Rüzgarın qanadlarında gələn
həzin bir musiqi kimi...
Mən torpağam, məni atəş
yandırmaz;
tərkibimdə kömürüm
var,
külüm var...
90-cı illərin
oduncaqla isinən köhnə məktəb otaqlarının küləkli,
soyuq qış günlərindən, tüstülənən
sobanın göz göynədən xatirələrinin
vərəqləri arasından
misra-misra tökülür
bu sətirlər...
Bir anlıq yaddaşım film lenti kimi, illər əvvələ qayıdır,
özümü ədəbiyyat
dərsində, 11 yaşında,
bir şeirin uca hisslərinin zirvəsində hiss edirəm:
Mən bulağam,
tapşırıqla axmıram.
Mən həyatam,
həmişə yoldayam:
nəfəsdəyəm, arzudayam,
baxışdayam, ürəkdəyəm,
qoldayam...
Müəllim razılıq
dolu hərəkətlərlə
başını tərpətdikcə,
uşaq təxəyyülüylə
ədəbiyyat otağının
baş tərəfində
sırayla portretləri
vurulmuş şair, yazıçılar arasından
Rəsul Rzanın yazdığı sətirləri
tanıyaraq diqqətlə
məni dinlədiyini düşünüb daha
da ürəklənirəm:
- Mən torpağam, nemətimi, varımı
zəhmət sevən
insanlarla bölərəm.
Mən ürəyəm,
döyünməsəm,
ölərəm.
Əminəm ki, bu şeirlərin qol-qola girib ürəklə, sevgiylə torpaq, vətən yollarında addımladığı sətirlərinin
yaratdığı əsrarəngiz
duyğu seli mənim də özümü söz-şeir
cərgəsinə qatmağıma,
ədəbiyyatçı olmağıma
səbəb olmuşdur.
"Mən torpağam" şeiri ilə başlanan tanışlığımız sonradan şairin "Rənglər" silsiləsi,
"Təyyarədə düşüncələr",
"Rəngli yuxular",
Müşfiqə həsr
etdiyi "Qızılgül
olmayaydı" poeması
və s. başqa şeirlərinə qədər
davam etdi.
Xalq şairini öyrəndikcə, oxuduqca
poetik gücü, şeirdəki novatorluğu,
lirikanın incəliklərini
daha aydın görmək olur. Hər sətrinin dərinliyinə baş vura bilmək üçün yaxşı
bir "üzgüçü"
olmasan da, o, növbəti
misrası ilə mütləq oxucusunun düşüncəsini, duyğularını
söz dəryasında
batmaqdan xilas edir.
"Şair gözlərində yuxusuzluğun
ağır göynəyi
ilə miz üstündə payız
yarpağı kimi tökülən varaqlarda,
yan-yana, üst-üstə
yazılıb pozulmuş
sətirlərdə, ağlı-qaralı
səhifələrdə" "Mirzə Cəlil nisgili"ni ifadə edərkən, dünyanın
ölülər dünyası
olduğunu bir daha dilə gətirir...
Bunlar ki, lap yaxından
tanışdır mənə,
İsgəndər baxdı
üzümə
Maraqla, diqqətlə,
İstehzalı qəhqəhələrlə,
Dedi: - Görürsən,
Ölülər
Ölüb qurtarmayıb
hələ.
İllər bir-birini
əvəzləsə də,
zaman su kimi axıb keçsə də, Mirzə Cəlilin qələmə
aldığı satiranın,
kinayəli gülüşün
bu günümüzə
də aid olduğunu doğru duyan R.Rza gecəyarısı
onu yuxudan oyadan kefli İsgəndər
kimi danışan duyğularını şeir-şeir
danışdıraraq təəssüf
hissi keçirir.
Həmin silsilənin
başqa bir şeirində isə Zeynəbə Xudayar bəyin qisasını Mirzə Cəlilin aldığını söyləyib,
bu günə qayıdaraq yeni məktəb
binasının önündə
ayaq saxlayan xəyalının "Danabaş
kəndinin əhvalatları"
əsərini danışmaq
üçün Zeynəb
müəlliməyə - öncə
mən danışım,
- deyən uşaqların
səsindən aldığı
zövqü dilə gətirir, nadanlıqla, cahilliklə mübarizədə
elmin, savadın üstünlüyünü xüsusi
qeyd edir.
"Dilənçilər"
başlıqlı şeirlər
silsiləsində isə
maddi və mənəvi dilənçiliyi
qarşılaşdıran Rəsul
Rza əllərində
taqəti qırılmış
ömrün titrəyişi,
gözlərindən qürub
edən, bir tikə çörəyin
dilənçisi olan yaşlı qocaya kövrələrkən oxuduğu
qəzetdəki hadisədən
çox, adının
kimdən sonra və ya kimdən
öncə çəkildiyinin
dərdini çəkən
adam üçün
- bu da bir növ, dilənçidir,
şöhrət, tərif
dilənçisidir, - deyir.
