Sən tək deyilsən
Səlim Babullaoğlunun ad gününə
Səlim
Babullaoğlunu 1992-ci ildən,
Bakı Dövlət Universitetindən, tələbələrin
"Nəsimi" Yaradıcılıq
Mərkəzindən tanıyıram.
Onda mən filologiya fakültəsinin
sonuncu kursunda oxuyurdum və Mərkəzin xətti ilə Nizami Gəncəvinin 850 illik yubileyinə həsr olunmuş, Universitetin müxtəlif fakültələrindən
olan tələbələrin
qatıldığı tamaşa
hazırlayırdım. Mərkəzə
gəlib-gedən tələbələr
arasında kitabxanaçılıq
fakültəsinin ikinci
kursunda oxuyan, qara rəngli "troyka" kostyumu, səliqə ilə yana daranmış sıx saçları, qəhvəyi rəngli dəri çantası ilə diplomatları xatırladan bəstəboylu,
azdanışan bir gənc də varıydı. Ziyalı, görüb-götürmüş ailədən olduğu dərhal duyulan bu gənc səliqəli
görkəmi və sakit rəftarı ilə özünə qarşı ilk baxışdanca
rəğbət oyadırdı.
Səlimi birinci dəfə belə gördüm.
İkinci
görüşümüz iki il sonra -1994-cü ildə mətbuatda oldu - hərdən mənim işlədiyim qəzetə materiallar gətirirdi. Yadımda deyil, bir dəfə
necə oldusa, ona bir şeirimi
oxudum və başını aşağı
salıb, şeiri elə diqqətlə, sanki bütün hüceyrələri ilə
duyaraq, bütün əsəbləri ilə qavrayaraq dinləyirdi ki,
mat qalmışdım və
bir az da pərt olmuşdum. Görəsən, şeirim
bu diqqətə layiq idimi? Söhbət,
əlbəttə, mənim
yazdığımın qeyri-adi
təsir gücündən
deyil, ümumən şeirdən, sözdən
və gələcək
ömrünü şeirə,
sözə adamaq fikrində olan bir gəncin başqasının yazdığına,
genəliklə, bədii
sözə olan qeyri-adi həssaslığından,
şeiri, sözü sadəcə dinləməsi
deyil, dinləyə-dinləyə
yaşamasından gedir.
Onda bilmirdim ki, Səlim özü də şeirlər yazır, yatsam, yuxuma da girməzdi ki, illər keçəcək,
hər ikimiz eyni bir təşkilatın
üzvü olacaq, eyni idarədə işləyəcək, işləyə-işləyə
də gənclik illərini geridə qoyacaq, 50-ni keçəcəyik
və mən günlərin bir günü Səlimin ad gününə bu yazını yazacam. Zamanın əqrəbləri hələ
doxsanıncı illəri
göstərirdi.
Səlimi
üçüncü dəfə
televiziya ekranında,
"Yaddaş" proqramının
aparıcısı kimi
gördüm və köhnə tanışım
özünün yeni ampluasında
diqqətimi dərhal çəkdi. Bu, məntiqi
idi - o, iddialı oturuşundan tutmuş, hər cür bayağı sentimentallıqdan,
yüngül duyğusallıqdan
uzaq, ciddi, sakit diksiyasına qədər həmin illərdə artıq dəbə çevrilməyə
başlayan "skoroqovorka"
üslublu, reklam çarxı fırladırmış
kimi bülbül cəh-cəhli, yapma təbəssümlü digər
teleproqram aparıcılarından
yerlə göy qədər fərqlənirdi.
Həyatı, dünyanı,
insanı qavramağa başlayandan mənə həmişə elə gəlib və bu gün də
elə gəlir ki,
biz, sadəcə, öz
ömrümüzü yaşamır,
həm də bu semiotik dünyada
nəyisə işarələyir,
zamanın hansısa əlamətini göstəririk,
yəni işarələr
sistemindən ibarət
bu dünyada biz də bir işarəyik.
Bu dəfə də özlüyümdə belə
qərar verdim - teleekrana modern nəfəs
gəlir və Səlimin tamam fərqli, özünəməxsus
ekran manerasını
yeni zamanın bir gəncin simasında işarəsi kimi mənalandırdım. Təəssüf
(bəlkə nə yaxşı!) ki, bu proqnozum özünü doğrultmadı və bunun suçu, əlbəttə ki, Səlimdə
deyil, televiziyanın o
zamankı şablon, standart, trafaret, stereotip düşüncəli
səlahiyyət sahiblərində
idi. Bəlkə də bu yorumlamalarımda
yanılır, kiminsə
haqqına girirəm, bəlkə də, məsələ əslində
başqa cürdür,
mənim yazdıqlarım
uzaqbaşı, kənar
müşahidəçinin subyektiv gümanlarıdır.
