Mütaliə edən millətin intibahı
Utopiya, yoxsa reallıq?
Maraqlı məruzələr və
məlumatlar, elmi mübahisələr, təqdimatlar,
hətta bəzi mədəniyyət xadimlərinə
"Xalqlar dostluğu"
ordeninin təltifedilmə
mərasimi ilə
yadda qalan tədbir - bütün bunlar Almatıda, sadəcə, bircə gündə baş verdi. Bu ilin 3 dekabr tarixində
orada Bilik mədəniyyətinə dəstək
mövzusunda "Mütaliə
edən millətin intibahı" adlı VI Beynəlxalq konfrans keçirilirdi. Konfrans Qazaxıstanın Əmək
Qəhrəmanı, Xalq
yazıçısı, böyük
şair və ictimai xadim, biz azərbaycanlılar üçünsə
son dərəcə yaxın
və doğma insan - Oljas Süleymenovun
rəhbərlik etdiyi
UNESKO-nun himayəsi altında
fəaliyyət göstərən
"Beynəlxalq mədəniyyətlərarası
yaxınlaşma mərkəzi"nin
təşkilatçılığı ilə baş tuturdu.
Qısa
arayış
"Mədəniyyətlərarası yaxınlaşma mərkəzi
2015-ci ildə Qazaxıstan
hökumətinin qərarı
ilə yaradılıb",
- deyən, direktor müavini Saltanat Aşimova mənə izah etdi ki: "- Mərkəz Mədəniyyət
və İnformasiya Nazirliyi tərəfindən
maliyyələşdirilir. Xatirinizdə
qalıbsa, UNESKO-nun belə
bir layihəsi var idi - 2013-2022-ci illərdə
mədəniyyətlərarası yaxınlaşma onilliyi. O vaxt prezident Nazarbayev xüsusi institutun açılması təşəbbüsü
ilə çıxış
etmişdi, sonradan bunun Mərkəz olacağına qərar verdi. Əslində mərkəzi Astanada açmaq istəyirdilər,
amma Oljas Omaroviç və digər mədəniyyət
xadimləri onun məhz Almatıda açılmasını təkid
etdilər, bir neçə ildən sonra Qazaxıstan paytaxtında da mərkəzimizin
filialını açdıq.
Mərkəzimizin ilk direktoru akademik,
tarix elmləri doktoru, məşhur arxeoloq Karl Baybakov idi. Təəssüf ki,
2018-ci ildə qəfildən
vəfat etdi. Oljas Süleymenov yeni direktorumuz oldu.
Hal-hazırda bu təşkilat mədəniyyətlərarası
dialoqlara körpü olur, hər il mədəniyyətə və
elmə dəstək vermək məqsədi ilə beynəlxalq konfranslar keçirir, eyni zamanda "Avrasiya ölkələri arasında mədəniyyətlərin
yaxınlaşması" adlı
nüfuzlu Foruma ev sahibliyi edir.
Eyni zamanda biz məktəblilər və
gənclər arasında
"Böyük İpək
yolu - dialoqlara körpü" adlı
Forum da keçiririk. Bundan
başqa, mərkəzin
nəzdində Mərkəzi
Asiyadan olan müəllimləri bir araya gətirən Beynəlxalq yay məktəbi
fəaliyyət göstərir.
Onlar burada təcrübə mübadiləsi
aparır, diskussiyalara
qatılır, treninqlər
və master-klasslarda iştirak edirlər. Bir sözlə, biz MDB məkanında
tanınan və qəbul edilən humanitar əməkdaşlıq
platformasına çevrilmişik".
...Xəstə olmağına
baxmayaraq, gələn
qonaqlarla görüşmək
və onların qarşısında çıxış
etmək üçün
özündə güc
tapan Oljas Süleymenovun plenar iclasa qatılması hamımızı ruh yüksəkliyinə köklədi.
- Mən bu görüşə
30 ildir hazırlaşıram,
- deyən Oljas Omaroviç çıxışına
bu cür paradoksal fikirlə başladı. - Biz kitabdan
uzaq düşmüşük,
artıq kitab dövlətin
və vətəndaşın
köməkçisi ola bilmir.
