Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsəri

 

Oba-oba, addım-addım Türk dünyasını gəzib-dolaşan Mahmud Kaşğari "Divanü lüğat-it-türk" ensiklopediyasında türksoylu xalqların dil-ağız özəlliklərini, ləhcələrini, milli-mədəni varlığını toplamış, dövrünə uyğun qrammatika və yazı qaydalarını müəyyənləşdirmişdir. "Divan" ərəblərin diqqətini çəkmək, ərəb dili qədər güclü bir dil olan, ictimai əhəmiyyəti ilə bu dildən geri qalmayan türk dilini öyrətmək məqsədi ilə 1072 - 1074-cü illərdə ərəb dilində yazılmış, lüğət maddələri, sözlüyü, qrammatik məlumatları klassik ərəb leksikoqrafiyasının prinsiplərinə uyğun tərtib edilmiş, bu dilin xüsusiyyətlərinə görə bölmələrə ayırımışdır. Müəllif mükəmməl bir lüğət ortaya qoymaq üçün "ən fəsih türk ləhcəsi"nə sahib olduğu, türk dilini çox gözəl bildiyi halda, bununla qane olmamış, bütün türk elini oymaq-oymaq gəzmiş, məlumatlar toplamış və bunları müqayisəli şəkildə lüğətdə əks etdirmişdir. "Divan"ın girişində yazır: "Mən bunların dilcə ən fəsihi, danışıqca ən aydın ifadəlisi, ağılca ən incəsi, soyca ən şərəflisi, nizə işlətməkdə ən mahiri olduğum halda, yenə də türk, türkmən oğuzları, çigil, yağma və qırğızların şəhər və obalarını gəzib onların ləhcə və qafiyələrini topladım. Beləliklə, ən düzgün bir şəkildə bütün bu tayfaların ləhcələri məndə qərarlaşdı. Bu kitabı mən yetkin təlif və ən gözəl tərtib üzrə yazdım. Daimi xatirə və tükənməz bir azuqə olsun deyə Allahdan kömək diləyib bu kitabımı "Divanü lüğat-it-türk" adlandırdım." (Mahmud Kaşğari. "Divanü lüğat-it-türk"ün Xalid Səid tərcüməsində. Bakı, "Elm və təhsil", 4 cilddə, I cild, s. 55.) Müəllif ümumşərq üslubunda əsəri "mehriban, rəhimli Allahın adı ilə" yazmağa başlayıb,"təmiz, parlaq və gözəl övladı Məhəmmədə (s.ə.)" salavat və salamlarını çatdırır.

Əsər yalnız lüğət deyil, türk tayfalarının dil-ləhcə fərqlərini, yayılma areallarını, həyat tərzini, tarixini, mifologiyasını, folklorunu, mədəniyyətini öyrənməyə imkan verir. M.Kaşğari bu barədə yazır: "Mahmud ibn əl Hüseyn ibn Məhəmməd" deyir: Allah-təala dövlət günəşini türklərin burclarında parlatdı; hökmranlıqları ilə fələklərin çarxını dolandırdı, onları türk adlandırdı, ölkə hakimliyini onlara tapşırdı, zəmanə padşahlarını onlardan yetirdi, dünya xalqlarının idarəsini onların əllərinə tapşırdı, onları hamıya ağa etdi və doğruluqda möhkəmləşdirdi. Onlarla yaxın olanları, onlarla birgə çalışanları əziz tutdu, bunlar onların sayəsində bütün arzularına çatdılar və pis adamların şərrindən qorundular. Buna görə də onların oxlarından salamat qalmaq üçün ağıllı adamlar onlara tabe olmalıdır. Bunun üçün ən yaxşı vasitə, onların öz dillərilə danışmaqdır, çünki onlar, öz dilləri ilə danışan adama diqqətlə qulaq asırlar və ona qarşı rəhmdil olurlar. Əgər biri onlara sığınarsa, onu öz tayfalarından sayıb onu öz tayfalarının təhlükəsindən qoruyarlar; bununla birgə gələnlər də qoruna bilir." (Mahmud Kaşğari. "Divanü lüğat-it-türk"ün Xalid Səid tərcüməsində. 4 cilddə, I cild, Bakı, "Elm və təhsil", 2024, s. 55.)

Türk olmağı ilə qürur duyan M.Kaşğari bu adın Allah tərəfindən verildiyinə və onların üstünlüyünə inanır. Fəxrlə deyir ki, bu, sadəcə lovğalanmaq deyil, zamanla gerçəkliyin ifadəsidir. Türk dilinin ərəb dili qədər zəngin bir dil olduğunu göstərən M.Kaşğari "Divan"ın girişində bu dilin ərəb dili ilə birlikdə "qoşqulu yarışan at" kimi getdiyini bildirir, türk mədəniyyətinin zənginliyini, eləcə də söz varlığını nümayiş etdirir: "Türk dillərinin də ərəb dili ilə qoşquda yarışan iki at kimi yanaşı ola biləcəyini bildirmək istədim".

Lüğətdə türklərlə bağlı peyğəmbərin iki hədisini xatırladır. Həmin hədislər türk dilinin və türklərin hökmranlığının uzun sürəcəyi ilə bağlıdır. Bu fikirləri sübut etmək üçün şahid Buxara və Nişapurdan olan iki fərqli alimdən eşitdiyini bildirir: "Mən, Buxaranın inanılmış alimindən və başqa bir Nişapurlu alimdən, hər iki tərəfin isnadla rivayət etdikləri bir hədisi eşitdim ki, peyğəmbər - Allahın salavat və salamı ona olsun - qiyamət şərtlərini, axir-zəman fitnələrini və ğuz türklərinin çıxışını zikr edəndə demiş: "Türk dilini öyrənin, çünki onların sürəkli hökmranlığı olacaqdır. Bu hədis doğru isə - vəbalı söyləyənlərinin boynuna - türk dilinin öyrənilməsi vacibdir; yox, hədis düz deyilsə, əql bunun öyrənilməsini lazım bilir." (Mahmud Kaşğari. "Divanü lüğat-it-türk"ün Xalid Səid tərcüməsində. 4 cilddə, I cild, Bakı, "Elm və təhsil", 2024, "Giriş", s.20) Məhəmməd peyğənbərə həmd ifadələrindən sonra, diqqət etdiyimiz kimi, türkləri və türkçülüyü digər yazılı əsərlərdə tez-tez rast gəlinməyən bir tərzdə tərifləyir və türk dilini öyrənməyin zəruriliyini hədislə əsaslandırır.