Hər nədir, hər necədirsə,
Allah insanlardan çox
bilir və pərdənin istər o üzü, istərsə də bəri üzündə baş verənlər sonucunda Azərbaycan teleməkanı
özünün gələcək
modern simalarından birini
itirsə də, ədəbiyyatımız özünün
yenilikçisini - Səlim
Babullaoğlunu qazandı.
Ötən minillikdə Səlimlə
son görüşüm 1998-ci ildə, Mədəniyyət
şöbəsinə başçılıq
elədiyim "Ekspress"
qəzetində oldu. Şeirlərini gətirmişdi
və onun bədii yaradıcılıqla
məşğul olduğunu
yalnız indi bildim. Əlbəttə, bu şeirlərin müəllifi hələ
modern poeziyamızın aparıcı
isimlərindən biri
olan Səlim Babullaoğlu deyildi, amma Universitetdən tanıdığım klassik
ingilis dəbli oğlanın, "Yaddaş"
proqramında gördüyüm
modern aparıcının, bir
sözlə, köhnə
tanışlığımızın xatirinə, onların dərcinə etiraz eləmədim. Bununla da, bizim Səlimlə ünsiyyət tarixçəmizin
birinci dönəmi başa çatdı. Qarşıdan isə bizim tanışlığımızın
ikinci dönəmi və öz sürprizləri ilə üçüncü minillik
gəlirdi...
Səlim
Babullaoğlu Yazıçılar
Birliyinin 2004-cü ildə
keçirilən qurultayından
sonra Birliyin nəzdində qurucusu olduğu "Dünya ədəbiyyatı"nı - təxminən, rusların
"İnostrannaya literatura"sının
analoqu olan dərgini buraxmağa başladı və indi hamının tanıdığı Səlim
Babullaoğlu da, məncə,
buradan başladı. Dərgi artıq iyirmi ildir ki, çağdaş dünya
ədəbiyyatını Azərbaycan
oxucusuna çatdırmaq
kimi vacib görəvin öhdəsindən
ardıcıl və uğurla gəlir.
2014-2021-cü illərdə Azərbaycan Yazıçılar
Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr
Mərkəzinin sədri
kimi S.Babullaoğlu istər xarici ölkələr ədəbiyyatının
dilimizə tərcüməsi
və Azərbaycanda nəşri, istərsə
də Azərbaycan ədəbiyyatı nümunələrinin
əcnəbi dillərə
çevrilməsi və
dünyanın bir sıra ölkələrində
təbliği baxımından
öz ədəbi
mediator rolunu daha geniş miqyasda yerinə yetirdi və hazırda Azərbaycan Yazıçılar
Birliyinin Beynəlxalq Əlaqələr və Tərcümə Məsələləri
üzrə katibi kimi yerinə yetirməkdədir. O, neçə-neçə
beynəlxalq önəmli
poeziya və tərcümə layihəsinin
müəllifi, çoxsaylı
poetik, tərcümə,
esseist kitabın, bir neçə kinossenarinin müəllifidir,
şeirlərinə mahnılar
bəstələnib, çoxsaylı
milli və beynəlxalq
poeziya ödüllərinə
layiq görülüb.
Lakin genişmiqyaslı bədii
tərcüməçilik fəaliyyətinə baxmayaraq,
S.Babullaoğlu hər şeydən öncə şairdir -
postmodernist zəmanədə modernistik üsluba sadiq şair. Onun modern şeirlərinin
ən qabarıq yönlərindən biri, yəqin ki, birincisi, sözdən rəngə,
ya şəklə, verballıqdan vizuallığa,
antropoloji dillə desəm, qulaqdan gözə elədiyi keçiddir. Və təsadüfi deyil ki, onun şeir kitablarından biri
"İlyas Göçmənin şəkil dəftəri"
adlanır. Səlimin istər bu kitabdakı
şeirləri, istərsə
də digər poetik nümunələrində
sözlə rəng arasında orta mövqe tutan səsə çox az yer qalır,
bəlkə də qalmır. Bu şeirlərin
müəllifinin səssiz
düşüncə axarında
yazılan şeirləri
tribunadan səsləndirmək,
hamının qarşısında
ucadan oxumaq üçün deyil, təklikdə oxumaq üçündür, deklamasiya
eləmək və ya dinləmək üçün deyil, oxumaq və düşünmək üçündür,
bir sözlə, intellektual poeziya örnəkləridir. Təklik,
tənhalıq onun şeirlərinin əsas mövzusu, səssizlik, sükut başlıca
"akustik" özəlliyidir.
