Yevgeni Yevtuşenko

    (1932-2017)

 

Gedirlər analar

 

Analar bizdən çıxıb gedirlər,

Barmaq ucunda, səssiz-səmirsiz,

asta-asta bizi tərk edirlər,

biz isə lap rahatca yatırıq,

doyunca yeməklə baş qatırıq,

duymadan həmən dəhşətli anı.

Qəflətən çıxıb getmir analar,

Yox, ancaq bizə elə gəlir ki,

birdən gedirlər munis sonalar.

İllər nərdivanıyla enirlər,

Ustufca, qıvraq addım atırlar,

vaxtında son mənzilə çatırlar.

Birdən ayılırıq, vurnuxuruq,

dəli kimi hansısa bir ildə,

səsli-küylü bir məclis qururuq,

təmtəraqlı ad günü keçiririk,

amma biz yamanca gecikirik,

belə çal-çağırlar xilas etməz,

onların ruhunu, bizim.

Lap uzaqlaşıb, itirlər gözdən,

Əbədi ayrılır analar bizdən.

Yuxudan ayılıb, əl atırıq,

az qala ki onlara çatırıq,

sanki əlimiz havada qalır,

aramızı şüşə divar alır.

Gecikdik! Çox gecikdik, ay aman!

Gəlib çatdı qorxunc, dəhşətli an.

Gizli göz yaşıyla baxdıq haman,

Necə sakit, sıx-sıx cərgələrlə

Gedirlər analar, ayrılıb bizdən...

 

                                                  1960

 

Maraqsız bir insan

      yoxdu dünyada

 

Maraqsız bir insan yoxdu dünyada,

Səyyarəni salar hər tale yada.

Gözəldi hamıda, hər şey gözəldi,

Bənzəməz heç kimə təkdi, özəldi.

Biri adi ömür yaşasa əgər,

Adiliknən dostluq, yoldaşlıq edər.

Çox maraqlı olar o insanlara,

Özünü göstərsə, adi onlara.

Hər kəsin gizlicə bir dünyası var,

Adam orda olur hər vaxt bəxtiyar.

Var bu dünyada çox dəhşətli bir an,

Bixəbərik ondan, amma hər zaman.

Ölüm tuş gələndə hər bir bəndəyə,

Onun ilk qarı da gedir xəndəyə.

İlk öpüş , ilk döyüş yox olur,

Hər şey toparlanıb, məzara dolur.

Təkcə kitablarla körpülər qalır,

Maşınla rəsmlərdən adam zövq alır,

Lap çox şeylər qalır fani dünyada...

Amma nələrisə veririk bada!

Amansız oyunun qaydası budur,

İnsan ölmür, torpaq dünyalar udur.

Günahlı, günahsız adamlar olub,

Onlardan hər var, saralıb solub.

Çox şeymi bilirik dostdan, qardaşdan,

bilirik sevimli yar-yoldaşdan?!

Öz doğma atamız haqda hər şeyi

bilsək , düzü, bilmirik heç nəyi.

Gedirlər adamlar... Qaytarmaq olmur.

Onların sirləri yerinə dolmur.

Hər dəfə mən istəyirəm çığıram,

Dəlitək bu dönməzlikdən bağıram.

 

                                                   1961

 

Məhəbbət bilir...

 

Məhəbbət bilir sevgidən sarı,

Onun mayasında qorxu gizlənər.

Daxilən titrədər yoldaşı, yarı

Sevibsə qəfildən kimsəni əgər.

Necə dəhşətlidi itirmək sonda

Özü asanlıqla tapılan şeyi,

Kaftar "ölüm!" deyir mırıldananda:

Hər şey gedərgidi, at məzə, meyi!

Bəladan qurtarıb məhəbbəti mən,

Rahatca keçirrəm, sanki buz üstdən,

Heç qoymaram yıxıla, əsə.

Bütün suallara cavabım çoxdur:

Sevgi-məhəbbətə ölüm yoxdur,

Kişiyana söz verirəm hər kəsə.

Yox, mən inanmıram ölə məhəbbət,

Qoy, onun yerinə küdurət ölsün,

Qoy, qıvrılsın yerdə barışmaz nifrət,

Ağzına zir-zibil, toz-torpaq dolsun.

Amma sən, ey sevgi, hər an işıq sal

Fərqinə varmadan, bütün hər yana.

Çəkilmə yolundan, hər vaxt bizlə qal,

Məhəbbət əcəli boyansın qana.

Bəladan qurtarıb məhəbbəti mən

Rahatca keçirrəm, sanki buz üstdən,

Heç qoymaram yıxıla, əsə.

Bütün suallara cavabım çoxdur:

Sevgi-məhəbbətə ölüm yoxdur,

Kişiyana söz verirəm hər kəsə.

 

                                                          2001

 

Rus dilindən tərcümə:

Abuzər Turan

 

Ədəbiyyat qəzeti. – 2024. – 3 fevral, ¹ 4. – S. 5.