Məstan və Mavru
nağıl
1
Azərbaycan türkcəsiylə
pişiyə "Məstan"
deyərlər, balasına
"Mavru". Bir Məstanın
bir Mavrusu var idi. Dəcəllik, sözə baxmazlıq, özbaşınalıq Mavrunun
xasiyyəti olmuşdu.
Nə istəsəydi,
onu da eləyərdi. Orta məktəbdə oxuyurdu, gəl ki, məktəbə getməklə
arası yox idi. Anası onu oyadınca... oyada bilmirdi ki:
- Dur, Mavru, dur!
- Xorrr...
- Dur, Mavru, dur!
- Qoyyy... ya-a-a-tııım...
ana... xorrr...
- Dur, bala, məktəbə gecikərsən!
- Niyə dərslər 8-də başlayır,
ana?!
- Neçədə
başlasın, ay bala?!
- Xorrr...
- Az xorulda, Mavru.
- Niyə dərslər 8-də başlayır?!
- Neçədə
başlasın, deyirsən?
- 10-da.
- Niyə 10-da?
- Yuxudan doymuram axı!
- Düz deyirsən!
- Ola-a-a-arrr
10-da?!
- Olsa, niyə olmur, əlbəttə, olar.
Mavru bu dəfə lap bərkdən
başladı:
- XORRR...
- Dur, Mavru, dur!
- Demədin saat 10-da?!
- Mənim deməyimlə iş düzəlmir, gərək
Təhsil naziri əmr eləyə.
- Təhsil Naziri nədi?
- Təhsilin, oxumağın başında
duran adam.
- Acıqla mən Təhsil naziri olacam!
- Nə yaxşı!
- Əmr eləyəcəm, uşaqlar
saat 10-da dərsə getsin.
- Niyə 10-da?
- Qoy doyunca yatsınlar, səhər yeməyi də yesinlər.
- Nə gözəl, nə gözəl!
- İndi hamı
gözüyuxulu, qarnıac
gedir məktəbə...
Xorrr...
- Mavru?
- Həəə...
xorrr...
- Hələ ki Təhsil naziri deyilsən, bala, dərslər də saat 8-də başlayır.
- Qoy... yatı-ı-ım... ana.
- Dur, Mavru, dur!
- Bəlkə bu gün getməyim?!
- Dur, Mavru, dur!
Tutuquşu qəfəsdə
oturub, Mavruya baxırdı. Baxdı... baxdı... və birdən bağırdı:
- Dur... Mavru...
dur! Dur... Mavru... dur!
- Ana, de ona, səsini kəssin, qulağım batdı!
Məstan güldü:
- Niyə deyirəm, mənə kömək eləyir.
- Dur... Mavru...
dur! Dur... Mavru... dur!
Mavru dik qalxdı yerindən. Hirslə Tutuquşuya yumruq atdı:
- Kəs səsini!
Tutuquşu kəsmədi:
- Dur... Mavru...
dur! Dur... Mavru... dur!
- Ana!
- Can!
- Tut, onu boğ?
- Niyə?!
- Ver, yeyim!
- Boğa bilmərəm, bala!
- Niyə?!
- Biz bir evdə yaşayırıq
axı!
- Yaşayaq da!
- Görmürsən,
Ağ Göyərçin
oturub bizə baxır?!
- Baxsın da!
- Eşitmirsən,
hər gün deyir: "Bir-birinizi incitməyin!"
Bülbül də bu yandan başladı:
- Cik... cik... cik... cik...
cirik...
Biz də dərsə gedirik.
- Görürsən,
Mavru, bülbül də dərsə gedir.
- Onun qanadları var, pırrr eləyib, uçub düşür məktəbə.
- Sənin də ayaqların var.
- Nə olsun?!
- Bülbül göydə uça bilir, amma sən
yerdə qaçırsan,
gizlənirsən, acanda
ov eləyə bilirsən.
Mavru çantasını
götürəndə Məstan
tutdu qolundan:
- Əl-üzünü
yu.
