Yeni Ukrayna
poeziyası antologiyası
- işıq üzü
görüb
"Mücrü" nəşriyyatında
işıq üzü görən "O gözəl, yenilməz Ukrayna"
poeziya
antologiyasına
Ukrayna
şeirinin
Taras
Şevçenko,
Qriqori
Koçur,
Lina Kostenko,
Boris Oleynik,
Vasİl Stus,
Pavlo
Movçan, Veniamin Husyev,
Lyubov
Qolota,
Yuri Buryak,
Aleksandr
Korotko,
Dmitro
Kremin,
Taras
Fedyuk,
Oksana Paxlyovska,
Vasıl Gerasimyuk,
Petro Midyanka,
Svetlana
Koronenko
kimi
klassikləri
və
artıq bilinən görkəmli şairləri
ilə
yanaşı,
İqor
Pavlyuk,
Marianna
Kiyanovska,
Sergey Jadan,
Yelena Dorofiyevskaya,
Janna Bezpyatçuk,
Alyona Malyuqa,
Anna Maliqon,
Lesya
Mudrak,
Vano
Krüger, Dmitro Çistyak,
Miroslav
Layuk,
Vitali Bilozir,
Anatoliy
Matviyçuk,
Vasil Kuzan,
Dmitro
Drozdovski,
Petro Maqa,
Boqdan
Nazarenko,
Andrey Paermyakov,
Yuri Husyev,
Dmitro
Lazutkin,
Yuliya Berejko-Kaminska,
İrina
Bakovetska
kimi
şairlərinin,
özü
də
xüsusən, son illərdə yazılan
şeirləri
daxil
edilib.
Süleyman Rüstəm və Rəsul Rza kimi klassiklərimizin
tərcümələrindən örnəklər daxil edilən antologiyada Siyavuş Məmmədzadə,
Elxan Zal, Qismət, Günel Mövlud, Günel Şamilqızı, Könül
Həsənqulu, Şəfiqə
Şəfa və Səlim Babullaoğlunun tərcüməsində çoxsaylı
nümunələr yer
alıb.
Kitab Azərbaycan-Ukrayna
ədəbi əlaqələrində
xüsusi və ardıcıl xidmətləri
olan iş adamı, xeyriyyəçi
Möhlət Hüseynovun
dəstəyi ilə ərsəyə gəlib.
Antologiyanın tərtibçiləri
- Azərbaycan Yazıçılar
Birliyinin katibi, şair Səlim Babullaoğlu, Ukrayna Yazıçılar Birliyinin
katibi Dmitro Drozdovski; məsləhətçiləri
Taras Şevçenko
Milli Muzeyinin baş direktoru Dmitro Stus, Ceyhun Kəsəmən,
layihənin koordinatoru
Möhsüm Aslanovdur.
Kitabın Ön sözü Ukraynanın Azərbaycandakı fövqəladə
və səlahiyyətli
səfiri Yuri Husyevə
aiddir.
Səfir Yuri Husyev Ön söz məqaləsində yazır:
"Dərin mədəni
köklər və zəngin tarixi irslə bağlı iki ölkə - Ukrayna və Azərbaycan indi öz şairlərinin və tərcüməçilərinin
diliylə daxili dünyalarını, sevinc
və ağrılarını,
sınaq və qələbələrini bölüşürlər.
Bu şeirlər yalnız
bugünkü çağırışılara
cavab deyil, hər biri insanilik
və mətanət simfoniyasına öz səsini qatan şairlərin əsərlərindən
ibarət çoxsəsli
mozaika, poetik şəbəkədir həm
də. Bu şeirlərdə,
misralarda siz mübarizə və ümid, qorxu və kişilik, barışqanlıq və
zəfərə şahidlik
edəcəksiniz. Ukraynalı
şairlər Azərbaycan
tərcüməçilərinin iştirakıyla öz şəxsi hiss və həyəcanlarını bölüşməklə
nəhəng lirik parçanın üzərində
düşüncə və
hiss naxışlayırla bəzənmiş
bir sahə, məkan yaradıblar..."