Borxes öz esselərində təkliyi dünya ədəbiyyatının dörd
ana mövzusu sırasına
daxil eləməyb, amma təklik, məncə, poeziyanın,
ümumən ədəbiyyatın
əsas mövzularından
biri, virtual ünsiyyətin
maksimum sınırlara
varmasına baxmayaraq, hazırkı çağda
insanın əsas sorunlarından biridir. Bu mövzu çağdaş
ədəbiyyatda klassikadan
fərqli formada üzə çıxır.
"Nə yanar kimsə mənə atəşi-dildən özgə/
Nə açar kimsə qapım badi-səbadan qeyri" deyən Füzulidən
"Göydə Allah da təkdi,
tək" deyən
Ramiz Rövşənə qədər,
şairlərimiz bu təklikdən söz açıblar, "ilahi,
insan da belə tək olar?" deyən iyirminci yüzilin son şairi Salamın timsalında təklik haqqında deyiləsi söz sanki artıq qurtarır, işarə əvəzliyi ilə əvəzlənir. Necə
tək olar? "Belə!" Və iyirmi birinci yüzilin şairi S.Babullaoğlu tənhalıq haqqında artıq danışmır,
o, bu əzablı, buz kimi soyuq
duyğunu nəqərata
çevirərək, insanın
ətrafında fon yaradan bütün əşyalarla birlikdə
kinoekran və ya tellekran effekti
ilə göstərir:
Təksən.
Köndələn boşqablar yığılmış
şkaf dişini ağardar
masaya sərilmiş çirkli süfrəyə.
Qarderob boyunca asılmış şalvarlar şax durar,
yollar da
acizdir çəkdiyi
ütüyə.
Təksən.
Uzunbel kətilə kənardan baxsan,
çox
şeyə bənzədə
bilərsən sən
onu:
ağzıaşağı
baltaya; "h"ya;
yorulub otursan, günahkar-günahkar
boynunu irəli uzatsan,
dönəcək açılmış kitaba, "k"ya.
Bu misralar, Səlimin təxminən, iyirmi il öncə yazdığı,
mənim Baş redaktoru olduğum "Körpü" dərgisində
işıq üzü
görən ikivariantlı
"Doqquzuncu hissə"sindəndir
və mən əsərin janrının
üstündən təsadüfən
sükutla keçmədim.
Məncə, müəllif
də onun janrı barədə təsadüfən susmur.
Bu, həm poemadır,
həm uzun şeirdir, həm də onların heç biri deyil. Bu, müəllifin özünün adlandırdığı
kimi eləcə "hissə"dir. Niyə doqquzuncu? Bir insanın gecə başlayıb, dan
yeri söküləndə
bitən daxili monoloqu, yaxud öz-özüylə dialoqundan
ibarət "Doqquzuncu
hissə" azan səsləriylə
bitir və bu final onu modern formada klassikaya qaytarır, örkən nə qədər uzun olsa da, yenə
də gəlib hər şeyi özündən doğuran
doğanaqdan keçir,
təklik isə kosmik, metafizik miqyas qazanaraq bütün universumu özündə çevrələyən
varlıq formasına çevrilir:
Səhərdir. Müəzzin minbərdə
azan oxuyur,
sirli ahənglə.
Təksən, təkdir müəzzin,
təkdir minbər də.
Dekabrın 10-u Səlim Babullaoğlunun
dünyaya gəldiyi gün idi və
həmin gün sosial şəbəkələrdəki
saysız-hesabsız təbrik
paylaşımları göstərdi
ki, o iyirmi il öncə
dərc olunan bu şeirdə deyildiyindən fərqli olaraq əsla tək deyil. Onu dəyərləndirən
qələm dostları
(kompüter erasında
bu sözü işlətmək, görəsən,
nə dərəcədə
düzdür?), oxucular,
dostlar, tanışlar,
iş yoldaşları,
ən başlıcası,
sidq-ürəkdən inandığı,
iman gətirdiyi Allahı var. Demək, ən azı bu şeirin yazıldığı dövrdən
keçən 20 ildə
yaşananlar boşuna
getməyib.
Əziz
Səlim, səni dünyaya gəldiyin gün münasibətilə
bütün istəyənlərin
adından təbrik edir, arzu edirəm
ki, bundan sonra da uğurlar sadiq dostun, daimi yoldaşın
olsun.
Əsəd CAHANGİR
Ədəbiyyat qəzeti.- 2024.- 13 dekabr, ¹49.- S.30.