Nurəngiz Günün publisisitikası
Nurəngiz Günün vəfatından
10 il keçir
Keçən əsrin 80-ci illərinin
sonu və 90-cı illərdə ölkəmizdə baş verən
ictimai-siyasi hadisələr, yəni SSRİ adlı nəhəng
imperiyanın çökməsi, süqutu, Müstəqillik
uğrunda mübarizə, 20 Yanvar qırğını,
Qarabağ müharibəsi, qaçqın-köçkün həyatı
və s. məsələlər publisistikanın geniş
inkişafı üçün imkanlar açdı. Başqa
janrlara nisbətdə bədii publisistika daha tez, rahat
yazılır və xalqa - geniş oxucu kütləsinə tez
də çatdırılırdı. Portret oçerklər,
məqalə - esselər xalq tərəfindən maraqla oxunur,
qəbul edilirdi. Çünki bu yazılarda ictimai-siyasi hadisələr
bu və ya digər dərəcədə geniş təhlil
edilirdi. Odur ki, xalq arasında - Meydan hərəkatında
bütün yazarlar şeirlə yanaşı, publisistik məqalələrə
də xüsusi önəm verirdilər. Demək, bütün
ədəbi nəsillər, ustad sənətkarlar bu janra
müraciət etmiş, yazdıqlarını əvvəlcə
qəzet-jurnallarda dərc etdirmiş, sonra isə kitab
halında cap edərək Xalqa çatdırmışlar. Həmçinin,
Birinci Qarabağ müharibəsində həlak olan şəhidlər
haqqında da kitablar çap edilmişdir. Bölgələrdə,
Bakıda, Sumqayıtda şəhidlər artdıqca bu
kitabların sayı, tirajı da artıb, çoxalırdı.
Bu dönəmdə Nurəngiz
Günün
yaradıcılığında onun şeir-poemaları ilə
yanaşı, bədii publisistikası da müəyyən qədər
yer tuturdu. Yazar həyatda gördüklərini, müşahidə
etdiklərini, düşündüklərini qələmə
alaraq geniş oxucu kütləsinə təqdim etmişdir. Bu
mənada, onun "Yaddaş" məqaləsi diqqəti cəlb
edir. 90-cı illərdə Az.TV-nin ən uğurlu verilişlərindən
biri olan "Yaddaş" ən çox keçmişə,
tarixi kökümüzə, bir xalq olaraq keçib gəldiyimiz
illərə işıq salırdı. Repressiya qurbanları
olmuş şair-yazıçıların adlarını, əsərlərini
xarici ölkələrdən tapıb gətirir, televizya vasitəsi
ilə xalqa çatdırırdı. Bu veriliş mənəvi
itkilərimizin bərpası üçün çox iş
görmüşdü.
Nurəngiz Gün "Yaddaş"
məqaləsində bu tele-verilişin
yaradıcı heyətindən tutmuş, onların
işıq saldığı mövzulara yüksək qiymət
vermiş, əhəmiyyətinin də nə qədər
böyük olduğunu bir daha vurğulamışdı. Məqalə
sərbəst şeirə bənzəyir. O, öz
axıcılığı, oxunaqlığı, dilinin səlisliyi,
şirinliyi ilə fərqlənir və diqqəti çəkir:
"Estetik baxımdan sanki tamamlanmış cəlbedici rəssam
tablosunu əks etdirirdi "Yaddaş". Bu isə indiki
gözəllik kasadlığında yorğun gözlərimizin
rahatlanmasına cavab kimi idi. Gözəl şeydi bu gözəllik;
dünyanın bəzəyidir. Amma dünyanı xilas etməyə
o kövrəkdir, gücü çatmaz. Dünyamızın
bir xilası var - o da vicdan!" "Dünyanı gözəllik
xilas edəcək!" məşhur kəlamın əleyhinə
çıxan müəllif haqlı olaraq göstərir ki,
gözəllik çox kövrəkdir, zərifdir, məhvəri
dağılmış dünyanın düzəlməyinə
gücü çatmaz. Dünyanı yalnız ədalətli,
təmiz vicdanlar xilas etməlidir. Başqasının
var-dövlətinə, torpağına göz dikənlər,
özlərini ölkəsindən, yerindən-yurdundan didərgin
salanlar məhv edilməlidir. Axı bu bəyaz qəbirdə
yatan Almaz İldırımın nə günahı vardı?
