-qırış dərisi
sümüyünə yapışmışdı. Bir vaxtlar
gözəllər gözəli olan Gülsura indi
çarpayısında yumağa dönmüşdü. Bu
üç gün ərzində, çox vaxt, heç
huşu da özündə olmurdu. Özünə gələndə
də 1937-ci ili qarğıyırdı:
- Lənətə
gələydi 37-ni... Atamın nə günahı vardı
ki?.. Şərlədilər, böhtan atdılar o boyda
kişiyə. "Demaqo" dedilər. Səmədlə
Əjdəri torpaq necə götürdü, görəsən?..
Yazıq Tapdıq, onu niyə tutdular ki?.. 21, 22 yaşı
vardı. Yaraşıqlı, boylu-buxunlu... "Xalq
düşməni" dedilər ona. Sonra da güllələdilər.
O yaşda uşağı güllələyərlər? Sonra
da dedilər, günahı yoxmuş. O bəraət aldı.
Üstündən "Xalq düşməni" adı
götürüldü. Amma atamın adı ölənəcən
üstündə qaldı. bizim üstümüzdə
qaldı. O adın hesabına tifağımız
dağıldı bizim. Lənətə gələydi 37-ni...
-Yenə də boğucu öskürək... Öskürəkdən
sonra zəif, xışıltılı nəfəsalma...
Gülsuranı yenə də yuxu apardı.
...Gecəyarısı
Gülsura keçindi...
Yazığın
canı qurtardı...
***
Səhərisi gün, günorta iki kiçik yaşlı uşaq məktəbdən gəlirdilər. Üçüncü, ya da dördüncü sinifdə oxuyardılar.
Gülsuranın evinin qarşısında bir neçə nəfərin yığışdığını görüb, uşağın biri o birindən
- Orda nə
olub? - deyə soruşdu.
İkinci
uşaq:
- Demaqo
Əvəzin qızı ölüb - deyə cavab verdi.
Neftçala
Etibar
ƏBİLOV
Ədəbiyyat qəzeti.- 2024.- 13
dekabr, №49.- S.32-34.