Salam
Sarvan poeziyasının müqayisəli
təhlili
Və can atma bu boyda
nəvazişə, tumara:
Sığal haqqı boydadı bədənin şallaq haqqı.
S.Sarvan
Salam Sarvanla ilk dəfə canlı ünsiyyətimiz Lənkəran
şəhərində təşkil
edilmiş kitab sərgisində
baş tutmuşdu. Xatırlayıram... onun simasında şairanə,
qeyri-adi təbəssüm
və nigarançılıq
vardı.
Nəsə, sərgiyə
çatar-çatmaz, görüşüb
tanışlıq verdim.
Bir az söhbət elədik, o daha sonra oxucuların önündə çıxış
elədi. Kənardan çox səmimi, gülərüz və mehriban görünürdü,
fəqət, nədənsə
gözləri yol çəkirdi...
Tələbəlik illəri,
başımda gənclik
romantikası... sərgidən
sonra, birbaşa sevgilimlə görüşə
yollandım. "Heykəl
tənhalığı" kitabından ona bir neçə şeir oxudum. Səhv etmirəmsə, həmin misralar belə idi:
Mənaların hamısı
cəfəng imiş,
rəng imiş,
Nə yarpaq qoxlar daha, nə
ağaca sarıllam.
İndi mən bir qadının qaşına-gözünə yox,
İndi mən bir qadının taleyinə vurullam...
Doğrudur, poeziyamızın
yaşı əsrlərlə
ölçülür. Hərçənd
ki, yüzilliklərə dayanan
bu mədəniyyətin
müəlliflərindən hansılar folklorumuza sadiq qalıbsa, xalq onu daha
çox sevib, daha çox oxuyub.
Hələ XVIII əsrdə
Vidadi yazırdı:
“Külli-Qarabağın
ab-həyatı,
Nərmü-nazik bayatıdır,
bayatı".
Görünür, Salam Sarvan
folklor ənənəçiliyi
və Vaqif novatorluğunu özünəməxsus
tərzdə yaradıcılığında
improvizasiya etməyə
müvəffəq olub.
Bununla yanaşı, Füzuli poeziyasına məxsus nisgil, ağrı, qəm-kədər
motivləri Salamın
qələminə də
sirayət etdiyini düşünürəm:
Vaxtilə Füzuli
öz bəxtsizliyindən
gileylənirdi:
Fələklər yandı
ahimdən,
Muradım şəmi
yanmazmı?
Salam Sarvan isə bunu belə
ifadə edir:
Üzü dönük
baxtın üzü bəridi...
Yaş yorğun
gözlərin axan təridi.
Məncə, Salam Sarvan
ədəbiyyatımızda Vaqifdən sonra ən böyük sənətkar, modernist şeirdə
isə öz dövrünün Füzulisidir...
Leksikonunda frazeologizmlərdən
məharətlə istifadə
etmiş şairin üslubu bir az kinayə, bir az yumor,
bir az parodiya,
bir az da ironiya ilə yoğrulub:
Nə yanığı
söndürmək, nə
içmək üçün,
Bir qurtum su verin, tüpürmək
üçün.
Sənin ad gününə gül dərmək üçün
Sinəmə çəkdiyin
dağa çıxıram.
Şairin əsas
missiyası böyük
mətləbləri kiçik
mövzulara sığışdırmaqdır:
Kənddə eyni sürətlə gedir
İnəklər, maşınlar,
adamlar...
Doğrudan, bu cəhətdən onun bir bəndlik şeirləri belə oxucunu heyrətləndirməyi,
düşündürməyi bacarır:
Adamlar çox
soyuyub, şair,
sənsə, bu boyda dünyada
bom-boş soyuducuda
uzanmış
termometr kimi tənhasan.
Salam Sarvan belə minimalist şeirlərdə,
ya ironiya işlədir, ya da Dekaentçilik ənənələrini
davam etdirir. Şübhəsiz ki, onun tənhalığı da spesifikası
ilə fərqlənir:
Daha adamlar içində təklik deyil mənimki,
Əsrlərin içində
heykəl tənhalığıdı...
Ümumiyyətlə, fikir versək, şeirlərdəki
bədii təsvir vasitələri rəngarəngliyi,
metaforik manevrlər orijinallığı ilə
seçilir. İstər-istəməz,
adam fikirləşir
ki, təcridçilik, sentimentallıq
şairin ruhuna necə nüfuz edibsə, o özünü
məhz cansız-ruhsuz
heykəllə müqayisə
edir.
