... yaxşı, yazmısan bu şeirləri...

 

Rəşad Məcidin poeziyası haqqında

 

"...Bilsəydim, yazmazdım bu şeirləri..." Rəşad Məcid özü yaxşı bilirdi ki, bu şeirləri yazmaya bilməzdi, bir ilahi sehrin, hökmün diktəsi ilə, özündən xəbərsiz yazılıb şeirləri. Əslində sevgi şeirlərinin əksəriyyəti elə-belə, qələmsiz yazılır - qəlbin diktəsiylə... Məhəbbət odunun dolduğu ürəklər sanki sevgi şeirləri ilə sərinləşir, sakitləşir, rahatlaşır.

Dünya poeziyasının baş mövzusundan bu günümüzdə yazılır. Köhnə dünyanın təzə sevgiləri yeni şeirlər doğurur. Doğuluşdan öləni olur, əbədiyaşarlılıq qazananı da. Sevgi şeirlərindən söz açdığım Rəşad Məcid üçün bu mövzu doğmadır, yaxındır, həm ağrılıdır. Şair etiraf edir ki, qəbr əzabı duyur, "ölə-ölə" yazır sevgi şeirlərini:

 

Əzabın, sitəmin içində azdım,

Gah kəfən geyindim, gah qəbir qazdım.

Bilsəydim, əvvəldən heç başlamazdım,

Öldüm yaza-yaza bu şeirləri.

 

Adəm-Həvva, Yusif-Züleyxa, Leyli-Məcnun, Romeo-Cülyyeta s. sevgi dastanları, nağılları əsrlərin daş yaddaşından bu günümüzə qədər gəlib bu ədəbi bağ hələ ki, qırılmayıb, davam edir. Nakam Şəhriyar-Sürəyya dastanı "Behcətabad xatirəsi"nə çevrildi, məhəbbət ağısı kimi söz xəzinəmizi bəzədi. sirdirsə, sevənlər hisslərini sətirlərə, mahnılara, rəsmlərə tökəndə, heykəllərdə əbədiləşdirəndə sanki yüngülləşirlər. Sevgidən yaranan bu əsərləri oxuyanda, rəsm əsərlərinə baxanda, daş heykəllərə toxunanda sanki duyğularımız da istiləşir, oyanır, içimiz işıqlanır. Etiraf edirəm, ilk gəncliyimdə olduğu kimi, indi əlimə şeir kitabı alanda ilk əvvəl sevgi şeirləri bölümünə baxıram, ilk onları oxuyuram. mənə elə gəlir ki, müəllifin demək istədiyini anlamaq, hiss duyğularında dərəcədə səmimi olub-olmadığını bilmək üçün bu çox vacibdir.

Yazıçı, publisist Rəşad Məcidin şeir dünyası ayrı aləmdir. Deyərdim ki, nəsrindən, publisistikasından daha güclüdür. Niyə? Səmimiliyinə, təsirliliyinə, təbiiliyinə, köhnə mövzuya yeni yanaşmasına, sözlərin yaratdığı rəng palitrasının füsunkarlığına görə! Qeyd edək ki, Rəşad Məcid onu narahat edən bütün mövzulardan yazıb, amma sirdirsə, sevgidən yazdıqları daha təsirli alınıb, yanğılıdır. Bu şeirlər həssas bir şair ürəyini üzü-astarıyla - bütün tamlığıyla əks etdirir:

 

Ağrılar, əzablar ac quzğun kimi,

Boynuma uzatdı caynaqlarını.

Vurduğun yaralar sağalmamışkən

Yenidən qopardı qaysaqlarını...

Bilsəydim, yazmazdım bu şeirləri.

 

Şair Rəşad Məcidin poetik duyğuları yaz-payız havası kimi dəyişkəndir. Gah bahar nəsimi kimi ilıq olur, gah sopsoyuq payız küləyinə dönür, bəzənsə çöl çiçəklərinin zərif qoxusunu verir, hərdən üzərində daş, qaya ağırlığı duyursan... Amma sirdirsə, bu qatmaqarışıqlıqdan doğulan şeirlərin hamısı təzə doğulan körpə qoxusundadır. Rəşad Məcidin sevgi şeirləri insanı ötən illərinə qaytarır, üzərinə daş basdığın yeniyetməlik, gənclik arzularına heyifsilənirsən, o nağıl anların bir geri gəlməyəcəyinə için-için sızlayırsan:

 

Sən elə telləri qırıb getmisən,

Sən elə yaralar vurub getmisən,

Təpəri yoxdu ki, dözüb dayansın,

mənim dünyamın,

bu dünyanın.

Qəfil gəlişinlə suç eləmisən,

Sənsiz keçən ömrü puç eləmisən,

Vurmayıb heç zaman belə qar-yağış

mənim dünyamı,

bu dünyanı...

 

Məhəbbət ağrısının əksi olan sevgi şeirləri Rəşad Məcidi bizə daha yaxından tanıdır. Kövrək, duyğulu, yaşamında, deyimində tam səmimi olan birini görürsən. Elə birini ki, məhəbbət qarşısında acizliyini illər sonra belə körpə uşaq kimi etiraf etməkdən çəkinmir:

 

Zorla xoş xatirələri,

isti sözləri

islaq dəsmal kimi

beynindəki yaralara qoyub soyudarsan.

Düşünərsən, keçdi daha,

unuduldu ağrıların, sakitləşdi beynin,

qəfildən hansı sözlə, hisslə,

bilməzsən peyda olduğunu -

sanki bir əl sinənin altından girib

ürəyini bir dəfə sıxıb çıxır...

