Vətənpərvər şair Nizami Saraçlı bu dünyaya vida dedi
A Saraclı, səfər üstə,
Tanrımızdan möhlət istə,
Sarsın səni son nəfəsdə
Vətən Türkün bayrağına.
Çağdaş Azərbaycan ədəbiyyatında
XX əsrin əvvəllərindən
başlayan türkçülük,
Turançılıq, Azərbaycançılıq
və milli kimlik mövzuları öz aktuallığını və
əhəmiyyətini saxlamaqdadır.
Müstəqillik dövrü
ədəbiyyatımızda Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, Rüstəm Behrudi, Əhməd Qəşəmoğlu kimi
şairlərin bu mövzuları əks etdirən əsərlərini
görmək mümkündür.
Milli mövzuları təmiz, səlis Azərbaycan dilində nəzmə çəkən şairlərdən
biri də Nizami Saraçlı idi. Artıq keçmiş zamanda yazırıq. Çünkü
şair - Türk dünyasının "Çiləli
qurd"u - 31 yanvar
2024-cü ildə Haqqın
rəhmətinə qovuşdu.
Nizami Saraçlı,
xüsusilə, Türkiyədə
"Bakı-Təbriz-Ankara"
və "Tanrı türkə yar olsun" şeirlərinə yazılmış
mahnılarla tanındı.
Açığı, mən
də şairin yaradıcılığını bu səbəblə araşdırmağa başlamışdım.
Türkiyədə müasir
Azərbaycan ədəbiyyatı
tədqiqatçılarından tutmuş, siyasətçilərə
qədər, xüsusən
də, milliyyətçi
dünyagörüşünə malik insanlar bu mahnının
sözlərinin müəllifinin
kim olduğu ilə maraqlanırdılar.
Dinləmə və izləmə rekordu qıran bu mahnıların
söz yazarı Borçalıda mütəvaze
həyat yaşayan Nizami Saraçlıymış.
Şairin kitablarının
böyük əksəriyyəti
Borçalıda nəşr
olunduğu üçün
Azərbaycandakı kitabxanalardan
əldə etmək mümkün olmamışdı.
Bu səbəbdən şairi
axtarıb-tapmağa qərar
vermişdik. Şairin
həmyerlisi, mərhum
Əflatun Saraçlının
qızı Kars Kafkas Universitetinin dosenti Afina Barmanbay sayəsində Nizami Saraçlıyla əlaqə
qurmuş və şeirlərini əldə
etmişdik.
Nizami Saraçlı Borçalı
ədəbi mühitinin
nümayəndələrindən idi və Borçalıda
Azərbaycan dilinin, mədəniyyətinin yaşamasında
böyük xidmətləri
vardı.
Nizami Paşa oğlu Əliyev 10 iyun 1950-ci ildə Gürcüstanın
Borçalı mahalının
Saraçlı kəndində
anadan olmuşdur.
1956-1966-cı illərdə Saraçlı orta məktəbində oxumuşdur.
Ali təhsilini Azərbaycan
Dövlət Univeristetinin
Fizika fakültəsində
almışdır (1974). Əmək
fəaliyyətinə Azərbaycan
Pedaqoji İnstitutunda başlamışdır. On bir
il Azərbaycan Dövlət
Televiziyasının "Hərbi
vətənpərvərlik redaksiyası"nda böyük
redaktor vəzifəsində
çalışmışdır. Qarabağ uğrunda gedən döyüşlərdə
Daşburun və Horadiz arasındakı torpaqların düşmənlərdən
azad edilməsində göstərdiyi qəhrəmanlığa
görə fəxri fərmanla təltif olunmuşdur.
Nizami Saraçlı 1963-cü ildən
başlayaraq Nizami Əli, Nizami Paşa Saraçlı və Nizami Paşa Mutlu Türk təxəllüsləri
ilə şeirlər qələmə almışdır.
Şairin
"Aramıza düşən
yaylıq" (1986), "İlk sevgi dəftəri "
(1993), "Əyriqara salam
olsun" (1993), "Balaxanım
nənənin bayatıları"
(1994), "Yurdun səsi"
(1995), "Balam niyə
bal dadır" (1995),
"Borçalıdan gələn
işıq" (1998), "Dəli Dərviş"
(1999), "Sara xatun" (1999), "Çiləli qurd"
(2000), "Torağay nəğməsi"
(2000), "Turana doğru"
(2002), "Ümid işığı"
(2002), "Nə var sevgidən
gözəl" (2002), "Savaş sevdalı könül" (2005) adlı
kitabları və
"Seçilmiş əsərləri"
(8 cilddə) nəşr
olunmuşdur.
Nizami Saraçlı üç
dəfə beynəlxalq
poeziya müsabiqə və festivalının qalibidir, "Peyğəmbər",
"Abay" və
"Sülh naminə"
beynəlxalq mükafatlar
laureatıdır. Azərbaycan
Respublikası Təhsil
Mərkəzinin "Abdulla Şaiq" mükafatı
və diplomuna layiq görülüb, Gürcüstan Dövlətinin
ən ali mükafatı olan "Şöhrət" ordeni
ilə təltif olunub.
Şairin
şeirlərinə ("Bakı-Təbriz-Ankara", "Heyran
türkün bayrağına",
"Tanrı türkə
yar olsun!", "Ey sabahın zabitləri",
"Mənim generalım",
"Olmasın", "Çiləli
qurd", "Yaralı
ceyran", "Qafqaz dağı, yol ver bizə") çox sayda mahnılar bəstələnmiş
və bu mahnılar Türk dünyasında məşhurlaşmışdır.
Müəllifi olduğu
"Tanrı türkə
yar olsun" şeirinə
bəstələnmiş mahnı
"Diriliş Ərtoğrul"
filmində Şəmistan
Əlizamanlı tərəfindən
səsləndirilmişdir.
Yaradıcılığını vətənpərvərlik,
türkçülük, Turançılıq
kimi önəmli mövzular üzərində
qurmuş Nizami Saraçlı yazdığı
şeirləri ilə
müstəqillik dövrü
Azərbaycan ədəbiyyatı
tarixinə öz imzasını atmış,
bütün Türk dünyasında məşhurlaşmışdır.
Ömrünün 74-cü baharında
bu dünyaya vida edən türk dünyasının
"Çiləli qurd"u
Nizami Saraçlıya
Allahdan rəhmət diləyirik. Bir tədqiqatçı
olaraq şairin nəşr olunmuş bütün əsərlərini
Azərbaycan Milli Kiatbxanasına
təqdim etmələrini
ailəsi və dostlarından xahiş edirik.
Prof. Dr. Vüsalə MUSALI
T.C. Kastamonu Universiteti
Ədəbiyyat qəzeti. – 2024. – 3 fevral,
№ 4. – S. 29.