Tofiq Mahmud - yaxşı işlərin
"günahkarı"
Tofiq Mahmud uşaq ədəbiyyatının inkişafı yönündə əvəzsiz xidmətləri olan şəxsiyyətdir. Yalnız meydana qoyduğu poeziya, nəsr, dram və publisistika nümunələrinə görə
deyil, ümumiyyətlə
bu sahədə ardıcıl fəaliyyəti,
qoyduğu əmək,
məsuliyyət və
əzmli yanaşma onun fədakar yaradıcı ömrünün
bariz göstəriciləridir.
"Əgər
bu məhəbbət varsa"...
Tofiq Mahmud çıxış
və müsahibələrində
uşaq ədəbiyyatı
üçün mətn
meydana qoymağın çətinlik və məsuliyyətləri haqqında
fikir səsləndirmiş,
istedad və sənətkarlığı təməl
vəzifə kimi yaradıcı insanın qarşısına qoymuşdur:
"Bu sahədə uşaq
ruhu, psixologiyası ilə yanaşı sənətkarlıq da olmalıdır.
Özü də böyük və yüksək sənətkarlıq!
Azərbaycan uşaq ədəbiyyatında isə
sənətkarlıq məsələsində
ciddi qüsurlar nəzərə çarpır.
Bir çox əsərlərdə
tələsiklik, səthilik,
yüngül münasibət
duyulur ki, bunlar uşaq ədəbiyyatına
ziyan gətirir".
Bu fikirlər Tofiq Mahmudun uşaq ədəbiyyatına
yanaşmasında sərgilədiyi
ciddi, güzəştsiz
mövqeyini meydana qoyur. O, uşaq kitablarının keyfiyyətli
şəkildə nəşr
olunmasına inadla çalışan müəlliflərdən
idi: "uşaq kitablarının yüksək
səviyyədə çıxmasına
biganə münasibət
təhlükəlidir və
dözülməzdir. Səliqəli,
gözəl geyinən,
ağıllı, kamallı
uşaqlar hamının
xoşuna gəldiyi kimi, onlar üçün
buraxılan kitabların
da məhz belə səliqəli və gözəl olmağını
istəmək də təbiidir, lazımdır
və vacibdir. Belə yüksək kitabları buraxmaq, balalarımıza böyük
məhəbbət bəsləmək
deməkdir. Əgər
bu məhəbbət varsa, ümid etmək olar ki, tezliklə həm bədii, həm poliqrafik səviyyəli yüksək kitab nümunələri
üzə çıxacaqdır".
Öz yaradıcılığına
münasibətdə də
Tofiq Mahmudu elə bu mövqedə
dayananlar sırasında
görürük. Onun
mətnləri bu sahədəki boşluğu
nəyin bahasına olursa olsun doldurmaq
istəyindən hasilə
gəlmir, Tofiq Mahmud uşaq dünyasının
psixoloji dərinlərinə
vaqif olub bu qatın ən
mübhəm, ən həssas məqamlarına
işıq sala bilirdi, sadə və rəvan təhkiyə ilə hər yaş senzinə malik xüsusiyyətləri
məharətlə incələyirdi.
Ədib ədəbiyyata
gəlişinin mütaliə
ilə bağlı olduğunu qeyd edir bir müsahibəsində.
Uşaq vaxtı oxuduğu kitablar, həmin kitabların ona qazandırdığı
zəngin bilik Tofiq Mahmudun ədəbiyyatın sirli məkanına əbədi
daxil olmasında vəsiləyə çevrilir:
"Üçüncü, dördüncü siniflərdən
sonra əlimə nə kitab düşürdüsə,
mütləq oxuyurdum.
S.Vurğunu, S.Rüstəmi və o biri şairləri su kimi içirdim.
Uşaq kitablarını
xüsusilə çox
sevirdim. Cəbrayılın
Mahmudlu kəndində
yaşadığımız vaxt atam mənə
Abdulla Şaiqin "Tıq-tıq
xanım" kitabını
gətirdi və bu kitab ən sevimli kitabım oldu".
Bəlkə elə bu kitabın onda yaratdığı sirli cazibə sonrakı ömür yolunu bəlirləyən əsas işığa çevrilir, deyə bilərik. Uşaq yazıçısı Abdulla Şaiqin
əsərindən yola
çıxıb bu sahənin inkişafı, uşaq ədəbiyyatının
yeni yöndə pərvəriş
tapması naminə ömrünün sonunadək
yorulmadan xidmət göstərir. Tanrının
bu yolda onun boyuna biçdiyi
missiyanın gerçəkləşməsi
istiqamətində sərf
etdiyi əmək, ehtiva etdiyi potensial,
estetik zövq bitkinliyi bizlərə qeyri-adi görünsə də, Tofiq Mahmud üçün adidən
adi idi. Əks halda yazmazdı ki, "Özümdə
qeyri-adi əlamətlər
müşahidə etməmişəm,
qeyri-adiliyi ancaq adiliyimdə görmüşəm.
