Qardaş Türkiyə, başın sağ olsun!

 

Atatürkün üfulu münasibətilə

 

Atatürkün üfulu (burada: vəfatı) aləmşümul bir hadisə oldu. Böyük adamın tabutu hüzurunda yalnız ağlayan türk milləti deyil, sözün geniş mənasıyla bütün dünya dərin bir hörmətlə əyildi.

Türkiyənin mutad olmadığı (adət etmədiyi, alışmadığı), Qərbi Avropa məmləkətlərində dəxi əmsalı əndər görünən müəzzəm bir şəkildə türk milləti əbədiyyətə gedən Ata-öndərinə, yeni Türkiyənin qurtarıcısı Türkiyə Cümhuriyyətinin qurucusuna sonki borcunu ödədi.

17 milyonluq xalq təsviri qabil olmayan bir səmimiyyətlə, tək bir adam gibi, təsənnisiz (burada: gənc-yaşlı bilmədən) acı göz yaşlarıyla kəndisindən ayrılan milli qəhrəmanına ağlıyor. Yenilmək bilməyən bir qəhrəmana ki, süqutun qorxunc günlərində qəhrəmana deyil, bizzat millətə ağlayan türklərin gözlərini silmişdi!..

Osmanlı imperatorluğunun münkəriz (inkar olunan, qəbul edilməyən) olduğu günlərdi. İki-üç əsrdən bəri həzimətdən-həzimətə (məğlubiyyət) uğrayaraq yıpranmış imperatorluq girdiyi ümumi hərbdə yediyi son darbə ilə qəti surətdə çökmüş bir ənqaz (söküntü) halına gəlmişdi. Atatürkün gəncliyə xitabında təsviri keçən fəci səfil bir vəziyyətə düşmüşdü!.. Bir ovuc türk vətənsevərləri fəlakətin yeis (üzüntü) verən ümidsizliyi içində çırpınıyor, xilas çarələri arıyorlardı. Kimi ingilis himayəsi, kimi Amerika mandatı düşünüyordu; bu surətlə heç olmazsa, imperatorluğu parçalanmaqdan qorumaq istiyorlardı. Bir qismi Sevr müahidəsindən (saziş, müqavilə) arta qalan əl-ayağı kəsilmiş Anadolunu daha fazla parçalanmaqdan qorumaq üçün çırpınıyordu. Halbuki xaraba imperatorluğu bir küll halında qurtarmaq artıq mümkün deyildi. Çünki "osmanlılıq mədlulu (anlaşılan, aydın olan) qalmamış mənasız bir ləfzdən ibarətdi". Yeganə yapılacaq türklüyü bu tarixi ənqaz altından çəkib çıxarmaqdı. Qurtuluş yalnız bu nöqtədən gələcəkdi. Bu sirri isə hər kəsdən daha vazih (aydın, açıq şəkildə) şəkildə sezən o zaman ismi sadə Mustafa Kamal olan Atatürkdü!. " ingilis himayəsi, Amerika mandatında deyil", o, qurtuluşu "yal-nız hakimiyyəti-milliyyəyə müstənid (burada: əsaslanan), bilaqeydişərt müstəqil bir türk dövləti təsis etməkdə" görmüşdü. Onun üçün dilem: "ya ölüm ya istiqlal!" idi. Anadoluya o, bu dilemlə keçdi. Əfsanəvi istiqlal hərbini başaran qəhrəman başı Çanaqqala eklilləri (igidlik, bahadırlıq) üzərinə Sakarya Dumlupınar gibi zəfər taclarıyla bəzəndi. Tarixin üç böyük imperatorluğunu dizləri altına alaraq, istədikləri gibi parçalayan qaliblər bir ovuc Anadolu mücahidləri qarşısında ricətə məcbur qaldılar!..

"Başındakı komandanı qaçmadıqca türk nəfəri heç bir zaman qaçmaz" deyən böyük komandanın sözü doğru çıxdı:

Ölüm bəratı "Sevr" yırtıldı; İstiqlal vəsiqəsi "Lozan" yazıldı!..