O ki həmişə şeirlərində Vətənini tərənnüm
etmişdir.
Qeyd edək ki, "Yaddaş"
verlilişinin bir sayı da Vətənindən didərgin
düşən, Türkiyədə yaşayıb, orada da
dünyasını dəyişən azərbaycanlı
şair Almaz İldırıma həsr olunmuşdur.
90-cı illər bütün sahələrdə yaddaşın oyanması
üçün əlverişli zəmin yaranmışdı.
Çünki artıq müstəqil bir dövlət kimi
öz yoluna davam edən respublikamız öz
yaddaşını da silkələməli, hər şeyi
saf-çürük edib təmizləməli və öz
yerinə qoymalı idi.
"Türkdən Türkə
nə "gözəl"
qanlı uçuş..." məqaləsi də Azərbaycan-Türkiyə
birliyini dəstəkləmək üçün eyni ahənglə,
eyni ürəklə, tam səmimiyyətlə yazılıb.
Yazıçı, bu məqaləni "Ədalət" qəzetinin
baş redaktoru Aqil Abbasa müraciətlə yazsa da, əslində
o, zamanla qəlbinə yığılıb qalmış
fikirlərini, düşüncələrini öz oxucuları
ilə bölüşür. Müstəqil Respublikamız
yaranan kimi bizi ilk tanıyan ölkə qardaş Türkiyə
oldu. Bu, danılmaz faktdır. Bütün sahələrdə
- istər siyasətdə, hərbidə, istərsə də
iqtisadiyyatda, mədəniyyətdə Türkiyə dövləti
və xalqı bizimlə idi. Gücü
çatdığı, yetdiyi qədər kömək etməyə
çalışırdı bu dövlət. Lakin çox
maraqlı bir nüans da boy verməyə
başlamışdır. Bu zaman kəsiyində
"Türkün bizə nə xeyri var?" - deyənlər
də tapılırdı. Məhz bu qardaşlığa,
dostluğa qısqananların cavabı məqalədə yetərincə
əks olunub. Nurəngiz Gün tarixi faktlarla, həmçinin
eşitdiyi, bildiyi hadisələrlə Azərbaycan - Türkiyə
birliyini dəstəkləyir. Yazıçı
düşünür ki, Böyük Atatürkün
qurduğu dövlət bizimlədirsə, bizə arxa,
dayaqdırsa, bu bizim qələbəmizdir.
"Uyu, Şəhanə, uyu, Qızıl quş,
uyu" məqaləsi çağdaş Azərbaycan ədəbiyyatının
tanınmış nümayəndəsi, xalq şairi Xəlil
Rza Ulutürkün ölümünə həsr olunub. Məqalə
şair ölümünə bir ağıdır,
elegiyadır - desək, daha dəqiq olar: "Uyu, daha uyu,
şair, uyu! Vətən aşiqi ey ozan, uyu, uyu dərviş,
uyu insan, uyu, divanə şair... Çiçəklərin
solmasın, hər gün quşlar oxusun sənin axşam
duanı..."
Xəlil
Rza ədəbiyyat adamı, söz xiridarı idi. Bir vaxtlar
Moskvada Qorki adına Ədəbiyyat İnstitutunu bitirmiş, əsərlərində
Böyük SSRİ-ni, Moskvanı, Sovet dövlətini tərənnüm
də eləmişdi. Rus şair-yazarları ilə dostluq da
edirdi. Lakin ömrünün sonuna doğru bu cəmiyyətlə,
onun ordusu, siyasəti ilə döyüşməli oldu.
Çünki bu cəmiyyətə, dövlətə olan
ümidi, inamı sarsılmış, məhv edilmişdi. Ona
görə şair vətəni üçün, xalqı
üçün döyüşməli oldu və
döyüşdü. Zindanda yatdı, döyüşdü.