Ardınca xeyli dəyərli
və ibrətamiz fikirlə müşayiət
edilən dialoq başladı. Oljas Süleymenov əvvəllər
də, indinin özündə də çox vaxt təhriflə, tarixi gerçəkliklərə kölgə
salmaqla təqdim edilən tarix elminin çağdaş durumuna toxundu. O, sovet dövründə yaranan peşəkar ədəbiyyatı təəssüflə
xatırladı. "O vaxt
qonorarla yaşamaq olurdu, - dedi və böyük tirajla çap olunan "Az i Ya" kitabının çapından əldə
etdiyi qonorarla tələbələrə səkkiz
mənzil aldığını
xatırlatdı. Həmin
gənclər o vaxtkı
Qazaxıstan Kommunist partiyasının I katibi D.Kunayevin vəzifədən
çıxarılması üçün
baş vermiş iğtişaşlara qatıldıqları
səbəbindən həbs
olunmuş, sonra Oljas Süleymenovun müdaxiləsi ilə azadlığa çıxmışdılar.
Bu səbəbdən Oljas
Süleymenov güman edir ki, ədəbiyyata və digər fundamental elmlərə mütləq
dövlət dəstəyi
olmalıdır, əks
halda, bildiyimiz kimi - özfəaliyyət
başlayır, necə
ki artıq başlayıb!
Oljas müəllim bizə qazax tarixindən az məlum olan
faktlardan danışdı:
qeyd etdi ki, 1920-ci ilin siyahıyaalınmasına
görə qazaxların
sayı 6 milyon, 1939-cu
ilin siyahıyaalınmasına
görə isə, cəmi 2 milyon olub. Yaxşı, bəs bu dörd
milyon hara gedib? Onlar az qala,
millətin yarısını
məhv edən kütləvi aclıq illərində həyatlarını
itiriblər. Amma qazax xalqının tarixindəki
bu faciə barədə, demək olar, bir kəlmə
də yazılmayıb.
"Tariximizdə bu cür "ağ" ləkələr çoxdur,
- Oljas Süleymenov qeyd etdi. - Biz, mərkəzimizdə bu məsələlərlə məşğul
olaraq, tarixi gerçəkləri bərpa
etməyə çalışırıq".
Yeri gəlmişkən, növbəti
sessiya da məhz -
"Tarixi ədəbiyyatın
gələcəyi" adı
ilə baş tutdu. Həmin sessiyada "Tarixi-bioqrafik
roman Azərbaycan ədəbiyyatında
yeni janr kimi" mövzusunda geniş məruzə ilə çıxış edərək,
müxtəlif dillərə
tərcümə olunmaqla,
geniş oxucu kütləsinin dərin marağına səbəb
olan altı cildlik "Heydər Əliyev. Şəxsiyyət
və Zaman" adlı
tədqiqat-romanı üzərindəki
yaradıcı prosesdən
bəhs etdim. Məruzəmi "...əminəm
ki, tarixi-bioqrafik janr hələ uzun illər postsovet coğrafiyasında geniş
oxucu kütləsinin marağına səbəb
olacaq, konfransın ortaya qoyduğu digər məsələlərlə
yanaşı, bilavasitə
mütaliə edən
millətin intibahına
təkan verəcək"
sözləri ilə bitirdim.
Məruzəm qazax alimlərinin
marağına səbəb
oldu, ikinci sessiyanın moderatoru - M.Auezov adına
Ədəbiyyat və
İncəsənət İnstitutunun
direktoru, Qazaxıstan Respublikası MEA-nın akademiki Kenjehan Matıjanov "Qazaxıstanda
da uzun illər respublikaya rəhbərlik etmiş, milləti və milli özünüdərki
formalaşdırmış şəxsiyyətlər haqqında
bu cür əsərlər yazılmalıdır"
- deyərək, fikirlərini
bildirdi.
Çıxışının sonunda Oljas Omaroviç çox mühüm bir məsələyə toxundu. Qeyd etdi
ki, azərbaycanlılar, bütün
digər türk xalqları kimi, millət olaraq hələ eramızdan əvvəl - IV əsrdən
formalaşmağa başlayıblar.
Məhz
bu səbəbdən tarixi kökləri çox qədimlərə
gedib çıxan azərbaycanlıların danışıq
dili oğuz dialekti olaraq günümüzə qədər
yaşayır. Və
biz, Oljas deyir, bunu sübut etmişik və haqqında dəfələrlə
yazmışıq. Doğrudan
da, Bakıda türk xalqlarının qədim eposu - "Kitabi Dədə Qorqud" dastanının 1300 illiyi təntənə ilə qeyd olunanda, ölməz eposun mənşəyi və yaranma tarixi ilə bağlı həmişəki kimi fərqli yanaşması olan Oljas bu
mühüm hadisəyə
biganə qala bilməmişdi. Elm aləmində
ilk dəfə dastan qəhrəmanlarını
qədim yunanların günəş kultu mifləri ilə müqayisə edən Oljas, "Dədəm Qorqudun kitabı"nın
"İlliada" və
"Odisseya"dan daha
qədim olduğunu söyləməyə cəsarət
tapmışdı. Onun
heyrətlə qarşılanan
məruzəsi MDB dövlətlərindən
və uzaq xaricdən yubiley təntənəsi çərçivəsində
baş tutan konfransa gəlmiş türkoloq alimlərin böyük marağına
səbəb olmuşdu.
