Corc
Qordon Bayron
1816-cı
ilin yayında Corc Bayron şəxsi həkimi Uilyam Polidori ilə
birlikdə Avropa səyahətinə çıxır. Onlar
İsveçrədə Persi Bişi Şelli və Meri Qodvin
(Şelli) ilə rastlaşırlar.
Bir-birindən piyada doqquz dəqiqəlik məsafədə
yerləşən iki villanı kirayə götürən
şairlər axşamları bir yerdə keçirir. Bir gecə
fransız dilində çap olunmuş qorxulu alman hekayələrini
oxuyanda Bayron təklif edir ki, hərəsi bir qorxulu hekayə
yazsın. Bayron özü vampirlər haqqında hekayə
yazmağa başlayır, amma tezliklə yarımçıq
qoyur. Persi Şelli öz gəncliyindən bir hekayə
danışır, amma onu yazmır. Meri Şelli isə
"Frankenşteyn və ya Müasir Prometey"
romanının qaralamasını qələmə alır.
İki
ildən sonra artıq Bayronun yanında işləməyən
Uilyam Polidori Bayronun yazmağa başladığı, amma
yarımçıq qoyduğu "Vampir" hekayəsini qələmə
alır, 1819-cu ildə imzasız çap etdirir. Əsər
tezliklə məşhurlaşır və dünya ədəbiyyatı
tarixinə vampirlər haqda ilk hekayə kimi düşür.
Bayronun natamam əlyazması isə ölümündən
sonra tapılıb çap olunur. Həmin parçanı sizə
təqdim edirik.
Vampir
Hekayə
Uzun
müddət idi bu qərara gəlmişdim ki, indiyə qədər
səyyahların diqqətini çox da cəlb etməyən
ölkələrə səyahət edim və 17-ci ildə
Oqastus Darvell adlı dostumla yola düşdüm. O, məndən
bir neçə yaş böyük və xeyli imkanlı idi, qədim
nəsildən gəlirdi; özü də kifayət qədər
ağıllı idi ki, sahib olduğu var-dövlətə nə
həddindən çox güvənsin, nə də onu həddindən
aşağı qiymətləndirsin. Onun
bioqrafiyasındakı müəyyən qeyri-adi nöqtələr
məndə ona qarşı maraq və ona olan hörmətimin
böyük hissəsini yaratmışdı, bu maraq və
hörmət o dərəcədə idi ki, bunu nə onun
davranışındakı qəribəliklər, nə də
hərdən lap dəlilik həddinə çatan
tutmaları, ürəkkeçmələri əngəlləyə
bilərdi. Mən erkən yaşdan atıldığım həyatda
hələ təzə-təzə addım atırdım;
dostluğumuzun tarixçəsi də bir o qədər qədim
deyildi; biz eyni məktəbdə, daha sonra eyni universitetdə təhsil
almışdıq; amma Darvell təhsilini məndən tez
tamamlayıb o divarların arasından
çıxmışdı; mən hələ təhsil alanda
o, artıq yüksək cəmiyyətə
qaynayıb-qarışmışdı. Onun yüksək cəmiyyətdəki
həyatı haqqında xeyli şey eşitmişdim, bəziləri
ümumiyyətlə bir-birinə zidd fikirlər idi, amma
açıq-aydın görürdüm: o, qeyri-adi adam idi, belələri
nə qədər kölgədə qalmaq istəsə də,
daim diqqəti özünə cəlb edir.
Beləliklə,
mən Darvellə tanış oldum və mənim
üçün uzaq səadət kimi görünən
dostluğunu qazanmağa cəhd etdim; onun qəlbində əvvəllər
doğulan hisslər indi elə bil ki, ölmüşdü,
yerdə qalanları isə bir şeyə cəmlənmişdi;
onun hisslərinin kəskinləşdiyini məndən
yaxşı bilən olmazdı; amma Darvell hisslərini hər
nə qədər cilovlamağa çalışsa da, tamamilə
gizlədə bilmirdi. Amma hər halda, o bir hissini digər
hissinin yerinə qələmə vermək
bacarığına malik idi, buna görə də hisslərinin
mahiyyətini asanlıqla başa düşmək olmurdu.
Siması isə elə tərzdə dəyişirdi ki, onun
heç nəyə görə bu mimikanı
aldığını fikirləşməyə də dəyməzdi.
