Tovuzun İbrahimhacılı kəndinin etnoqrafik abidəsi
Doktor
Fərman Həsənovun "İbrahimhacılı" kitabı
haqqında.
Bu
yaxınlarda, ölkəmizin
tanınmış cərrah-stomatoloqu,
tibb elmləri üzrə fəlsəfə
doktoru, əziz dostum Fərman Həsənovun "İbrahimhacılı"
adlı etnoqrafik, ensiklopedik kitabı işıq üzü görüb. Kitabda Tovuzun qədim tarixə, möhtəşəm
təbiətə malik,
abad kəndlərindən
biri -İbrahimhacılının
yaxın keçmişi,
bu günü, görkəmli şəxsiyyətləri,
adət-ənənələri və folklor yaddaşı qələmə
alınıb. Bu kitabı İbrahimhacılının
sözlə çəkilən
xəritəsi də adlandırmaq olar.
Türklərin
klassik yaşam tərzi və oturuşmuş tərəkəmə
ənənələri ilə
müasir sivilizasiyanın
qovuşduğu İbrahimhacılı
kəndi, sadəcə,
bir inzibati ərazi vahidliyi deyil. Bu kənd
doğma Tovuzumuzun bir parçası olmaqla bərabər, həm də bərəkətli və əzəmətli türk
torpaqlarının qiymətli
bir nişanəsi, simvoludur. İbrahimhacılı
kəndi həmişə
mənə qayğısız uşaqlığımızın,
dəlisov gəncliyimizin,
həyatımızda hər
zaman yeri görünən dostlarımızın
unudulmaz xatirələrini
yaşadıb. Mənə
həmişə elə
gəlib ki, İbrahimhacılı kəndi
ilə Köhnəqala
kəndi iki doğma qardaş kimi Mamırtı dağının ətəyində
dirsəklənib söhbət
edirlər. Ona görə bu kənd mənə öz kəndim Köhnəqala kimi doğma və əzizdir.
Əziz
dostum Fərman Həsənov bu kitabda öz doğma kəndinə məxsus etnoqrafik məlumatları, toponimləri,
el deyimlərini, məzəli əhvalatları,
kəndin tarixi məkanları ilə bağlı rəvayətləri,
tanınmış şəxsiyyətləri
barədə bilgiləri
toplayaraq, İbrahimhacılının
bədii-publisistik mənzərəsini
qələmə alıb.
İrihəcmli, nəfis
tərtibatlı bu kitabın ərsəyə
gəlməsi tariximizin
faktlarla öyrənilməsi,
torpaq və gen yaddaşımızın
bərpası baxımından
olduqca vacib bir işdir. Fərman Həsənov bu kitabında bir kəndin dastanını yazmaqla etnoqrafiya
tariximizə də böyük töhfə vermiş olub.
Mən
Fərmanı uşaqlıqdan
tanıyıram, biz onunla orta məktəb
illərindən dostuq.
"İbrahimhacılı" kitabının redaktoru, tanınmış yazıçı-publisist,
əziz dostum Vaqif
İsaqoğlunu da, məni də həmin vaxtlarda İbrahimhacılıdan
olan yaşıdlarımızla
tanış edib dostlaşdıran hər birimizin sevimlisi Salman olmuşdu. Salman indi aramızda
yoxdu, ancaq bilirəm ki, Fərman doktorun bu qiymətli kitabına görə Haqq dünyasında onun ruhu şaddır.
Çox maraqlıdır, Fərmanın ədəbiyyata, sənətə olan həssaslığını bilsəm də, özünün şeir yazdığı barədə məlumatım yox idi. Kitabı vərəqlədikcə, Fərmanın şair ruhundan xəbər verən ozan havalı, torpaq qoxulu, meşə yuxulu şeirləri ilə tanış oldum və bu mənim üçün xoş sürpriz oldu. Tələbəlik illərindən bəri Bakıda məskunlaşmış Fərman doktor imkan düşən kimi doğma kəndə gedib kənd camaatı ilə görüşməyi ömrün hədiyyəsi bilir. Kəndin başının üstündə əzəmətlə dayanan Mamırtı dağına yazdığı bu şeirdə Fərmanın həssas qəlbini daha yaxından duymaq olur:
Gəldim
görüşünə bir
səhər çağı,
Sanki
dilə gəldi Küllü bulağı,
Buluddan
nəm çəkən
Mamırtı dağı,
Sən həmin
o dağsan, qocalan bizik.
