Apar
məni ayağına,
ey Vətən!
...Özü ilə bircə dəfə üzbəsurət
görüşmüşəm, şeirləri ilə hər gün... Kəlbəcər həsrətli
şeirlərini elə
şeirlərin özü
kimi göynərtisiz oxumaq olmur. İstedadlı
şair Valeh Qocanı deyirəm... Təsəvvür edin ki, adam cəmisi səkkiz il Kəlbəcər
rayonunun Məmmədsəfi
kəndində yaşayıb,
27 il düşmənin soyuq
nəzərləri altında
sıxılan elinə,
obasına hər gün xəyallarında gedib-gəlib:
Mən baharı
bahar kimi duymadım,
Sənsiz gələn
hər baharın qışı var.
Apar məni ayağına, ey Vətən,
Ayağında ürəyimin
başı var.
Ürəyinin başında
saxladığı Kəlbəcərə
ancaq 44 günlük Zəfər savaşından
sonra gedə bildi. İllərin yanğısını öldürmək
üçün nə
qədər vaxt lazım olacaq - bu, Allahın işidir. Valehin işi Kəlbəcərdən
aralı qaldığı
illərdə onu təkcə yaddaşında,
yaşantılarında yaşatmaq
olmayıb. Şeirlərində
elə bir ayağı Kəlbəcərdə
olub:
Valeh Qoca ha yazsa da, sətrini,
Verə bilməz
bircə anlıq ətrini.
Hardan bilsin bu körpələr qədrini?!
Sənsizliyin iyirmi beş yaşı var.
Valeh Qocanın əksər şeirlərində
həsrətin çaları
bu və ya digər formada
özünü göstərir.
Çalın-çarpaz yolların
çəkib apardığı
ömür Valeh Qocanın təbirincə desək, eyni zamanın daşıyıcılarıdır.
Elə həmin yollardır ki, bitəndə
taleyimizə yazılan
ömrün daha getməyə zamanı qalmır:
Ömrümüz qədərdi
getdiyimiz yol,
Boyumuz qədərdi
girdiyimiz kol.
Biri az qazanır, birisi bol-bol,
Hamının günahı
varı boydadı.
Hamının taleyindən
nə vaxtsa unutmaq, unudulmaq keçir. Bunu taleyin qisməti kimi qəbul edirik həmişə, unuduruq ki, bu qismətin formalaşmasına
bəzən özümüz
yardımçı oluruq.
Valeh Qocanın lirik qəhrəmanı da
taleyinə düşəcək
ayrılığı özü
yazmaq istəyir. Bəlkə Valehin özünəməxsusluğunun bir tərəfi də bundadır:
Bilirəm, sən
də məni
Unutmaq istəyirsən.
Unutmağa dörd
divar,
Bir otaq istəyirsən.
...Əslində Valeh Qocanın mənim təqdimatıma
o qədər də ehtiyacı yoxdur. Çünki onun şeirləri özü-özünü
ictimaiyyətə, oxucuya
təqdim edə bilir. Şeirlərindəki
həsrətqarışıq doğmalıq artıq çoxdandır ki, özünün
oxucuları ilə ürək-ürəyə, baş-başadır:
Həsrətlə boylanır,
baxır gül sənə,
Min nəğmə
desə də, azdı dil sənə.
Sən elə şirinsən, elə bil sənə,
Nə vaxtsa anamın əlləri dəyib.
Elə bilirəm
ki, Valeh Qocanın təqdim etdiyim şeirləri oxucu zövqünün parametrlərinə,
"Ədəbiyyat qəzeti"nin
adına yaraşan olacaq...
Vasif
SÜLEYMAN
Ədəbiyyat qəzeti.
– 2024. – 3 fevral, ¹ 4. – S. 20.