Yəqin bir neçə il sonra Brüsseldə Azərbaycan
dövlətinin təşəbbüsü
ilə Dədə Qorqud abidəsinin açılış törənində
prezident İlham Əliyevin
yanında məhz onun - Oljas Süleymenovun
dayanmağı heç
də təsadüfi deyildi.
Çıxışından sonra Oljas Omaroviç konfrans iştirakçılarının
bəzilərinə Qazaxıstan
hökumətinin Süleymenovun
şərəfinə təsis
etdiyi "Xalqlar dostluğu" ordenini təqdim etdi. Nə xoş ki, həmin mötəbər
ordeni almaq səadəti mənə də nəsib oldu. Və əminliklə
deyə bilərəm
ki, bu orden həyatda aldığım
ən dəyərli mükafatlardan birinə çevrildi...
***
Konfransda
alimlər, yaradıcı
və ictimai təşkilatların rəhbərləri,
Beynəlxalq Türk Akademiyasının, TÜRKSOY-un, UNESKO-nun
regional ofisinin, Beynəlxalq
PEN klubun və başqa nüfuzlu birliklərin nümayəndələri
iştirak edirdilər.
Tədbirə Türkiyədən,
Rusiyadan, Qırğızıstandan,
Azərbaycandan olan alimlər, Fransadan və Böyük Britaniyadan (İnternet vasitəsilə)
gəlmiş qazax ədəbiyyatı tərcüməçiləri
də qatılmışdı.
Natiqlər konfransın əsas
qayəsi ətrafında
olan müzakirələrə
münasibət bildirməyə,
ortaya çıxan suallara cavab tapmağa, maneələrin
aradan qaldırılması
üçün fikir
və təkliflərini
səsləndirməyə çalışırdılar.
Türk dünyası
rəqəmsal arxivinin
yaradıılması yönündə
aparılan işlərdən
bəhs edən
"TURKTAV" Türk tarixi
və mədəniyyəti
fondunun direktoru Asel Laxayevin çıxışı yaddaqalan
oldu. Artıq
"turcology.com" elektron kitabxanasının yaradıldığını
qeyd edən natiq, gələn il türkdilli ölkələrin
beynəlxalq kitab yarmarkasını
keçirməyi planlaşdırdıqlarını
qeyd etdi və dedi ki, bütün bu təşəbbüslər birmənalı
şəkildə əsas
məqsədə - mütaliə
edən millətin intibahına xidmət edir.
Konfransa
Azərbaycandan olan digər nümayəndələr
də qatılmışdı.
Filologiya elmləri doktoru Əsmət Məmmədova "Oljas Süleymenov yaradıcılığı
və onun Azərbaycan ədəbiyyatının
inkişafında rolu"
mövzusunda məruzə
ilə çıxış
etdi, professor Vaqif Sultanlı konfrans iştirakçılarının qarşısına "Azərbaycan
ədəbiyyatında tarixi
roman milli-etnik yaddaş
kontekstində" məruzəsi
ilə çıxdı.
Mərkəzi Asiya respublikalarında öz yazıları və tərcümələri ilə
yaxşı tanınan
Azərbaycan MEA Əlyazmalar
İnstitutunun alimi Nəzakət Məmmədli
isə Azərbaycanda Oljas Süleymenovun əsərlərinin tərcüməsi
və tədqiqatı
məsələsinə toxundu.
Bunun ardınca Nəzakət
xanım Oljas Süleymenovun Azərbaycan
dilinə tərcümə
olunmuş bir neçə şeirini səsləndirdi, həmin
mətnlər arasında
Nəzakət Məmmədlinin
öz tərcüməsi
də var idi. Məruzələrin üçü
də konfrans iştirakçılarının böyük marağı ilə qarşılandı.
