M.Ə.Rəsulzadə Azərbaycan yazıçıları haqqında
Nəsiman Yaqublunun təqdimatında
Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadə
özündən sonra zəngin irs qoyub gedib. Bu zəngin irsdə
biz Azərbaycanın tanınmış
şair və yazıçıları haqqında
onun çox dəyərli fikirlərinə
rast gəlirik. M.Ə.Rəsulzadə bu tədqiqatlarında şair və yazıçılarımızın ədəbiyyatda mövqeyini
də düzgün müəyyənləşdirə bilib. Odur ki, M.Ə.Rəsulzadənin bu mövzudakı yazıları böyük
maraq doğurur. Bu yazıların digər üstünlüyü isə
ideologiyadan kənar araşdırma tədqiqatlarının
mövcudluğudur. M.Ə.Rəsulzadə bu
yaradıcı şəxsiyyətlərimizə
"sovet şairi yaxud yazıçısı"
ölçüsündən yanaşmır. Əksinə,
onların Şərq
ədəbiyyatında, Türk
ədəbiyyatında və
sonda dünya ədəbiyyatındakı mövqelərini
maraqlı faktlarla açıqlayır. M.Ə.Rəsulzadənin bu
araşdırmalarında şair
və yazıçılarımıza
böyük sevgi, bağlılıq hissləri
də duyulmaqdadır.
Eyni zamanda o, bu yazılarında bir ədəbiyyat bilicisi kimi də
görünməkdədir. Buraya əlavə etsək ki, M.Ə.Rəsulzadə
çoxlu şeirlər
yazmış, pyeslər
müəllifidir, rus və fars dillərində
nəsr və şeir nümunələrini
Azərbaycan dilinə
tərcümə edib,
onda bu yazıların
daha da əhəmiyyətli
olması qənaətinə
gəlirik. Digər tərəfdən M.Ə.Rəsulzadənin başqa
yazılarında da onun
Şərq və dünya ədəbiyyatının
ciddi mütaliəsi haqqında da məlumatlara
rast gəlmək mümkündür. Bu mənada
M.Ə.Rəsulzadənin
1951-ci ildə Türkiyədə
yazdığı 500 səhifəlik
"Azərbaycan şairi
Nizami" kitabı hər mənada ədəbiyyatımız tarixində
möhtəşəm hadisədir.
Sonradan onun "Azərbaycan Yurd Bilgisi" jurnalında nəşr etdirdiyi "Şirvanlı Xaqani" məqaləsi sovet tədqiqatçılarının yanaşmalarını ciddi
faktlarla təkzib edir, Xaqani şəxsiyyətini
maraqlı və daha məzmunlu olaraq oxuculara çatdırır.
M.Ə.Rəsulzadənin ədəbiyyat
araşdırmaları güneyli,
quzeylidir. Onun ustad Şəhriyarın
"Heydərbabaya salam"
əsəri haqqında
yazdığı ilk məqalə
1955-ci ilə aiddir. Yəni əsər nəşr ediləndən
qısa müddət sonra M.Ə.Rəsulzadə
bu dəyərli sənət nümunəsini
geniş təhlil edərək çox da uyğun bir başlıq yazıb
"Ədəbi bir hadisə".
M.Ə.Rəsulzadənin yazıçılarımız
haqqında da maraqlı
yazıları vardır
ki, o məqalələri də
ixtisarla oxuculara təqdim edirəm.
Nəsiman Yaqublu
Mirzə Fətəli Axundzadə
(1812-1878)
"Mirzə Fətəli Şərq istibdadının yumşaldılmasını
istəyirdi. Halbuki bolşeviklərin qurduqları
diktatorluq rejimi ən geniş fantaziyaları belə kölgədə buraxan bir dəhşət və vəhşət tablosu ərz etməkdədir. Bu tarixdə
rastlanmayan bir zülm və mütləqiyyət rejimidir.
Mirzə
Fətəli Qərbi
Avropa mədəniyyətini
idealizə edirdi. Sovetlər isə burjua adını verdikləri bu mədəniyyətə arxalarını
çevirmiş, ona amansız bir hərb elan etmişlərdir.
...Kommunizmin ana fikri olaraq tərvic olunan allahsızlıqdan bəhs edilərkən bolşeviklər daha çox Mirzə Fətəlinin adını
anırlar. Onun ateistliyindən bəhs açırlar. Bu, bir iftiradır. Bu yalana əsla inanmayın. Mirzə Fətəli yuxarıda söyləmiş
olduğumuz kimi, Allah fikrinə, yəni mütləq həqiqət
idealına qarşı
qətiyyən mübarizə
etmirdi. Onun mübarizə etdiyi şey inam və
düşüncəyə mane olan sxolastik təfəkkür tərzi
idi. Bu növ düşünüş tərzi
indi bütün sovetlərdə hakimdir".
