İtki
Paşa
Kərimovun 65 yaşına
Fevralın
10-da tanınmış ədəbiyyatşünas, filologiya
elmləri doktoru, professor Paşa Kərimovun - böyük
şairimiz Əli Kərim yadigarının 65 yaşı tamam
olur. Amma bu ilin soyuq yanvar günlərinin birində
ağır xəstəlikdən sonra Paşa Əli oğlu Kərimov
dünyasını dəyişdi. Heç kim unudulmur, Əli
Kərimi unutmadığımız kimi, Paşanı da
unutmayacağıq.
Vaqif YUSİFLİ
Baxsan,
bu dünyanın ha tərəfinə
Bir
yerdə qəbrim var, on yerdə sağam.
Göy
uçsa, yer qopsa, ölmərəm yenə,
Hələ
neçə dəfə doğulacağam.
Əli
Kərim
O, ədəbiyyata
şair kimi gəldi. Çox yaxşı xatırlayıram,
1980-ci ilin sentyabrıydı, mən "Azərbaycan"
jurnalında tənqid və ədəbiyyatşünaslıq
şöbəsinin müdiri kimi, bir neçə aydı
işə başlamışdım. Gözəl şairimiz
Fikrət Qoca şeir şöbəsinə baxırdı, onun
yanına dəstə-dəstə şairlər gəlirdi,
şeir gətirirdilər və Fikrət müəllimin də
işi başından aşırdı. Bir gün məni
yanına çağırdı: beş-altı vərəqədə
səliqə ilə yazılmış bir kiçik əlyazmanı
mənə uzatdı: "Mən bu tələbə şairin
şeirlərini oxudum, bəyəndim, sən də oxu,
şeirlərin altında imzasını qoymayıb, amma sən
şeiri yaxşı duyursan, təxmin edərsən, kimdir bu
müəllif".
Elə
həmin gün Fikrət müəllimin
tapşırığını yerinə yetirdim. Soruşdu
ki, bəyəndinmi, "bəli" dedim. "Kiminsə təsiri
varmı bu şeirlərdə?", "Yox, Fikrət müəllim,
amma bu şeirlərdən bir az Əli Kərim qoxusu gəlir"
- dedim. "Düz tapmısan, elə bu şeirlərin müəllifi
Əli Kərimin oğlu Paşadır".
1980-ci
il idi və Azərbaycan şeirinin bənzərsiz şairi
Əli Kərimin ölümündən 11 il
ötürdü, amma sağlığında əsl qiymətini
almayan Əli Kərimin ölümündən sonra baharı
başlamışdı. "Bəzən haqq qazanır insan
öləndə, Hamıya dərd olur cavan getməyi" .
Əli Kərim dünyasını dəyişəndə
böyük oğlu Paşanın on yaşı vardı, Azər
və Orxan isə Paşadan kiçik idilər. Əli Kərim
ölümünə az qalmış "Vəsiyyət"
şeirini yazmışdı:
Tabutuma
oğlanlarımı
yaxın
qoymayın!
Təbəssümlərini
qoyarlar ora.
Tabutuma
Bir
az kağız qoyun,
Bir dənə
də qələm.
Gecələr
yazmaq, oxumaq eşqi gələndə
Paşanın,
Azərin, Orxanın
Asın
təbəssümünü
divar
lampası kimi
başı
üstdən.
Üç
canımın,
Üç
igid oğlanımın -
Paşamın,
Azərimin, Orxanımın.
Əli
Kərim oğlanlarını çox sevirdi. O, "Gəl, Azərim"
şeirini Azər xəstələnəndə
yazmışdı: "Sənin yerin xəstəxana, Mənimki
boşluq. Gəl, bıçaq altında inildəyən
dünyam, Ürəyim, Varlığım, Adım" ..,
Paşaya da şeir həsr etmişdi: "Paşanın ilk
uçuşu" şeirində Paşanın ilk müəllimi
Sitarə xanım ehtiramla yad edilirdi: "O təkcə
oğluma dərs demir indi, Öyrədir mənə də necə
sevməyi". Oğlanlarına böyük ata sevgisi "Nəğmələrin
yuvası" şeirində də əks olunmuşdu. Heyif,
Əli Kərim oğlanlarının ona
başucalığı gətirəcək uğurlarını
görə bilmədi.
