Sənin ayağınla

   Vətən yeriyir

 

   İki ayağını da itirmiş qazimiz üçün

 

Bizim ürəyimiz düşüb, qalıbdır

Sənin ayaqların düşdüyü yerdə.

Bir az da qan verdin, torpaq böyüdü

Güllə damarını deşdiyi yerdə.

 

O yer müqəddəsdir, o yerdə anan

Gözünün qədər yaşın itirib.

Sənin ayaqların itdiyi yerdə,

Bəlkə min düşmən başın itirib.

 

Gözünü şipşirin yuxu bürüyüb,

Beləcə, mürgünü oyaq almısan.

Sənin ayaqların olmayanda da,

Yağının üstünə ayaq almısan.

 

Eh! özün yeriyə bilmirsən, amma

İzində boy atıb, bitən yeriyir.

Vətən ayaq üstə, o gündən bəri

Sənin ayağınla Vətən yeriyir.

 

Hər qarış torpaqda nəfəs kimisən,

Hər doğma damarda ilik əvəzi.

Dağ kimi adamı ağac saxlamaz,

Götür o dağları çəlik əvəzi.

 

 

Bizim kəndimizdə

yoxdur, qızım?!

 

Qızımın "Kəlbəcərdəki (Məmmədsəfi kəndi) kəndimizdə var, ata?"

                                                                                                      sualına cavab

Bizim kəndimizdə oyuncaq yeri,

Bizim kəndimizdə səngər yeri var.

Bizim kəndimizdə uşaq beşiyi,

Bizim kəndimizdə əsgər yeri var,

Bizim kəndimizdə yoxdur, qızım?!

 

Bizim kəndimizdə Günəş çıxıb,

Bizim kəndimizdə qar da var indi.

Hələ əkilməmiş ağaclar bitib,

Səni yelləməyə yelləncək yeri,

Düşməni asmağa dar da var indi.

 

Orda qönçələr var, dırnağın kimi,

Orda güllər açır əllərin boyda.

Orda damcılar var səndən böyükdür,

Orda şəlalə var tellərin boyda.

 

Orda zirvəylə çay yanbayandılar,

Dumanın bir ucu buxarındadır.

Bizim kəndimizin düzü, çəməni

Kəndin dağından da yuxarıdadır.

 

Orda balıqlar da qızıl gəzdirir,

Orda bəzəyi var quşun üstündə,

Orda dərya çıxır daşın altından.

Orda xına bitir daşın üstündə.

Bizim kəndimizdə yoxdur, qızım?!

 

Orda nənələrin yarımçıq nağlı,

Orda babaların qəbri var, bala.

Dayanıb, otuz il bizi gözləyib,

Orda qəbirlərin səbri var, bala.

 

Bizim kəndimizdə şəhid ruhu var,

Qoruyur tufanda, yağışda kəndi.

Mən ordan çıxanda atam mən yaşda,

Mən ordan çıxanda sən yaşda idim,

Sən ora dönürsən mən yaşda indi.

 

Bizim kəndimizdə yoxdur, qızım?!

Deyimmi yoxdur, deyim, sən bil.

Bizim kəndimizdə ev yerləri var,

Evlərdə divar, damlar yoxdur.

Bizim kəndimizdə hər şey var, amma

Bizim kəndimizdə adamlar yoxdu.

 

Gedirəm

 

Mən yurduma uzaq yerdən,

Uzaq olmağa gedirəm.

Gedirəm, deyəm, gəlirik,

Soraq olmağa gedirəm.

 

Yol gözləyir talan evim,

Aynası daş olan evim.

Üşüyür lüt qalan evim,

Ocaq olmağa gedirəm.

 

Gedirəm, o daş qalama,

Baş əyməyə bir salama.

Öz yurdumda öz balama

Qucaq olmağa gedirəm.

 

Ömrüm keçdi baş daşımda,

Uşaq qaldım yaddaşımda.

İlahi, ata yaşımda

Uşaq olmağa gedirəm.

 

Su bardağı

 

30 ildən sonra evimizdən tapdığımız anamın su bardağı

                                                                    məni çox duyğulandırdı

 

Bu boyda məhlədən, bu boyda evdən,

Bir səni tapmışam, ay su bardağı.

İndi ciyərim yox, ürəyim yanır,

Yoxmu sahibinə pay, su bardağı?!

 

Yox idin, ovcumu yerinə qoyub,

Əyilib dağların çayın içmişəm.

xoş halıma ki, ilk dəfə səndən

Mən bu yerlərin suyun içmişəm.

 

Bu evin gülləri solubdur, amma

Hələ üstündə gül yeri qalıb.

Ağzında atamın dodaq izləri,

Qulpunda anamın əl yeri qalıb.

 

yaxşı, sakini oldum yolların,

yaxşı, çatıbdır qatarım sənə.

O qədər əlindən su vermisən ki,

Gəl, indi gözümdən qaytarım sənə.

 

Çiçəkdən balacasan

 

Çiçəkdən balacasan,

Ləçək bilir çiçək səni.

Daş et məni ürəyində,

Aparmasın külək səni.

 

Səni qoxur yerim, göyüm,

Bir iz sal, izini döyüm.

Qoy, gedim anama deyim

Tez yığsın bir ətək səni.

 

Baxmısanmı öz dadına,

Bir güzgüdə göz dadına?!

Qon kəpənək qanadına,

Gəzdirsin kəpənək səni.

 

Hər telində bir qara sirr,

Gəl, sayım telini, bir-bir.

Ürəyimə beləcə gir,

Böyütsün bu ürək səni.

 

Kəsmə saçını

 

Ömrümdən qoparıb qara günləri,

Saçının üstünə atıb gəlmişəm.

Gözüm gözlərinə ilişib, amma

Özüm saçlarından tutub, gəlmişəm,

Kəsmə saçını.

 

Onsuz da, səbirsiz olmuşam bir az,

Bir az da telində səbrim kəsilər.

Ömür yollarımdı sənin saçların,

Saçını kəsərsən, ömrüm kəsilər,

Kəsmə saçını.

 

"Ay uzun hörüklüm, ay qara saçlım"

Deməyə dodağım, dilim öyrəşib.

Qısa saçlarında ac qalar əlim,

Uzun saçlarına əlim öyrəşib.

Kəsmə saçını.

 

Günəş gözlərinə düşəndə birdən,

Saçın kölgə salır, gözünü örtür.

Sən mənlə barışsan, alnını açır,

Sən məndən küsəndə üzünü örtür,

Kəsmə saçını.

 

olsun tacın var, saçın kəsilər,

O uca başına tacın bəs etməz.

Birdən ürəyindən atarsan məni,

Özümü asmağa saçın bəs etməz.

Kəsmə saçını.

 

Şəkillərin

 

Xatirənə meh dağılıb,

Toz dəyib şəkillərinə.

Onda yazıydı, bəs niyə

Buz dəyib şəkillərinə?!

 

Qalıb şəkildə yoxluğun,

Bu fəsildə yoxluğun,

Hələ sənin soyuqluğun

Az dəyib şəkillərinə.

 

Şəkildəki gül əvvəlki,

Göz əvvəlki, əl əvvəlki,

Bu axşam on il əvvəlki

Qız dəyib şəkillərinə.

 

Sən yoxsan, qəribəm yurda,

Donur xəyallarım  qarda.

Orda yaxşısanmı, burda?!

Göz dəyib şəkillərinə.

 

Valeh QOCA

 

Ədəbiyyat qəzeti. – 2024. – 3 fevral, ¹ 4. – S. 20.