M.Ə.Rəsulzadə. "Mirzə
Fətəli Axundzadə",
"Azərbaycan" jurnalı,
Ankara, il 4, sayı 10-11 (34-35),
yanvar-fevral, 1955, səh.15-16
Nəcəf bəy Vəzirov
(1854-1926)
"Vəzirli Nəcəf bəyin simasında Azərbaycan ədəbiyyatı
ilə səhnəsi Mirzə Fətəlidən
sonra gələn çox mühüm bir nümayəndəsini itirdi. Bütün əsərlərində millət
eşqini, xalqa qulluq etmək zövqünü, azadlıq
və istiqlal fikirlərini tərənnüm
edən bu yazıçı üçün
qısa bir müddətdə olsa da, istiqlal və azadlığa qovuşan vətənini təkrar əsirlik və istila altında buraxıb ölmək qədər bir faciə təsəvvür
oluna bilməz.
Vəzirli Nəcəf bəyin
ölümü öz
qəhrəmanı Fəxrəddinin
ölümünə nə
qədər bənzər!.."
"Qafqasya" jurnalı,
oktyabr
1952-ci il, N1, səh.7
Cəlil
Məmmədquluzadə
(1869-1932)
"Heç kim bizim müasir
ədəbiyyatın birinci
dövrünün ədəbiyyatçılarının
etdiyi kimi, yaşadığı əsrin
orta əsrlərdən
qalma qaydalarını
belə güclü və aşkarlıqla tənqid etməmişdi.
Bu tənqid təsvir etdiyimiz mərhələnin
sonunda satirik "Molla Nəsrəddin" jurnalının və onun istedadlı redaktoru Cəlil Məmmədquluzadənin simasında
özünün yüksək
zirvəsinə çatır.
Məmmədquluzadənin böyük səs-küyə səbəb
olan "Ölülər"
pyesi (doğrudur, ikinci dövrə aid olan yazılar) bizim tənqidi ədəbiyyatın ən
məşhurudur və
müəllif burada özünəməxsus kəskinliklə
orta əsr nadanlığının, özündən
arxayınlığının, quruluğunun bütün saxta mahiyyətini açıb göstərir,
geridə qalmış
ruhaniliyin şarlatanlığına
və şeyxlərin
müxtəlif yalanlarına,
xalqın geridə qalmağından öz məqsədləri üçün
istifadə etməsinə
gülür".
M.Ə.Rəsulzadə.
"Çağdaş Azərbaycan
ədəbiyyatı". Paris, 1936-cı
il, səh.9
Əbdürrəhman bəy Haqverdiyev
(1870-1933)
"Azərbaycan dramının
daha da inkişaf etdiyini Əbdürrəhman
Haqverdilinin yaradıcılığı
sübut edir. Onun ədəbi və təmiz Azərbaycan xalq dilində yazdığı
"Dağılan Tifaq"
əsəri çox güclü, orijinal və yüksək mənəviyyatlı bir əsərdir. Çoxlu məişət pyeslərindən
başqa Əbdürrəhman
bəy həm də tarixi pyeslərin müəllifidir
ki, onların sırasında
"Ağa Məhəmməd
Şah Qacar" xüsusi olaraq fərqlənir. Bu əsərdə
Qafqazın (azərbaycanlılar
və gürcülər)
fars işğalçılarına
qarşı qəhrəmanlıq
mübarizəsi təsvir
edilir. Eyni zamanda onun "Pəri cadu" kimi mövzusu xalq əfsanələrindən
alınmış yüksək
bədii və fantastik pyesi vardır".
M.Ə.Rəsulzadə. "Çağdaş
Azərbaycan ədəbiyyatı".
Paris, 1936-cı il, səh.8
Cəfər Cabbarlı
(1899-1934)
"O, gənc yaşlarında, qüvvət və enerji ilə dolu ikən, 1934-cü ilin sonunda vəfat
etdi. Onu dövlət hesabına dəfn etdilər. Azərbaycan komissarları
onun tabutu başında növbəyə
durdular və bununla onun kommunist
deyilkən, kommunistliyi
mənimsədiyini göstərmək
istədilər. Kommunist
olmadığını göstərən
hadisələrdən biri
də onun Moskvada toplanan ədiblər qurultayında
söylədiyi məşhur
nitqdir. Bu nitqində
o, "həqiqi sənətkar
və yazıçının
şanına yaraşmayan
sosial sifariş" üsulunun, yəni şairləri hökumət
tərəfindən müəyyən
mövzularda yazmağa
məcbur edilmənin əleyhinə çıxmışdır".
"Çağdaş
Azərbaycan ədəbiyyatı"
mövzusunda Ankara Xalq
evində
oxuduğu mühazirədən. 1949-cu il.
M.Ə.Rəsulzadə "Əsrimizin
Səyavuşu. Çağdaş
Azərbaycan ədəbiyyatı. Çağdaş Azərbaycan
tarixi". B., 1999, səh.72
Ədəbiyyat qəzeti.- 2024.- 17 fevral, №6.- S.17.