Həyata, insanlığa,
hadisələrə sağlam
düşüncələrlə yanaşmaq, şeirdə yenilik, sözün sətirlərdə şahə
qalxması, misralar boyu şütüyən duyğuların isti nəfəsi Rəsul Rza yaradıcılığının
fərqli, üstün
və maraqlı tərəfidir, desəm, heç yanılmaram.
"Rənglər"
silsiləsində isə
o, Azərbaycan ədəbiyyatında
hər rəngin öz çalarlarını
ustalıqla, rəssam
kimi sözlə çəkmişdir. Ağ
rəngin sevinc, məhəbbət çaları,
mavinin təsəlli, qırmızının ümid,
qaranın dərd çalarları "Yükü
Təbrizdə qalmış
dəvənin bir gün gələcəyinə
ümid", "Şorbaya
yanböyür batırıb
çıxardığı qaşıqdan aldığı
ləzzət sevinci",
"Güllələrin, vədələrin
gücsüzlüyünə inam"ın mükəmməl
ifadəsidir.
Şairin şeirlərində
"Dili ali məclislərdən
qovulan,
qolları buxovlu olan,
qəbilələr, xalqlar"
isə qaranın dərd çalarında, dərd rəngində bu gün də
ağ gün üçün mübarizə
aparır.
Əl vurmayın,
rənglənib - dediyi:
Dodaqlara qonmuş
təbəssüm.
Buqələmunlar.
Təcrübəli meymunlar.
Qara qatıq.
Ağ qurum.
Yeməli qum.
Məhəbbətin surraqatı.
Məqsədli alqışlar,
İnsan qəlbinin
boş olduğu
anlar.
Fil görünən
birələr.
Səməd Mənsur
haqqında xatirələr.
Doğruya bənzəyən
yalanlar.
Şalvarlı, köynəkli,
donlu, əlcəkli adamlar.
Hər cürə
boya.
Toydan yasa,
yasdan toya
tələsən addımlar
- saxta boyaların ətrafı darıxdırıcı rənglərlə
cəmiyyətə bulaşdırdığı
uğursuz tablolardır.
İllər ötsə
belə ədəbiyyat
tarixində öz ömründən də çox yaşayacaq şairin söz ömrü... Bir tərəfində
Nigar duyğuları,
o biri tərəfində
isə bu gün, ən az özü qədər sevilən Anar dühası hələ əsrlər boyu uzun yol
gedəcəkdir.
Bakının "Torqovaya"
və ya "Tarqovı" kimi tanıdığımız mərkəzi
meydanından keçərkən,
iki küçənin
kəsişməsində üz-üzə
vurulmuş yazılı
lövhəyə gözüm
sataşanda hər
zaman bir anlıq ayaq saxlayıram...
Şəhərin ən gözəl mərkəz meydanındakı hər iki küçənin adı yazılan lövhəni oxuduqca, deyilənə görə,
Nigar Rəfibəylinin
Rəsul Rzaya yazdığı, dillər
əzbəri olan məşhur şeirinin musiqisi səslənir qulaqlarımda:
Ala gözlüm,
səndən ayrı gecələr
Bir il kimi uzun olur, neyləyim...
Sonra nə zamansa, Rəsul Rzanın "Mənim küçəm" adlı
şeirində oxuduğum
bir neçə misranı xatırlamağa
çalışıb, telefon
dəftərimi varaqlayıram.
Vaxtilə onun da qələmi nostalji hisslərə boyun əyib bəyaz sətirlərə sözü
mürəkkəblə çiləmişdi
deyə...
"İki söz, ürək insanının ömür
yollarının kəsişdiyi
kimi, adlarını daşıdığı bu
iki küçə də üz-üzə dayanaraq hər gün insan izdihamı ilə dolub-boşalan qucağında
bu günü sabaha daşıyırlar"
düşüncəsiylə kövrəlirəm:
O başda bir ağac vardı,
mən hər səhər
qulpusınıq fincanımla
ona su tökərdim.
O da hər yaz
dörd-beş yerdən
yarpaqlardı.
Mən, deyəsən,
gəncliyimi
o ağacın kölgəsində
qoyub getdim.
Söylə, küçəm,
söylə,
Onu görmədin
ki?
Gəl, bu sirri mənə aç:
Hanı ağac?
Hanı ağac?
Küçə dinmədi,
sükut etdi,
müdrik bir insan kimi,
Sanki eşitmədi
mənim umu-küsümü.
Birdən baxdım,
qabaqdan bir oğlan,
iki qız gəlir,
dodaqlarında gəncliyimin
təbəssümü...
Bu fikirlər selinə qapılıb gedərkən, qış
günündə uzaqdan
soyuq təbəssümlə
gülümsəyən günəşin
gözümə düşən
şüası gözümü
yaşardır, rüzgarın
qanadlarında gələn
həzin bir musiqi yenə onun sehrli misralarını
pıçıldayır:
Üzüyümün qaşı
firuzədəndir,
Könlüm açılmayır
bu gün, nədəndir?!
Yaman gündə dost
əlindən bərk
yapış,
Dünyanın həvəsi
keçib gedəndir...
Aysel Xanlarqızı SƏFƏRLİ
Ədəbiyyat qəzeti. – 2024. – 3 fevral, ¹
4. – S. 18.