Azad oldu, döyüşdü. Oğlunu Vətənə
qurban verdi, döyüşdü. Bu gün aramızda,
sıramızda olmasa da, sözü, əsərləri ilə
döyüşür. Nurəngiz Gün məqaləsində
bütün bunlara bir daha nəzər salır: "Bu nə
halət? Türküləri, şərqiləri qoyub sən
hara köç etmisən? Bu məzlum türbə-daş
içrə nə susqun düşüb əfsarın? Yoxsa,
sarsıtdı səni o sarp enişlər, yoxuşlar? Həqarətmi
gəldi sənə qollarının qandalı?.."
Xəlil
Rza haqqında onlarca məqalələr, kitablar, dissertasiyalar
yazılıb. Akademik Bəkir Nəbiyev "Şair
ömrü-vətəndaş məramı" adlı məqaləsində
yazır: "Xəlil Rzanın xalq tribunu kimi fəaliyyətinin
əsas hədəfi son illərini yaşamaqda olan,
ömrünü uzatmaq üçün daha da amansız vasitələrə
əl atan rejim idi. Şair istirahət etmədən bir tədbirdən
o birinə, bir meydandan o birinə gedirdi. "Xalqlar həbsxanası"nın
şöhrətini qoruyub saxlamış imperiyanın
daşını daş üstündə qoymurdu..."
Xəlil
Rza haqqında bu tip məqalələr yetərincə
yazılıb. Lakin Nurəngiz Günün bu kiçik
yazısı böyük şair haqqında
yazılmış ilk elegiya, yəni şairin şair haqqında
yazmış olduğu ilk esse-elegiya idi.
"Şirlər,
aslanlar ağlamaz" məqaləsi Bakının Binəqədi
Polis idarəsində işləyən Hafiz Şiraslan oğlu
Ağdamlıya həsr olunub. Hafiz Qarabağ hadisələrində
həmişə ön cəbhədə
döyüşüb, dəfələrlə yaralanıb,
lakin sağalan kimi yenə döyüşə can atıb,
onlarla düşmən tankını məhv edib. Son
döyüşü Tərtərin Qafanlı kəndində
baş verib. Düşmən tankını yandırandan sonra
sağ qalan erməniləri güllələyərkən
özü də düşmən gülləsinə tuş gəlib.
"Bu susqun tabut onunkudur. Bu tabutun üstündə heç
bir fəxri medal-metal cingildəmir. Amma onun üstünə zəif,
güclə eşidiləcək, kirimək bilməyən bir
sızıltı sərilib. Tanıyın bu titrək səsi
də. Bu, İkinci Cahan müharibəsində
döyüşmüş qoca veteran, kəndin barmaqla göstərilən
ağsaqqalı, şəhid Hafizin, Müzəffərin,
Yalçının pirani atasıdır... Başını
ixtiyarsız yelləyərək yalnız bunu deyir:
"Haqsız dünya"..."
Müəllif bədii publisist
dillə bir igid
döyüşçünün həyatını,
doyüşlərini təsvir edərək, onun bədii
obrazını yarada bilib. Yazar haqlı olaraq göstərir ki,
atası Şiraslan olanın oğlu da comərd, qəhrəman
olmalıdır. "Ağlama, Şiraslan kişi, şirlər,
aslanlar ağlamaz! Bir bax, üzərində Hafizin əlləri
gəzən ağaclar belə ağlayır... Bu, Ceyran
ananın ruhudur, ağaclardan süzülüb budaqlarda ah
çəkir! Bu ah yerdə qalmaz, baba, billah, qalmaz!"
Filologiya
elmləri doktoru Elçin Mehrəliyev "Müharibə və
ədəbiyyat" adlı monoqrafiyasında publisistikanın
iki xarakterik cəhətini qeyd edir:
"Birincisi, yazarlarımız
torpaqlarımızın müdafiəsi
uğrunda döyüşlərdə canlarını qurban
vermiş Vətən oğulları haqqında dövri mətbuatda
müntəzəm çıxışlar etmiş,
ayrı-ayrı bölgələrdə baş vermiş
qanlı döyüşlər, faciələr, habelə həmin
bölgələri təmsil edən şəhidlər
haqqında kitablar çap etmişlər.