Çünki özümü
böyük istedad saymamışam, amma ədəbiyyat üçün,
xüsusilə çılğın
uşaq ədəbiyyatı
üçün əlimdən
gələni etməyə
çalışmışam, indi də çalışıram,
yenə nə qədər qüvvəm varsa, köməyimi əsirgəməyəcəyəm".
"Yaradıcılıq
üçün həyatı
bilmək çox vacibdir"
Tofiq Mahmud bütün
ömrünü sözə,
poeziyaya bağlı yaşayıb. "Yazmaq üçün mənə
nə vaxt, nə şərait, nə imkan lazımdır,
təkcə daxilimdə
oyanan həvəs, ilham, məhəbbət,
od... Bunlar olmayanda mən ölüyəm, elə bil yaşamıram.
Ümumiyyətlə, şeir
mənim özüm üçün də sirdir, möcüzədir,
necə yaranır, necə üzə çıxır, bir allah bilir". Buna baxmayaraq, ilhamı, yaradıcılıq eşqini
yazmaq üçün
yetərli saymayıb.
Daha çox həyatı öyrənməyə
çalışıb. Həyatın
bütün tərəfləri
Tofiq Mahmud yaradıcılığı
üçün daim öyrənməyə ehtiyac
duyduğu universitet olub. Bəlkə buna görə bütün əsərləri həyata
bələd bir insanın beyin məhsulu kimi hasilə gəlib. Şairin fikirlərinə
diqqət edək:
"Yaradıcılıq qüvvəsi
təkcə məhəbbətlə
bağlı deyil, bu əsas olsa
da, başqa amillər
də mütləq böyük rol oynayır. Elə bilirəm ki, yaradıcılıq
üçün həyatı
bilmək çox vacibdir, həyatdan məhrum olan hər hansı bir əsər susuz arx kimidir!
Həyat nəfəsinin
güclü olması
- əsərin güclü
olması deməkdir. Mənə az-çox qüvvə verən gördüyüm, duyduğum
bu həyatdır, məni yazmağa sövq edən də odur".
Tofiq Mahmudun şəxsinə məxsus
arxiv materialları, əlyazmaları içərisində
məktublar xüsusi yer tutur. Bu məktubları
ona əsasən xarici ölkə yazıçıları, ədəbi
mühitin tanınmış
yaradıcı şəxsləri,
bir də məktəblilər göndəriblər.
Bu məktublarla tanışlıq
zamanı bir məqam diqqətimi çəkdi. Tofiq Mahmud onların heç birini cavabsız qoymayıb. Mümkün qədər cavablandırmağa
çalışıb. Hətta
ən ucqar dağ kəndindən ona ünvanlanan məktəbli məktublarına
belə şair sevgi, diqqətlə yanaşmış, gənc
dostlarından fikir və məsləhətlərini
əsirgəməmişdir. Bu məktubların əksəriyyəti
yazıçıya daha
çox "Yerə dağılan muncuqlar"
əsəri ilə bağlı yazılmışdır.
Yuxarı sinif şagirdləri üçün
yazılmış bu nəsr əsəri məktəblilərin diqqətini
cəlb etmiş, onlarda həyata və əsərə dair çoxlu suallar doğurmuşdur. Tofiq Mahmud cavab məktublarında bu sualların hər birini böyük şövq və ustad ədası ilə cavablayır, doğru bildiyi yolu göstərir, məsləhətlərini verir,
gəncləri sabaha, yaşayıb-yaratmağa səsləyirdi.
Ümumiyyətlə, insanlara
həssaslıq və
sevgi ilə yanaşmaq Tofiq Mahmudun ən işıqlı əməl
cizgisi olmuşdur. Uşaq ədəbiyyatının
fədakar tədqiqatçısı,
filologiya üzrə fəlsəfə doktoru Füzuli Əsgərlinin
"Tofiq Mahmud bədii
yaradıcılığının sirləri" məqaləsində
oxuyuruq: "Mən
Moldova uşaq yazıçısı
Filip Mironovun "Bizi unutmayın, insanlar" adlı kitabının tərcüməsi üzərində
işləyirdim. Bu kitabın
içindən "Balaca
çoban Dumitraş"
hekayəsini "Azərbaycan
pioneri" qəzetinə
təqdim etmişdim və orada dərc
olunmuşdu. Bir gün
"Azərbaycan" nəşriyyatında
rastlaşdıq və
o mənim bu tərcüməmi səmimi
şəkildə, sevinc
içində təriflədi,
gördüm ki, mənim
uğuruma o da sevinir.
Sonra qəzeti Filip Mironova
göndərdiyini də
bildirdi. Çünki
o, bu yazıçını
yaxından tanıyır
və onunla dostluq münasibətləri
vardı. Bəli, Tofiq Mahmud olduqca sadə, səmimi və təvazökar bir şəxsiyyət idi. Bu xarakteri də ona böyük
nüfuz qazandırmışdı".
