Dünyanın iqlimi
Artıb yer üzünün dərdi-mərəzi,
Boyverməz dəryalar olubdur dayaz.
Elə bil pozulub mizan-tərəzi,
Nə qışımız qışdı, nə yazımız yaz.
Qədrini bilmirik Yer kürəmizin,
Göyə buraxırıq tüstünü, hisi...
Suyu zəhər olub çayın, dənizin,
Saralıb dünyanın bəti-bənizi.
Oğullar azalır, qızlar qarıyır,
Tamah çoxaldıqca, iman sozalır.
Bulaqlar quruyur, çaylar quruyur,
Dünyanın üzünün suyu azalır.
Çiçəklər tərk edir yamacı, düzü,
Qayıtmaq istəmir quş da yuvaya.
Tüstünün əlindən buludlar bezib,
Ciyər həsrət qalıb təmiz havaya.
Dərdlərin əlində acizik hələ,
Qurtula bilmirik dərddən, yaradan.
Tufanla, sel ilə, zəlzələ ilə
Xəbərdar eləyir bizi Yaradan.
Qiyamət öndədir, bu nədir hələ?!
Dünyanın üzünə qaranlıq çökür.
Arabir iqlimi dəyişmək ilə
Tanrı bəndələri sınağa çəkir.
Napakdan ayırıb təmizi, pakı
Bəşər haqq uğrunda döyüşə, bəlkə?
İqlim paytaxtına çevrilən Bakı
Dünyada iqlimi dəyişə, bəlkə?
Niyə son qoymuruq hərbə, davaya?
Yetməzmi bu qədər ağrı-acılar?
Anamız dünyanın təmiz havaya,
Bəşərin saflığa ehtiyacı var.
Allah bəndələri
çəkir sınağa
Pul seltək axdıqca eyşə, işrətə,
Halal dəyirmanın suyu sozalır.
Səbirlə dözürük zülmə, zillətə,
Namərdlər çoxalır, mərdlər azalır.
Bulaqlar quruyur, çaylar quruyur,
Balıq yoxa çıxır, quş yoxa çıxır.
Ata ocağında qızlar qarıyır,
Ağıl yoxa çıxır, huş yoxa çıxır.
Sayı azalıbdır indi toyların,
Elə bil bu millət gəlib nəzərə.
Nəfs dənizinə axan çayların
Bircə damlası da çatmır Xəzərə...
Həyat dikbaşların alır canını,
Hər şey dəyişibdir özgürlüyünü.
Zəlitək soran var onun qanını -
Kür də itiribdir öz kürlüyünü.
Nə qədər doğmanı
"yad çıxarmışıq",
-
Haramla yoğrulan bu bazar çökə!
Hasarlar çəkməklə ad
çıxarmışıq,
Yoxdur nəfsimizə bir hasar çəkən.
Başımda ildırım çaxır
elə bil,
Yaralı
köksümdə dərd
puçur-puçur.
Hasara girməkdən qorxur elə bil,
Dəniz
ətəyini çırmayıb
qaçır...
Hələ məzlumların göynəyir
içi,
Zalımlar daş atır qəlbi sınığa.
Qiyamət günündə haqq-hesab
üçün
Allah bəndələri çəkir
sınağa.
Yaşamaq eşqinin abidələri
Güllü yamaclardan çiçək
dərəndə
Xoşbəxt sanmasınmı insan
özünü?
Sıldırım üstündə qala
görəndə
Heyrətə gəlmişəm ömrüm
uzunu.
Məbədlər ucaltmaq deyilmiş
asan,
Gözüm qalaların bürcündə
qalıb.
Hər
an düşünmüşəm, görəsən, insan
Bu gücü, qüvvəni
haradan alıb?
Heç
kimdən, heç kəsdən etmirəm giley,
Susuram bir xoşbəxt anın xətrinə.
Varmı
bu dünyada candan əziz şey,
Nələr etməmişik canın
xətrinə?
Nələrə qadirmiş həyatın
gücü? -
Ömür yollarında çox
şimşək çaxıb.
İnsan
sağ-salamat yaşamaq
üçün
Həmişə dəridən, qabıqdan
çıxıb.
Çətinə düşəndə əl açıb göyə,
Hamı
istəyib ki, salamat qala.
İnsan
öz canını qorusun deyə,
Dağların başında ucaldıb
qala.
Gözəllik məkanı olub
dağ, dərə -
Gələn çiçəklərin qoxusu imiş.
İnsan
qollarına sonsuz güc verən
Canını qorumaq qorxusu imiş.
Bizdən
uzaq olsun bütün bəlalar,
Xoş anlar həyatın qadir səsidir.
Əlçatmaz, quşqonmaz uca
qalalar
Yaşamaq eşqinin abidəsidir.
Elə bağlıyam ki,
bu
doğma yurda
Gəzdim
bu dünyanı mən addım-addım, -
Ömür yollarında səfər
baş qatır.
Nə qədər bulağın
suyunu daddım,
Qısraq
bulağının suyu
başqadır.
Misralar gül açar şair izində,
Demə
yaratmağa həvəsi
yoxdu.
Çox
çaylar görmüşəm
bu yer üzündə,
Ancaq Bərgüşadın əvəzi
yoxdu.