Səlim Babullaoğlu "Tərtibçidən" başlıqlı
məqaləsində həm
antologiyanın yaranması,
əhəmiyyəti barədə
danışır, eyni
zamanda Ukrayna-Azərbaycan
ədəbi əlaqələrinin
də tarixinə toxunur: "Əksər birmüəllifli kitabın
məqsədi ilk növbədə,
özünü təmsil
eləməkdir: öz
məzmununu və qismən də öz müəllifini; əlbəttə, müəllifin
ustalığı, sonradan
bəllənəcək, təsdiqlənəcək
miqyası, həmin kitabı, əsəri millətin, xalqın, dilin təmsilçisinə
çevirə bilər
ki, bunun nümunələri
çoxdur. Antologiyalarla
vəziyyət başqadır.
Antologiyaların məqsədi
eyni zamanda və bəlkə, ilk növbədə kəmiyyətdədir.
Həm müəllif sayı baxımından, həm dövr baxımından. Çünki
antologiyalar əgər
tematik deyilsə və janrlar üzrə tərtib edilməyibsə, deməli,
zaman etibarilə konkret
dövrü əhatə
etməli, o dövrün
bütün "fəsilləri"nə
işıq salmalıdır.
Və eyni zamanda istənilən
"milli ədəbiyyatlar"dan müəllifləri müəyyənləşdirərkən
tərtibçi həm
də az əvvəl yuxarıda söylənən kimi, özünü təsdiqləmiş,
xalq və dil təmsilçiliyi olan müəllifləri tanıya bilməli, sonra isə yeni ədəbiyyatın o müəlliflərini
seçməlidir ki, həmin
ədiblər öz insanıyla həmdərd
ola biliblər..." - bu
sözləri biz daha əvvəl tərtib etdiyimiz "Ukrayna şeir antologiyası"
üçün söyləmiş
və yazmışıq.
Xeyli vaxt keçib,
indi Ukrayna od içindədir, şəhərlər, kəndlər
dağılır, evlər,
məhəllələr dağılır,
yüzlərlə insan
- qocalar, qadınlar, uşaqlar qətl edilir və təəssüf ki, savaşın
sonu görünmür.
Biz azərbaycanlılar
dost Ukraynaya, onun gözəl xalqına həmişə əmin-amanlıq
arzu etmişik, bacardığımız hər
cür yardımı,
insani-humanitar dəstəyimizi
əsirgəməmişik. Bu gün də arzu edirik ki, tezliklə o torpaqlara daimi bərqərar olan sülh gəlsin, Ukrayna lap yaxında öz ərazi bütövlüyünü
bərpa etsin, yaralarını sağaltsın;
bu söylədiklərimiz
təkcə şəxsi
arzular deyil, həm də Azərbaycan dövləti
və hökumətinin
rəsmi mövqeyidir.
Qoy o bərəkətli,
gözəl torpaqlarda
böyük güclərin
maraqları bir daha toqquşmasın, millətindən, dinindən,
dilindən asılı
olmayaraq bütün insanlar əmin-amanlıq içində birgəyaşayışın
ən doğru düsturunu tezliklə və daimi olaraq
tapsınlar.
Əlinizdə tutduğunuz xeyli dərəcədə
yenilənmiş antologiya
bu duyğulardan doğub. Əslində, bütün kitablar, o cümlədən, toplular,
antologiyalar sülh, əmin-amanlıq arzusundan
doğur; ən azı ona görə
ki, atəş və bomba yağmuru altında yazmaq bir yana dursun,
düşünmək, özü
də şeirlə düşünmək mümkün
olmur. Bəli, sənət, ədəbiyyat,
şeir nədən və necə danışmağından asılı
olmayaraq sülhün övladıdır. Bu kitab savaşın
nə olduğunu çox yaxşı bilən, onun ağrılarını hələ
də yaşamaqda olan, amma indi,
şükür Allaha
ki, sülhə doğru
addımlayan torpaqlarda,
eyni aqibəti qonşularına da arzulayan
gözəlimiz Azərbaycanda
saf niyyətlə doğub.