Amma
indi 1980-ci ildir. Əli Kərimin böyük oğlu
Paşanın mətbuatda ilk şeirləri işıq
üzü görür. Fikrət Qocanın Paşanın
şeirləri barədə "Xoş gördük, şair
ömrünün davamı" Ön sözü ilə bu
şeirlər "Azərbaycan" jurnalının 1980-ci il
10-cu sayında dərc olunur.
"Paşa
oğlu Əli ilə dost idim - Əli Kərimlə... İllər
keçib. İndi redaksiyada qarşımda arıq, uzun
oğlan dayanıb. Universitetin filologiya fakültəsinin son
kursundadır. Şeirlər gətirib. Şeirlərinə
baxmaq əvəzinə, üzümü üzündən
çəkə bilmirəm. Elə bil, hardasa bu oğlandan kənarda
- 60-cı illərdə - Əli Kərim mənə baxıb
gülümsünür. Həmin bu redaksiyada, mən
oturduğum bu yerdə o vaxt Əli Kərim oturardı.
Yanına şeir gətirərdim. Baxıb gülümsünərdi.
Budur - Əli Kərim ömrünün davamı, Əlinin
oğlu. Paşa Əli oğlu qarşımda dayanıb. Mən
onun üzündə Əlinin cizgilərini axtarıram..
Oxşayır da, oxşamır da.. Şeirləri də
özü kimi."
44
ildən sonra mən "Azərbaycan" jurnalının həmin
sayını tapdım və Paşa Əlioğlunun şeirlərini
bir də oxudum. Qış haqqında üç şeiri var.
Hər şeirdə obrazlı ifadələrlə, metaforalarla
qarşılaşdım:
Şaxta
olsa da,
necə
donsun əllərim? -
əllərimdə
neçə yağış-qar
göz
yaşı.
Əllərimdə
göyün güzgüsü -
göy
üzünə baxar,
bəzənər
əllərimdə.
Başqa
bir şeirində: "Gecə şəhərin heykəlləri
yatır. Titrək fənər işıqları heykəllərin
yuxusuna düşür". Amma o şeirlər içərisində
biri də vardı ki, Paşa Əlioğlunun o şeir
ocağında yeni bir gur işıq yandıracağına
ümid doğururdu. "Mavilik" şeiri:
Heç
nəyimiz yoxdu,
təkcə
sənin mavi baxışların,
mənim
mavi gözlərim,
qardaşımın
mavi gündəliyi,
anamın
mavi arzusu.
Sonra...
dünyanı
maviyə boyamadıq,
yox:
yatanda
mavi yuxular gördük.
Səksəninci
illərdə Paşanın şeirlərinə
"Yaşıl budaqlar" almanaxında da rast gəldim. Bəs
sonra?
1982-ci
ildə Paşa Universiteti bitirir və AMEA-nın Əlyazmalar
İnstitutunda əmək fəaliyyətinə
başlayır. Və ömrünün son günlərinə
qədər həmin İnstitutda çalışır:
ömrünün 42 ilini Əlyazmalar İnstitutunun
divarları arasında keçirir: laborant, kiçik elmi
işçi, böyük elmi işçi, İnstitutun elmi
katibi, direktor müavini, bir müddət isə direktoru. O,
Əli Kərim ömrünün davamını şeirdə
yox, elmdə yaşadır. Biz belə bir cümlə ilə
tez-tez qarşılaşmışıq: "Filankəs anadan
şair kimi doğulub". Amma bəzən "şair kimi
doğulanlar" və yaradıcılığa şeirlə
başlayanlar az sonra şeirə vida edib elm aləminə, ya sənətin
başqa bir sahəsinə meyil edirlər. "Şair ola bilərdin,
amma professor oldun" Böyük türk şairi Nazim Hikmət
bunu dostu Mikayıl Rəfiliyə həsr etdiyi şeirdə söyləmişdi.
Paşa Kərimov da daha şeir aləmində
görünmür, amma onun bütün elmi tədqiqatları
klassik Azərbaycan poeziyası ilə bağlı olur. O,
XVII-XVIII əsrlər Azərbaycan poeziyasının mötəbər
tədqiqatçılarından birinə çevrilir. 1991-ci
ildə "Əlican Qövsi Təbrizinin
"Divan"ının tekstoloji tədqiqi və elmi-tənqidi
mətni" mövzusunda namizədlik, 2012-ci ildə isə,
"XVII əsr anadilli Azərbaycan lirikası"
mövzusunda doktorluq dissertasiyasını müdafiə edir.