- Yudum.
- Barmağını
isladıb, gözünün
üstünə qoymaq
haçandan əl-üz
yumaq olub?!
- Bəsimdi.
- Heç olmasa, saçını dara!
- Daraqdan acığım gəlir?
- Niyə, daraq sənə nə pislik eləyib ki?!
- Başımı
qıdıqlayır.
- Deməli, beynini yuxudan oyadır ki, dərslərini
yaxşı oxuyasan!
- İstəmirəm.
- Mavru, saçını dara, yoxsa, toz-torpaq yığılacaq tüklərinin
dibinə. Bir də görəcəksən, saçların
dönüb olub meşə!
- Daha yaxşı. Qışda oduna pul vermərik.
Başımdakı ağacları
kəsərsən, yandırarıq
ocaqda.
- Mən ağacları kəsənə
qədər vəhşi
bitlər bala çıxardar başında.
- Olsun!
- Saçlarının
dibini yeyər, keçəl olarsan!
Tutuquşu güldü:
- Xa... xa... xa... Keçəl
olarsan... xa... xa... xa... Keçəl
olarsan...
- Kəs səsini! - Mavru çantanı aldı dalına.
- Ay ana, nə ağırdı bu, belimi sındıracaq, vallah?!
- Həəə...
bala, oxumaq-öyrənmək
azalandan sonra çantalar ağırlaşıb!
- Niyə axı?
- Ona görə
ki, dərs kitabları
çoxalıb.
- Niyə çoxalıb?
- Çünki hamı dərs kitabı yazır indi. Müəllimlər də bizi məcbur
eləyir, pul verib, həmin kitabları alaq.
- Mən nazir olanda, bunu qadağan
eləyəcəm.
- İnşallah!
Tutuquşu yenidən
bağırdı:
- Xa... xa... xa... Keçəl
olarsan... xa... xa... xa... Keçəl
olarsan...
- Kəs səsini! - Mavru Tutuquşuya yumruq atıb, evdən çıxdı.
2
Mavru gedəndən sonra Tutuquşu da səsini kəsdi. Nəsə, təzə bir şey görmək
üçün ora-bura
baxmağa başladı.
Axı hər şeylə maraqlanırdı.
On gün sonra Tutuquşu oturduğu yerdə diksindi. Hardansa qorxulu səslər gəlirdi:
- Xart... xart... xart...
Ora baxdı, bura baxdı, heç nə görmədi.
- Xart... xart... xart...
- Bülbül, o
nə səsdi, elə bil ki, evin damını mişarlayırlar?
- Mən də eşidirəm, amma tanıya bilmirəm, nəğmə
olsaydı, tanıyardım.
- Xart... xart... xart...
- Ağ Göyərçin, o nə
səsdi, elə bil ki, evin damını
mişarlayırlar?
- Mavrudu.
- Mavru?! Neyləyir ki?
- Başını
qaşıyır.
- Xart... xart... xart...
- Niyə qaşıyır?
- Bilmirəm.
Tutuquşu güldü:
- Xa-xa-xa... xart... xart... xart...
Mavru əli başında stolun altından çıxdı:
- Kəs səsini!
- Xa-xa-xa... xart... xart... xart...
Məstan içəri
girdi:
- Sənə deyirdim axı, saçını dara, bit
düşər!
- Xart... xart... xart... - Mavru
yazıq-yazıq soruşdu,
- indi darasam, bitlər ölər, ana?
- Xeyr!
- Bəs neyləyim?! Başım yandırır axı, qaşıyıram da, kəsmir.
- Xart-xart-xart...
Məstan əl atdı telefona:
- Salam, həkim, bir bizə gələ
bilərsiniz?
- Xeyirdimi?
- Xeyir deyil, Mavrunun başına bit düşüb!
- Gəlirəm.
- Xart... xart... xart...
Tutuquşu güldü:
- Xa... xa... xa... xart...
xart... xart...
- Kəs səsini! - Mavru qışqırdı.