 

***

Türkiyə cəmiyyəti tarixi ruhi pək böyük bir sarsıntı keçirmişdi. Səltənət xanədan məmləkəti batırmış, millət inqilab vətəni qurtarmışdı. Bu, zehinlərdə olduğu gibi, hisslərdə dəxi dərin inqilablar yapan bir həqiqətdi. Bu həqiqətdən doğan tarixi gərəkləri, əsrin həqiqi ehtiyaclarını Atatürk haqqıyla qavramışdı. Tarixin incəliklərinə nüfuz edən bir usta gözü ilə o, qalxan yeni Türkiyədə əski Osmanlı hökumətinin heç bir müəssisəsinə yer olmadığını görmüşdü. Bu görüşü ilə anadan inqilabçı doğmuş bulunan Atatürk imperatorluqla bərabər yıxılan müəssisələrə, təbiidir ki, milli hakimiyyət dövründə təhəmmül etməyəcəkdi. Yeni varlığın yeni müəssisələri qurulacaq, yeni oluşun yeni gərəkləri təmin olunacaqdı.

Orta zaman anlamlarıyla bağlı səltənətlə xilafət tarixcə etibardan düşmüşdü. Başqaları səltənət deyilsə , xilafətə yeni şəkillər vermək fikirlərinə düşmüşlər ikən Atatürk kəndinə məxsus radikal yoldan getdi. Türklüyü yenilənməkdən mən edəcək bütün müəssisələri bir mənzumə halında mənə (ləğvinə) qərar verdi.

Lozanda milli hüdudları təsbit olunan yeni Türkiyə Osmanlı fütuhat siyasətilə dünyanın hər tərəfinə qoşturulan türk ünsürünün Vyana dönüşündən bu günə qədər geri çəkilə-çəkilə, nəhayət, dayandığı Ana Yurddu. Burada milli varlığını kosmopolit dövlətçiliyin tarixi ənqazı altından xilasa müvəffəq olan türk vəziyyətinin olduğunu anladı. Gerilik sadə Vyanadan, Hindistandan Misirlə Qərbi Afrikadan Anadolu hüdudlarına doğru üfüqi bir şəkildə deyildi. Bir çağdaş mədəniyyətdən orta zaman müəssisə münasibətlərinə dayanan əmudi (şaquli) bir geriləmə vardı. Təhlükəli olan da bu idi. Xaricə qarşı ana topraqlarını müdafiə edən milli qurtuluş hərəkatının ən böyük vəzifəsi qurtulmuş yurdu düşdüyü bu yerdən ümumi mədəniyyət əsri cəmiyyət səviyyəsinə yüksəltməkdi. Atatürk üçün əsl məqsəd bu idi!.. Lozanı mütəaqib Cümhuriyyətin həmən elanıyla başlayıb bir-birinin arxasından gələn cəsarətli inqilablardakı mürşidliyi ilə Atatürk 15 yılın içində Türkiyəni əsriləşdirmək möcüzəsini göstərdi. 15 sənə içində sıxışdırılan əsrlik inqilabların burada bir bilançosunu yapmaq niyyətində deyiliz, bunlar oxu-yazısı bulunan hərhangi türkün məlumu şeylərdir! Burada əhəmiyyətlə qeyd edəcəyimiz şey yalnız Kamal Atatürk inqilabçılığıyla milliyyətçiliyində fərq etdiyimiz ana amillərə işarət etməkdən ibarət olacaqdır.

 

***

Vaxtilə, ozamanki məruf (bilinən, məşhur) ünvanıyla Gazi Paşaya aid olaraq çıxarılan bir kitab üçün yazdığımız məqalədə Atatürkü "Qurtulan Şərqin sembolu" (simvol, rəmz) - deyə tərif etmişdik. "Gazi Paşa bu yazımıza görə, həm Vaşinqton ayarında bir istiqlalçı, həm fransız inqilabının heroları (qəhrəman) qiyasında bir inqilabçıdır".

Əcnəbi müstəmləkəsi ya yarımmüstəmləkəsi halında bulunan Şərq millətləri üçün sadə dışarıya qarşı istiqlallarını qazanmaq yetməz, bir içəridəki həyatlarını tamamilə islah etmələri lazımdır. Şərqdəki milli qurtuluş hərəkatlarının istiqlalçı olmaqla bərabər, inqilabçılıqları dəxi zərurətdir. Milli qurtuluş hərəkatı, eyni zamanda milli inqilab hərəkatıdır. Bu zərurəti fövqəladə həyat bırakdığı müəzzəm əsərilə parlaq surətdə isbat etmiş bulunan Atatürk, həqiqətən , Qurtulan Şərqin semboludur!..