Azərbaycan Yazıçılar birliyinin sədri, Xalq yazıçısı
Anar konfrans iştirakçılarına xüsusi
məktub göndərmiş,
məktubda oxucu və yazıçı arasındakı qarşılıqlı
münasibətlərə toxunaraq:
- "...bu məsələ
çağdaş dövrümüzdə
ən ağrılı
problemlərdən biridir",
- deyə qeyd etmişdi.
Məktubun aktuallığını nəzərə alaraq, onu bütünlüklə
sizin diqqətinizə
çatdırmaq istəyirəm:
"İnternet,
Youtub, İnstaqram,
Tik-Tok, Feysbuk və digər sosial şəbəkələr potensial
oxucunu kitabdan yayındırır. Faydalı
məlumatlarla yanaşı,
gənc nəsil həm də keyfiyyətsiz məhsullar,
gərəksiz dedi-qodular
və "qara" piar axını ilə üz-üzə qalır. Bu gün mənim qələm yoldaşlarımın ən
mühüm vəzifəsi
elə həmin o texniki və elektron vasitələrdən
istifadə etməklə
əsl ədəbiyyatın
təbliğatını aparmaqdır.
Oxucularla qarşılıqlı
münasibətlər qurmaq
üçün daha fəal olmalıyıq - çoxsaylı kitab yarmarkaları,
yazıçılarla görüşlər,
saytlarda və televiziya verilişlərində
geniş oxucu marağına səbəb
olan kitabların müzakirəsi məhz
buna xidmət etməlidir.
Biz oxucunu Kitaba və Sözə qaytarmalıyıq.
Türk
dünyasına gəlincə:
biz bir-birimizi daha çox tərcümə
etməliyik, bir-birimizlə
daha çox əlaqə yaratmalıyıq,
çünki mədəniyyətlərimiz
məhz bu tərcümələr və
əlaqələr sayəsində
yaxınlaşa, bir-birinə
təsir edə bilər. Sovet dövründə ədəbi
yaradıcılıq və
onun təbliğatı
yönündə pozitiv
məqamlar az deyildi, həmin təcrübədən yararlanmaq
lazımdır: ədəbiyyat
fondlarının yaradılması,
yazıçılara maddi
dəstək göstərmək,
ədiblərin digər
ölkələrə səfərlərini
təşkil etmək
kimi ənənələri
bərpa etmək və s. zərurətdir.
Arzu edirəm ki, Almatı konfransına toplaşan alimlər və yazıçılar müzakirələr
və söhbətlərdən
sonra növbəti bir xeyirxah işə
- mütaliə edən
milətin intibahına
- yeni cığır sala
bilsinlər".
Məmnuniyyətlə qeyd etməliyəm ki, Anarın
yuxarıdakı məktubda
diqqətə çatdırdığı
təkliflər VI Beynəlxalq
konfransın Qətnaməsinə
daxil edildi.
***
Mənim
iki dəfə çıxış etmək
imkanım oldu ki, onlardan biri, məhz Oljas Süleymenovun iştirak etdiyi iclasda baş tutdu. Çıxışımı sizin diqqətinizə çatdırmaq istəyirəm:
"Əziz Oljas müəllim, hörmətli
konfrans iştirakçıları!
Sizi mədəniyyətlərin və
elmin dəstəklənməsi
üçün təşkil
edilmiş VI Beynəlxalq
konfransda salamlamaqdan qürur duyur, dəyərli Oljas Süleymenova məni konfransa dəvət etdiyi üçün öz dərin təşəkkürümü bildirmək istəyirəm.
Bildiyiniz kimi, bu yaxınlarda Bakıda qlobal bir hadisə - BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
29-cu sessiyası baş
tutdu. İki yüzə yaxın dövlətin nümayəndəsi
qatılan və müəyyən müddət
ərzində bütün
dünyanın diqqətini
Bakıya yönəldən
bu mötəbər tədbirdə daha çox qlobal qarşılıqlı təsirlərdən,
qarşılıqlı anlaşmalardan
və razılaşmalardan
bəhs olundu. Çünki COP29-da məhz
qlobal ekoloji problemlər ətrafında
qaldırılan bütün
məsələlər, BMT üzvü olan ölkələrin birgə
səyini tələb
edir. Lakin Oljas Süleymenov illər əvvəl öz məşhur "Müstəmləkə
asılılığı əsrindən - müstəqillik
dövrünə və
şüurlu qarşılıqlı
asılılıq mərhələsinə"
adlı düsturunda uzaqgörən siyasi xadim kimi məhz
bu məsələyə
münasibət bildirmişdi.