"Divan"da türk sözü həm ədəb, hörmət, böyüklərə ehtiram, təvazökar, igid, mərd xüsusiyyətlərə malik bir boyun adıdır, həm də "gənc", "güc" mənalarını bildirir. M.Kaşğariyə görə, iyirmi qəbilədən ibarət türklər Nuh peyğəmbərin oğlu Yafəsdən qaynaqlanır və bu adı Tanrı özü verib. M.Kaşğari türklərin hər qəbiləsinin fərqli kök, ana boylarından, yalnız böyük qəbilələrdən və onların əsas qollarından bəhs etdiyini, hər bir boyun şaxələnmiş bir çox oymaqları olduğunu, onların sayını ancaq ulu Tanrı bildiyini qeyd edir: "Əsl türklər iyirmi qəbilədən ibarətdir. Onların hamısı "türk-ibni-Yafis-ibni-Nuh" peyğəmbərin (Allahın səlavatı ona olsun) nəslinə mənsubdurlar ki, bunlar da "Ərrum-ibni-İysu-bini-İshaq-bini-İbrahim (Allahın səlavatı ona olsun) oğulları dərəcəsindədir. Bunlardan hər qəbilə bir çox oymaqlara ayrılır ki, onların sayını ancaq Allah bilir." Qəbilələrin əksəriyyətinin Rumdan başlayıb şərqə qədər uzanıb getdiyini, Çin, Tavğaç, Maçin yaxınlığındakı çigil, tuxsı, yağma, çaruq, çumul, uyğur, tənüt, xatay qəbiləsi olduğunu, onların şimal ilə cənub arasında, orta zonada yerləşdiklərini bildirir. Uyğurların isə özlərinə məxsus saf türk dilləri olduğu kimi, aralarında danışdıqları ikinci bir dili və 24 hərfdən ibarət əlifbaları olmasını, "bununla yazışma işlərini apardıqları"nı, qıfçaq, oğuz, tuxsı, yağma, çigil, ığraq, çaruq tayfalarının saf türk dilləri olmasını, yəmək və başğırt tayfalarının dilləri də bunlara yaxınlığı, Rum ətrafına qədər olan bulğar, suvar, peçənək tayfalarının dillərinin isə. bir qayda üzrə, yan-yövrəsi qırıq türk dili olması haqqında məlumat verir: "Dillərin ən yüngülü ğuzların ("Divan"da oğuz sözü bu formada da işlənir.) dilidir; ən düzgünü isə yağma, tuxsı və uyğur şəhərlərindən başlayaraq, İtil, Yamar, Artış (Irtiş) və İlə (İli) çaylarının boylarında yaşayan tayfaların dilidir. Ən fəsih dil Xaqani padşahlarının və onların ətrafına toplaşanların dilidir." (Mahmud Kaşğari. "Divanü lüğat-it-türk"ün Xalid Səid tərcüməsində. 4 cilddə, I cild, Bakı, "Elm və təhsil", 2024,, s.20) Vətəni olan Balasağun əhalisi soğdi və türk dillərində danışdıqlarını, Arğudan Balasağun şəhərlərinə qədər yaşayan xalqın dilində "pozuqluq" olduğunu da bildirir, həmçinin Kaşğarda Kənçək dili ilə danışan kəndlərin "varlığı"ndan, şəhər əhalisinin Xaqani türkcəsində danışdığından da bəhs edir.

"Divan"da türk ad kimi təkdə işləndikdə bir adamı, övladlarının adı olduqda isə bəşər sözü kimi çoxluq və cəm bildirir. Bunun İbrahim peyğəmbərin oğlu İshaqı, İshaqın oğlu Esavı, onun oğlu Romu və Romdan gələnlərin nəslini necə adlandırdığına bənzədiyini göstərir. Vurğulayır ki, boyların birincisi və böyüyü oğuzların qınıq qəbiləsidir, hətta zəmanənin padşahları da bunlardandır. Ümumiyyətlə, Mahmud Kaşğari oğuzlara xüsusi diqqət yetirmiş, rəğbət bəsləmiş, onların bir türkmən qəbiləsi və iyirmi iki boyu (kunık, qayığ, bayundur, yıvva, salğur, afşar, bəktili, bükdüz, bayat, yazğır, eymür, qərabölük, alqabölük, igdər, ürəkir, tutırqa, ulayonduluğ, tükər, pəçənəg, çuvaldar, çəbni, caruqluğ) olduğunu, damğaları ilə birlikdə ətraflı şəkildə təqdim etmişdir: "Oğuz türklərdən bir qəbilədir; bunlar türkmənlərdir. Onlar iyirmi iki boydur. Hər boyun heyvanları üzərində damğa və nişan vardır. Bununla onlar bir-birini tanıyarlar. Bunların birincisi və böyüyü "qınıq"dır; zamanımızdakı padşahlar bunlardandır". Onun təbirincə oğuz boylarının adlarının necə yaranmasından bəhs edərkən, ərəblərdə olduğu kimi, "onları qurmuş olan babalarının adlarından" götürüldüyünü qeyd edir: "Bu qəbilələri tanımağa xalqın ehtiyacı olduğundan, onları lazımınca söylədim. Bütün bu damğalar onların heyvan və atlarının nişanələridir: hər oba öz heyvanlarını başqalarının heyvanına qarışdığı zaman bu damğalar vasitəsilə tanıyar. Bunlar qəbilələrin əslini bildirir. Sonra bu qəbilələrdən hər birinin qol-budaqları və boyları vardır. İxtisarla qol-budaqlarını azaltdım. Bu qəbilələrin adları qədim zamanlarda bunları törədən babalarının adlarıdır ki, onlara nisbət verilmişdir." (Mahmud Kaşğari. "Divanü lüğat-it-türk"ün Xalid Səid tərcüməsində. 4 cilddə, I cild, Bakı, "Elm və təhsil", 2024, s.50) Oğuzlara çox böyük əhəmiyyət verməsinin səbəbi "Divan"ı yazdığı dövrdə onların arasında olması və sayca çoxluq təşkil etdiyi, Səlcuqlu Sultan Alparslanın ordusunun Anadoluda irəliləməsi və siyasi qüvvəyə çevrilməsi ola bilər. Hər kəsin "Oğuzların əllərinə və heyvanlarına döydükləri damğanı bilməli"dir - deyən M.Kaşğari türklərin ən bəlağətli nitqi, ən ağıllı, ən savadlı və nəcib olması ilə öyünür. "Uzun sözü qısaltmaq faydalıdır" deyə, əsərdə "türk tayfalarının dillərindən söz törədən köklər aldı"ğını bildirir. Bu xüsusiyyətləri sayəsində türk, türkmən, oğuz, cigil, babax, qırğız dilləri haqqında şifahi məlumatları kitabında ən uyğun formada yazdığını, illərlə bu səfərə hazırlaşdığını, bir çox çətinliklərin öhdəsindən gəldiyini söyləyir.

Lüğətdə sözləri müəyyən bir qaydada sıraladığını qeyd edən M.Kaşğari onları axtaranların asanlıqla tapa bilməsi üçün atalar sözləri, deyimlər və şeirlər kimi dördlüklər, beytlərdən ədəbi vasitə kimi türk dilinin ifadə dərinliyini göstərir, kitaba türklərin davranışlarını və biliklərini nümayiş etdirmək üçün söylədikləri şeir nümunələri seçib, çətin və ya sevincli günlərdə yüksək düşüncələrlə səslənən və bundan əvvəl söylənən, sonra nəsildən-nəslə ötürülən atalar sözlərini də daxil edib: "İctimai yaşayış və əməkdə söylədikləri şeirlərdən nümunələr saçdım (seçdim sözünü həm Xalid Səid, həm də redaktorlar saçdım işlətmişlər). Söylənənlərdən nəql edənlərə və onlardan da daha sonrakılara çatdırılmaq üçün söylənmiş xoş və yaman günləri əks etdirən dərin məzmunlu atalar sözlərini də saçdım. Beləliklə, burada söylənmiş şeyləri və məşhur sözləri topladım. Bununla da kitab saflıqda son nöqtəyə və gözəllikdə son mərtəbəyə yüksəldi. Ürəyimin arzusuna və niyyət etdiyim şeyə Allahdan müvəffəqiyyət dilərəm." (Mahmud Kaşğari. "Divanü lüğat-it-türk"ün Xalid Səid tərcüməsində. 4 cilddə, I cild, Bakı, "Elm və təhsil", 2024, , s.50) Bu metod bu gün də müasir leksikoqrafiyada istifadə olunur.