Tofiq Mahmudun yaradıcılığının əsas hissəsi "Göyərçin" jurnalı
ilə bağlı olmuşdur. O, "Göyərçin"
jurnalında redaktor kimi çalışdığı
müddətdə həm
öz mətnləri ilə dərginin keyfiyyətli şəkildə
çıxmasını təmin
edir, həm də digər müəllifləri, şair
və yazıçıları
uşaq ədəbiyyatı
yönündə fəaliyyət
göstərməyə sövq
etdirirdi. Xalq şairi Cabir Novruz yazır: "Mən həmişə uşaq şeiri yazanda sənin jurnalın, ən əsası, vacibi isə sənin müdrik, xeyirxah, uşaq sifəti qədər təmiz siman yadıma düşür. Açığını
deyim ki, bəlkə də sənin nəcibliyin, həsaslığın
və diqqətçiliyin
olmasaydı mən bu son illərin uşaq şeirlərini yazmazdım. Yazsam da onları mütəmadi
"Göyərçin" jurnalına təqdim etməzdim. Bu yaxşı
işlərin günahkarı
sənsən..."
"Bazar təlatümündə mələklər
uça bilməz!"
Tofiq Mahmud uzun illər jurnalın bütün ağırlığını
tək çiyinlərində
daşımış, onu
dövrün böhranlı
və gərgin situasiyalarından çıxarmağa
nail olmuşdur. Vasif Quliyevin məqaləsində
bu xüsusda diqqətçəkən maraqlı
mülahizələr var: "Son illərdə o biri qəzet-jurnallar kimi "Göyərçin" də
maddi cəhətdən
pis vəziyyətə
düşmüşdü. Jurnalın çıxması,
yayılıb satılması
üçün isə
o, əlindən gələni
edir, təhsil şöbələrinin qapılarını
döyür, məktəblərə
gedir, jurnalı təbliğ edirdi. Dəfələrlə bunun
şahidi olmuşam.
Bir də görürdün
ki, Tofiq müəllim
şəhərdə payi-piyada,
əlində də jurnal bağlamaları harasa gedir. Lap düzünü desək,
o, "Göyərçin"in həm redaktoru, həm əməkdaşı,
həm kuryeri, həm fəhləsi idi. Yəni, əsl zəhmətkeş
idi. Belə olmasaydı, bəlkə də, redaktoru olduğu jurnalın ildə heç bir nömrəsi də çıxmazdı".
Söhbət çətinliklərlə
müşayiət olunan,
tarixi taleyimizdə mənəvi və siyasi xaosun, kataklik proseslərin tüğyan elədiyi
1990-93-cü illərdən gedir. Sovetlər Birliyinin dağılması,
əvəzində müstəqilliyini
qazanan, eyni zamanda Qarabağ problemi, muharibə, işğal ağrıları
ilə üz-üzə
qalan Azərbaycanın
portreti... Belə bir durumda bütün
ədəbi jurnalların
çapı dayandırılmış,
mənəviyyat heç
kimə lazım olmayan nəsnə kimi arxa plana keçirilmişdir. Ölkə
ziyalıları bu məqamı böyük narahatlıqla qarşılamış,
bazar iqtisadiyyatının ədəbi
düşüncəni üstələməsini
böhran, uçurum kimi dəyərləndirmişlər.
Belə həyəcan
təbili çalanlardan
biri də Tofiq Mahmud idi: "Bir çox nəşrlərin
taleyi "Azərbaycan"
jurnalı kimi acınacaqlıdır. İki
ildən çoxdur
ki, Akademiyanın "Elmi
xəbərlər"i çap
olunmur, "Ulduz" jurnalı kiosklarda çoxdan görünmür.
Uşaqlar üçün
çap olunan jurnalların, qəzetlərin
solğunluğu, keyfiyyətsizliyi,
onların da iflasa uğraması dəhşətlidir.
200 min abunəçisi olan
"Göyərçin" jurnalının indi demək olar ki, abunəçisi yox dərəcəsindədir. El-el,
məktəb-məktəb yayılan,
oxunan, sevilən bu jurnalın aqibəti, heç də o biri jurnallardan yaxşı deyildir".
Tofiq Mahmud bütün
varlığı ilə
bu jurnalın yaşamasına çalışırdı.
Həm də anlayırdı ki, hakimiyyət
və varlanmaq ehtirasının gücləndiyi
bir dönəmdə bunlar boş çabalardır. Onun
1992-ci ildə unudulmaz
alim Yaşar Qarayevə
bu xüsusda ünvanladığı kiçik
bir şeir parçası ədibin zamana və mühitə verdiyi gerçək münasibəti
aydın ifadə edir:
Dağa dumanlar gələr, göyə buludlar dolar,
Bahar nəfəsi yoxsa çiçəklər
aça bilməz.
Ağıl, idrak nə lazım meydan sulasa dollar,
Bazar təlatümündə
mələklər uça
bilməz!
