Şuşanın pərdəarxası, yaxud
Elçinin "Bayraqdar"ı
Elçinin Şuşası
kədərli Şuşadır.
Həmişə kədərli
olmayıb; tarixinə
sığındığı, gözəlliyi ilə qürurlandığı vaxtları
da olub. Amma 8 may 1992-ci ildən,
yəni işğaldan
sonra Elçinin Şuşası Cənnətdən
qovulmuş şuşalı
qaçqınların Buzovna
fəhlə yataqxanasında
yaşadıqları yeni bir
Şuşadır. Burda
Hüsaməddin Alovlu
da, Doppa Dadaş da ədəbiyyatın dumanında
əriyib gedib. Burdakı insanlar fərqli şuşalılardır.
Duman bunların əziz Şuşasına
deyil, ömürlərinə
gəlib. Burada Şuşanın əsilzadəliyindən,
Şuşa mifindən,
Şuşa sanatoriyasından,
Şuşa şaqraqlığından
əsər-əlamət yoxdur.
Bura qaçqın şuşalıların
ömür urasını
yaşadığı məkandır. Hər şey Şuşada qalıb. Ömür də, yaddaş da... Hətta Gözlə-Gəlirəm
Məmmədin çayxanası
da. Hətta duman da...
Azərbaycanın üçrəngli,
ay-ulduzlu bayrağını
Şuşanın işğal
olunduğu günlərdə
ədəbiyyatımızda yaratdığı şuşalı
Bayraqdar obrazı ilə Elçin dalğalandırdı. Amma bu,
Rəsulzadənin "Bir kərə
yüksələn bayraq
bir daha enməz" statusunu daşıyan bayrağı
deyildi, Şuşadan qaçqın düşmüş
Bayraqdar Surxayın
"Bu bayraq ki, Şuşada
elə... elə dalğalandı, yenə qayıdacaq Şuşaya!"
məqamında olan və ədəbiyyatımızda
bənzərinə rast
gəlinməyən başqa
bayraqdır. Bu bayrağı
Şuşada ilk dəfə
"Bayraqdar" povestinin
qəhrəmanı Bayraqdar
Surxay qaldırmışdı:
"Surxay müstəqil
Azərbaycan Respublikasının
üçrəngli bayrağını
ilk dəfə 1988-ci ildə
- Ermənistan "perestroyka"
hərc-mərcliyindən və
Qorbaçovun maymaqlığından
istifadə edib, Qarabağı Azərbaycandan
qoparmaq istəyəndə
- Şuşadakı etiraz
mitinqində, Bazar başında
qaldırdı və
o bayraq dədəsi kimi uzunboylu olan Uzun Surxayın
başının üstündə
xeyli müddət dalğalandı, amma üstündən bir ay keçəndən sonra, elə ki, ara bir az sakitləşdi,
o bayrağı qaldırdığına
görə Surxayı
tutub qoduqluğa saldılar..."
Sonra da qaçqınlıq
həyatı. Şuşanın
məkan olaraq Buzovnadakı fəhlə yataqxanasına köçürülməsi...
Bu, metamarfoz deyil, şuşalıların yaşadığı
taledir.
Buradakı gənclər
Şuşanı görməyiblər,
onu xatırlamırlar.
Amma ora qayıdacaqlarına
inanırlar. Bir-birlərini
burda deyil, Şuşada sevmək istəyirlər.
Yataqxananın eyvanından
oğrun-oğrun Əbülfətə
baxan Cəmilə bir gün ona
məktub yazır:
"Əbülfət... Əbülfət...
Əbülfət... Mən
ürəyimdə səninlə
əl-ələ tutub
dəniz qırağında
gəzirəm, Əbülfət...
Mən istəyirəm,
biz Şuşada bir yerdə gəzək, amma Şuşanı yadıma gətirə bilmirəm, Əbülfət...
Amma istəyirəm, orada
əl-ələ gəzək".
Bunu "Bayraqdar"da
Cümünün qızı
Cəmilə Bayraqdarın
oğlu Əbülfətə
deyir. Vaxtilə Şuşadakı məhəllələrində
Cəmilənin anası
Sona da Qızıldiş Cümşüdə
- Cümüyə eləcə
oğrun-oğrun baxmışdı...