Türkiyədəki milli qurtuluş hərəkatında Şərqdəki milli qurtuluş hərəkatları üçün örnək olacaq ən mühüm nöqtə bu hərəkatın mənəviyyatını sövq edən düşünüş fəlsəfəsidir ki, onun başlıca vəsfi nəqldən, yəni metafizikdən qurtularaq, əqlə - yəni pozitivizmə verilməkdir!.. Bu düşünüş tərzinə sahib olmasıyladır ki, kamalizm əsrlik müəzzəm inqilabları 15 yıl içinə sığdırmaq sehrini göstərmişdir.

Atatürk inqilabçılığında çox əhəmiyyət verdiyimiz bir şeyi dəxi burada qabartmaq istəriz: Atatürk bir millətin xilasını yalnız kəndisindəki qüvvətdən bəkləmişdir. Bu fikir onun gəncliyə xitabında bilxassə qabardılmışdır!..

Müəzzəm əsərinin müdafiəsini əmanət etdiyi türk gəncliyinə "möhtac olduğun qüvvət damarlarındakı əsil qandadır! - deyən Atatürkün türk köylüsü ilə nəfəri haqqındakı səmimi fikirləri məlumdur. Ona görə, məmləkətin yeganə əfəndisi köylüdür. "Türküm deyənə mutlu!" - bu onun çox təkrarladığı bir şüardır!..

Güvənib inandığı bu millətin gələcəyi demək olan gənclərə Cümhuriyyətin mühafizəsini əmanət etdiyi gibi, Böyük Şef Cümhuriyyətin 10-cu yıldönümü münasibətilə söylədiyi tarixi nitqində yeni Türkiyənin hərəkət yolunu dəxi göstərmişdir. Bu yol mədəniyyət sahəsində insanlığın ən yüksək səviyyəsinə çıxmaqdır!..

Kamal Atatürkün əsrlik düşmənlərlə təsis etdiyi məruf barış siyasətinin hikmətini yeni Türkiyəyə bu yolda hazırlanmaq fürsətini ihzar etmək nöqtəsində aramaq anlamaq lazımdır! Tarixin kəndisini günün birində təkrar qarşılaşdıracağı düşmənlə müvəffəqiyyətlə vuruşa bilməsi üçün Türkiyənin kəndi ayaqları üzərində durması lazımdır! Bu məqsədi təmin üçün bu gün Türkiyə dün düşmən bulunduğu Avropa qüvvətlərindən əzəmi surətdə istifadə ediyor!.. Kəndilərinə düşmən olaraq doğduğu dövlətlərlə bu gün yeni Türkiyə dostluqdadır adəta, dünyada kəndisiylə hüsnü münasibətdə olmayan bir dövlət yoxdur! Balkanlarla Yaxın Şərqdəki siyasəti isə onu dünyanın bu qismindəki barışın nazimi yapmışdır! Atatürkə bir lider olaraq sadə Türkiyə deyil, Balkan Antantı ilə "Səadabad" məmləkətləri dəxi candan yanıyorlar!..

 

***

Kamal Atatürk rejimi hərb sonunda zühur edən milli otoritəyə müstənid rejimlərin birincisidir. Bu rejimlərin münəqqidlərcə, ən zəif görünən tərəfləri şeflik məsələsidir. Müəssis şeflərin vəfatından sonra rejimin halı olacaq? Bu reybi  (şübhəli ) suala bilxassə yeni Türkiyə münasibətilə rast gəlinirdi.

Atatürkün ziyaı (burada: itkisi) bir tərəfdən, qəhrəman türk millətinin son bilinməyən təəssürünü mucib (gərəkən) olmuşsa da, digər tərəfdən, bu böyük hadisə türk millətinin böyüklüyü ilə Atatürk əsərinin davamlılığını daha qəti surətdə göstərmişdir!..