"Uşaq
ədəbiyyatının göyərçini",
yaxud düzlük, xeyirxahlıq timsalı
Tofiq Mahmud ədəbiyyata
gəldiyi ilk vaxtlarda Səməd Vurğun,
İslam Səfərli, Gülhüseyn
Hüseynoğlu, Mirzə
İbrahimov və digər
ədəbiyyat adamları
ilə ünsiyyətdə
olub, onlardan görüb-götürüb.
O, dövrünün
bütün görkəmli
şair və yazıçıları ilə
doğma, məhrəm
münasibətdə olub.
Onunla bağlı qənaətlərdə, dost yazılarında
Tofiq Mahmudun təmiz və təmənnasız, nəcib
və fədakar insan kimi dəyərləndirilməsini
bu gözəl şairin bəlkə də qazandığı böyük mükafat hesab etmək olar. Xüsusilə xalq şairi Məmməd Araz uşaq ədəbiyyatının
bu yorulmaz cəfakeşindən daim sevgi ilə bəhs etmiş, onun istedadı ilə bərabər insanlığını xarakterizə
edən çalarlara
da vurğu salmağı
unutmamışdır. Şairin
ona ünvanladığı
məktubların birində
oxuyuruq: "Sənin rəngarəng yaradıcılığının
çox böyük hissəsini Azərbaycan uşaq ədəbiyyatının
təbliği, onun müxtəlif dillərdə
tərcüməsinin təşkili
məsələləri tutur.
Səni müxtəlif
ədəbi görüşlər
zamanı müşahidə
etmişəm: uşaqlarla
görüş zamanı
əsil mənada dönüb uşaq olursan. Onlara qarışıb oynamaq, gülmək, uşaq kimi əl çalmaq,
atılıb-düşmək istəyirsən".
Tofiq Mahmudun uşaqlara bəslədiyi
doğma, ruhsal sevgidən ondan yazan bütün müəlliflər bəhs
ediblər. Onun bir şair kimi
həyatda qazandığı
ən ali status bəlkə də elə budur. Uşaqları sevmək istedadı! Buna nail olmaq üçün təbii
ki, ürəyini uşaq
qəlbi kimi saf və təmiz
saxlamaq əsas şərtdir. Tofiq Mahmud dünyadan köç edəndə uşaq şairi Rafiq Yusifoğlu ona elə mərtəbədən
nəzər yetirərək
yazırdı: "Təmizliyiniz
bəlkə də çoxlarımıza nümunə
ola bilərdi... Sadəlöhvlüyünüz
sizi ömrünüzün
ixtiyar çağında
da uşaq kimi məsum saxlamışdı.
Dünyada ən çox sevdiyiniz uşaqlar idi. Dünyaya uşaq kimi məsum gəlib, dünyadan uşaq kimi məsum köçdünüz...
Şairin ölümündən
sonra, 1999-cu ildə
"Cümə axşamı"
qəzetində onun
"Ağrılar" şeiri
çap olundu. Bu şeirdə Tofiq Mahmudun son illərdə yaşadığı bütün
ağrı və əzabların şəkli,
obrazı var. Bir də
bu əzablar içində hələ
də pərvazlanmaq, göylərə, zirvələrə
qanad çalmaq arzusunda olan şair qəlbinin döyüntüləri, son çırpınışları...
Dağdan yuvarlanan
bir daş kimiyəm,
İtəcək bir damla, yağış kimiyəm.
Uçub dağılsa
da böyük dağ
eşqim,
Duyuram, güclüdür
yaşamaq eşqim!
"Mütaliəsiz
bir günümü təsəvvürə gətirə
bilmirəm"
Tofiq Mahmud gözəl
bədii nümunələrin
müəllifi olmaqla bərabər, Azərbaycan,
rus və Avropa ədəbiyyatının
oxucusu, onları dəyərləndirməyi, təhlil
etməyi bacaran söz sərrafı idi. Tərcümə etdiyi mətnlər də vardı. Xuta Berulavanın "Quş südü", İsabəy İshaqovun
"Hər şeyi öyrənmək istəyən"
kitablarını Azərbaycan
dilinə çevirmiş,
həmçinin öz
əsərləri də
müxtəlif dillərə
tərcümə olunmuşdur.
Onun yaradıcılıq
arsenalında həm nasir, şair kimi bəhrələndiyi,
həm də gələcəyinə böyük
ümidlərlə yanaşdığı
müəlliflər saysız-hesabsızdır.