Dağ dağa oxşayır, dərə dərəyə,
Dənizin dənizə bənzəri
vardır.
Baxdım
heyranlıqla çox
mənzərəyə,
Çox
şükür, bu elin Xəzəri vardır.
Burda ayrı cürdü göl də, dəniz də,
Elə bağlıyam ki, bu doğma yurda,
Sanıram fərqlidir göylərimiz
də,
Ayrı
cür sayrışır
ulduzlar burda.
Onsuz ürəyim də döyünən deyil,
Əvəzi olmayan ruzidi vətən.
Dünya
ayrı cürdü burda elə bil,
Həyat
eşqimizin duzudu vətən.
Dünyanın dəyişməz
qanunu vardır
Onsuz da uzundu dünyanın işi
Nə canlar gedərək, nə canlar gəlir.
Deyinə-deyinə gedir qocalar,
Öyünə-öyünə cavanlar gəlir.
Kim nəyi itirdi, kim nə qazandı?
-
Qocalar...
Arzuya qəlibdi onlar? -
Cavanlar sanır ki, hər şey asandı,
Elə bilirlər ki, qalibdi onlar...
Həmişə bəşəri ümid
yaşadıb,
Dünyanı yolundan saxlamaq olmaz.
Gedənin dalınca qara daş atıb,
Gələnin yolunu bağlamaq
olmaz.
Hələ qarşıdadır çovğun,
qar, dolu,
Ömür yollarında hələ
nələr var?!
Payızda bitsə də baharın yolu,
Yaxşı ki, solmayan xatirələr
var...
Həyat
tez dil tapır
müdriklər ilə,
Kainat nadanın başına dardır.
Fəsillər, nəsillər dəyişsə
belə,
Dünyanın dəyişməz qanunu
vardır.
Qu desən, qulaqlar
batıran sükut
Uğurun
artdıqca, oxlov udacaq,
Neçə dost sandığın batacaq qəmə.
Pambıqla baş kəsən
görmüşdük, ancaq
Sükutla baş kəsən
var imiş, demə...
Güvəndiyim dağlar dalıb
sükuta,
Ürək istəməsə, söz
demək olmur.
Hamının ümidi qalıb
sükuta, -
Ancaq həqiqəti gizləmək
olmur.
Bu sükut dənizdə adaya dönüb,
Bu sükut qoynunda dağ uda bilər.
Şimşəklər bir qızıl sədaya dönüb,
Həsəd buludunu dağıda
bilər.
Bir yağış yağar
ki, zəfər yağışı,
Qara kötükləri yuyub aparar.
Pozar bu sükutu ümid alqışı,
Bir acı həqiqət haray qoparar.
Yelkənə çevrilər bəyaz
bir bulud,
Günəş saf qızılın
əyarı imiş.
Qu desən, qulaqlar batıran sükut
Mənim
kimliyimin meyarı imiş...
Necə
simsar olsun ürəyi buzla
İnsan
düşüncəsi, insan
amalı?
Susun, əziz dostlar, sükutunuzla
Mənim
uğurumdan intiqam alın.
Qərib kimiyəm
Zaman sifətimə salsa da qırış,
Uşaqlıq dünyamdan qopa
bilmirəm.
Gəzsəm də dünyanı
mən qarış-qarış,
Heç
harda rahatlıq tapa bilmirəm.
Qüssə əskik olmur niyə üzümdən?
Niyə
kədər dönüb
can sirdaşına?
Bilmirəm nə işdi, darıxıram mən
Getsəm
də dünyanın hansı başına...
Dənizin qoynunda üzürəm
hərdən,
Qəm yükü daşıyan nəhəng gəmiyəm.
Sanki yer oğluna yer yoxdu yerdə,
Elə göylərdə də qərib kimiyəm.
Dərdi olmayanlar
şeir oxumur
Yaranı
duz kimi göynətsə belə,
Elə düşünmə ki, yağıdır
şeir.
Sevən
ürəklərin nuru,
işığı,
Şair
ürəyinin yağıdır
şeir.
Çətin ki, sağala könül
dağları,
Hey köks ötürürük
gəzib dağları,
Xiffətlə yoğrulan ötən
çağları
Gözlərdən sel edib axıdır şeir.
Hər söz vərəq üstdə həsrət toxumu,
Daş qəlb çilikləyib sevgi oxumu.
Dərdi
olmayanlar şeir oxumur,
Ölən sevgilərə ağıdır
şeir.
Hicran nəhrləri düşsə
araya,
Körpüyə çevrilib yetir
haraya.
Bəzən məlhəm olur
əski yaraya,
Bəzən ürəkləri ağrıdır
şeir.
İztirab çəkənin göynəyir
içi,
Gözünün önündən eh, nələr keçir?!
Əli bu dünyadan üzülən üçün
Şirin
təsəllidir, nağıldır
şeir.
Sevgisiz bir ömür, de, nəyə dəyər?
Ürək zillət çəkər,
alışar ciyər,
İçində bir zərrə
nur olsa əgər,
Həsrət buludunu dağıdır
şeir.
Rafiq
YUSİFOĞLU
Ədəbiyyat qəzeti.- 2024.-
27 dekabr, №51-52.- S.26-27.