A.N.Kononov Mahmud Kaşğarinin "Divan"ını müxtəlif türk xalqları, tayfaları və türk poetik yaradıcılığı barədə zəngin məlumat verən bir xəzinə adlandırır. Əsər XI əsrin əvvəllərində türk tayfalarının ləhcələri haqqında məlumat verən dialektoloji-etnoloji əsər olmaqla yanaşı, bir çox şəhər, qəsəbə, kənd, dərə, göl və dağların adlarını, toponimlərini xəritədə göstərən, haqqında qısa məlumatlar verən türkün coğrafiyası, insanların adlarını da əhatə edən onomastik bir araşdırma, bəzi türk əfsanələrini, köhnə və yeni inancları, əyləncə, oyunlar, adətləri əhatə edən folklorşünaslıq mənbəyi, dövrün peşə-sənətkarlıq, ovçuluq, geyim, zərgərlik əşyaları və silahlar, atlar, müxtəlif ərzaq, qida məhsulları və içkilər, xəstəliklər, müalicəvi otlar və dərmanlar haqqında məlumat verən etibarlı və yeganə mənbə, əcdadlarımızın bədii-estetik, poetik antologiyasıdır. Lüğəti araşdırarkən ailə və dövlət quruluşu, ictimai həyat, iqtisadi əlaqələr, nəqliyyatı, bir sözlə, türklərlə əlaqəli hər şeyi aydınlaşdıran bənzərsiz bir qaynaqla qarşılaşırıq. Mahmud Kaşğarinin türklərin qarşısında ən böyük xidməti budur ki, onların varlığını təxminən min il əvvəl mövcud olan türk icmalarının nümunələri fonunda nümayiş etdirir.

"Divan"ın tərtibi ilə bağlı M.Kaşğari "Giriş" hissədə ətraflı məlumat verərək onu səkkiz bəhsə ayırdığını qeyd edir: həmzə (həmzəli sözlər), salim (kökündə hərfi-illət, əlif, vav, yə, həmzə və qoşa samit olmayan sözlər), müzaəf (həmcins qoşasamitli sözlər), misal (ilk hərfi hərfi-illət, əlif, vav, yə olan sözlər), üçlülər (üç hərflilər), dördlülər (dörd hərflilər), ğünnəlilər (burun samitli olan sözlər), müxtəlif cinsli qoşasamitli sözlər. Bu bəhslərdən hər birini isim və feillərə ayırmış, öncə isimləri sonra feilləri əlavə etmişdir. Mahmud Kaşğari lüğəti ərəb dili qrammatikası üsulunda hazırlasa da, məqsədi müsəlmanlara, əsasən də ərəblərə türk dilini öyrətmək olmuşdur. Hər bəhs ikihərfli sözlərlə başlayır, daha sonra üçhərfli, dörd, beş və daha artıq hərfdən ibarət sözlərlə davam edir. Müəllif sözlərin formalarını ərəb dilində bablar şəklində göstərmiş, lüğət vahidlərini ərəb qrammatikasına aid terminlərlə izah etməyə çalışmışdır.

Sovet dövründə uzun müddət "Divanü lüğat-it-türk"ün çapına qadağa qoyulmuş, onu tərcümə edənlər repressiya qurbanı olmuşlar. Yalnız 1956-cı il, İ.Stalinin ölümündən sonra qadağalarda güzəşt və yumşalmalar, ictimai-siyasi mühitdə bir qədər mülayimləşmələr baş vermişdir. Bu qadağa və maneələr heç də təsadüfi deyildi, Sovet totalitar idarə sistemində türk xalqlarının milli qüdrət və əzəmətini ifadə edən belə bir ensiklopediyanın nəşr edilməməsinin bir çox amillərlə izahı vardır. Əvvəla, bu kitab türklərin genetik kodunu, şəcərəsini, tarixi inkişaf mərhələlərini və milli kimliyini özündə ehtiva edir. Qəhrəmanlıq və cəngavərlik salnamələri ilə dolu olan türk xalqlarının dil, tarix və mədəniyyətinin məhz keçmiş SSRİ xalqlarına çatdırılması, onların qüdrət və əzəmətinin böyüklüyünün görünməsi arzuolunan deyildi. Keşməkeşli tarixi keçmişi olan türklərin klassik ədəbi-mədəni irsinə nihilis münasibət Sovet imperiyasının xislətindən doğurdu. Çünki "Divan"da türkün geniş miqyasda bütün tərəfləri ilə görünən və böyük əraziləri əhatə edən coğrafiyası, türk xalqlarının yaşam tərzi, onların müstəqil idarəçilik qabiliyyətləri, hərb sənətinə dərindən yiyələnmələri və dövlətçilik ənənələri öz əksini tapmışdır. Bütün bunların geniş oxucu kütlələrinin istifadəsinə verilməsi Sovet imperiyasının maraqlarına tamamilə zidd idi. İkincisi, M.Kaşğarinin təqdim etdiyi dünya xəritəsində Rusiya böyük güc və qüdrət sahibi olmadığı kimi, belə geniş ərazilərə də malik deyil, adi və gücsüz dövlətlərdən biridir. Üçüncüsü, bu kitab hər şeydən öncə türklərin zəngin və qədim tarixə, eləcə də misilsiz mədəniyyətə malik olduqlarına şahidlik edir. Sovet imperiyası isə onun əyalətlərinin, xüsusilə də türklərin ruslardan daha qədim tarixə və mədəniyyətə malik olduğuna qısqanclıqla yanaşır və xislətini gizlətmirdi. Daha doğrusu, türkü türkə və dünyaya tanıdan belə bir qədim və möhtəşəm kitabın müxtəlif dillərə tərcümə olunaraq işıq üzünə çıxması imperiyanın müstəmləkəçilik maraqlarına uyğun deyildi. (ətraflı bax: C.Qasımov. Xalid Səid Xocayev. Bakı, "Şirvannəşr", 2021, s. 253-255.)

"Divan"da yer kürəsinə işarə olaraq dairə şəklində türk icmalarının yaşadığı əraziləri göstərən ilk tematik dünya xəritəsi də təqdim edilir. Xəritənin dairəvi formada çəkilməsi göstərir ki, XI əsrdə türklər yerin bu formada olduğunu bilirdilər. Burada türk tayfaları və coğrafiyası haqqında vacib məlumatlar öz əksini tapır. Müasir kartoqrafik metodlarla müqayisədə ibtidai hesab edilə bilən bu xəritə XI əsrin coğrafi bilik və metodları ilə dünya kartoqrafiyasına öz töhfəsini vermişdir. Xəritədə türk hökmdarlarının iqamətgahı olan Balasağun yaxınlığında yerləşən M.Kaşğarinin atasının şəhəri Barsğan və dövrün əhəmiyyətli mədəniyyət ocağı olan Kaşğar mərkəz olaraq qəbul edilmişdir. Barsğan yaxınlığında göstərilən, lakin adı çəkilməyən göl İssık gölüdür. Digər türk şəhərləri və əraziləri bu şəhərə görə düzülmüş və istiqamətlər Orxon kitabələrindəki qədim türk adətlərinə görə təyin edilmişdir. Türklərin yaşadığı ərazilərdəki şəhərlər, dağlar, səhralar, çaylar və dənizlər, Şərq, Qərb, Şimal və Cənub istiqamətləri müxtəlif rənglərlə göstərilir. Xəritədə 6 çay (onların bəzisi vadisinin adına əsasən məlum olur), iki dağ, bir dəniz adı verilir.