Bir kərrə türk millətinin hadisə qarşısında səmimiliyinə şübhə bırakmayan fövqəladə təəssürü Böyük Şeflə Böyük Millətin bir-birilə candan bağlılığını qabartmışdır. Sonra gəncliyin mənəvi Ataya qarşı göstərdiyi coşğun əlaqə Atatürkün kəndi təbirilə "Mustafa Kamalların 20 yaşında olduqlarını" isbat etmişdir! Daha sonra əlim (burada: hüznlü) hadisəni xəbər verən rəsmi hökumət təbliği "Kədərlərimizin təsəllisini ancaq ancaq onun böyük əsərinə bağlılıqda əziz vətənimizin hizmətində ararız. Şurasını da hər şeydən əvvəl bəyan etməliyiz ki, ölməz olan onun böyük əsəri Cümhuriyyət Türkiyəsidir. Hökumətiniz içində bulunduğumuz bu mühüm anda bu günə qədər olduğu gibi diqqətlə vəzifə başındadır. Müəssəs olan nizamı vəziyyəti idamə (davam etdirmə) xüsusunu böyük türk millətinin hökuməti ilə tək vücud olaraq təyid təmin edəcəyinə şübhə yoxdur" şəklindəki qəti mətin ifadəsi ilə rejimin sarsılmayacağını təyid etmişdir! Nəhayət, cümhurrəisliyinə heç bir tərəddüd göstərilmədən İsmət İnönünün həmən ittifaqla seçilməsi yeni rejim makinasının qurulu bir saat gibi işlədiyini əla surətdə göstərmişdir!..

Kamal Atatürkün vücuda gətirdiyi müəzzəm əsər bütün müəssisələrilə birlikdə yaşıyor. Mühüm bir yekun təşkil edən "Mustafa Kamallar" Atatürkün çizdiyi milli inqilab yolundadırlar!

Böyük millətin yürüdücü kadrosu başına keçən İsmət İnönü Atatürkün məsailərinə ta başdan iştirak etmiş, yeni Türkiyəni yapmaqda onunla daima bərabər bulunmuş, bugünkü müvəffəqiyyətlərin hüsulunda (hasil olma, vücuda gəlmə) unudulmaz əməklər sərf etmiş böyük şəxsiyyətdir! İnönü adını tarixi hizmətini təqdir üçün İnönüdəki böyük zəfərinə işarətən kəndisinə verən bizzat Atatürkdür. Lozan müahidənaməsi onun himmətilə vücuda gəlmişdir. Mədəni hörümçək ağı gibi saran dəmir yolları onun himmətilə vücuda gəlmişdir. Mədəni kültür müəssisələrinin bir çoxunda onun oynadığı böyük rol məlumdur. Uzun sənələr dəfələrlə hökumət başında bulunmuş, rejimin bütün məsuliyyətlərini dəruhtə (üstlənmə) etmişdir!.. Cümhuriyyət Xalq Firqəsinin Atatürkdən sonra ikinci lideri o olmuşdur.

Sadə hissə deyil, mühakiməyə dəxi qüvvətlə xitab edən bu bəliğ (burada: təsirli) hadisə vaqiələr bizə Cümhuriyyət rejiminin bərdavam olacağını Böyük Müəssisdən sonra da böyük əsərin sarsıntısız davam edəcəyi qənaətini veriyor. Dünyanın hər tərəfində bu hadisə yeni Türkiyə hesabına müsbət olaraq qeyd olunmuşdur!..

 

***

Dünyada böyük adamlar yetirməklə məruf türk irqinin ən böyük oğlu Atatürk çağdaş dünyanın dəxi böyük qəhrəmanı idi. Atatürkün hərb sonundakı böyük dövlət adamları milli totalitar rejim liderləri arasındakı mümtazlığını bütün dünya mətbuatı qeyd etməkdədir.

Bu gün inhilalına (açılma, bir-birindən ayrılma) şahid olduğumuz Versal nizamına ilk rəxnəni salan odur. Milli istiqlalın mücərrəd Vilson prinsiplərilə deyil, müəyyən milli mücadilə, əzm həmlələri ilə qazanılacağını o isbat etmişdir!

"Völkischer Beobachter" qəzetəsi Adolf Hitlerin nasional-sosializm müvəffəqiyyətinə olan imanını Atatürkün müvəffəqiyyətlərilə qüvvətləndirdiyini bilxassə qeyd etdiyini matəm münasibətilə nəşr etdiyi məqalədə yazmışdır.

"Times" qəzetəsi Atatürk üçün "yeni Avropada hərb ixtilal qarışıqlıqlarından ortaya çıxan şeflərdən heç biri Atatürkdən daha fazlasını yapmamış bu qədər zorluqları yenəməmişdir" deməkdə "vaxtilə kəndisindən qorxulur bir düşmən deyə tanıdıqları bu adamın ingilislər tərəfindən Türkiyə ilə Avropa üçün doğurduğu kayıbdan dolayı pək ziyadə mütəəssir olduqlarını" qeyd etməkdədir!..