Həmin dövr başlayıb və bu gün bizim
zərif planetimiz təbii və texnoloji fəlakətlərlə
məhv olmaq təhlükəsi ilə
qarşılaşdığı üçün bu fundamental
düsturu həyata keçirməyə həmişəkindən
daha artıq ehtiyac duyur.
Oljas - ucsuz-bucaqsız səhraların
övladı - hər
zaman böyük xəyalpərəst
olub. Onun xəyalları da həmişə
görünüşü qədər
böyükdür. Oljasın
unikallığı ondadır
ki, onun ilk baxışdan
utopik təsir bağışlayan əksər
arzusu gerçəkləşib.
Məsələn, nüvə
sınaqlarına qadağa
qoymaq arzusu sonunda nüvə sınaqlarına uzunmüddətli
moratorium qoyulması ilə
sonlandı. Onun türkdilli xalqların birliyi ilə bağlı müqəddəs
arzusu Türkdilli dövlətlər təşkilatının
təsis edilməsinə
gətirib çıxartdı
və biz ildən-ilə
bu birlik altında daha da möhkəmlənirik. Sözün
gerçək mənasında,
dünya onun kimi xəyalpərəstlərin
çiyinləri üzərində
duruş gətirir...
Əsərlərində fərqli mədəniyyətlərin və
inancların ucalığını,
böyüklüyünü və heyrətamiz harmonik sintezini dahiyanə şəkildə,
yüksək ustalıqla
qələmə alan Oljas Süleymenovun bütün yaradıcılığı
öz bəşəriliyi
ilə seçilir. O,
şüurumuzun sərhədlərini
kosmik sonsuzluqlara qədər genişləndirməyə
çalışır. Bu prizmadan
şair Süleymenov, sözün gerçək
mənasında, bütün
dünyanın vətəndaşıdır.
Bizim üçün,
Azərbaycanda yaşayanlar
üçün isə
o çox doğma və yaxın adamdır. Həm də çox əlçatandır. Necə
deyərlər, əsl
İnsandır.
"Literaturnaya qazeta"da işlədiyim vaxtlar məqalələrimin birində
xalq şairi Bəxtiyar Vahabzadənin
1990-cı ilin dəhşətli
"qara" Yanvar günləri ilə bağlı xatirələrini
qələmə almışdım.
Həmin günlərdə
Bəxtiyar müəllim
Rusiyadakı dostlarına
və həmkarlarına
ümidsizliklə dolu
teleqramlar göndərdiyini,
zəng vurduğunu, böyük kədər içində onlara Bakıda hakimiyyətin öz xalqına qarşı törətdiyi
dəhşətli cinayətindən
danışmağa, uşaqların
tank tırtılları altında
qaldığını söyləməyə,
"Təcili yardım"
maşınlarının güllə
yağışına tutulduğunu
anlatmağa çalışdığını
deyirdi...
- Heç kəs səsimə səs vermədi, - Bəxtiyar Vahabzadə o vaxt xatırlamışdı, - nə
Jenya Yevtuşenko, nə Çingiz Aytmatov, nə Rimma Kazakova. Amma Oljas Süleymenov xəstə ola-ola, ağır
qripə yoluxmağına
baxmayaraq, demək olar, hadisələrin səhəri günü Bakıya gəldi. Biz ona necə də
minnətdarıq!
Təxminən, on il sonra Oljas Süleymenovla görüşündə
Azərbaycanın ümummilli
lideri Heydər Əliyev də onun bu vətəndaş
addımını xatırlayaraq
demişdi: "Hesab edirəm, siz həm Azərbaycan xalqının, həm də mənim dostumsunuz... Siz Azərbaycanda həm bir yazıçı, həm də siyasi xadim kimi
böyük nüfuz sahibisiniz. Xalqımız
1990-ci ilin yanvar ayında, sovet qoşunları tərəfindən
Azərbaycanın amansız
işğala məruz
qaldığı günlərdə
sizin fəaliyyətinizi,
sovet qoşunlarının
Bakıya yeridilməsindən
cəmi iki gün sonra buraya gəldiyinizi yaxşı xatırlayır
və yükəsk qiymətləndirir. Siz buraya gəldiniz, burada çıxışlar
etdiniz, bütün bunlara münasibət bildirdiniz və bütün bu hadisələri pislədiniz.
Azərbaycanda bunu heç vaxt unutmayacaqlar".