Dəniz (yaşıl rəngdə): Bəhri-Abisgun;

Çaylar (mavi): Ceyhun, Seyhun, İla (vadisi), İrtış (vadisi), Yəmar (vadisi), İtil (vadisi);

Dağlar (qırmızı): Qaraçuq, Sərəndib;

Səhralar (sarı): səhralar adla deyil, ümumi olaraq "qumluq" şəklində göstərilmişdir.

Türklərin yaşadığı ərazilər: oğuz torpağı və məskənləri, qıpçaq, başqırd çölləri, Xarəzm, Azərbaycan adları ilə xəritənin əsas mərkəz hissəsindədir. Xəritədə çay və dağların adları çiçəklərlə göstərilir. Burada Böyük Çin səddi, dağıdılmış Kumluk bölgəsi, vəhşi heyvanlar və ibtidai insanların yaşadığı torpaqlar, şimal-qərbdə şiddətli soyuq hava səbəbindən məskunlaşmayan ərazilər də yer almış, türk yaşayış məntəqələrindən savayı eyni bölgədəki qonşu ölkələr və icmaların da adı çəkilmişdir.

Digər yerlər: Cabarqa, Cafu, Bəldətül-Ələviyyə, Ünas-kəsirə minət-türk, Beşbalıq, Canbalıq, Xatun sini, Biladu-Uyğur, Sülmi, Qoço, Maçin, Ardu-kəlim kuşan, Bəldeyi-Nəsa, Çömül məskəni, Ötükən, Qayaqı-Yəmak (Yəmak qayalıqları, bozqırı), Qay məskəni, Qayaqı-Başqırt, Qayaqı-Basmil, Qayaqı-Tataq, Bulğar, Bəldeyi-Saqal-muhdəsə, Qıfçaq və ğuz məskəni, Biladül-ğuziyyə, Suvar, Nəsnaslar yaşadığı söylənən qayalıqlar, Vəhşilərin məkanı, soyuq olduğu üçün bəşər yaşamayan yer, Qıpçaq məskəni, Çənd, Manqışlağ, Rus, Saqaliba, Vərənk, Əməc, Bəçənək, Dərbəndi-Xəzaran, Təbəristan, Xarəzm, Diyari-Dəyalimə, Ardu-Azərabadagan, Ardul-Əkrad (Ərzul-Əkrad - Kürd torpağı), Arduş-Şam, Hüdudu-Misir, İskəndəriyyə, Ardu-Xorasan, Ardul-İraqeyn, Ardul-Hicaz, Ardul-Qeyrəvan və ğeyrihə, Ərzail-Məğaribə və Əndəlus (Məğrib ölkəsi olan Əndəlus), Hədsiz isti olduğundan insan yaşamayan yerlər, Biladi-Fars, Biladi-Xuzistan, Biladi-Sicistan, Biladi-Kirman, Ardul-Yəmən, Diyari-Zənc, Biladi-Həbəşiyyə, Biladi-Zat, Biladi-Bərbər, Biladi-Sin, Biladi-Hind, Sərəndib, Adəm əleyhissəlamın ayaq basdığı yer, Səddi-Zülqərneyn, Ardu-Yəcuc Məcuc, Şaş, İsbəncab, Kümi Talas, İkki Öküz, Yafınc, Nəzil, Təraz, Balasağun, Barsğan, Koca, Barman, Uc, Qoçinkar başi, Şancu, Cürcan, Xotən, Yarkəng, Kaşğar, Özçənd, Marginan, Xocənd, Səmərqənd, Qışmir, Kaşan, Biladi-Sind, Ğəznə. 

Yaponiyanı dünya xəritəsində göstərən ilk şəxs M.Kaşğaridir, bu əsərinin əhəmiyyətini daha da artırır. O, Yaponiyanın Şərqdə Çabarqa adlı bir ada olduğunu söyləyir: "Hər tayfanın dilini ayrıca göstərirəm; lakin, uzaqlığı və Maçin ilə aralarındakı böyük dənizin olması üzündən, Çabarqa xalqının dili naməlumdur." (Mahmud Kaşğari. "Divanü lüğat-it-türk"ün Xalid Səid tərcüməsində. 4 cilddə, I cild, Bakı, "Elm və təhsil", 2024, s.50)

Tarixi mənbələrə əsasən, Yaponiyanın ikinci xəritəsi "Divan"dan dörd əsr sonra çəkilmişdir.

 

M.Kaşğarinin kimliyi və "Divanü lüğat-it-türk"ün yazıldığı dövr

 

Mahmud Kaşğari özü haqqında məlumatda atasının İssık-Kul gölünün sahilində yerləşən Barsğan şəhərində doğulduğunu qeyd etməklə kifayətlənmişdir. Götürdüyü nisbəyə əsasən Mahmud Kaşğarinin əslən qaraxanilərin, yaxud müəllifin adlandırdığı kimi, xaqanilərin hakimiyyət mərkəzləri olan Kaşğardan olduğu məlum olur (həyatı və yaradıcılığı haqqında geniş məlumat yoxdur). Ərəb tarixçisi İbn-əl-Əsirin məlumatına görə. 1029 və 1030-cu illər arasında doğulduğu təxmin edilir, XI əsrdə Mərkəzi Asiyada hakimlik etmiş Qaraxanilərin Şərqi Türk xaqanlığı sülaləsinin nəslindəndir. Anası Bibi Rəbiyyə öz dövrünün mükəmməl savadlı qadınlarından olub. M.Kaşğarinin atası Hüseyn ibn Məhəmməd Mavərənnəhri istila etmiş Buğra xanın nəvəsidir. Onun doğulub-böyüdüyü Balasağun şəhərinin xarabalıqları Bişkek şəhərinin yaxınlığındadır. P.Juzenin fərziyyəsinə görə, M.Kaşğarinin əcdadlarından biri Samanilər hakimiyyəti altında olan Transoksaniya torpaqlarını fəth etmiş və mərkəzi Kaşğarda olan yeni qaraxanilər sülaləsinin banisi Nəsir ibn Əlidir (Juze P.K. Thesaurus Linguarum Turcorum \\ İzvestiə Vostoçnoqo Fakulğteta Azerbaydjanskoqo qosudarstvennoqo universiteta, 1927, t.11, s.29.). O.İ.Pritsak "Divan"a və bir sıra tarixi mənbələrə əsaslanaraq Mahmud Kaşğarinin 922-ci ildə Buxaranı ələ keçirən Transoksaniyanın ilk fatehi Buğra Xan titulunu daşıyan Harun (əl Həsən) ibn Süleymanın nəslinin davamçısı olduğunu ehtimal edir. Daha sonra, Mahmud Kaşğarinin atasının Barsğan əmiri və Buğra Xanın nəvəsi və Hüseyn ibn Məhəmməd adını daşıyan həmin şəxs olduğunu qeyd edir. (Kononov A.N.Maxmud Kaşkarskiy i eqo "Divanu Luqat it Turk" \\ Sovetskaə törkoloqiə. 1970. T.1)

"Urdu" lüğət məqaləsində müəllif məlumat verir ki, Kaşğar türklərinin yaşadığı ərazi həm də Ordu (Urdu) Kənd adlanırdı.