"Qarabağ şikəstəsi"ndə isə
belə bir epizod var: dənizin sahili, Buzovna ilə Zuğulbanın arasındakı qayalıq
tamam kimsəsiz, bomboş olan vaxtların birində Cümü həyat yoldaşı Sonanı
"motoroller"in kuzovuna
mindirib qayalığa
aparır. "O qayalıqda
Sonanın solub rəngi məlum olmayan donunun düymələrini aça-aça,
Sonanı öpə-öpə
növbəti dəfə
söz verdi ki, hər şey yaxşı olacaq, arağı da atacaq, bir də heç
vaxt Sonanı beləcə qayalığa
gətirməyəcək və
elə bu vaxt... bir ağsaqqal
kişi - kənd sakini düz onların üstünə
çıxdı, əvvəlcə
özünü itirdi,
sonra toxtayıb:
- Alə, - dedi, - it döyülsüz
siz!..
Pişik döyülsüz!.. Adamsuz axı!.. İnsansuz axı!.. Sona döşlərini donunun içinə dürtə-dürtə ayağa
sıçrayıb "motoroller"ə
tərəf qaçdı
və kuzova minib hönkürə-hönkürə
çığırdı: - Biz insan deyilik, biz qaçqınıq!.. Qaçqınıq!.. Qaçqınıq!.."
İndi həmin Cümü ilə Sonanın qızı Bayraqdarın oğlu, gənc futbolçu, hamının "Eysebio"
deyə çağırdığı
və sevdiyi Əbülfətə vurulub
və yuxarıdakı
məktubu da ona yazıb. Elçin Şuşanın pərdəarxası,
qaçqın taleyi yaşayan günlərini müdhiş və faciəli hadisələrlə
davam etdirir. İndi də Sonanın qızı Cəmilənin
sevdiyi, əl-ələ
tutub Şuşada gəzmək istədiyi Əbülfət dünyasını
dəyişib. Özü
də necə: "Həyətdə futbol başladı, adamlar yavaş-yavaş yığışdı
və zərbələrin
birindən sonra top qazanxananın damına düşdü. Əbülfət
özü qaçıb
bir göz qırpımında tut ağacı
ilə yuxarı dırmaşdı - elə
bil, o baxışların
altında hər şeyi özü eləmək istəyirdi -
qazanxananın damına
atıldı və diyirlənib damın küncündə dayanmış
topu götürmək
istəyəndə, ayağının
altındakı daş
qopdu və Əbülfət o daşla
bir yerdə qazanxananın damından yerə yıxıldı.
Əbülfət uzuqoylu
o bayrağın üstünə
düşdü. Bayrağın
dəstəyinin ucundakı
zubul Əbülfətin
sinəsini deşib düz ürəyinə girmişdi..."
Bu həmin bayraq idi ki, Şuşa işğal edildiyi gün - "1992-ci
il mayın 8-də Surxay
bir əli ilə üçrəngli
bayrağı tutmuşdu,
o biri əli ilə də Əbülfəti sinəsinə
sıxmışdı və
həmin vaxt çönüb Şuşa
qalasının divarlarına
baxanda, bütün bu qaçaqaç dəhşəti içində,
elə bil, göydən birdən-birə
Bayraqdara bir vəhy gəldi və o dedi: - Bu bayraq ki, Şuşada elə... elə dalğalandı, yenə qayıdacaq Şuşaya!"
İndi Əbülfət
Buzovnada fəhlə yataqxanasındakı qazanxananın
damından həmin bayrağın üstünə
yıxılıb ölmüşdü.
(Anarın "Otel otağı"nda can
verən şuşalı
Kərim müəllim
də son nəfəsində
yeganə qızının
taleyini və Şuşanı düşünmüşdü).
Arzuları çiçəklənmədən
solmuş gənc şuşalı Əbülfətin
(Əbilinin - Eyseybiyonun)
hüzüründə verilən
ehsanda Şuşa bu şəkildə assosiasiya edir: "Kamança Tanrıverdiylə
Cümünün qabağına
qoyulan qara boşqabında şabalıdın,
albuxaranın, yağlı
ət tikələrinin
arasında sümüyü
qırılmamış bütöv
bir maça da var idi və o bütöv
maça ətinə
baxanda, qəribədir,
birdən-birə, bir-birindən
xəbərsiz, ikisinin
də - Cümünün
də, Kamança Tanrıverdinin də yadına Şuşa düşdü. Niyə belə oldu? Bunun səbəbini, yəqin nə Kamança Tanrıverdi bilirdi, nə də Cümü, amma olanı bu idi
ki, birdən-birə, həyatlarının
indi əlçatmaz, ünyetməz bir uzaqlığında qalmış
məqamlarında Şuşa
bulaqlarının başında
- İsa bulağında, Turşsuda,
Səkili bulaqda, Daşaltıda qurduqları,
yeyib-içdikləri məclislərin
ab-havası onların
ikisinin də içindən ötüb
keçdi".
