İraq-Türkman şairləri silsiləsindən: Əbdüllətif
Bəndəroğlu
Azərbaycanda çox tanınan və sevilən Əbdüllətif Bəndəroğlu haqqında məlumat
Dr.Şəmsəddin Kuzəçinin ikicildlik "Kərkük
şairləri"
(İraq Türkman
şairləri)
kitabı əsasında bir çox əlavələr və düzəlişlərlə tərtib etdiyim,
akademik
İsa Həbibbəylinin redaktəsi ilə çap etdirdiyim
"İraq türkman poeziya antologiyası"ndan götürülmüşdür (Bakı, "CBS PP", 2021, s.96-112).
Türkman ədəbiyyatının
öndə gələn
ziyalılarından olmuş
araşdırmaçı, şair, yazar və jurnalist Əbdüllətif Omran Bəndəroğlu Tuzxurmatuda
doğulub. İbtidai və natamam orta təhsilini Tuzxurmatu və Kərkükdə başa
vurub. Kərkük
Petrol şirkətinə aid Texniki məktəbdə oxuyarkən siyasi səbəblərdən məktəbdən
xaric edilib (1956). Bundan sonrakı həyatını bəzi
şirkətlərdə işləyərək
davam etdirib. Artan siyasi təqiblər
nəticəsində ölkədən
getmək məcburiyyətində
qalan Bəndəroğlu
1964-cü ildə Livan,
Bolqarıstan, və Yunanıstanda olub. O vaxtlar Sofiyada türk dilində yayımlanan qəzet və jurnallarda yazdığı məqalə
və şeirləri dolanışığına kömək
olmuşdur.
1965-ci ildə yenidən Vətənə
qayıdıb. 24 yanvar
1970-ci ildə türkmanların
mədəni haqlarının
qismən tanınmasından
sonra Bəndəroğlu
Kərkükdə İrşad
müdiri vəzifəsinə
təyin olunub. Bir müddət sonra isə Bağdada - Mədəniyyət Nazirliyinə
bağlı Türkman
Mədəniyyət müdiri
və hər həftə çıxan
"Yurd" qəzetində
baş yazar vəzifəsinə gətirilib.
Bu vəzifədə olarkən
yazar və alimlərin 400-dən artıq
kitabını çap
etdirib. Bu, ölçüyəgəlməz
xidmət idi.
1997-2000-ci illər
arasında Türkiyənin
"Anadolu" Xəbər Agentliyinin İraq müxbiri
vəzifəsinda çalışıb.
1999-cu ildə Türkman
Mədəniyyət müdiri
və "Yurd" qəzetindəki vəzifələrindən
ayrılaraq təqaüdə
çıxıb. 2002-ci ildə
yenidən "Yurd"
qəzetinin baş yazarı vəzifəsinə
gətirilib. 2003-cü ilin
dekabr ayında öz istəyi ilə vəzifədən
gedib.
"Yurd" qəzetinin türkman ictimaiyyətinə göstərdiyi
xidmət tarixə qızıl hərflərlə
yazılacaq qədər
dəyərlidir. "Yurd"
qəzetində yayımlanan
hər bir yazıda gənc nəslin başa düşəcəyi bir dil və üslub
işlədilməsi gənc
nəslin önünü
açmış və
təsirini bütün
ictimaiyyətə göstərmişdir.
Doğma dilin yaşadılmasında "Yurd"
qəzetinin böyük
xidmətləri olmuşdur.
Bəndəroğlunun və
onun iş yoldaşlarının bu xidmətini qiymətləndirmək
hər bir ziyalının vəfa borcudur.
Azərbaycan mədəniyyət
aləmində İraq-Türkman
tarixinə, mədəniyyətinə
və İraq türkmanlarına
duyulan böyük maraqda Bəndəroğlunun
payı böyükdür.
Azərbaycanlı elm və
ədəbiyyat xadimlərindən
biri olan Qəzənfər Paşayev
ilə şəxsi dostluqları sayəsində
gördükləri işlər
heç vaxt unudulmaz. Onların əlaqələri bir çox araşdırma və ədəbi əsərin meydana çıxmasına zəmin
yaratmışdır. Bəndəroğlu
Azərbaycan Milli Elmlər
Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının fəxri
üzvü seçilmişdi.
Eyni zamanda Bakı Dövlət Universiteti Filologiya fakültəsində 20 il boyunca
tələbələrə verdiyi mühazirə və seminarlara görə 1992-ci ildə ona universitetin Fəxri doktoru adı verilmişdir. Səddam rejimindən sonra İraq-Türkman mədəniyyət işlərinə
baxan Prezident köməkçisi vəzifəsinə
gətirilib. Daha sonra, Quzey İraqda
- Ərbildə qurulan
Federal Kürd Bölgəsi
Hökumətində nazir olub.
2 fevral 2008-ci ildə İordaniyada keçirdiyi ağır ürək əməliyyatı
nəticəsində həyata
gözlərini yumub və Nəcəfdə torpağa tapşırılıb.
Tərtibçidən: Əbdüllətif
Bəndəroğlu Azərbaycanı
çox sevirdi. 1968-ci
ildən ömrünün
sonuna qədər, demək olar, hər il ölkəmizə
gələrdi. Azərbaycan
sevgisini şairin aşağıdakı bayatısından
da görmək olur:
Yaşar könlüm;
qəm içər,
yaşar könlüm.