Tofiq Mahmud klassik yazarlar - Abbas Səhhət,
Əhməd Cavad, Mikayıl Müşfiq, müasirləri - Mikayıl
Rzaquluzadə, Mehdi Seyidzadə,
Əhməd Cəmil,
Süleyman Rəhimov,
Əbülhəsən, Hikmət
Ziya, Məmməd Araz, İsa Hüseynov, Əli Kərim, Rəsul Həmzətov, Hüseyn Abbaszadə, Əliağa Kürçaylı,
Cabir Novruz, Teymur Elçin, Xanımana Əlibəyli,
Zahid Xəlil, İlyas Tapdıq,
Rafiq Yusifoğlu, Vaqif
Bəhmənli, Azər
Abdulla, Ələkbər Salahzadədən
son dərəcə böyük
sevgi və həssaslıqla bəhs edir, onların əsələrindəki gərəkli
olan ən kiçik nüansı belə önə çəkib qiymətləndirməyə
çalışırdı. Amma daha çox diqqət yetirdiyi nüanslar onların şəxsiyyəti ilə
bağlı işıqlı
notlar və yaradıcılıqlarının uşaq ədəbiyyatı
ilə bağlı olan tərəfi idi. Bu tərəfləri həssas bir nəzərlə aktuallandırmaq
isə Tofiq Mahmudun özünün həyat həyat və yaradıcılıq
idealına daxil olan missiya idi.
Tofiq Mahmudun eləcə də rus ədəbiyyatından
Aleksandr Blok, Nikolay Tixonov, alman ədəbiyyatından Henrix
Heyne və digər onlarla tanınmış şair
və nasir haqqında olan düşüncələri sistemli
bir mütaliə həvəsinin, dünya ədəbiyyatına bələdlik
coşğusunun gətirdiyi
dalğa olsa da, nəticədə ona ədəbiyyat, sənət
yolu, insan və onun yaşantılarının
təcəssümü ilə
bağlı yeni həyat
materialı, şair, nasir təcrübəsi aşılayırdı: "Onsuz
(mütaliəsiz - E.A.) bir
günümü təsəvvürümə
gətirə bilmirəm.
Onda (uşaqlıq illərində - E.A.) ən
çox Henrix Heyneni oxuyurdum, böyük alman şairi qəlbimə elə yol tapmışdı ki, onun hər şeiri
mənə möcüzə
kimi gəlirdi".
"Ədəbiyyata
öz nəfəsi, öz sözü ilə gəlmək-səadətdir"
Tofiq Mahmudun sovet dövründə
"Azərbaycan müəllimi"
qəzetində çalışmasını,
uzun illər "Göyərçin" jurnalına
rəhbərlik etməsini
ədəbiyyatın xeyrinə
hesablanmış missiya
adlandıra bilərik.
Sovet ideologiyasının
milli-mənəvi dəyərlərə,
yaddaşa, tarixi abidələrə və keçmişimizə qarşı
apardığı ziyanlı
təbliğatın əksinə
olaraq, bu cür mötəbər iki instansiyaya xalqına, onun milli-mənəvi dəyərlərinə
sadiq olan, onu canı, qanı qədər sevən bir ziyalının rəhbərlik
etməsi az əhəmiyyətli məsələ
deyildi. Bu, məhz, tarixi yaddaşın qorunması, nəsildən-nəsilə
zədəsiz ötürülməsi
demək idi. Şairin qızı Yadigar Mehdiyeva yazır: "Bəzən
Tofiq Mahmudu emosional pafosuna, patetikasına görə qınayırdılar. Lakin şair
pafosu Sovetlər Birliyi zamanında çox qələm əhlinin müraciət etdiyi kommunist partiyasına və ya hər hansı
siyasi quruma deyil, insanı hisslərə, humanizmə
həsr olunub".
Görünür, dövrün
bir çox başqa yaradıcı şəxsləri kimi Tofiq Mahmud da içində
yğılıb qalan
ağrı və nisgillərdən yan keçə bilməmişdir.
Bunun nəticəsi idi
ki, şair sovet hökumətinin iflasından
az sonra repressiya qurbanlarının
həyatından bəhs
edən mətn yazdı, bu mövzuya müraciət etməyi borc bildi. Şairin "Qara kitabın ulduzları" poemasında
hər səhəri qanla açılan 1937-ci ilin ağrılı obrazı yaradılmış,
böyük ədib Yusif Vəzir Çəmənzəminlinin simasında
sistemin yazıçıya
divan tutması, onları
milli-ədəbi təfəkkürdən
yox etmə çabaları, xalqın
dəyərli ziyalılarının
mənfur rejimin güdazına getməsi prosesi bədii ifadəsini tapmışdır:
Sən - otuz yeddinci il,
Həm qəddar,
həm əzazil!
Hamı başı
aşağı...
Boğulur qara rəngdə.
Ulduzların işığı!
Sən - qapqara
bir kitab,
Həm əzab,
həm iztirab!
Hər yerə
baş çəkərək
Tüğyan edir qara rəng!
Tofiq Mahmudun "Yola çıxıram", "Dibçək",
"Buzovna qayaları",
"Açıqdır pəncərəm",
"Alpinistlər", "Meşədə səs",
"Ana qucağı", "Qızımın sualları",
"Dalğalar", "Ulduzlar",
"Düşüncələr",
"Kəpənək gözəlliyi"
və s. kimi yazdığı kitablarda,
qələmə aldığı
şeirlər, mənzur
nağıllar, dram əsərləri
və poemalarında uşaqlarımızın dünyasına
dair ən munis, ən təmiz hisslər mətnə gətirilmişdir.