Hansısa
bir narahatlığın ona daxildən əzab verdiyi
açıq-aşkar idi; amma bu narahatlıq nədən
qaynaqlanırdı, şöhrətpərəstlikdən,
sevgidən, dərddən, peşmanlıqdan, yoxsa,
hamısının cəmindən və ya onun xarakterindən
irəli gələn melanxoliyadan - bunu müəyyənləşdirə
bilmədim. Hər biri və ya hamısı ola bilərdi. Amma
bayaq da dediyim kimi, şayiələr o qədər müxtəlif,
bir-birinə zidd və şübhəli idi ki, heç bir
faktı həqiqi hesab etmək olmazdı. Səbəbini bilməsəm
də, sirr haləsini açmaq üçün, adətən
qəddar başlanğıcları nəzərə
alırlar; Darvell əlbəttə ki, sirr haləsinin
içində idi, amma qəddar başlanğıcın
hansı dərəcədə rolu olduğunu bilmirdim,
ümumiyyətlə mənə qalsa, mən heç qəddar
başlanğıc ehtimalına inanmaq da istəmirdim.
Mənim
dost olmaq cəhdlərim xeyli soyuq qarşılanmışdı;
amma mən cavan idim, geri çəkilməyə öyrəşməmişdim
və getdikcə müəyyən qədər onun diqqətini
cəlb edərək tez-tez görüşüb bilinən və
bilinməyən məsələlərdən, gündəlik
həyatdan danışmağa başladıq. Bu cür
münasibətə tərəflərin onları necə
adlandırmasından asılı olaraq,
"yaxınlıq" və ya "dostluq" deyilir.
Darvell
xeyli səyahət etmişdi. Mən də nəzərdə
tutduğum səyahətin marşrutunu təyin etmək
üçün ona müraciət etdim. Ürəyimdə onu
özümlə getməyə razı salacağıma dair
ümidim vardı, dostumda daxili narahatlıq hiss etdiyim
üçün bu ümid bir az da möhkəmlənmişdi.
Onun ətrafdakı hər şeyə qarşı etinasız
olduğu halda açdığım mövzunun onu
maraqlandırmağı ümidimi tamamilə əsaslandırdı.
Niyyətimə əvvəlcə işarə etdim, sonra
açıq-açığına dilə gətirdim.
Darvellin cavabı, hər nə qədər bu cavabı
gözləsəm də, məndə xoş sürpriz təəssüratı
yaratdı: o, razılaşdı.
Hazırlıq
görüb yola düşdük.
Cənubi
Avropa ölkələrini gəzəndən sonra yolumuzu əvvəlcədən
planlaşdırdığımız kimi Şərqə
saldıq. Danışmaq istədiyim hadisə məhz həmin
yerlərdə baş verdi.
Darvellin
çox gözəl xarici görünüşü vardı,
o, sağlamlığı ilə seçilirdi; amma müəyyən
vaxt idi ki, səhhətində geriləmə hiss olunurdu, amma
bilinən bir xəstəlik səbəbindən yox; nə
öskürürdü, nə də vərəmə
tutulmuşdu, amma günü-gündən zəifləyirdi;
getdikcə daha çox mötədil olurdu, halsızlıqdan
şikayətlənməsə də, halsız olduğu
görünürdü. Getdikcə daha çox güc itirdiyi
göz qabağında idi, daha çox susqunlaşırdı
və nəhayət, dostum o qədər dəyişdi ki, ona təhdid
edən təhlükə məni də qorxutmağa
başladı.
İzmirdə
olanda Efeslə Sardis xarabalıqlarına getməyə
hazırlaşırdıq. Dostumun vəziyyətini nəzərə
alıb, onu bu səfərdən çəkindirməyə
çalışdım, amma əbəs yerə. Darvell
çox pis halda idi, hərəkətlərində də nəsə
qaranlıq bir təmtəraq hiss olunurdu. Onun bu halı gəzintiyə
çıxmaq istəyi ilə çox da üst-üstə
düşmürdü; bu gəzintini isə mən xəstəhal
adam üçün uyğun hesab etmirdim. Amma mən daha ona
qarşı çıxmadım və bir neçə
gündən sonra bir yeniçərinin müşayiəti ilə
yola çıxdıq.