Dostların arzusuyla
Çırpınar, yaşar
könlüm.
Bağdadda bir ah çəkər,
Bakıda yaşar
könlüm.
Ə.Bəndəroğlu Azərbaycan
Yazıçılar Birliyinin
fəxri üzvü
(1994), Bakı Dövlət
Universitetinin fəxri doktoru (1992) seçilib. O,
heca vəznində və sərbəst şeirlər yazırdı.
Şairin Azərbaycanda
"Qərənfil" (1977), "Göylər unutmuşdu yağacağını" (1991), "Yolun sonunadək" (2001)
şeir kitabları və prof. Qəzənfər
Paşayevlə birgə
"Azərbaycan folkloru
antologiyası" (İraq-Türkman cildi, 1999, 2009) və "Çağdaş
İraq şeirindən seçmələr"
(2001) çap olunmuşdur.
"Qərənfil" poemasına
Bəxtiyar Vahabzadə,
yerdə qalanlarına
mən Ön söz yazmışam. Bağdadda Azərbaycanla bağlı "Ərəb
ölkələrində Azərbaycan
şeiri" (1971, ərəb
dilinə çevirən:
Sinan Səid), "Çağdaş
Azərbaycan poeziyasından
seçmələr" (1974), "Azərbaycan şairləri"
(1987), Bəxtiyar Vahabzadə.
"Seçilmiş əsərləri"
(1989), Nəbi Xəzri.
"Seçilmiş əsərləri"
(1989), "Azərbaycan hekayələri"
(1991), Kamil Vəli Nərimanoğlu.
"Xalqın sözü"
(1991), Qəzənfər Paşayev.
"İraq Türkman folkloru"
(1995), Elçin. "On ildən
sonra. Hekayələr"
(1996), Qəzənfər Paşayev.
"Altı il Dəclə-Fərat
sahillərində" (1996, Ərəb dilinə çevirən: Ə.Bəndəroğlu),
Rəsul Rza. "Ağlayan çox, gülən hanı?"
(Kərkük, 2007), Elçin.
"Mahmud və Məryəm"
(Kərkük, 2007) və
s. kitabları çap
etdirmişdir.
Onu da deyim ki, Rəsul Rzanın "Ağlayan çox, gülən hanı?" kitabına Bəndəroğlu
ilə birgə doqquz səhifəlik Ön söz yazmışıq.
Elçinin "Mahmud və
Məryəm" əsərinə
isə mən, "Elçinin sənət dünyası" adlı
səkkiz səhifəlik
Ön söz yazmışam.
Xüsusi qeyd etməyə dəyər
ki, 2000-ci ildə Bakıda
"Kitabi-Dədə Qorqud"un
1300 illiyinə həsr
olunmuş Beynəlxalq
Konfransda Ə.Bəndəroğlu
söz vermişdi ki, abidənin ərəb dilinə tərcüməsini
və çapını
təşkil edəcək.
O, ulu öndərin qarşısında
çıxışı zamanı
verdiyi sözü yerinə yetirdi. Abidə kürəkəni
Cəlal Poladın tərcüməsində, Bəndəroğlunun
Ön sözü ilə ərəbcə
"Hekayət Dədə
Qorqut" adıyla (Bağdad, 2007, 264 səh.)
çap olundu.
Bütün bunlara görədir ki, Əbdüllətif
Bəndəroğlu Azərbaycan
Sovet Ensiklopediyasına
(bax: IV cild, s.126) daxil edilmişdir. Məlumdur ki, ensiklopediyada
böyük xidmətləri
olan şəxsiyyətlər
yer alır.
Ə.Bəndəroğlu haqqında,
eləcə də möhtəşəm "Azərbaycan
yazıçıları XX-XXI yüzillikdə" Ensiklopedik
məlumat kitabında
(Bax: Bakı, "Nurlar", 2011, səh.217) oçerk
verilmişdir. Azərbaycanda
yaradıcılığına universitetlərdə diplom
işləri yazılır
və mənim rəhbərliyimlə Səkinə
Qaybalıyeva 2011-ci ildə
"Əbdüllətif Bəndəroğlunun
elmi-bədii fəaliyyəti"
mövzusunda dissertasiya
müdafiə edib.
Şair və tədqiqatçı Ə.Bəndəroğlunun Azərbaycanda, Türkiyədə,
İraqda ərəbcə
çıxan əsərlərilə
birlikdə 36 kitabı
nəşr olunub. Elmi araşdırma xarakterli kitablarını burada qeyd edirik:
- "İraq Türkman
ədəbiyyatı yolunda
bir addım". Araşdırma və Şeirlər. Bağdad,
1962.
- "Türkman şairi Füzuli Bayatlı". Araşdırma.
Bağdad, 1971.
- "İmadəddin
Nəsimi Əl-Bağdadi".
Araşdırma. Bağdad,
1973.
- "İraq Türkman
dili". Araşdırma.
Bağdad, 1977.
- "Atalar sözlərimiz". Araşdırma,
İncələmə və
Qarşılaşdırma. 2 cilddə. Bağdad,1988.
- "İraq Türkman
ədəbiyyatına bir
nəzər". 2 cilddə.
Bağdad, 1989.
Qəzənfər PAŞAYEV
Ədəbiyyat qəzeti.
– 2024. – 3 fevral, ¹ 4. – S. 14.