Tofiq Mahmud şeirdə,
uşaq ədəbiyyatında
ilk addımlarını atdığı
zamandan etibarən istedadı fərq edildi. Ondan dövrün
tanınmış ədəbi
ziyalıları, tənqidçiləri
inam, şövqlə
bəhs etdilər. Əsərləri ədəbi
mühitin təhlilinə
həsr olunmuş yazılarda diqqəti cəlb edir, müxtəlif oçerk və məqalələrin
tədqiqat predmetinə
çevrilirdi. Görkəmli
tənqidçi Qulu Xəlilov gənc şairə "uğurlu
yol" arzulamağı
özünə borc bilirdi: "Ədəbiyyata
öz nəfəsi, öz sözü ilə gəlmək-səadətdir.
Bu cəhət, adətən,
hər bir həqiqi şairin hələ ilk qələm
təcrübələrindən özünü göstərir.
Gənc şair Tofiq Mehdiyev də belə müəlliflərdəndir. Mən
sənin səmimiyyətinə,
qəlbinin təmizliyinə
çoxdan inanmışam".
Digər görkəmli
ədəbiyyatşünas alim İmamverdi Əbilov
1970-ci ildə "Azərbaycan"
jurnalında çap olunan "Uşaqlar üçün böyük
ədəbiyyat yaradaq"
məqaləsində yazırdı:
"M.Rzaquluzadənin, R.Rzanın,
M.Seyidzadənin, T.Elçinin,
Ə.Babayevanın, H.Abbaszadənin,
M.Dilbazinin, X.Hasilovanın,
H. Ziyanın, N. Xəzrinin,
Ə. Əsgərovun, E.Ağayevin,
Z.Cabbarzadənin, T.Mütəllibovun,
Tofiq Mahmudun, İ.Tapdığın məlum
əsərləri ona
görə uşaqların
stolüstü kitabları
olmuşdur ki, qələmə
alınan mövzu quru, ritorik tərzdə
deyil, səmimiyyət
və ilhamla nəql edilib".
Tofiq Mahmud 1961-ci ildən
fəaliyyət göstərdiyi
"Göyərçin" jurnalında maarifçi və redaktor kimi müəyyən zövq sərgiləməklə
bərabər, eyni zamanda özünün yazdığı şeir,
poema və mənzum nağıllarla
da uşaqlarımıza lazım
olan köməyi göstərmişdir. Həm
tarixi abidələri tanıtmış, Azərbaycanın
gözəlliklərini vəsf
etmiş, həm də hər bir uşağa vətənin qədrini bilmək hissini təlqin etmişdir. "Göyərçin" jurnalının
hazırki baş redaktoru, filologiya elmləri doktoru Rafiq Yusifoğlu Tofiq Mahmud haqqında yazır: "Tofiq Mahmud həyatını,
ömrünü uşaq
ədəbiyyatına, uşaq
mətbuatına həsr
etmişdir. "Göyərçin"
jurnalının redaksiyasında
göyərçin xislətli
bir ömür yaşayırdı. Özündən
sonra göyərçin
xislətli bir xatirə qoyub getdi. Nağılları, şeirləri, poemaları
"Göyərçin"in səhifələrində gələcək
nəsillərə yadigar
qaldı".
"Bütün
dünyada ən ülvi nemət poeziyadır"...
Tofiq Mahmudun şeirlərinə diqqət
yetirəndə onların
müxtəlif mövzuları
əhatə etdiyini görürük və bu şeirlər daha çox Azərbaycan gözəlliyinə,
Azərbaycanın təbiətinin
vəsfinə həsr
olunan şeirlərdir.
Bu şeirlərdə vətənin
müxtəlif yönlərinin,
qədimlik və tarixiliyinin epik panoram miqyaslı təsvirləri var. Gözəlliyi
daha çox təsvir və tərənnüm edərək
balaca oxuculara çatdırmaq və tanıtmaq əsas məqsədə çevrilir.
Azərbaycanın ən
dəyərli tarixi abidələrinin, müxtəlif
vilayətlərin, rayonların,
çayların, göllərin,
dağların hər
biri Tofiq Mahmud şeirlərində xüsusi
dəyər alır.
Bu şeirlərin adlarını
səsləndirmək yetər
ki, Tofiq Mahmud qələminin
hansı çevrələr
cızdığı, hansı
dairələrdə qələm
işlətməyi üzə
çıxsın. Diqqət
edək: "Kəlbəcər
yolları", "Girdimançay","Qara Nohur", "Lahıc ustaları",
"Baskal", "İçərişəhər",
"Nabran", "Salam Kəpəz",
"Göygöl", "Qaragölə gedən cığır", "Axşam
düşür Göygölə",
"Güzgügöləm mən", "Maralgöldə",
"Xəzərin sahilləri",
"Ceyranbatan", "İstisu",
"Tərtər çayı
və çiçəklər",
"Talıstan", "Yadıgar
qala", "Günəşli
məqbərə". Tarixiliyi
və gözəlliyi
özündə daşıyan
elə bir abidə, yurd yeri, dəyər nişanəsi yoxdur ki, Tofiq Mahmudun nəzərlərindən kənar
qalsın.
