Azərbaycan ədəbiyyatının
ağsaqqalı
Anarı tənqid etmək Günəşə
daş atmaq kimi bir şeydir...
Bu
yaxında sosial şəbəkədə Yazıçılar
Birliyinin ləğv olunması haqqında beş-üç cümləlik
bir status yazmışdım. Həm
də heç kimin adını çəkmədən. Səhər
yuxudan oyandım ki, çoxsaylı media məxsusları məni axtarır. Əvvəl özümü
terrorçu kimi hiss elədim, sonra gördüm yox, məsələ ayrıdı. Çox adam çalışdı
ki, dilimdən Anar müəllim haqqında neqativ bir cümlə alsın, amma bacarmadılar. Çünki
mənim yazdığım
üç cümləlik
statusda fikir tamam başqa idi. Bu barədə
lazım olarsa, daha ətraflı yazacam. İndi isə bəzəksiz-düzəksiz
cümlələrlə bəzi
məsələlərə toxunmaq istəyirəm.
Öncə,
onu deyim ki, son vaxtlar
Anar müəllimin bostanına daş atmağa çalışan
adamların əksəriyyəti
hansı bağ-bostanın
naz-nemətləri ilə
yekələndiklərini bilmirlər.
Bu adamlar alma ağacının altında oturub, alma gözləməyə
səbir etməyib təpik atırlar. Düşünmürlər ki,
o alma bunların başına düşə
bilər? Axı, bu adamlar Anar
müəllimdən nə
istəyirlər? Anar müəllim bunlara "Beşmərtəbəli evin
altıncı mərtəbəsi"ni
verib, Anar müəllim bunlara "Evləri köndələn
yar"ı verib,
"Dədə Qorqud"u
verib, bu kimi onlarla tarixi
əsərlər verib.
Bu adamlar başqa nə istəyirlər?
Mən
çox təəssüf
edirəm ki, bu gün Anara
qarşı yanlış
düşüncədə olan gənclər də vardır. O gənclər ki, Anarın əsərlərinə
çəkilmiş filmlərlə
böyüyüblər. Demək
ki, o gənclər o filmləri başa düşməyiblər, o romanları,
hekayələri, povestləri
anlamayıblar, əgər
anlasaydılar, bu gün Anarı da anlayardılar. Anlayardılar ki, Anar bir məktəbdir,
çoxumuzun oxuyub adam olduğumuz məktəb. Kimisi oxuya bilməyib sinifdə qalıbsa, kəsilibsə, bunun günahkarı Anar deyil. Bəsdirin, künc-bucaq təfəkkürlərinizlə
ara qarışdırdınız.
Vaxtınız olanda özünüzə qayıdın.
Özünüzlə söhbət
edin, özünüzü
anlayın. Əgər
barmağınız yaza,
diliniz deyə bilmirsə, vicdanınız
önündə söhbət
açın, görün,
bu gün Azərbaycan ədəbiyyatında
ikinci bir Anar varmı? Hər söz adamının öz yeri, öz xidməti
var, bu, başqa məsələdir.
Amma adamı yandıran odur ki, Anarın bircə hekayəsi ola bilməyib özünü nəhəng
yazıçı hesab
edənlər var. Özünü ədəbiyyat
adamı hesab edib, yaxşı sözün üstünə
pis söz qoyub yayanlar utansın. Həm də bilsinlər ki, onların Anarı tənqid etməsi Günəşə
daş atmaq kimidir.
Məsələn,
biri mən. Hamı bilir ki, İkinci Qarabağ savaşından
sonra şəhidlərimiz
haqqında silsilə şeirlər yazmağa başladım və şeirlər geniş məlumatlarla bərabər
silsilə kitablar şəklində çap
olunur, hazırda
3-cü cildi çapa
hazırlayırıq. Hələ
ilk cildin çapında Anar müəllimin dəyərli
məsləhətləri oldu.
Təqdimat mərasimində
iştirak edib dəyərli fikirlərini
bildirdi. Anar müəllim başqa nə etməlidir? Özünü, sözünü
bilən bütün gənc yazarlara Anar həmişə dəstək olub. Bu gün də
o dəstəyini davam
etdirir.
Gələk,
əsas məsələyə,
həqiqətin özü
budur ki, bu gün Anar
Azərbaycan ədəbiyyatının
ağsaqqalıdır. Bir
nəfər şair, yazıçı qalxıb
deyə bilməz ki, mənim yaradıcılığım, mənim
fəaliyyətim, mənim
xidmətlərim, mənim
sözüm Anardan böyükdür. Bu gün ciddi ədəbiyyatı və
mədəniyyəti olan
gənclərin əksəriyyəti
Anar müəllimin yanındadır.
Elşad BARAT
Ədəbiyyat qəzeti.
– 2024. – 3 fevral, № 4. – S. 15.