Qaraxanilər dövləti 927-ci ildə meydana gəlmişdir. Qaraxanlılar İslam dinini qəbul etmiş ilk türk sülalələrindən biri idi. Qaraxanilər nəslinin ali mühitində böyüyən M.Kaşğari təhsilini Kaşğar şəhərinin ən yaxşı məktəblərində almış, sonra Buxara və Nişapurda ərəb və fars dillərini mükəmməl mənimsəmiş, burada elmi biliklərini daha da dərinləşdirmişdir. Kübar ailədən olan digər cavanlar kimi, o, hərb sənətinə də yiyələnmiş, Kaşğarda hərb sənətinin müxtəlif növləri ilə məşğul olmuşdur. 29 yaşında ikən ölkəsində hakimiyyət uğrunda baş vermiş qanlı hadisələr zamanı təqiblərə məruz qaldığından oranı tərk etmiş, qürbətə getməli olmuşdur. Bağdadda yaşamış, bir müddət universitetdə elm və təhsillə məşğul olmuş, istedadlı tələbələr yetişdirmişdir. 89 yaşında ikən vətəninə qayıdan M.Kaşğari 97 yaşında dünyasını dəyişmişdir.

"Divanü lüğat-it-türk"ün rus və qazax dilinə tərcüməçilərindən biri olan P.A.M.Auezov "Giriş"də qeyd edir ki, XI əsrdə Orta Asiya və Yaxın Şərqi fəth edən qaraxani və səlcuqlular üçün yeni bir tarixi dövr başlayır. Bu barədə o, ətraflı məlumat verir.

X əsrin ortalarında Abbasilər xilafəti siyasi sabitliyini və inzibati tamlığını itirmişdi. Belə ki, Qərbi İran və İraq hakimiyyəti (Abbasilər xilafətinin paytaxtı Bağdad da daxil olmaqla) 999-cu ildən samanilərin, 1040-cı ildən Əfqanıstan və Xorasan qəznəvilərin, 945-ci ildən 1055-ci illərədək Buidlər sülaləsinin əlində idi. Qərbdə, Misir və Suriya əyalətlərində, əvvəllər Abbasi xilafətinin bir hissəsi olan fatimilər tərəfindən idarə olunurdu, lakin X əsrdə bizanslılar tərəfindən fəth edilmiş şimal hissə xaçpərəstlərin gəlişi ilə əvəzləndi.

Müəllif qeyd edir ki, Abbasilər xilafətinin süqutundan sonra İran və İraq yeni dövlət, ictimai və dini qurumların yaradılmasının əsas mərkəzlərinə çevrildi, burada hakim sülalələr və onların əsabələri tərəfindən idarə olunan bir sıra kiçik əyalət və bəyliklər meydana çıxdı. Keçmiş torpaq mülkiyyətçiləri və məmurların, köçəri tayfa başçılarının və muzdlu əsgərlərin təmsil etdikləri yeni hərbi-siyasi elitanın idarəetməsi yarımfeodal xarakter daşıyırdı. Hər vilayətdə yerli mədəniyyət inkişaf edirdi: ərəb əyalətlərində poeziya, əlyazma sənəti, memarlıq, İranda isə fars dili və mədəniyyətinə əsaslanan müsəlman mədəniyyəti.

50 ilə yaxın Şərqi İranda və Transoksaniyada samanilər sülaləsi Abbasilər dövründə qurulmuş yerli idarəetmə sistemini dəstəklədi. Sicistanda, Xarəzm və Əfqanıstanda muzdlu hərbi elitanın canişinləri və ya mühacirləri hökm edirdi. Abbasilər kimi samanilər də müsəlman mədəniyyətinin himayədarları idilər. X əsrdə süqut edən Sasanilər dövlətinin sahib olduqları hər şey muzdlu hərbçilərin lideri Alp Təkin tərəfindən fəth edilmişdi. Qəznəvilər xəlifəyə sədaqət andı içərək müsəlman din rəhbərlərini müdafiə edir, eyni zamanda təhsilin və fars ədəbiyyatının dirçəlməsini dəstəkləyirdilər. XI əsrin ortalarında Qəznəvi hakimiyyəti yerini Orta Asiyadan gələn yeni qüvvələrə təslim etdi.

Orta Asiyanın İran və Çin arasında bir hissəsində atçılıq və qoyunçuluqla məşğul olan köçəri türk tayfaları otlaq torpaqlarının bölüşdürür, yaxud yürüş zamanı birləşərək böyük olmayan qruplar şəklində yaşayırdılar. VII-VIII əsrlərdə Tan sülaləsi tərəfindən etibarlı şəkildə qorunan və Çinin şərq sərhədləri yaxınlığında məskunlaşmış türklər yeni otlaqlar axtarışı ilə qərbə doğru irəliləyərək yeni köç dalğasını yaratdılar. Nəticədə Orta Asiyanın sakinləri Aral dənizinə, Transoksaniyaya, Xarəzm və Əfqanıstana doğru sıxlaşdılar. Köçəri türk tayfaları oturaq əhali ilə ticarət və mədəni əlaqələr qurdular: taxıl, parça və silah alıb, əvəzində mal-qara, dəri, yun və qul satdılar. Bu canlı mübadilə çöllərdə bazarların və yaşayış məntəqələrinin yaranmasına səbəb oldu və köçəri türklərin şimalda Transoksaniya, Volqaboyu və Sibir ilə, şərqdə Çin arasında karvan ticarətinə cəlb olunmasına kömək etdi.

İslamın qəbulundan əvvəl bütün canlı və cansız aləmi əhatə edən ruhlara, Göy, Yer, Su Allahlarına inam Orta Asiya köçəri türk tayfalarının dünyagörüşünün əsasını təşkil edirdi. Burada şamançılıq geniş yayılmışdı. Ruhu bədəndən ayıra bilən və vəcd halında göylərə qalxmaq və ya yeraltı dünyaya enmək iqtidarında olan şamanlar xəstələrə şəfa verir və yuxu yozurdular. Orta Asiya türkləri çöllərdə təbliğ olunan atəşpərəstlik, büdpərəstlik, manilik ilə tanış idilər.

Qaraxanilər imperiyasının təməlini qoyan Şərqi türk tayfaları X əsrin ortalarından başlayaraq, əsrin sonlarına doğru səlcuqlar sülaləsi və onlarla bilavasitə əlaqəli olan oğuzlar da islamı qəbul etdilər. X əsrin sonlarına doğru Orta Asiyanın türk əhalisi arasında inkişaf etmiş bir sosial və institusional iyerarxiya, ticarət təcrübəsinə və dini dünyagörüşə malik oturaq xalqlarla birləşdirən geniş miqyaslı bir koalisiya qurulmağa başlandı. Türklər yeni bir imperiya elitasının yaranmasına səbəb olan mövcud siyasi və mədəni potensialları ilə Yaxın Şərqə axışdılar.