Burda Şuşa mühiti belədir. "Bayraqdar"ın magiyası
mühitin özünü
Buzovnadakı fəhlə
yataqxanasını qapsayıb.
Yataqxanada məskunlaşmış
şuşalılar hüzür
yerində ehsan boşqabında maça görəndə lal-dinməz,
Şuşa bulaqlarının
başında qurduqları
səfalı məclisləri
xatırlayırlar. Bu, həm
də nostalji deyil. Çaşıb qalmış insanların,
faciələr girdabında
heyrətdən əlləri
yanlarına düşmüş
şuşalıların həyatıdır.
Onların zamanı donub. Onların zamanı Şuşada qalıb. Şuşanın
yuxarı hissəsində
- Ağadədəli məhəlləsində.
"Cümü ömrü
boyu Şuşanın
Ağadədəli məhəlləsində
yaşamışdı, çünki
erməni gəlib Şuşanı alandan sonra ki, qaçdılar, qaçqın olub gəlib burada, Buzovnadakı bu fəhlə yataqxanasında
məskunlaşdılar, aradan
keçən bu on ildəki həyat Cümünün ömrü
deyildi, bu, başqa bir şey idi. Nə
idi? Nə idisə də, Cümünün yaşadığı
ömür Şuşada,
o Ağadədəli məhəlləsində
qaldı".
Bu əsərlərdə
demək olar ki, erməni obrazı yoxdur, varsa da, epizodikdir. Uzun illər Azərbaycan Yazıçılar İttifaqından
aldığı maaşla
Azərbaycan yazıçılarının
Şuşadakı dördmərtəbəli
Yaradıcılıq Evinin,
həm komendantı, həm təsərrüfat
müdiri, həm gözətçisi işləyən,
həm də Yaradıcılıq Evinin
həyətində əkdiyi
kartofun qazancı ilə ailəsini dolandıran Arsen Allahverdiyan və onun iki oğlu
- Vova və Arkadi.... vəssalam. Bunların da əsərdə
iştirakı epizodikdir,
qaranlıq deyil, yəni dediyimiz qədərdir. Erməni obrazlarının yaxından
iştirakı olmadan
da ermənilərin törətdiyi
vəhşiliyin miqyasını
anlatmaq üçün
Elçinin bu iki əsəri müxtəlif ədəbi-estetik
rakurslara yönəlmədən
həyatın dibini təsvir edir. Sanki Veyl quyusunu təsvir
edir. Bu adamlar cənnətdən "cəhənnəmə"
düşüblər. Buzovnadakı
fəhlə yataqxanası
Qafqaza mədəniyyət
dərsi keçən
böyük bir elin tale sığınacağına
çevrilib. Cıdır
düzündə böcəkləri
də ətir saçan Şuşadan gəlmiş bu adamlar indi qaldıqları
yataqxananın hər iki tərəfindəki ayaqyoluna
hər gün xlor tökməsələr,
üfunət dünyanı
bürüyər.
Elçin böyük
bir yazıçı
kimi şuşalıların
qaçqınlıq taleyini
yazır. O talelərlə
üz-üzə qalanda,
baş verən fəlakətin miqyası sövq-təbii erməniyə
qarşı amansız
bir nifrət doğurur. Elçin düşmənə küfr
etməyib, heç kəsi qınamayıb, amma şuşalıların
başına gətirilmiş
müsibətin bədii-tarixi
sənədini öz etibarlı və parlaq imzası ilə möhürləyib...
Burada xatirələr
də yaralıdır.
Elçinin "Bayraqdar"
və "Qarabağ şikəstəsi" povestləri
Şuşasız qalmış
şuşalıların portretidir.
Bu portretdə Şuşanın
təbii panoramı deyil, şuşalıların
faciələri əks
olunub.
Burda "Qarabağ şikəstəsi" ucadan
səslənmir. Qeybin
sədası kimi, ya o dünyadan gəlir, ya yuxuların içindən
keçir: Son vaxtlar Cümü sübh tezdən hansısa bir səsə - əslində bu səs də deyildi, nəsə avaza oxşayan bir şey idi
- yuxudan oyanırdı
və heç cürə başa düşə bilmirdi ki, bu nə səsdi?