Tofiq Mahmudun şeirlərindəki əfsanələrə,
xalqın genetik yaddaşına bağlı
rəvayətlərə əsaslanmaq
məramının mahiyyətində
də bu amillər dayanır. Onun "Günəşli
məqbərə" şeirində
Naxçıvanda tikilən
Əlincə qalasını
tərənnüm etməsi
fikirlərimizə sübutdur.
Eləcə də məktəbə və məktəbliyə, ana dilinə
həsr etdiyi, öz övladları ilə dialoq üstündə qurulan şeirlər, dostluqla, heyvanlarla, bitkilərlə
bağlı yazdığı
mətnlər şairin
yaradıcılığında ətraflı və konseptual olaraq sərgilənmişdir. Məsələn,
onun "Göyqurşağının
rəngləri", "Su
zanbağının nəğməsi",
"Sehirli qılınc"
kimi mənzum nağılları, yaxud poemalarının hər birində uşaqların daha çox xeyirxahlığa, nəcibliyə
səslənişi, onların
tərtəmiz dünyaları,
əxlaqlı, ləyaqətli
bir insan kimi yetişmələri yönündə iştirakı
əsas yer tutmuşdur. Bu şeirlərdə
müəllif düşüncələrini
rəvan dillə, uşaqların anlayacağı
tərzdə, həm də əyləncəli üslubla mətnə gətirməyə çalışır
ki, həm uşaqların
hafizəsinə hopsun,
yaddaqalan olsun, həm də onlar üçün maraqlı təsir bağışlasın. "İlk dəfə" şeirində
olduğu kimi. Şair hərflərlə
ilk tanışlığa başlayan
uşağın maraq
dünyasını rəvan
dil və sadə ifadə tərzində qələmə
almağa çalışmışdır:
Süsən kitab oxuyur,
Bu gün səhərdən bəri.
Görün necə
tanıyır
Bircə-bircə hərfləri.
Gözləri işıqlanır
Qəlbində sevinc duyur.
Axı ilk dəfədir
ki,
Özü kitab oxuyur.
Poeziya Tofiq
Mahmud üçün hər
zaman müqəddəs məbəd
oldu. "Ədəbiyyat
İnstitutunun suallarına
verdiyi cavablar"da belə bir qeydi
var şairin: "Daxili,
mənəvi böhranlar,
tərəddüdlər, əzablar
çəksəm də,
hətta bəzən poeziyadan uzaqlaşmaq fikrinə düşsəm
də, müvəqqəti
fasilə versəm də, ondan uzaqlaşa bilmədim".
Bunu ədibin yaradıcılığı ilə
yaxından tanış
olduqda görməmək
mümkün deyil. Tofiq Mahmud ömrünün
son günlərinə qədər
şeirdən, poeziyadan
ayrı düşməyib.
Əksinə, lirika, romantik düşüncənin
qanadında pərvazlanan
duyğuları ona yaşamaq, yaratmaq üçün daha çox stimul verib. Əks halda deməzdi ki, "bütün dünyada ən ülvi nemət poeziyadır, onsuz həyat solğun və mənasız görünərdi".
Yaradıcılıq qayəsi: bütün hallarda İşığa
inanmaq!
Tofiq
Mahmudun nəsri, dram yaradıcılığı,
hətta publisistikası
onun poeziyadakı missiyasının davamıdır.
Nəsrinin sirayətedici
gücündən nəinki
öz zamanında, hətta dünyasını
dəyişəndən sonra
belə heyranlıqla bəhs edən yazılarla qarşılaşırıq.
Gənc nəslin tanınmış imzalarından
olan yazıçı,
esseist Cavid Qədir "Söz dünyamızın Tofiq Mahmud güşəsi"
məqaləsində Tofiq
Mahmud yaradıcılığına
yeni nəslin gözü ilə baxır, yazıçının
sözlə işləmək
ustalığını önə
çəkir: "Tofiq
Mahmudu "Uzaqda ucalan dağlar"la tanımışam. Uzağı
anlatmaq lazım gəlsə, bu əsəri misal çəkərəm. Romanda
bir az magik
tərzdə uzaqlıq
var. Əlini uzatsan çatası məqamlarda da nəsə iraqlıq, özgəlik, tənhalıq
sezilir. ... Tofiq Mahmudun zəngin yaradıcılıq yolunda
son irihəcmli əsəri "Uzaqda ucalan dağlar" olub. Tanınmış Azərbaycan rəssamı
Bəhruz Kəngərlinin
həyatından bəhs
edən, müəyyən
mənada sənədli
romandır. Yazıçı
bu əsərin ərsəyə gəlməsi
üçün 5 il araşdırma aparıb, Kəngərlinin getdiyi, yaşadığı yerləri
qarış-qarış gəzib,
müxtəlif adamlarla
söhbət aparıb".