Türklərin islamı qəbul etməsi ilə yadellilərin öz torpaqlarına keçmələrinin qarşısını alan, müsəlman cəmiyyətini bütpərəstlərdən qoruyan qazilər Şərq sərhədlərinin mühafizəsini zəiflətdi, bir çoxu qəznəvilərlə birlikdə Hindistana köçdü, bəziləri Bizans sərhədlərinə keçdi. 992-ci ildə Qaraxanilər sülaləsinin rəhbərliyi altında Şərqi türk tayfaları Buxaranı, 999-cu ildə Səmərqəndi ələ keçirdilər.

Qaraxanilər elitası Şərqi İran ənənələrini tez bir zamanda qəbul etdi, yeni hökmdarlar mülkiyyətlərini Qərbi (1211-ci ilə kimi Transoksaniyada yerləşən) və Şərqi (Fərqanə və Kaşğarı əhatə edən) olmaqla böldülər. Transoksaniyanın yeni hökmdarları Abbasi xəlifələrinin nüfuzu ilə birbaşa və ya dolayı yolla Transoksaniya, Kaşğar və Tarım hövzəsi əhalisi arasında islamın yayılmasına yardımçı oldular.

1025-ci ildə Transoksaniyada qaraxanilər hakimiyyətlərini təsdiqləyərkən səlcuqluların rəhbərliyi ilə oğuz tayfaları Amudəryanı keçdilər, 1037-ci ildə Nişapuru ələ keçirdilər, 1040-cı ildə qəznəvilər üzərində qələbə çaldılar və Xorasanın yeni hökmdarları oldular və bununla da Səlcuq İmperiyasının əsasını qoydular. Səlcuqluların rəhbəri Toğrul bəy və qardaşı Çağrı bəy tərəfdarlarını Qərbi İrana apardılar, 1055-ci ildə Bağdad və xilafəti nəzarətə götürdülər. Xorasandan İraqa qədər Yaxın Şərq imperiyasının hökmdarları olan Səlcuqlar özlərini islam sultanları elan etdilər.

Daha sonra köçəri türk tayfaları Azərbaycana və Anadoluya keçdilər və 1071-ci ildə Manzikert döyüşündə Bizans ordusunu məğlub etdib, imperatoru əsir götürdülər və bütün Kiçik Asiyanın qapısı türklərə açıldı. Türk tayfaları da İraqa, Mesopotamiyaya daxil olaraq, səlcuqluların mülkiyyətini Aralıq dənizinə qədər genişləndirdilər.

X-XI əsr hadisələri oğuz türklərinin keçmiş Abbasi imperiyasının böyük bir hissəsini öz hakimiyyətləri altında birləşdirməsi, qaraxani türklərinin isə Transoksaniya və Kaşğar hökmdarları olması ilə nəticələndi. (Bax: Maxmud al-Kaşqariy. "Divan Luqat it-Turk". Perevod, predislovie i kommentarii Z.A.M.Augzovoy. Almatı: Dayk-Press, 2005. Vvedenie) M.Kaşğarinin "Divan"ının yazma tarixi məhz bu dövrə təsadüf edir.

"Divanü lüğat-it-türk"ün tədqiq tarixi

Tarixi məlumatlara görə, M.Kaşğari "Divanü lüğat-it-türk"ü 25 yanvar 1072-ci ildə yazmağa başlamış, 10 fevral 1074-cü ildə tamamlamış və Bağdadın Abbasilər xəlifəsi Əbülqasim Əbdüllah ibn Məhəmmədü Müqtədibiəmrillaha (bəzi mənbələrdə xəlifənin oğluna) ithaf etmiş, "onun böyüklüyünü, yaxşılığını, gücünü və kölgəsini müsəlmanların başından əksiltməməsin"i Allahdan diləmişdir.

"Divanü lüğat-it-türk"ün əsli Bağdadda monqol istilası zamanı məhv olmuş, əldə olunan yeganə nüsxə 200 il sonra - XIII əsrdə (1 avqust 1266-cı il) Məhəmməd ibn Əbu Bəkr ibn Əbul-Fəth əs-Savi-əl-Dəməşqinin üzündən köçürtdüyü əl yazısıdır. Üz qabığındakı qeydlərdən aydın olur ki, əlyazma 1400-1401-ci illərdə Qahirədə yaşayan Məhəmməd ibn Əhmədu Xatibu Dərayyaya məxsusdur. Osmanlı dövründə Türkiyəyə gətirilən kitabı ötən əsrin əvvəllərində sabiq maliyyə naziri Nazif Paşa öz qohumu olan bir xanıma (bəzi mənbələrdə həyat yoldaşına) bağışlayıb və satası olsa, 30 qızıl lirədən əskik verməməsini tövsiyə edib. Bu fikir 20 il sonra təxminən eyni məzmunda kitabın latın qrafikalı əlifba ilə ilk tərcüməçisi Xalid Səid Xocayev tərəfindən təkrarlanır, Həyat yoldaşı Sitarə xanıma dönə-dönə tapşırır: "Əgər sizə pul lazım olsa və qovluqları vermək məcburiyyətində qalsanız, bu qovluqları tərəzidə çəkdirərsən, nə qədər gəlsə, qovluqların müqabilində o ağırlıqda da qızıl tələb edərsən." (Azər Turan.  "Divanü lüğat-it-türk"ün ilk tərcüməçisi Xalid Səid Xocayevin qızı Bəhicə xanımla söhbət". "Ədəbiyyat qəzeti", 14 noyabr, 2008.)

Bukinist Bürhan bəy "Divanü lüğat-it-türk" haqqında daimi müştərisi, kitabsevər Əli Əmiriyə göndərdiyi xəbərdə kitabın 30 qızıl lirədən ucuz satılmayacağını bildirir. Maarif naziri Əmrullah Əfəndi bukinistə həmin kitab üçün 10 qızıl lirə təklif edir və bildirir ki, biz otuz lirəyə bir kitabxana satın alarıq. Bürhan bəy Əli Əmiriyə kitabın sahibi ilə danışdıqlarının vaxtının sabah bitəcəyini bildirir, ona "işinizə yarasa, almağı" təklif edir. Əlyazmanı vərəqləyib, əsl xəzinə tapmış kimi sevinən Əli bəy təsadüfən dükana gəlmiş bir dostundan borc istəyib, 33 qızıl lirəyə dərhal onu alır. Hətta deyirlər ki, dükandan çıxanda fikirlərinin dəyişəcəyindən qorxaraq əlyazmanı bağrına bərk-bərk basıb həyəcanla fikirləşir: "Ay aman, birdən ardımca gələrlər, bunu geri istəyərlər!"

Hal-hazırda İstanbul Millət Kitabxanasında sərgilənən "Divan"ın orijinala müvafiq ərəbcəsini ilk dəfə Türkiyədə 1917-ci ildə Tələt Paşanın köməyi, Əli Əmirinin təkidi ilə Kilisli Rifat hazırlamışdır. Tələt Paşa təklifinin qəbul olunduğu üçün Əli Əmiriyə 300 lirə göndərsə də, o, bunu qəbul etmir, cavabında yazır:

"Lütfünüz, qədirbilənliyiniz üçün təşəkkür edirəm, fəqət pulu qəbul edə bilmərəm. Çünki vətənə kiçik bir xidmət müqabilində pul almış olacağam. Bu isə vicdanıma ağır gələn bir şeydir, bundan dolayı sizə təşəkkür edərək, pulu geri qaytarıram. Siz pulu yardıma ehtiyacı olan bir neçə namuslu ailəyə paylasanız, mənim sizə təşəkkür edəcəyim kimi, Cənabi-Haqq da məmnun olar. Bu sədəqənin adı da "Divanü lüğat-it-türk" olsun". (Bax: http://www.anl.az/down/meqale/adalet/2012/aprel/246367.htm)

Macar Elmlər Akademiyası "Divan"ı almaq üçün Əli Əmiri Əfəndiyə 10 min, Fransa isə üç dəfə artıq - 30 min qızıl pul təklif etsə də, o, razılaşmır:

"Mən kitablarımı millətim üçün topladım. Dünyanın bütün qızıllarını önümə qoysalar, bu kitabı deyil, hər hansı kitabımın tək bir səhifəsini də satmaram". Fransızlara daha kəskin cavab verir: "Mən bu kitabları dövlətin verdiyi maaşla yığdım, öldüyüm zaman onların millətimə qalmasını istəyirəm" (Yakup Deliömeroğlu. Kaşğarlı Mahmut 1.000 yaşında veya 2008 Kaşğarlı Mahmut Yılı. Kardeş Kalemler, sayı 6, Haziran, 2007, s. 80.).