...Bir sübhçağı Cümü yenə bu avaza yuxudan
oyanıb yerindən qalxdı, otaqdan çıxıb aralığın
axırındakı tualetə
getdi və əlüzyuyanın üst
tərəfindən asılmış
paslı dəmir çərçivəli, köhnə
güzgüdə özünə
baxa-baxa birdən başa düşdü
ki, onu yuxudan oyadan o avaz Malıbəyli
Köhnə Qaval İsgəndərin onların
toyunda oxuduğu o
"Qarabağ şikəstəsi"
idi, amma İsgəndərin səsi
bu dünyadan yox, o biri dünyadan
gəlirdi və elə bil o "Qarabağ şikəstəsi"
də illərdən bəri köhnə paltarlarla bir yerdə sandıqda pərçim olub qalmışdı, naftalin
əriyib qurtarmışdı
və güvə o köhnə paltarlar kimi, "Qarabağ şikəstəsi"ni də
yeyib adda-budda dəlik-deşik etmişdi".
Malıbəyli Köhnə
Qaval İsgəndər
bu dünyada oxuya bilməzdi. Hər şey keçmişlərdə qalmışdı
və Şuşadan çıxarıldıqları gün Köhnə Qaval İsgəndər əlində qavalı tələf olmuşdu:
"Şuşadan qaçaqaç
düşəndə erməniyə
kömək eləyən
rus əsgərinin
"Kalaşnikov"u Malıbəyli
Köhnə Qaval İsgəndəri ortasından
biçmişdi və
o qaçaqaçda onun
yanında olan Məmməd kişi (Gözlə-Gəlirəm Məmməd)
sonralar danışırdı
ki, Malıbəyli Köhnə
Qaval İsgəndərin
bədəni ortadan ikiyə bölünmüşdü,
qurşaqdan yuxarısı
bir tərəfdə idi, aşağısı
o biri tərəfdə
və həmişəki
göy çexollu qaval da eləcə əlində qalmışdı".
Bu "Qarabağ
şikəstəsi" çoxdan
bir musiqi olmaqdan çıxmışdı.
O artıq Cümü
üçün xeyli
vaxtdı ki, musiqi deyildi, ya qeybin
rayihəsiydi, ya da qatarların dəmir çarxlarının səsinə
qarışıb alın
yazısına çevrilmişdi:
"Onda Cümüyə
elə gəlirdi ki, o
dəmir çarxların
səsinin sədasını
Şuşa dağlarından
gələn bir "Qarabağ şikəstəsi"
müşayiət edir
və o şikəstə
müşayiətli tuqqa-tuk
Cümünü... başqa
bir dünyaya aparırdı".
Burda xatirələr də yaralıdır. Elçinin bu iki əsərində Şuşa həsrəti hamını dəliyə
döndərib. "- Bura bax,
- dedi, - adam dəli olanda özü bilmir ki, dəli olub? Hı? - Sonra, nəhayət
ki, Cümünün adını
yadına salıb: - Elədi, Cümü? - soruşdu. Cümü əvvəlcə elə bildi ki, Məmməd kişi (Məmməd dayı, Gözlə-Gəlirəm
Məmməd) ona söz atır, amma qocanın uzaqlara zillənmiş və rəngi tamam solub-itmiş gözlərinə baxanda başa düşdü
ki, Məmməd kişi
(Məmməd dayı,
Gözlə-Gəlirəm Məmməd)
özündən nigarandı..."
Şuşa qaçqınları
Avropadan gələn komissiyalardan humanitar yardım istəmirdilər.
Şuşanı istəyirdilər.
Gözlə-Gəlirəm Məmmədin
xanımı Sürəyya
xala məmurların:
"Xaricdən gələnlərlə
nəzakətli olun"
xahişini də bir tərəfə tullayıb" Avropa Ali Komissarlığının qaçqınlar
üzrə nümayəndəsi
İzabelə "- Bura bax,
- dedi. - Bizə heç nə lazım deyil! Bizə humanitar yardım da lazım deyil! Onu da aparın,
ermənilərə verin!