 

Rəşad Məcid üçün məhəbbət adi, ötəri hiss, şeir mövzusu deyil, sirli-sehrli, möcüzəli dünyadır:

 

Elə möcüzələr yaratmısan ki,

Elə dəqiqələr yaşatmısan ki,

Olmayıb heç onun yüzdə biri

mənim dünyamda,

bu dünyada...

 

Klassik şairlərin sevgiyə münasibətləri, bu duyğuların poetik əksi zaman-zaman fərqli olub. Sevgi şeirlərinin, eşq mövzusunun ədəbiyyatın şah damarı sayıldığı orta əsr poeziyasında Nizami, Nəsimi, Füzuli, S.Təbrizi, Hafiz məhəbbətdən yazarkən, klassik şeir üslubuna daha çox üstünlük verib, qadını, onun gözəlliklərini, sevgini təmtəraqlı ibarələrlə ilahiləşdirirdilərsə, Rəşad Məcid mövzuya tam fərqli yanaşır. Rəşadın təqdimatı özəldir - Çiyələk qadın. Bu şeirdən çiyələyin dadı, tamı gəlir. Sadə, sadə olduğu qədər uğurlu, "şirin" bənzətmə - Çiyələk qadın!

 

Bilmədim iblissən, ya mələk, Qadın,

Ətri, gözəlliyi çiyələk Qadın.

Bir gəlməyəcək sənintək Qadın

mənim dünyama,

bu dünyaya.

 

Rəşad Məcid üçün məhəbbət nədir? Başlanğıcda söz oyunu!

 

Başlayanda macəradı,

Dəcəllikdi, zarafatdı.

Bir gördün ciddiləşdi,

Yaxın gəldi addım-addım - söz oyunu.

 

"Vüsal həsrətlə yanaşı doğulub", deyirlər. Hicran məhəbbətin əzəli yol yoldaşı olub. Güclü məhəbbətin bir əzablı darıxmağı da var. Rəşad Məcid necə sevirsə, elə o cür darıxır:

 

Mən sakit darıxmıram,

Adam kimi darıxmıram,

Hüceyrələrim

ağzını açıb çığırır.

Damarlarım

qanımdakı aclığı

bütün vücuduma yayır.

Beynim qollarımda

döyünür -

ilikləriməcən darıxıram.

 

Bu sətirləri oxuyanda "niyə"sini bilmədən sən darıxırsan, ötən illərinin xatirə yükünün ağrısı yaddaşının sıxıb suyunu çıxarır, sızıldadır:

 

Mən sənsiz darıxanda

Min il əvvəlki

sümüklərim

sızıldayır.

 

Fikir vermisinizmi? Elə şeirlər var ki, özündə yazıldığı fəsillərin əksidir sanki. Rəşad Məcidin sevgi şeirlərini oxuyanda ilıq bahar havası, payız sərinliyi sətirlərdən adamı vurur:

 

Sadəcə, səni xəyalıma gətirmək,

Sadəcə, barmaqlarımı

daraq kimi

saçlarına keçirmək,

tellərinin arasından

süzülən dərin

gözlərinə baxmaq,

yanağındakı xalından

öpmək bəsdi ki,

tir-tir titrəyim,

əsim-əsim əsim!

 

Əsim-əsim əsən bu sətirlərdən təmiz, saf sevginin qoxusunu alırsan. Həyatında heç olmasa, bir dəfə ürəkdən sevənlər bu qoxunu, bu həyəcanı, duyğuları yaxşı anlayır. Rəşadın köhnə mövzuya poetik yanaşması təptəzədir, yanğılıdır, adamın lap cızdağını çıxarır!

 

Təzə ət qoxusu

duyan it

necə ki, zəncir çeynəyib dartınır,

Siçan pendir iyinə

necə ki, gözüyumulu atılır,

Xəstə narkoman gecəyarısı

özünü aptekin qapılarına

çırpıb qışqırır.

Bax, elə olursan

sevgi qoxusu,

sevgi havası hiss eləyəndə!

 

Rəşad Məcid adi sözlərdən həzin bir sevgi səbəti hörməyi bacaran sənətkar-aşiqdir. Bu səbətdə sevginin bütün çalarları iç-içədir, bir-birinə hopub:

 

Bəlkə, 10 il sonra, 15 il sonra

Bir soyuq ağılla, bir sakit başla

Keçmişə qayıdıb düşünəcəksən,

Düşünüb heyrətdən üşünəcəksən:

Qanı dayanmayan yaralarımı

Hansı məlhəmlərlə sarıdığımı,

Səni bu zərbələr, bu hücumlardan

Üfürə-üfürə qoruduğumu.

 

Ruhu duyğulandırmayan, hissləri oyatmayan əsərlər hansı mövzuda olursa-olsun, unudulur, ədəbiyyatın zaman-məkan sərhədini aşa bilmir. Rəşad Məcid bu həqiqəti yaxşı bildiyindən əsərlərinə ürəyinin odunu, ağrı-acılarını, şirinliyini qatır, göz yaşıyla suladığı söz kündəsinin küt getməsini istəmir:

 

Necə ki,

acımasız, mayasız

kündə küt gedir, təndirdə durmur,

tökülür köz üstə,

qapqara qazmağa dönür,

Mən eləyəm indi -

Sənsiz, sevgisiz!

Çəkmə əlini!

Sonra bu əzabların üstündə

cızdağı çıxan yanmış qırıntılarımdan

adam düzəltmək çətin olacaq.

 

Şair Rəşad Məcidin poeziyası mövzuca olduqca rəngarəng, çoxşaxəlidir. Bu mövzu rəngarəngliyində məhz məhəbbət istiqamətini seçməyim, bəlkə ruhi yaxınlıqdan, bağlılıqdan doğur.

 

Esmira İsmayılova

 

Ədəbiyyat qəzeti.- 2024.- 13 dekabr, №49.- S.23.