Dünyanın hər tərəfində bu kayıb böyük bir təəssür doğurmuşdur. Bütün cahan mətbuatı onun həyat mücadilələrindən heyranlıqla bəhs etməkdədir. On altıncı əsrdən bəri Avropada Türkiyədən siyasi ictimai xüsuslarda bir örnək gibi bəhs etmək ancaq Kamal Atatürk dövründə görülmüşdür!..

Qeyd etdiyimiz gibi, hər şeydən əvvəl, daxili qalxınma işlərinə əhəmiyyət verən Atatürk xaricdə sülh səlamət (burada: əmin-amanlıq, təhlükəsizlik) siyasəti üzərində bilxassə israr etmişdir. Bu yolda qazanılan nəticə Osmanlı imperatorluğunun əsrlərdən bəri görmədiyi etibar beynəlmiləl bir nüfuzla taclanmışdır!..

Lozandan sonra Boğazların təhkimi haqqını verən Montrö sonra Hatay məsələsinin həlli bu nüfuz tacının gövhərlərini təşkil edər!..

Yeni Türkiyə bugünkü şöhrətinin yüksək zirvəsinə Yunanıstan ordularını məğlub pərişan etmək surətilə çıxmışdır. Buna rəğmən, onun ölümü münasibətilə Türkiyə ilə bərabər Yunanıstan dəxi məmləkətdə matəm tutmuşdur. Sadə Yunanıstan deyil, bütün Balkan dövlətləri Liderin böyük ziyaını acı təəssürlə qarşılamışlardır. Bulqarıstan vaxtilə Sofiyada ataşmiliter (hərbi attaşe) ikən Atatürkün oturduğu evi satın alaraq müzə yapmağa qərar vermişdir. Romanya ilə Yuqoslaviya dəxi mühüm birər surətdə böyük təəssürə iştirak etmişlərdir.

Balkanlarla Osmanlı dövləti arasında sonu gəlməz ədavət cümhuriyyət milliyyət Türkiyəsində səmimi bir dostluğa dönmüşdür. Atatürk Türkiyəsi Balkan ittihadının rəhbəri olmuşdur.

Sadə Qərbdə deyil, Atatürkün siyasəti Şərqdə dəxi başda İran olmaq üzrə, müsəlman dövlətlərilə məruf "Səadabad" misaqını təhəqqüq etdirmişdir. Tarixi İran-Turan çəkişməsi şimdi sarsılmaz bir dostluğa müncər olmuşdur. Qara xəbəri alan Rza şahın sarayında bir ay matəm elan etdiyi şayani-diqqətdir!.. İran qəzetələri böyük kayıbın Türkiyə qədər İranı da mütəəssir etdiyini yazdılar!..

Qurtarıcı qurucu Böyük Şefini kayb edən Türkiyənin təəssürü sonsuzdur. Fəqət, bu təəssür içində bu kayb qarşısında təsəllisi böyükdür. Bir kərrə Böyük Adamın böyük əsərinə sahibdir. Bütün dünyada qəhrəmanlıqlar yaradan qəhrəman yetişdirən böyük millət olmaq etibarına yeni dəlil qazanmışdır.

Qəhrəmanlıqlar ...... bu millət yetirdiyi Böyük Adamın ziyaından mütəəssir, fəqət, məyus olamaz. Çünki kəndisinə ağladığı qəhrəmanın bizzat kəndi ağzından bir deyil, iki Mustafa Kamalın mövcud olduğunu eşitmişdir. Ölən "hər kəs gibi ətdən kəmikdən yaradılmış, müfrəd ədatıyla anılan fani Mustafa Kamaldır". Bir "cəm ədatıyla anılan Mustafa Kamal vardır ki, o, baqidir, ölməz". Mustafa Kamallar yaşıyorlar. Həm bütün cahanı birlik qədirbilənlik həyəcanına heyran bırakaraq yaşıyorlar!..

Mənəvi Mustafa Kamal - Atatürk ölməmişdir. O artıq əbədiləşdi!..

Hakimiyyətin tacdarlara inhisar etdiyi əski dövrlərdə "Kral öldü - yaşasın kral" derlərdi. Şimdi hakimiyyət krallarda deyil, millətlərdədir. Bunun üçün biz Azərbaycanın hissiyyatına tərcüman olaraq, deriz:

Qardaş Türkiyə, başın sağ olsun!..

 

Məhəmməd Əmin RƏSULZADƏ

 

Ədəbiyyat qəzeti. – 2024. – 3 fevral, ¹ 4. – S. 6-7.