Amma onun tədqiqatçı ömrünü təkcə
namizədlik və doktorluq dissertasiyalarının müdafiəsi
ilə məhdudlaşdırmaq olmaz. Əlyazmalar
İnstitutunda klassik ədəbiyyatımızla bağlı həyata
keçirilən və reallaşan bir sıra elmi işlər
məhz Paşa Kərimovun əməyinin bəhrəsidir. Mən
təfsilata varmaq istəmirəm, amma onun elmdə şah əsəri
- "XVII əsr anadilli Azərbaycan lirikası"
sanballı monoqrafiyası barədə qısaca söz
açmaq istəyirəm. Paşa bu əsərdə XVII əsr
anadilli Azərbaycan şeirini bütün istiqamətləri
üzrə araşdırır və qətiyyətlə demək
olar ki, bu çətin, son dərəcə araşdırma tələb
edən mövzunu bütünlüklə elmi ictimaiyyətə
təqdim edir, necə deyərlər, "düşvarı
asan eyləyir". Həmin əsrin anadilli Azərbaycan
lirikasının coğrafiyasından, tədqiq tarixindən
tutmuş, mövzu dairəsinə, ənənə və
yenilikçilik problemlərinə qədər heç bir
boşluq buraxmır. O monoqrafiyanın bəzəyi isə,
"XVII əsr anadilli Azərbaycan lirikasının janr və
forma xüsusiyyətləri, bədii ifadə vasitələri"
fəslidir. Bu fəsildə Paşa Kərimovun ədəbiyyat
tarixçisi ilə ədəbiyyat nəzəriyyəçiliyi
vəhdət təşkil edir.
Paşa
ədəbi örnəklərə istinad edir - sübut olunur
ki, XVII əsr lirikamızda qəzəl janrı tədricən
qəsidə janrını üstələyir. Füzulinin təsiri
isə hələ davam edir. Klassik poeziya aşıq
poeziyası ilə vəhdətdədir və ikincisinin təsir
dairəsi böyüyür. Həmçinin bədii ifadə
vasitələrinin arsenalı da genişlənir. Bu monoqrafiyada
Paşa bizi həyat və yaradıcılığı
çox az tədqiq olunan şairlərin
yaradıcılığı ilə tanış edir - Vəhid
Qəzvini, Mirzə Tahir, Məczub Təbrizi, Məlik bəy
Avçı, Tərzi Əfşar, Mürtəzəqulu xan Zəfər,
Şamlu və s. şairlərin yaradıcılığı
ilk dəfə tədqiq hədəfinə çevrilir. Təbii
ki, Saib Təbrizi, Qövsi Təbrizi, Məsihi, Sadiq bəy
Əfşar, Əmani kimi məşhur şairlərin
yaradıcılığı ön plandadır.
Bəli,
o, ədəbiyyata şair kimi gəldi, ümid edirdik ki,
Əli Kərim ocağında yeni bir işıq parlayacaq. Amma
şair kimi yox, istedadlı tədqiqatçı kimi, bu sahənin
professoru kimi tanındı.
Son dəfə
onu keçən il - mərhum deməyə dilim gəlmədiyi
- millət vəkili Qənirə Paşayevanın təşəbbüsü
ilə təşkil olunan "Əli Kərim poeziya gecəsi"ndə
gördüm. Təbii ki, ona söz verildi, hiss olunurdu ki, xəstədir,
amma Əli Kərimdən - atasından danışanda, onun səsində
Göyçayı, Əli Kərimi, Elza xanımı,
vaxtsız vəfat edən qardaşı Orxanı, Türkiyədə
yaşayan Azəri gördük. "Ağrı, yaxın gəlmə,
girmə araya," Get, yoxdur ölümdən çəkinəcəyim"
(Əli Kərim). Amma gec idi, bu ilin yanvar günlərinin birində
Əli Kərim ocağında bir itki də qaçılmaz
oldu. Amma o ocaq sönməyib, minlərlə oxucunun ürəyində
şölələnməkdə davam edir.
Vaqif
YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2024.- 10 fevral, №5.- S.5.