İzmirin
bərəkətli torpaqlarını geridə qoyub Efesə
aparan yolu yarıladıq və sürgün xristianların
sığınacağı olan, təkcə damsız
divarları qalan Diana məbədinin ətrafındakı
yazıq görkəmli, atılmış tikililərə, o qədər
də köhnə olmayan, amma çoxdan tərk edilmiş məscidlərə
çatdıq. Dostumun kəskinləşən xəstəliyi
bizi türk qəbiristanlığında dayanmağa məcbur
etdi. Təkcə başdaşıları haçansa burda həyat
olduğuna, insan həyatının buralarda
sığınacaq tapdığına işarə edirdi.
Yolboyu
qarşımıza çıxan yeganə karvansarayı bir
neçə saatlıq məsafədə geridə qoymuşduq.
Gözümüz görən ərazidə şəhər
görünmürdü, heç adi koma da gözə dəymirdi
və daha yaxşısına ümid edə bilməzdik; təkcə
"ölülər şəhəri" mənim bədbəxt
yol yoldaşıma ev sahibliyi etməyə hazır idi, dostumun
görkəmindən isə tezliklə bu şəhərin
axırıncı sakini olacağını güman etmək
olardı.
"Dostumu
harda daha rahat yerləşdirə bilərəm?" deyə, ətrafa
boylandım. Başqa müsəlman qəbiristanlıqlarından
fərqli olaraq, burda sərv ağacı az idi, olanlar da
adda-budda səpələnmişdi; qəbir
daşlarının da əksəriyyəti baxımsızlıqdan
və köhnəlikdən sınıb
dağılmışdı. Darvelli ən böyük,
qollu-budaqlı ağaclardan birinin altında oturtdum, o, belini
ağacın gövdəsinə söykəyib
ayaqlarını uzatdı, amma bu vəziyyət də onun
üçün narahat idi. Su istədi.
Buralarda
su olduğuna şübhə edirdim, axtarmaq üçün
getməyə hazırlaşırdım ki, xəstə məni
saxladı və üzünü yanımızda dayanıb heyrətamiz
sakitliklə çubuq çəkən Süleymana - bizi
müşayiət edən yeniçəriyə dedi:
-
Süleyman, get su gətir. - Suyun yerini dəqiq və ətraflı
təsvir etdi: sağ tərəfə bir neçə yard gedəndən
sonra balaca quyu var.
Yeniçəri
onun dediyi istiqamətə getdi.
- Suyun
yerini hardan bildiniz? - Darvilldən soruşdum.
-
Olduğumuz yerdən, - dedi. - Fikir verdinizsə, haçansa
buralarda insan yaşadığı bilinir, demək, burda su da
var. Bundan başqa, mən burda daha əvvəl də
olmuşam.
- Siz burda
olmusunuz? Bəs bunu nə üçün mənə
demirdiniz? Həm də ki, sizin burda nə işiniz ola bilər?
Başqası bir dəqiqə də dayanmaz.
Bu suala
cavab ala bilmədim.
Süleyman
su gətirdi, atları isə quyunun yanında
bağlamışdı.
Darvell
susuzluğunu yatırandan sonra bir az özünə gəldi;
içimdə ümid yarandı ki, dostum yola davam edə bilər,
ən azı, geriyə qayıda bilərik, buna görə onu
dilə tutmağa başladım.
Darvell
susdu, elə bil ki, danışmağa güc
yığırdı. Sonra dedi:
- Mənim
yolum və həyatım burda sona çatır. Mən bura
ölməyə gəlmişdim. Amma mənim bir xahişim
var, tələb deyil, xahişdir, son sözlərim bu olacaq.
Siz onu yerinə yetirərsiniz?
-
Əlimdən gələn hər şeyi etməyə
hazıram!
- Daha mənim
nə arzum qalıb, nə də ümidim. Sizdən təkcə
bir şey istəyirəm: mənim ölümümü gizli
saxlayın!
- Ümid
edirəm, buna ehtiyac qalmayacaq, siz sağalacaqsınız və...
- Susun! Bu
mənim taleyimdir. Söz verin!
- Söz
verirəm.
- And
için ki... - O, dəhşətli bir and verdi.