Yaxud
filologiya üzrə fəlsəfə doktoru Hicran Nəsibova Tofiq Mahmud yaradıcılığındakı
əhəmiyyətli məqamlara
diqqət çəkərək
onlardan gələcəkdən
faydalanmaq gərəkdiyini
vurğulayır: "Uşaqlarımız
üçün cizgi
filmləri və ya qısametrajlı bədii filmlərin çəkilməsinə ehtiyac
olduğu indiki zamanda Tofiq Mahmudun
uşaq hekayələrinə
müraciət etmək
məqsədəuyğun və
gərəklidir".
Tofiq
Mahmud hər hekayəsi, hər nağıl, hər əfsanəsində kiçik
yaşlı uşaqların,
gənclərin mənəvi
tərbiyələnməsinə xidmət edən nə varsa onları
dürüst mövqedən
mətnə gətirməyi
sevirdi.
Onun
xitab etdiyi təbəqə uşaqlar
idi. Bu mənada,
Tofiq Mahmudun bütün mətnlərinin
hamısında eyni məslək, eyni məram ehtiva olunur: gənc nəslin sağlam ruhda böyüməsi, vətənpərlik duyğularının
uca tutulması, yurd gözəlliklərinin
tərənnümü, mənəvi
dəyərlərin qorunması,
dostluq, yoldaşlıq
kimi məfhumların mahiyyətinin dərki, zəhmətə, halallığa
alışmaq, xeyirxahlıq
və nəciblik kimi insani hisslərin
itməməsi və bir də bütün
hallarda İşığa
inanmaq! Əgər gözəl uşaq yazıçısı Xanımana
Əlibəylinin bütün
yaradıcılığını simvolik olaraq bircə kəlmə ilə xarakterizə etmək lazım olsaydı bu söz, şübhəsiz
Günəş olardı.
Bəs Tofiq Mahmud üçün? İşıq! Bu bir kəlmə Tofiq Mahmudun həm şəxsiyyətini,
həm də yaradıcılığını aydın ifadə edir. Onun "İşıq" adlı
əfsanəsi də var. Burada müəllif
dəmirçi Əhmədlə
xəsis tacirin mənəvi dünyasındakı
fərqi məhz, insanın daxilində işığa münasibətdə
meydana qoymağa çalışır. Belə
ki, Dəmirçi Əhmədin pəncərəsindən
gələn gur işıq ətrafda olan hər kəsi
sevindirsə də, xəbis tacirin həsədinə səbəb
olur. Dərviş tacirə
"get bazardan çıl-çıraq,
qəndil, al, as evindən",
- deyə ironiya edir. Bunu anlamayan
taciri başa salmaq üçün onu dəmirçinin evinə aparır və buradakı səmimiyyəti, mehribanlığı,
xoş rəftarı,
az ruzi ilə
xoşbəxt olmaq şövqünü tacirə
göstərərək deyir:
"İndi bildinmi
dəmirçi Əhmədin
evi niyə işıqlıdır. Çünki
onun ürəyi işıqlıdır, ürəyi!
Camaat onu çox sevir, evini də həmişə
işıqlı görür.
Dəmirçi əsl
insan kimi yaşayır. Evinin qapısı hamının
üzünə açıqdır".
Bir də "Kəpənək gözəlliyi"
adlanan bir poeması var Tofiq Mahmudun. Həyatın mənasını, məqsədini
anlatmaq üçün
bu kiçik poema çox söz deyir. Güldən-gülə qonan,
hər çiçəkdən
bir rəng, bir gözəllik alaraq yaşayan kəpənək həyatın
mənasını bu gözəllikləri hiss edərək
yaşamaqda görür.
Amma qarğa ona bu adi sevincdən
xoşbəxt olmaq hissini bağışlaya bilmir, anbaan kəpənəyi təqib
edib məhv etməyə çalışsa
da yaxalamağa müvəffəq
olmur. Hər dəfə yaxınlaşanda
kəpənəyin ona
etina etməyərək
çiçəkdən çiçəyə
qonduğunu görür.
Çünki kəpənək
zərif çiyinlərində
ətirli rənglər
daşıyır və
özünün azad və xoşbəxt həyatından məmnundur:
Bu çəməndə
bircə rəng
Gözdən kənar
qoymadı,
Özü gözəl
kəpənək
Gözəllikdən doymadı.
Elə ki, güllər
soldu,
Kəpənək də yox oldu.
Bitdi ömür karvanı.
Ancaq dünya yaşadı,
Az olsa da, dünyanı
Duya-duya yaşadı.
***
Belə... İllər
keçir. Amma Tofiq
Mahmud kimi gözəl
sözə, gözəl
duyğulara və ən əsası, gözəl ömrə ürək qoyub gedən insanlar ədəbi yaşamaq və zamanla yaşlanmaq statusu qazanırlar. Çünki
həyatına və ruhuna güldən qanad taxanlar üçün parvazalanacaqları
bir ünvan var: əbədiyyət!
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti. – 2024. – 3 fevral,
¹ 4.– S. 10-12.