Haqdan yaranmısan,
sən özün haqsan,
Ulu bir keçmişdən gələn
soraqsan.
Elimə,
obama arxa-dayaqsan,
Sən həmin
o dağsan, qocalan bizik.
Qeyrətdən yaranıb
hər qaya, hər daş,
Sevincdən süzüldü
gözlərimdən yaş.
Qoy, öpüm üzündən Mamırtı
qardaş,
Sən həmin
o dağsan, qocalan bizik.
Qoynunda bulaqlar coşub-çağlasın,
Bu gözəl diyarı Allah saxlasın.
Qoy, Fərman adına dastan bağlasın,
Sən həmin
o dağsan, qocalan bizik.
Bu şeirdə doğma yurda övlad məhəbbəti,
onun hər daşına, qayasına böyük sevgi, Mamırtı dağının
timsalında doğma kəndin varlığına
sevinc və heyranlıq, zərif lirika, sentimental şair duyğusu, bir sözlə, hər şey var.
Tovuzun bütün
dağətəyi kəndləri
kimi İbrahimhacılı
kəndinin sakinləri
də təbiətlə
iç-içə yaşayıb,
təbiətlə doğmalaşıblar.
Torpağın bərəkətindən
güc alıb, dağların təmiz havasında yenilənib, axar sularında mənən təmizlənib
saflaşıblar.
Ümumiyyətlə, İbrahimhacılı
camaatı istedadlı,
yaradıcı, xoşsözlü,
mərd, qutüzlü
bir toplumdur. Qədim inancları - şamançılıqdan, Göy
Tanrıçılıqdan gələn enerji, təbiətə, göy
üzünə inam, damarlarında coşan, döyüşkən qıpçaq
qanı onları daim pozitiv və
diri saxlayır.
Bu kitabı oxuduqca, İbrahimhacılını,
sanki küçə-küçə,
ev-ev gəzdim, sakinləri ilə görüşdüm, ocaqlarında
isindim, onlarla bir daha doğmalaşdım.
Bu kənddə saz duymayan, söz
anlamayan, Dədə-Qorqud,
Koroğlu dünyasından
uzaq adama rast gəlməzsən. İbrahimhacılının bütün
ziyalıları aşıq
sənətini, sazı-sözü,
ədəbiyyatı yüksək
səviyyədə bilən,
özləri də gözəl şeirlər
yazmağı bacaran ozan ruhlu insanlardır.
İbrahimhacılıların ən çox sevdiyim özəlliklərindən biri
də onların elmə, təhsilə olan münasibətidir. Bu türk obası elmə,
intellektə böyük
dəyər verir, kəndin, rayonun, ümumən ölkəmizin
gələcəyi üçün
savadlı, ziyalı övladlar yetişdirir.
İbrahimhacılı camaatının
canında, həm də bir baməzəlik
var. Söz qoşmağı,
əhvalat bəzəməyi
də sevirlər. Kitabda kəndin dildən-dilə düşən
məşhur əhvalatlarına,
gülməli, məzəli
söhbətlərinə də
xüsusi yer ayrılıb.
Söz yox ki, tanınmış həkim,
ziyalı Fərman Həsənovun bu etnoqrafik toplusu doğma İbrahimhacılı
kəndinin çox dəyərli tarixi-mənəvi
abidəsidir. Harada yaşamasından
asılı olmayaraq, doğma el-obasını daim qəlbində gəzdirən əziz dostum Fərman doktoru bu kitabının
nəşr olunması
münasibətilə ürəkdən
təbrik edir, "mübarək olsun!" deyirəm. Əzizim, qardaşım, Fərman, sənə müqəddəs həkimlik
fəaliyyətində və
yaradıcılıq işlərində
yeni uğurlar arzulayıram!
Heç vaxt sözün dəyərdən,
qələmin kəsərdən
düşməsin!
Murad
KÖHNƏQALA
Ədəbiyyat qəzeti.–
2024. – 3 fevral, ¹ 4. – S. 23.