- Buna
ehtiyac yoxdur, mən sizin xahişinizi yerinə yetirəcəyəm,
əgər mənə şübhə edirsinizsə...
-
Başqa yolunuz yoxdur, and için.
Mən
and içdim, bu, xəstəni sakitləşdirdi. Sonra o,
üstündə ərəb heroqlifləri ilə nəsə
yazılmış möhür üzüyünu
barmağından çıxarıb mənə uzatdı.
Və
dedi:
- Ayın
doqquzuncu günü (ayın fərqi yoxdur, əsas odur,
doqquzuncu gün olsun), düz günorta bu üzüyü
Elevsin körfəzinin duzlu sularına atın; səhəri
gün eyni saatda Tserera məbədinin xarabalıqlarına
gedib bir saat gözləyin.
- Nə
üçün?
- Görəcəksiniz.
- Ayın
doqquzuncu günü dediniz?
- Hə,
doqquzuncu.
Dedim ki,
bu gün elə ayın doqquzuncu günüdür; xəstənin
siması dəyişdi və o susdu.
O, dəqiqəbədəqiqə
gücünü itirirdi. Bu vaxt dimdiyində ilan tutmuş leylək
gəlib yaxınlıqdakı qəbir daşının üstünə
qondu; elə bil quş yemini udmağa tələsmədən
bizə baxırdı.
Heç
bilmirəm, nə üçün lələkli
qonağımızı qovmağa çalışdım,
amma əbəs yerə. Leylək havada bir neçə
dövrə vurub yenə eyni yerə qondu.
Darvell
gülümsəyib barmağını leyləyə
uzatdı və danışdı: - bilmirəm, bunu mənə
dedi, yoxsa özünə, amma cəmisi bir şey dedi:
- Hər
şey qaydasındadır!
-
Qaydasındadır? Nə?
- Fikir
verməyin. Bu gecə mənim ürəyimi torpağa
tapşırmalısınız - leyləyin qonduğu yerdə.
Qalanını özünüz bilirsiniz.
Sonra onun
ölümünü daha yaxşı necə gizlədə
biləcəyimə dair göstərişlərini verdi.
Sözünü qurtarandan sonra dedi:
- Quşu
görürsünüz?
- Əlbəttə.
- Dimdiyində
qıvrılan ilanı da görürsünüz?
-
Şübhəsiz ki. Axı bunda qeyri-adi heç nə yoxdur,
leyləklər ilanla qidalanır. Amma quşun yemini
udmamağı qəribədir.
Darvell
gülümsəyib zəif səslə dedi:
- Hələ
vaxtı çatmayıb.
Bu
sözləri deyən kimi leylək uçub getdi.
Bir
neçə anlıq üzümü dostumdan çevirib nəzərlərimlə
quşu təqib etdim - bu müddət ərzində heç
ona qədər saya bilməzdim. Birdən Darvellin
ağırlaşmış bədəni çiynimə
çökdü. Dönüb onun üzünə baxdım -
yol yoldaşım ölmüşdü!
Heyrətlə
baş verənləri izləyirdim. Səhv ola bilməzdi - bir
neçə dəqiqə sonra onun sifəti qaraldı. Bu ani dəyişkənlik
ancaq zəhərin təsiri ilə ola bilərdi, amma Darvell məndən
gizli zəhər içə bilməzdi, buna əmin idim.
Gün
qürub edirdi və dostumun meyiti gözümün
qabağında çürüyürdü, mərhumun istəyini
yerinə yetirməkdən başqa çarəm
qalmamışdı. Süleymanla mən
qılınclarımızla Darvellin göstərdiyi yerdə qəbir
qazdıq: bundan qabaq hansısa bir müsəlmanın
basdırıldığı torpaq rahat qazınırdı.
Qəbri
vaxtımızın imkan verdiyi dərinlikdə qazıb, sirli
varlığın qalıqlarını basdırdıq,
üstünü quru torpaqla örtdük, sonra günəşin
çox da yandırmadığı çimlərdən bir qədər
kəsib qəbrin üstünə döşədik.
Heyrət
və dərd mənə o qədər hakim olmuşdu ki,
ağlaya bilmirdim...
Corc
Qordon Bayron
Tərcümə
etdi: Həmid PİRİYEV
Ədəbiyyat
qəzeti.- 2024.- 13 dekabr, ¹49.- S.46-47.