Müəlliflərin bioqrafiyalarına, doğum tarixlərinə diqqətlə baxsanız,
görəcəksiniz ki, kitabdakı
müəlliflərin arasında
ötən əsrin
30-cu illərindən bu
yana hər on ildə doğulan şairlər var; onların
bir çoxunun yaradıcılığı XX əsrin ikinci yarısına və qalanlarının yaradıcılığı
isə müasir dövrə təsadüf
edir. Əlbəttə,
antologiyanı təşkil
edən şairlər
həm də o adamlardır ki, onlar məlum sovet dövründə mənəvi
inflyasiyaya məruz qalmayıblar.
Dövr baxımından bircə Ukrayna ədəbiyyatının klassiki,
böyük yazıçı,
şair, maarifçi və rəssam Taras Şevçenko istisnadır: böyük Ukrayna şairinin bu dəfə Süleyman Rüstəmin tərcüməsində təqdim
etdiyimiz "Vəsiyyət"
şeiri ilə açılır antologiya.
Yenə də istədik ki, böyük Taras Şevçenko həm Ukraynanı, həm də azərbaycanlı oxucuları
uğurlasın.
Sonra isə "Həyat təranələri"
və "Yeni dualar"
adıyla iki bölümdə təqdim
olunan şeirlər, şərti desək,
"sülh və savaş şeirləri"
təklif olunur oxuculara. İlk bölümdə
toplanmış şeirlər
müxtəlif kitablardan,
ikinci bölümə
daxil edilmiş şeirlər isə
2023-cü ildə Kiyevdə,
"Samit-Kniqa" nəşriyyatında
işıq üzü
görən "Rimova
voyna"/ "Qafiyəli
savaş" toplusundan
seçilib ki, Ukraynanın
ən yeni və təəssüf ki, qanlı
tarixinin hissi mündəricəsi də
sayıla bilər;
"həyat təranələri",
"yeni dualar" - eyni
zamanda kitaba daxil edilmiş şeirlərin cəm halına salınmış
başlığı və
misralardan parçalardır,
Pavlo Movçan və İrina Bakovetskadan.
Elə kitabın adını - "O gözəl,
yenilməz Ukrayna"
başlığını da böyük Şevçenkonun
və çağdaşımız
Yuliya Berejko-Kaminskanın misraları
pıçıldayıb bizə.
Biz nəşrin ərsəyə gəlməsindəki
dəstəyinə görə
bütün qəlbi və düşüncəsi
ilə həmişə
Ukraynanın yanında
olan nəcib insan, iş adamı cənab Möhlət Hüseynova, Ukraynanın Azərbaycandakı
fövqəladə və
səlahiyyətli səfiri
cənab Yuri Husyevə
iştirakına görə
ayrıca və dərin minnətdarlıq
edir, Azərbaycan-Ukrayna
ədəbi əlaqələrinin
yeni səhifələrində öz danılmaz imzası, iştirakı olan tanınmış ukraynalı ədəbiyyatşünas-alim,
şair və tərcüməçi, "Vsesvit"
jurnalının baş
redaktoru Dmtiro Drozdovskiyə "çox
sağ olun" deyirik.
Biz, həmçinin Süleyman Rüstəm, Rəsul Rza, Səyavuş Məmmədzadə
kimi böyük şair və tərcüməçilərimizin ruhunu ehtiramla anır, Elxan Zal, Qismət, Günel Mövlud, Günel Şamilqızı,
Könül Həsənqulu
və Şəfiqə
Şəfa kimi yeni nəsli təmsil edən şair və tərcüməçilərimizə
təşəkkür edir,
məsləhətlərini əsirgəmədiklərinə görə ukraynalı və azərbaycanlı ədiblərə, söz
adamlarına - Dmitro Stus və Möhsüm
Aslanova və Ceyhun Kəsəmənə
minnətdarlığımızı çatdırırıq.
Qoy həyat təranələrimiz kəsilməsin,
qoy bütün xeyirli, əski və yeni dualarımız
eşidilsin..."
Ədəbiyyat qəzeti.- 2024.- 13 dekabr (¹49).- S.13.