Tanrı Türkə yar olsun!

 

Mən Tanrımla bağlaşdım,

Atlanıb dağlar aşdım,

Bir qurdla qarşılaşdım,

Dedi: Uğurlar olsun,

Turan ellər var olsun!

 

Yar oldu yollar bana,

Söylədi dillər bana,

Əl çaldı əllər bana,

Tanrı Türkə yar olsun,

Düşmanlara ar olsun!

 

Altayları dolaşdım,

Mən saz tutub, söz qoşdum.

Şamanımla bağlaşdım,

Dedi: Uğurlar olsun,

Tanrı Türkə yar olsun!

 

Minlərlə qapı döydüm,

Sevdim, Alpları öydüm,

Məhəmmədə baş əydim,

Öpdüm ulu Quranı,

Qucdum cümlə-cahanı.

 

Dolaşdıqca Turanı,

Andım Bilgə Kağanı,

Gördüm Fateh Sultanı,

Dedi: Uğurlar olsun,

Tanrı Türkə yar olsun!

 

 

Bakı-Təbriz-Ankar

 

Müqəddəs bir yolum var:

Bakı-Təbriz-Ankara...

Qanadım var, qolum var,

Bakı-Təbriz-Ankara...

 

Biri ana beşiyim,

Biri evim-eşiyim,

Qoymaz donum, üşüyüm,

Bakı-Təbriz-Ankara...

 

Bilir dost, bilir yağı,

Durublar sacayağı.

Bir-birinin dayağı

Bakı-Təbriz-Ankara...

 

Yol birliyə doğrudu,

Niyyətimiz doğrud

Xalqımızın qürurudu

Bakı-Təbriz-Ankara...

 

Duysun Turan dünyası,

Nur saçsın ayparası,

Türk eli, Türk qalası,

Bakı-Təbriz-Ankara.

 

                                           1992

 

Turana doğru

 

Qürbət ölkədə, qərib göylər altında

Bir kor quruşa dəyməzimiş altın da.

Atlar yürüyür, arabası sırtında,

Vətənə doğru, dinə, imana doğru.

 

Ellər bulud-bulud, elat sel-su kimi,

Bu karvan karvanların ulusu kimi.

Uzanıb gedir oğuz yuxusu kimi,

Vətənə doğru, yavrum, Turan'a doğru.

 

Türk özünə dönər, dinə, imana dönər,

Kimi qılınca, kimi kamana dönər,

Gərib bir ah çəkər, ahı dumana dönər,

Gedər, uzanıb gedən karvana doğru.

 

Əldə fərman, başda bayraq, öndə Vətən,

Bundan gözəl səfər olmaz, deyim, zatən.

Haydı, iğid, yürüyəlim çətən-çətən,

Yurda doğru, doğma məkana doğru!

 

 

Çiləli qurd

 

Qurd ular, çilə çıxar,

Dərd candan çölə çıxar.

Qanı oynayan igid

Atlanıb yola çıxar.

 

Qurd uladı, bədöy atlar kişnədi,

Kişnərtilər iliklərə işlədi.

Qan yaddaşım dodağını dişlədi,

Boz atımı meydana çəkdiyim,

Başlar üzüb, qızıl qanlar tökdüyüm

Xəyalımdan gəlib geçdi bu zaman.

 

Dəli Türkün yenə cini oynadı.

Yatmış ərin birdən mini oyandı.

Savaş günü qarışdıqca qana-qan,

Mən oldum qırx yaşımdan bu yana,

Qurd ağızlı, at paçalı bir cavan.

Dedim, igid kölgəsiylə yarışmaz,

Döyüş varkən düşməniylə barışmaz.

Qoymam boşa axıb getsin həyatım,

Salam atım,

salam meydan,

salam qan!..

 

Hoydu igid, dəliləri duyalım

Qılınc çəkib günahları yuyalım.

Bu dünyada təmiz bir ad qoyalım,

Atlanmasa, çıxmaz ərin çiləsi,

At istəyir yolun bundan beləsi.

Bu gedişin son əlacı qana-qan!

Bir səs qopdu dodağımdan:

Aman, ah,

Dəmir qanı, tunc qanıdı

Bu qan, ah!

Beyrəyi duy, Zeybəyi an, yurda yan,

Salam, atım, salam, meydan, salam, qan!

 

Çaldı məni dədə qurdun nəfəsi,

Aldı məni Dədə Qorqud nəğməsi.

Ayrılıqlar çiləsidi bu çilə,

Ayrılıqda içdiyimiz su çilə...

Güc eyni güc, meydan eyni meydandı,

Ox sancıldı, döyüş ruhum oyandı.

Bundan belə, ya Alp Ərəm, ya Qazi,

Ayaq altda dünya boyda ərazi...

Qövr etdikcə Türkün köhnə yarası,

Qısa yolu Doğu-Batı arası...

Ara orman, ara atəş, ara su...

Hun çocuğu, Alp Ər Tunqa balası,

Öz dərdinə Türkün özü qalası.

Paşamızdan gələn fərman, bu fərman,

Salam, atım,

Salam, meydan,

Salam, qan!

 

 

Türkün bayrağına

 

Şahlara əyilməyən baş bayrağa əyilər...

 

                                                                N.S.

Əzəldən heyran olubdu,

Cahan Türkün bayrağına,

Sığınıbdı, tapınıbdı,

Turan Türkün bayrağına.

 

Əldən-ələ ötürübdü,

Onu bizə yetiribdi,

Ölməz şöhrət gətiribdi

Osman Türkün bayrağına.

 

Ay-yıldızla süslənibdi,

Qızıl qanla bəslənibdi,

Haqq əliylə çilənibdi,

Bu qan Türkün bayrağına.

 

Məmləkətin uca börkü,

Dünyaları aşıb görkü,

Buta verib Atatürkü

Zaman Türkün bayrağına.

 

Fəxr edirik qayəsiylə,

Enməz Haqqın sayəsiylə,

Həkk olunub ayesiyle

Quran Türkün bayrağına.

 

Daim atlı, ayaq üstə,

Düşman görcək, düşər xəstə,

Mehmetciklər dəstə-dəstə,

Heyran Türkün bayrağına.

 

Haqq aşiqi Haqqı ünlər,

Ünləyəni Rəbbim dinlər,

Gələr minlər, gedər minlər,

Qurban Türkün bayrağına.

 

A Saraçlı, səfər üstə,

Tanrımızdan möhlət istə,

Sarsın səni son nəfəsdə

Vətən Türkün bayrağına.

 

Nizami SARAÇLI

 

Ədəbiyyat qəzeti. - 2024. - 3 fevral, ¹ 4. - S. 29.