Xarici ölkələrdə aldığı
çoxsaylı nüfuzlu
mükafatlarla yanaşı,
Azərbaycan Prezidenti
İlham Əliyevin Oljas
Süleymenov yaradıcılığına,
Azərbaycan Respublikası
ilə Qazaxıstan Respublikası arasında mədəni əlaqələrin
inkişafına verdiyi
töhfələrə görə
təqdim etdiyi dörd yüksək mükafat da yer alır.
...Bir neçə il əvvəl
Oljas müəllimin yubileyimlə əlaqədar
mənə göndərdiyi
məktub aşağıdakı
sətirlərlə bitirdi:
"Qazax dilində belə bir söz
var - jasa. Müxtəlif
yanaşmalarda bu söz iki fəqrli
məna bildirir: 1)
"yaşa", 2) "yarat",
"gör".
Müəyyən bir dövrdə
bu sözlərin mənası bir-birindən
fərqlənmirdi. Məncə,
elə indi də o sözləri bu cür anlamaq
lazımdır: yaradıramsa,
demək, yaşayıram!
Bir yazıçı və ictimai xadim kimi
gördüklərimin müqabilində
bu gün mənim bir qardaş tələbi və arzusu ilə sənə:
"JASA, ELMİRA XANIM! YAŞA VƏ YARAT!" deməyə haqqım çatır. Lütfən,
bu xahişimi yerinə yetir".
Budur, bu gün mən
də öz dostum və qardaşım Oljas Süleymenova bacı kimi müraciət edirəm: "JASA, OLJAS, HƏLƏ ÇOX
YAŞA! YAŞA VƏ YARAT!"
***
Bilik mədəniyyətinə dəstək
çərçivəsində baş tutan VI Beynəlxalq konfransın yekununda deyildi:
"Artıq 30 il olar, sosial hadisələrdəki
müstəqillik kitablara
sirayət edib, cəmiyyətin kitabdan ayrı düşməyinə
səbəb olub. Lakin
növbəti onilliklər
kitabla xalq arasında şüurlu qarşılıqlı asılılıq
dövrü olmalıdır.
Dövlətlər mədəniyyət siyasətinin
əsas prioritetlərinə
sistemli şəkildə
inteqrasiya olunmuş sosial və dövlət sifarişini dirçəltməklə, dövlət
dəstəyi ilə ədəbi fondlar, ədəbi dərgilər,
müvafiq internet saytları,
KİV yaratmaq və onların tam işləməsinə
geniş imkanlar açmaqla, ədəbi tənqid institutunun fəaliyyətini genişləndirməklə
milli ədəbiyyatlarda mədəni
kod, milli kimlik ideyalarını formalaşdıra
bilərlər. Mədəniyyətləri
yaxınlaşdırmağa qadir əsərlər də yalnız bu halda meydana
çıxacaq".
Yəqin
hörmətli Anar konfransa ünvanladığı
təbrik məktubunda
"ədəbi yaradıcılıq
və onun təbliğatı istiqamətində
sovet dovrünün pozitiv hallarını xatırlamaq və o ənənələri bərpa
etmək lazımdır"
yazmaqda çox haqlıdır. Artıq Azərbaycanda bu istiqamətdə xeyli iş görülüb və görülməkdə
davam edir: Mədəniyyət və
incəsənət günləri,
kitab yarmarkaları, ədəbi
dərgilərə dövlət
dəstəyi, çap
məhsullarının ƏDV-dən azad edilməsi.
Bu məsələlərdə məktəblərin və
ali təhsil ocaqlarının üzərinə
böyük məsuliyyət
düşür, onlar
da bu möhtəşəm
missiyada - mütaliə
edən millətin intibahında yaxından iştirak etməlidirlər.
Təxminən, yarım əsr
əvvəl Asiya və Afrika ölkələri
yazarlarının konfransında
çıxış edən
Oljas Süleymenov böyük uzaqgörənliklə
demişdi: "Şekspir
doğmayan mədəniyyətdə
heç vaxt Nyuton yetişməz..."
Məncə, əsrlər
boyu varlığını
qoruyub saxlaya bilən Azərbaycan ədəbiyyatının öz
şekspirləri, riyaziyyat
sahəsində isə
heç də Nyutondan geri qalmayan Lütfi Zadəsi olub. Artıq yeni nəsil "fiziklər"in və
"liriklər"in zamanı
gəlib yetişib!"
Rus dilindən tərcümə
Əyyub QİYASINDIR
Elmira
AXUNDOVA
Ədəbiyyat qəzeti.- 2024.- 13 dekabr, №49.- S.8-9.