Şeirlərindən nümunələr
Atamın dəzgahı
Bu dəzgahda neçə dəmir,
Neçə çəlik
kül oldu.
Sənin kimi milyonlarla dəmirçi
zənginlərə qul oldu.
Bu dəzgahda neçə qılınc,
Neçə xəncər düzləndi.
Qaranlığın zəhər saçan bağrında da
gizləndi.
Bu dəzgahdan gözə saçdı
qığılcımlar,
Ulduzlarla qovuşdu,
Şimşəklərlə çarpışdı,
Çətin qorxu
və sevgi, sevinc aradı:
illər keçdi, gur çəkicin
və dəzgahın
paslanmadı,
parladı.
Keçmişdən xatirələr
Çağlar keçdi, oyanmadıq,
Dərd çəkməkdən usanmadıq,
Əl verdilər, dayanmadıq,
Sanımızı unutmuşuq.
Bu ellərdən düşmən qaçdı,
İldırımla işıq saçdı,
Dənizlərə yollar açdı,
Şanımızı unutmuşuq.
Şimşək vurdu, biz də yandıq,
Boş sözlərə tez inandıq,
Qaranlığı aydın sandıq,
Anımızı unutmuşuq.
Dağlar coşdu, qol qırıldı,
Sümük sındı, bel qırıldı,
Əlimizdə tel qırıldı,
Sazımızı unutmuşuq.
Dəniz coşdu ürəyimdə,
Zəncir izi biləyimdə,
Həsrət gizli diləyimdə,
Yazımızı unutmuşuq.
Balıqçının ağ ağında,
Ovçuların tozağında,
Yurdumuzun torpağında
Qanımızı unutmuşuq.
Ağ göyərçin
qanadlandı,
Damarlardan qan atlandı,
Əkməyimiz boyatlandı,
Yurdumuzu unutmuşuq.
Günəş doğar
üzümüzdə,
İldırım var
gözümüzdə,
Mərdlik, şərəf
sözümüzdə,
Elimizi unutmuşuq.
Gəzər göydə gözəl
quşlar,
Gerçəkləşməz
heç bir düşlər,
Düyünlənib yaram işlər,
Dilimizi unutmuşuq.
Qərənfil
Poemadan parça
Gözlərinin
baxışını saxladım,
Ürəyimdən keçən yolu
yoxladım.
Sənə baxan yad gözləri
oxladım,
Öz-özümə yan demişəm,
qərənfil!
Mən yurduma can demişəm, qərənfil!
Çoxdan bəri yazdım adın
könlümdə,
Sözün gəzər hər vaxt mənim
dilimdə.
Sənə hörmət göstərirlər
elimdə,
Dilim şəkər, dilin şəkər,
qərənfil!
Bir-birini sevər, çəkər,
qərənfil!
Bağ-bağçalar gül
ocağı olanda,
Bulaqlar da şirin suyla dolanda,
Aşıqlar da sazlarını
çalanda
Sənin üçün şeir
yazdım, qərənfil!
Ürəyimdə adın qazdım,
qərənfil!
Sənin sevgin göylərədək
ucalır,
İnsan oğlu həsrətinlə
qocalır.
Qəmlər görüb, dərd
çəkərək incəlir,
Saxla bizi qucağında, qərənfil!
Şimşək kimi ocağında,
qərənfil!
Həyat gözəl bir səhnədir
- keçilir,
Səndəki bu incilər də
seçilir.
Yavaş-yavaş eşq badəsi
içilir,
Sənin sevgin çox uludur, qərənfil!
Baharlarla gül doludur, qərənfil!
İnsan odur - çətinliyə
dayansın,
Bir çağrışla
duruxmasın, oyansın.
Yurdu üçün günəşlərə
boyansın,
Sənin kimi heç görmədim,
qərənfil!
Başqasını mən sevmədim,
qərənfil!
Tarix boyu gur-gur səsin sellərdə,
Əzbərlənib sənin adın
dillərdə.
Bənzərin yox çiçəklərdə,
güllərdə,
Harda olsa, ətrin saçar, qərənfil!
Dumanları keçər, açar,
qərənfil!
Qış vaxtında yarpaqların
titrərkən,
İldırımlar göydən enib
bitərkən,
Gözəl-gözəl
bülbüllərin ötərkən,
Yarpaqların gül olaydı, qərənfil!
Ürəklərə bir dolaydı,
qərənfil!
Saç ətrini bütün xalqlar
üstünə,
Sevinc gətir qardaşına-dostuna.
Qoyma girsin insan qurdlar postuna!
Azadlığı dünyaya yay, qərənfil!