Kilisli Rifat qarışmış, səpələnmiş, dağınıq vərəqləri sahmana salmış, əlavə şərhlərlə 3 cilddə, ərəb əlifbası ilə əl yazısının faksimilesini çap etdirmiş və gələcək nəşrlər üçün böyük bir xidmət göstərmişdir. "Divan" dərhal rezonans doğurmuş, dünya türkoloqlarının diqqətini çəkmişdir. 22 dəftər həcmində olan bu əsəri Maarif Nazirliyi 120 lirə qonorarla mükafatlandırımış və İstanbul Darülfünununun kitabxanasına hədiyyə olunmuşdur.

Lakin əsər latın yox, ərəb qrafikası ilə çap olunmuşdu. Türkiyə respublika elan olunandan sonra Atatürkün göstərişi ilə kitabın 22 dəftəri latın qrafikası ilə çap olunmaq üçün Çankaya malikanəsinə göndərilir, amma dəftərlər naməlum səbəbdən itir. Kilisli Rifatdan yenidən işləməsi xahiş olunsa da, o, qonorarın azlığından narazı qalır və təklifdən imtina edir.

Türkiyə Böyük Millət Məclisinin sifarişi ilə 1925-ci ildə Samih Rifet və Mehmet Akif tərcüməyə cəlb edilirlər, ancaq onlar bu etimadı doğrulda bilmirlər. Həmin illərdə Tevfiq Dəmiroğlu da "Divan"ı ixtisarla tərcümə edir. Ramiz Əskər "Türkologiyanın şah əsəri" monoqrafiyasında "Divan"ı tərcümə edənlərdən biri Konyalı Atif Əfəndinin adını çəkir: "Onun 7 dəftərə yazılmış tərcüməsinin həcmi 943 səhifədir. Bu tərcümə Kilisli və Tevfik Dəmiroğlu tərcüməsinə nəzərən, daha dolğun və düzgündür. Lakin o, bəzi şeir və savları yalnız onların ərəbcə açıqlamalarına görə çevirmişdir" (Ramiz Əskər.Türkologiyanın şah əsəri. Bakı, 2020, səh. 45.).

"Divan"dakı söz ehtiyatı ilk dəfə alman alimi, Berlin Universitetinin professoru Karl Brokelman tərəfindən araşdırılmışdır. O, 1928-ci ildə "Divan"ın əsasında "Orta türk dili lüğəti"ni tərtib etmişdir. Onun fikrincə, bəzi mənbələrdə xalq dilindən toplanmış sözlərin sayı 7500, bəzisində 9000, bəzisində isə daha çox göstərilir. Nəşrlərin ən böyük problemlərindən biri budur ki, ərəbcə və türkcə cümlə quruluşları fərqli olduğundan ümumi say hər nəşrdə dəyişir, "Divan"dakı sözlərin sayı ilə bağlı müxtəlif məlumatlar verilir. Karl Brokelman əsərdə 7993, Besim Atalayın üç cildlik tərcüməsinin indeksində 8783, Özbəkistanda Mütəllibovun nəşrində 9222, M.Nalbantın araşdırmasında 5147 isim və 3477 feil olduğu qeyd edilir. Məlumatlardakı bu fərqin başqa səbəbləri bəzi tədqiqatlarda məqalənin əvvəlindəki sözlərin və məqalədəki cümlələrdə olan sözlərin də lüğətə daxil edilməsi, məqalənin əvvəlindəki sözlərlə birlikdə qiymətləndirilməsi, bəzilərinin çoxmənalı sözləri müstəqil leksik vahid hesab etməsi, ərəb dilindən tərcüməçilərin mətnləri, sözləri, cümlələri, şeirləri, atalar sözlərini necə izahından asılıdır.

Ötən əsrin 80-ci illərində türk dili və islam dininin tanınmış araşdırmaçısı, Çikaqo Universitetinin professoru Robert Dankoff və Harvard Universitetinin professoru Ceyms Kelliy tərəfindən Amerikada "Türk ləhcələri toplusu" adı ilə 4 cilddə (I c., 1982, II c., 1984, III c., 1985 və 1 indekslə) ingilis dilinə tərcümə edilmiş və Harvard Universitetinin mətbəəsində çap olunmuşdur.

Türk dilinə tərcüməni professor Besim Atalay öz üzərinə götürür və kitabı 1939-1942-cü illər arasında 3 cilddə latın qrafikalı əlifba ilə Ankarada Türk Dili Qurumu çap edir. 1943-cü ildə kitabın indeks nəşri işıq üzü görür. Məhz bundan sonra "Divan" haqqında kitablar, məqalələr və dissertasiyalar yazılır, türk dünyası üçün zəngin material olan əsərin yeni nəşrləri işıq üzü görür. "Divan" türk dillərinin tarixinin öyrənilməsi baxımından ən etibarlı mənbədir.

"Divan"ın nəşri rus türkoloqlarının da diqqətini cəlb etmişdir. A.N.Kononov türkologiya tarixində Mahmud Kaşğarinin "Divanü luğat-it-türk" əsərinin aşkarlanması və nəşrini əsrin ən mühüm hadisəsi kimi dəyərləndirmişdir. İlk rus tədqiqatçısı B.Bartold 1921-ci ilin Rus Arxeologiya Cəmiyyətinin Şərq bölməsinin iclasında Mahmud Kaşğarinin "Divan"ına həsr olunmuş "XI əsr türk-ərəb lüğəti" mövzusunda məruzə ilə çıxış etmişdir. 1926-cı ildə iki türkoloq S.E.Malov və K.K.Yudaxin, bir ərəbşünas E.A.Şmidt professor K.Brokkelmanın işıq üzü görəcək lüğətinə oxşar, "Divan"ının əsasında "Qədim türk dili lüğəti" hazırlamaq qərarına gəlirlər. Lüğətə dair kartoçkalar tərtib olunsa da, çapı nəşriyyat tərəfindən təxirə salınır.

Professor Bəkir Çobanzadə Bakıda keçirilən I Türkoloji Qurultayda məruzə etdiyi "Türk dillərində zərflərin yaxın qohumluqları barədə" adlı məruzəsində əsas məlumatları "Divan"dan toplamışdır.

1927-ci ildə tatar alimi Cəmil Validov kiçik qeydlərində "Divan" və müəllifi barədə bəzi məlumatlar vermiş, 1927-1928-ci illərdə tanınmış özbək filoloqu A.Fitrat "Divan"dan seir və atalar sözlərinin fonetik-qrammatik qeydlərlə özbək dilinə tərcüməsini nəşr etdirmişdir.

