Kolumbiyalı ədiblər Azərbaycan

Yazıçılar Birliyini ziyarət ediblər

 

Dekabrın 11-də Kolumbiyanın Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Luis Fernando Quartas Ayalanın rəhbərliyi ilə tanınmış Kolumbiyalı ədiblər- Lauren Mendinueta, Martin Gomez, Carlos Alfredo Betancourt Azərbaycan Yazıçılar Birliyini ziyarət ediblər. Qonaqları Birlyin sədri Xalq yazıçısı Anar qəbul edib. Görüşdə Azərbaycan Yazıçılar Birlyinin katibi, şair Səlim Babullaoğlu, sədrin baş müşaviri Rauf Aslanov, Mətbuat xidmətinin rəhbəri Xəyal Rza da iştirak ediblər.

Qonaqları salamlayan Xalq yazıçısı Anar bu görüşün əlamətdar olduğunu söyləyib, qonaqlar Azərbaycan Yazıçılar Birliyinin tarixi, ədəbi mühitdəki rolu, Birliyin nəşrləri haqqında ətraflı məlumat verib. Eyni zamanda Kolumbiya ədəbiyyatının, xüsusən Qabriel Qarsia Markesin yaradıcılığının Azərbaycanda populyarlığı, kitablarının dəfələrlə nəşri barədə danışıb.

Səfir Luis Fernando Quartas Ayala Birliyə bu ziyarətdən məmnunluğunu ifadə edib görüşün gələcəkdə öz bəhrəsini verəcəyinə inamını ifadə edib.

AYB-nin beynəlxalq əlaqələr tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu da öz növbəsində Kolumbiya ədəbiyyatının, bütövlükdə ispandilli ədəbiyyatın Latın Amerikası ədəbiyyatının dünyadakı xüsusi çəkisindən, ədəbi mübadilə işinin perspektivlərindən danışıb.

Görüşün sonunda qonaqlara kitablar hədiyyə olunub, xatirə şəkli çəkilib.

 

Ədəbiyyat qəzeti.- 2024.- 13 dekabr, №49.- S.29.