İkincisi, müharibə ilə
bağlı problemlərin təsvirində
xroniki ardıcıllığın qorunub saxlanması, fakt və
hadisələrin olduğu kimi verilməsidir. Bu dövrdə
gündəliklər, qeydlər, xatirələr xüsusilə
üstünlük təşkil edirdi".
"Qəm leysanı" kitabında göstərilir:
"Əksəriyyəti 90-cı illərin əvvəllərində
qəm leysanına çevrilərək yurdun daşlarına,
sal qayalarına səpələnmiş insanların nakam
taleyindən teleqraf üslubu ilə söz
açılır..."
Demək,
Şəhidlik mövzusu
90-cı illər publisistikasından qırmızı xətt
kimi keçir və aparıcı mövzuya çevrilir. Təbii
ki, vətənpərvər, yurdsevər şair, nasir, publisist
olan Nurəngiz Günün də publisistikasında əsas
yeri şəhidlər və onların qəhrəmanlıqları
tutmalı idi: "Tanıyın! Hafiz Şiraslan oğludur!
Haqq döyüşümüzdə ilk düşmən kəndinin
alınmasında, ilk qələbə bayrağının
torpağa sancılmasında hünərvər o
olmuşdur!"
"Yox, yoxdur o türklər,
bu türklər..." məqaləsində Nurəngiz Gün
türkləri hissələrə, bölgələrə
bölənlərə qarşı bir üsyan
qaldırır. Müəllif yazır: "Tək türklərik...
yalnız Allaha təslimik... Eşqini əsirgəməsin
üzərimizdən..."
"Sonra
Napoleon..." məqaləsi aktyor Fuad Poladova, onun sənətkarlığına,
yaradıcılığına həsr olunub. Keçən əsrin
80-90-cı illərində əsrarəngiz səsi ilə
tanınan Fuad Poladov bir aktyor kimi xalqın sevimlisinə
çevrilmişdi. Ən böyük obrazı
"Napoleon" tamaşasında oynadığı Napoleon
obrazı idi. Obrazı o qədər yüksək səviyyədə
oynamışdı ki, hər kəs onu Napoleon
çağırırdı. Tamaşaya baxan Nurəngiz
Gün onu belə təsvir edir: "Budur,
çırpınır o! Sərkərdə!
Çırpınır sənətkar! Ucaldır Bonapartı,
saflaşdırır, gözəlləşdirir, bütün
hüceyrə-siniriylə..."
Səhnədə böyük sərkərdə
olan sənətkar həyatda çox sadə,
kasıb biri idi. Tamaşadan çıxıb evə gələndə
yazarın nəvəsi qışqırır: - Nənə,
bax, Napoleon avtobusa minir!
Nurəngiz Gün məqalənin
sonunda öz oxucularını
düşündürür: "Görəsən,
ağır tamaşadan sonra ayaqüstə avtobusla evinə gedən
sənətkarın halı necə olacaq?!"
Beləcə, biz Nurəngiz Günün
publisistikasına bir nəzər saldıq. Şair,
yazıçı olan Nurəngiz Gün eyni zamanda bədii
publisistika ilə də yaradıcılığını zənginləşdirib.
Ən çox öz dövrünü əks edirən yazar
qarşılaşdığı, gördüyü, şahidi
olduğu mövzuları qələmə alıb. O,
Qarabağ hadisələri, şəhidlər haqqında,
Türk dünyası, onun əleyhdarları haqqında, sevdiyi
aktyorlar, şairlər, onların həyatı, sənətkarlığı
haqqında maraqlı, düşündürücü bədii
yazılarla öz oxucularını sevindirib. Axıcı, bədii
bir dillə, özünəməxsus şəkildə
yazılmış bu esse-məqalələrin mövzu dairəsi,
göründüyü kimi, müxtəlif və rəngarəngdir.
Bu əsərlər həm yazarın
yaradıcılığında, həm də ədəbiyyatımızda
önəmli bir yer tutur.
Bahar BƏRDƏLİ
Ədəbiyyat
qəzeti.- 2024.- 13 dekabr, №49.- S.22.