Gözəl-gözəl xalları
say, qərənfil!
Dağlar başı sisli duman olanda,
Gözlərimiz qan yaşıyla
dolanda,
Aclıq, qorxu qanadını salanda
Sən də görün qüvvətinlə,
qərənfil!
Əl-ələ ver millətinlə,
qərənfil!
Vur ildırım, qaranlıqlar
qalmasın,
Sümürgəçi
düdüyü də çalmasın.
Bir də savaş pərdəsini
salmasın
Qırılmayan qol-qanadlar, qərənfil!
Ruzigarda qoşan atlar, qərənfil!
Sevgi erkən oyandı
Qaranlıq küçələrdə
Çalınan zəng səsindən
Qulaqlarım usandı.
Gecə-gündüz həsrətlə
Türkülər söyləməkdən
Dodaqlarım da yandı.
Ver əllərin, görüşək.
Səninçün yorğun
canım
Fəlakətə dayandı.
Yetər, artıq bunca naz!
Bu yaralı könlümdə
Sevgi erkən oyandı.
Mərhəba
Millətimin uğrunda hər zaman
qaynar qanım,
Dilimi yaşatmaqçün
qalxandır ona canım.
Tarix boyu yayıldı;
türkmandır mənim soyum,
Qorxu nədir bilmədik, dedik,
ölüm, mərhəba!
Gəzdim Ural, Altayı, sevgiylə
türkü çaldım,
Parçalanan dilimə həsrətlə
durub baxdım.
Oğuzların səsiylə
ildırım kimi çaxdım,
Uzun illər gülmədik, dedik,
ölüm, mərhəba!
Orxon abidələri, Gültəkin
qalıqları,
Göy Türkün yazıları,
tarixin sübutları,
İçimizdə bəllidir,
sualın cavabları,
Şəhid olduq, ölmədik,
dedik, ölüm, mərhəba!
Ağsu
Sənin suyundan içib,
yaşadım torpağında,
Ən ağır günlərimi
keçirdim bucağında
Müqavimət göstərdim,
sevgili qucağında
Gözümdə yaş qurudu, sən
quruma, ax, Ağsu.
Ən balaca yaşdaykən
düşdüm qorlu atəşə,
Barışı hər an sevdim, nifrət
duydum savaşa.
Zəncirləndi əllərim,
yalqız qaldım, baş-başa,
Dostunu bas bağrına, düşməni
yandır, Ağsu.
Keçdi ömür, yorulduq,
keçmiş xatirə qaldı,
Damarlardan qan axdı, zamanın
adı qaldı.
Yurdumuzun uğrunda şəhidin
şanı qaldı,
Gündə deyil, ildə bir, bir
dön bizə bax, Ağsu.
Ana dili
Ana dilini sevmək
Ana qucağını sevməkdir,
Yaşamın ilk günlərində.
Ana dilini sevmək
Yenidən yaşamaqdır,
Yaşamın son günlərində.
Oyanış
Ümidlərim vulkan kimi qaynarkən,
Uzun çəkən yuxulardan
oyandım.
Taleyimlə kirli əllər oynarkən,
Bu mənasız həyatımdan
usandım.
Yurdda həsrət, könüldə
ah yaşarkən,
Quşlar bizdə darmadağın
dolaşır.
Ümid qırıq, qayğı
canı aşarkən,
Qınsız xəncər yaramıza
ulaşır.
Sizin üçün türküləri
söylərkən,
Qırx il, qırx ay gecə-gündüz
yoruldum.
Dayandım mən, qapınızdan
keçərkən,
Xəyal gördüm, ürəyimdən
vuruldum.
Kərkük
İçimdəki həsrətin
İçində yaşar Kərkük,
Analar laylasıyla
Oyanar, yatar Kərkük,
Gurgur baba ağlasa,
Silkənər, qaçar Kərkük,
Tarixin açılmayan
Sirrini açar Kərkük,
İldırımı dünyaya
Alovla çaxar Kərkük.
Kükrədi
Eşq oduyla sıxılmayan bu ruhu
Bir sevginin qısqacında titrədi.
Təzyiqlərə
alışılmış ürəyim,
İllər boyu qəzəbindən
kükrədi.
Nə sən gəldin dərman
tapdın dərdimə,
Nə mən durub xəyallardan
oyandım.
Dünya qorun tutuşdurdun sevgimə,
Gülləsinə nişan oldum,
dayandım.
Əbdüllətif Bəndəroğlu
Ədəbiyyat qəzeti.
- 2024. - 3 fevral, ¹ 4. - S. 14-15.