Bizə heç nə lazım deyil! A tövbə! Bizə Şuşanı qaytarın! - Sonra üzünü
tərcüməçi qıza
tutdu: - Az, tərcümə
elə! Nətər deyirəm, elə də tərcümə elə! - Və tərcüməçi qız
onun sözlərini tərcümə etməyə
başlayanda, beşinci
mərtəbədən düşüb
uşaqlarla birlikdə
xaricdən gələn
növbəti qonağa
tamaşa edən Qalibin - Cümü ilə Sonanın oğlunun - qolundan yapışıb irəli
çəkdi. - Bax, bu, Şuşanı görməyib, burda anadan olub! Bunun vətəni bu yataqxanadı! Yataqxana adamın vətəni olar? Yataqxana adamın torpağı olar? - Sonra da aralığın
açıq pəncərəsindən
əlini uzadıb zeytun ağacının altındakı skamyada oturmuş Məmməd kişini göstərə-göstərə
əməlli-başlı qışqırdı…
- Odur, bax, - dedi, - mənim kişim on ildi orda oturub öz-özü
ilə danışır!
Nər kimi kişi idi! Top atsaydın, yıxılmazdı!
Və daha da bərkdən qışqırdı:
- Şuşanı qaytar
bizə! Şuşanı!.. Şuşanı!.. Məmməd kişi arvadının səsini eşidib zeytun ağacının altından soruşdu: - Nolub Şuşaya? Sürəyya xala: - Heç nə olmayıb Şuşaya! - dedi və özünü
saxlaya bilməyib, hönkürə-hönkürə qonaqlardan ayrılıb yaşadıqları otağa
girdi".
"Bayraqdar"
əsərində Buzovnada
fəhlə yataqxanasına
sığınmış şuşalıların
heç birinin evində toy-düyün olmur. Hər halda, belə bir epizod əsərdə
yoxdur. Amma bir-birinin ardıyca dünyasını
dəyişən insanlar
var. Şuşalılar üçün
salınmış qəbiristanda
dəfn olunanları yataqxana əhli bir-bir sayır. Gözlə-Gəlirəm Məmməd
dünyasını dəyişən
16-cı şuşalıydı. "Cümü fikirləşdi
ki, görəsən, burada,
bu yataqxanada Allah dərgahına gedən
17-ci şuşalı kim
olacaq? Və elə o dəmdə də Cümünün ürəyindən keçdi
ki, Allah eləyəydi, o 17-ci şuşalı elə o özü olaydı..."
Söhbət rəqəmlərin
simvolikasından getmir.
Çünki burda rəqəmlərin simvolikası
da yoxdur. Amma 1937-ci il repressiyası
zamanı müttəhimləri
nömrələyirdilər. Əsərdəki bu nüans həmin prosesi xatırladır. Buzovnadakı fəhlə yataqxanasına sığınmış
Şuşa sakinləri
sıralarından gedənləri,
dünyasını dəyişənləri
nömrələyir. 16-cı adam Gözlə-Gəlirəm
Məmməd oldu.
17-ci gənc Əbülfət
oldu. Əbülfətin
bir azdan 17 yaşı tamam olacaqdı.
"Bayraqdar"
əsərinin gizlinləri
də çoxdur. Elçin məna ötrüyündən yetərincə
yararlanır. Amma yüz
ildən sonra da bu əsəri oxuyanlar onun son səhifəsinin Əbülfətin
yas yerindəki ehsan süfrəsində yekunlaşdığını görəcəklər:
"Təkcə Vasili
Kuzmiç öz taleyindən razı halda həmin qoyun maçasının ətini ləzzətlə
yeyib qurtarmaq üzrə idi və onun dünyanın
hər üzünü
görmüş göy
gözləri indi də qara boşqabında
təzə bir ət tikəsi axtarırdı..."
Elçin öz doğma şuşalılarını
(şuşalı qaçqınları) öz doğma yazıçı
məkanına - bir Abşeron kəndinə köçürməklə yazıçı
təfəkkürünün tamam fərqli və yeni bir aspektini ortaya qoyur. Buzovnalı Bolşevik Bufetçi İbadulla ilə şuşalı Cümü
(Qızıldiş Cümşüd),
yaxud Avtobus Ağadadaş kontrast yaratmırlar. Dəyişən
zəmanədir...
İşğal dövründə
1992-ci ilin 8 mayından
2020-ci ilin 8 noyabrına
qədər şuşalıların
tale dramını, vətən
faciəsini bu iki əsər qədər dərindən
təqdim edən başqa əsər yoxdur. "Qarabağ şikəstəsi" də,
"Bayraqdar" da əsilzadələr
yurdu olan Şuşanın 28 il davam
edən qara günlərinin yazısıdır.
Azər TURAN
Ədəbiyyat qəzeti. – 2024. – 3 fevral,
¹ 4. – S. 8-9.