Doğrusu, absurdizm,
qeyri-müəyyənlik, zaman-məkan nisbiliyi müəllifin yaradıcılığına
yad deyil, bu, öz yerində.
Fikrimcə, Bualonun
"Poeziya sənəti"
əsərindəki "Üç
vəhdət" qanunu
(zaman, məkan, hərəkət)
Salam Sarvan poeziyası
üçün də
xarakterikdir.
Ancaq "Üç
vəhdət" prinsipinin
tətbiqi və şeirlərdəki paradoks
oxucunu hərdən
dilemma qarşısında qoyur,
qaranlıqda qara pişik axtarmağa sövq edir:
Eynən, qatarların
vəziyyətindəyəm,
onlarçün qandal relslərdən
çölə, azadlığa
çıxmağın
bircə yolu var
- qəza!
Düzü, onun prototipi, adətən haqsızlığa, naqisliyə,
vəfasızlığa düçar
olur, yalqız qalır, məşəqqətli
həyat sürür,
özünü oda-közə
vurur. Fəqət, tutduğu yoldan, əqidəsindən heç
vaxt geri dönmür:
Atdı, atdı
məni düşmənlərim
də,
İlahi, adam da belə tək olar?
Bu ki sürünməkdi,
cəhənnəmə ki,
Başı dik tutub da sürünmək olar.
Hə, doğrudur,
Salam Sarvan poeziyası
ziddiyyətlidir. Bəzən
obrazlılığın altında gizlədilmiş
məna təəccüb
doğurur:
Ölmüş pəhləvanın
baş daşı -
Son dəfə başı üstə qaldırıb saxladığı
daş.
İttihamçılıq, tərki-dünyalıq,
ümidsizlik, təlaş,
həyəcan motivləri
misra-misra müəllifin
poeziyasına hopub:
Vaxt gələcək...
Yol qırağında
tapılmış
naməlum kişi
meyidi olacaqsan,
"tanımağ"a
bir kimsə gəlməyəcək...
Nizaminin təbirincə
desək, yalanabənzər
doğrudan imtina etmiş Salam Sarvan insanlara reallıqla barışmağı tövsiyə
edir:
Gəl, sənə
təsəlli verim,
Darıxma, düzəlməyəcək.
Həmçinin qeyri-səmimi,
soyuq, saxta münasibətlərdən bezib-yorulan
şair ən yaxşı çıxış
yolunu hər yerdən və hər kəsdən kənarlaşmaqda görür:
Ürəyimdən nə keçir, deyim, sən də biləsən.
Hər yerdən
çıxıb getmək
və hər kəsi unutmaq...
Maraqlıdır ki, başqa
şeirində bu arzusunun mümkünsüzlüyünü
etiraf edir:
Axx, ətrafımıza
o qədər adamlar yığırıq ki,
indi onların əlindən
tənhalığa çəkilmək
də olmur.
Sözün düzü,
şeirləri diqqətlə
təhlil etdikdə, doğrudan, müstəsna
monotonluqdan, yeknəsəklikdən
əzab çəkən,
pessimist obrazın təzadlı
düşüncələrini duymaq olur:
Ölsən, bir düşmən sevindirərsən.
ardınca barı,
bir "sağ olun" ola.
Gözünü qapaya bir qız əlləri,
bu sənin ilk qadın sığalın
ola.
Açığı, sevgi poeziyası şairin yaradıcılığında xüsusi yer tutur, lakin onun
məhəbbətə yanaşmasında
fərqli çalar,
yeni nəfəs, orijinal
münasibət duyulur.
Ənənəvi şairlərin
sevgilisini göylərə
qaldırması, yersiz
metafor, mənasız pafosla bəzəyib-düzəməsindən
qətiyyətlə imtina
edir:
İyim yanıq
iyi, dadım su dadı...
Mən adam balası deyiləm, qadın.
Məni sevməyin
də yolu başqadı,
Bununçün məhəbbət,
filan şərt deyil.
Qərəz, keçən əsrdən etibarən, ədəbiyyatımızda aşıq şeir janrının psevdo-cazibəsi necəsə, insanları ovsunlamağı bacardı. Belə bir vaxtda yaradıcılığa gələn Salam Sarvan, obrazlı desək, İbrahim peyğəmbər kimi, bütləri qırıb-söksə də, onun yaradıcılığını ehkamçı poeziya kimi qiymətləndirmək də doğru çıxmaz..
İlkin ÖZ
Ədəbiyyat qəzeti. – 2024. – 3
fevral, ¹ 4. – S. 30.