Bir azdan qapının zəngi çalındı. Ağ
xalatlı Ala Qarga əlində çanta içəri girdi.
- Salam.
- Xoş gördük, doktor!
Ala Qarğa başı ilə razılıq eləyib, Məstana göz vurdu:
- Hanı Mavrunun başı?
Mavru yazıq-yazıq
dilləndi:
- Budur ey, iki çiynimin
arasındadı.
- Hanı, görmürəm?
- Budur ey, - Mavru başını
sağa-sola çevirdi,
- doktor, tərpədirəm.
- Başın yerində deyil, Mavru!
- Niyə, yerindədi?!
- Olsaydı... bit
düşməzdi! - Həkim
Məstana göz vurdu.
- Budur ey, iki çiynimin
arasındakı başım
deyil, nədi bəs?!
Bu sataşmaqdan sonra həkim Mavrunun kefini açmaq istədi:
- Hətta Mavrunun çiyinləri də var.
- Əlbəttə,
var. Yoxsa, çantanı
hara keçirdərəm?!
Həkim mikroskopu
çıxartdı. Diqqətlə
Mavrunun saçlarının
dibinə baxmağa başladı. Baxdı-baxdı
və birdən "bahooo..." deyib, qaşlarını qaldırdı.
- Nə olub, doktor?! - Məstan soruşdu.
- Olan olub.
- Olan nədi, doktor?
- Gecikmisiniz?
- Dərmanı yoxdu bunun?! - Məstan qorxa-qorxa soruşdu.
- Dərmansız
dərd olar?! Əlbəttə, var!
- Yazın
da reseptini.
- Bu
dəqiqə. - Həkim
əl atdı telefona.
- Düüüt...
Düüüt...
- Bəli.
- Salam,
cənab bərbər!
- Salam,
doktor! Başınızı
qırxdırmaq istəyirsiniz,
nədi?!
- Qırxılası
baş olmağa başdı, amma... Mavrunu tanıyırsan?
- Bizim
Məstanın oğlu
Mavrunu?
- Bəli.
- O dəcəli,
sözəbaxmazı kim
tanımır ki?!
- Başına
bit düşüb.
- Bi-it?! Oy-oy-oy... Bu dəqiqə
gəlirəm.
Beş dəqiqə
keçməmiş, Bərbər
Şanapipik içəri
girdi. Tez Mavrunun boynuna xalat taxıb,
saçlarını qırxıb
tökdü yerə.
- Buyur, bu sənin keçəlin,
bu da şirinliyin, - Mavrunun başına çırtma da vurdu. - Keçəl... keçəl...
noxudu keçəl!
Həkim Mavrunun keçəlinə yağ
sürtüb, tənziflə
sarıdı:
- Buyurun, Məstan xanım, hər axşam Mavrunun başını yuyub, bu yağla
yağlayıb, sarıyarsınız.
- Allah sizdən razı olsun, doktor!
Həkim Ala Qarğa
otaqdan çıxdı.
Dalıyca da Bərbər
Şanapipik əl çantasını götürdü.
Məstana göz vurub, Mavruya baxdı:
- Keçəl...
keçəl... noxudu
keçəl!
Tutuquşu da onun səsinə səs verdi:
- Keçəl...
keçəl... noxudu
keçəl.
Bülbül də oxudu:
- Cik... cik... cik...
Cik... cirik...
Ağ Göyərçin
Mavruya baxdı:
- Xrrrrr... - yəni, tez sağal!
Mavru düz bir ay küçəyə
çıxa bilmədi.
Niyə? Utandığından.
Keçəl idi axı.
Anası Məstan
çox fikirləşəndən
sonra parik düzəltdirdi. Mavru başına qoyub, sevinə-sevinə getdi məktəbə. Axı
yoldaşlarından ötrü
bərk darıxmışdı.
16.11.2023-21.01.2024
Qəşəm İsabəyli
Ədəbiyyat qəzeti. – 2024. – 3 fevral, № 4. – S. 19.