Öz biblioqrafik sorğu kitabçasında A.E.Krımski "Divan"a geniş yer ayırmış, V.İ.Belyaev "Divan" və müəllifin bioqrafiyasına dair bir sıra məlumatlar vermişdir.

"Divan"ın türkmən dilinin tarixinə dair tədqiqatlar S.Ahallı tərəfindən həyata keçirilmiş, "Mahmud Kaşğarinin lüğəti və türkmən dili" adlı monoqrafiya yazmışdır.

Türk dillərinin təsnifatı uzun illərdir türkologiyanın əsas aktual problemlərindən biri olaraq qalmaqdadır. A.N.Samoyloviç 1922-ci ildə yazdığı məşhur "Türk dillərinin təsnifatına bəzi əlavələr" adlı əsərində irəli sürdüyü müddəalarda Mahmud Kaşğarinin məlumatlarından istifadə etmişdir.

"Divan"nın ruscaya tərcüməsi 1969-cu ildə V.M.Nadelyaev, D.M.Nasilov, E.R.Tenişev ve A.M.Şerbakın redaktorluğu ilə Leninqradda yayımlanmışdır. (Ətraflı bax: Kononov A.N.Maxmud Kaşkarskiy i eqo "Divanu Luqat it Turk" \\ Sovetskaə törkoloqiə. 1970. T.1)

"Divanü lüğat-it-türk"ü ötən əsrin 60-cı illərində Özbəkistanda Salih Mütəllimov özbək dilinə (I cild 1960, II cild 1961, III cild 1963-cü ildə, H.Əbdürrəhmanovun tərcüməyə əsaslanan indeks nəşri 1967-ci ildə), 1960 - 1970-ci illərdə özbək dilçisi Əlibəy Rüstəmov rus dilinə (bu tərcümə "Divan"ın İstanbul Millət Kitabxanasında saxlanılan əlyazmasının mikrofilmə əsaslanmış, çapı 2010-cu ildə baş tutmuşdur), 1997-1998-ci illərdə Askar Kurmaşulı Egeybayev tərəfindən qazax dilinə, ictimaiyyətin və ziyalıların çoxsaylı istəkləri, müraciətləri və 80-ci illərdə Pekində əslən türk İbrahim Mütinin redaktorluğu ilə 12 nəfər komissiya üzvü (Abdusselam Abbas, Əbdürrəhim Etkur, Əbdürrəhim Həbibullah, Əbdülrəhim Kərim Səit, Əbdülhamit Yusufi, Halim Salih, Hacı Nur Hacı, Osman Məhəmməd Niyaz, Emin Tursun, Sabit Ruzi, Muhammet Emin və Mirsultan Usmanov) tərəfindən uyğur dilinə tərcümə olunmuş, 1981-1984-cü illərdə Urumçi şəhərində 3 cilddə 84 min nüsxə tirajla, 1985-ci ildə uyğurcadan tərcümə ilə Çin dilində çap edilmişdir. 2003-ci ildə Pekində professor Alimcan Sabitin redaktorluğu ilə yenidən Çin dilində, 2004-cü ildə Tehranda Hüseyn Düzgünün fars dilində, 2005-ci ildə Türkiyədə Seçkin Erdi və Sərap Tuğba Yurtseverin, 2020-ci ildə Ahmet B. Erculasın və Ziyad Akkoyunlunun tərcüməsində türk dilində işıq üzü görmüşdür.

1969-cu ildə SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutu B.Atalayın tərcüməsini, Orxon-Yenisey və yazılı uyğur abidələrini əsas götürərək "Qədim türk dili lüğəti"ni hazırlamışdır. 1972-ci ildə C.Klozenanın Böyük Britaniyada nəşr olunan "Türk dilinin XIII əsrə qədərki etimoloji lüğəti"ndə "Divanü lüğat-it-türk"n materiallarından geniş istifadə olunmuşdur. 1990-cı ildə Türkiyə Mədəniyyət Nazirliyi "Divan"ın əlyazmasının orijinalının ölçülərinə uyğun yeni faksimilesini nəşr etmişdir.

Z.A.Auezov 1935-1937-ci illərdə Xalid Səid Xocayev tərəfindən Azərbaycan dilinə tərcümə olunan "Divan" haqqında susmamağı tövsiyə edir. Bildirir ki, "Sovetskaya türkologiya" jurnalının 1988-ci il 3-cü nömrəsində verilən məlumata əsasən, bu tərcümə hələ də çap olunmamış, Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutunun seyfində qalmaqdadır. (Bax: Maxmud al-Kaşqariy. "Divan Luqat it-Turk". Perevod, predislovie i kommentarii Z.A.M.Augzovoy. Almatı: Dayk-Press, 2005 . Vvedenie, c.; həmçinin bax: Said Xodjaev. "Sovetskaə törkoloqiə", t.3, 1988, c.96-103.)

"Divan" 2006-cı ildə Türkiyə Prezidenti Süleyman Dəmirəlin dəstəyi, akademik Tofiq Hacıyevin redaktorluğu, akademik Nizami Cəfərovun rəyi ilə professor Ramiz Əskərin Azərbaycan dilində şərhlərlə tərcüməsi (indekslə birlikdə 4 cilddə) çap olunmuşdur.

Qeyd edək ki, "Divanü lüğat-it-türk"ü ana dilinə tərcümə etmək istəyən bir çox türk alimi ruslar və çinlilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.

Məşhur uyğur şairi Kutluk Şevki Həcc ziyarətindən qayıdarkən İstanbulda Kilisli Rifatın tərcüməsində "Divan"ı əldə edə bilmiş, ölkəsinə aparmış, həmkarı və yaxın dostu, şair Məhəmməd Əli ilə birlikdə uyğur dilinə tərcümə etmişlər. Elm dünyasına xidmət 1937-ci ildə çinli cəlladlar tərəfindən hər ikisinin ölümü və əsərlərinin yandırılması ilə nəticələnmişdir"mükafatlandırılmışdır".

Uyğurlar 1944-cü ildə Şərqi Türküstan dövlətini qurduqdan sonra, ilk növbədə ana kitabları "Divanü lüğat-it-türk"ü tərcümə etməyi qərarlaşdırmışlar. Bu iş məşhur alim, dövrün tanınmış ziyalısı İsmayıl Damollama həvalə edilir. Böyük həvəslə "Divan"ın I cildinin tərcüməsini tamamladığı ərəfədə Rusiya və Çinin razılığı ilə Şərqi Türküstan dövləti ləğv edilir, İsmayıl Damollam öldürülür. Şərqi Türküstan Qızıl Çin ordusu tərəfindən işğal olunur, Uyğur bölgəsində Sincan Muxtar hökuməti qurulur. Kaşğar bölgəsinin qubernatoru Seyfullah Seyfullin rəsmi olaraq "Divanü lüğat-it-türk"ün tərcüməsini xeyli maliyyə vəsaiti də ayıraraq Əhməd Ziyaya tapşırır. 1952-54-cü illər arasında tərcümə tamamlanır və çap üçün Pekinə göndərilir. Nəşr xərclərini Kaşğar qubernatorluğu öz öhdəsinə götürür. Lakin həmin ərəfədə Pekin Əhməd Ziyanı "əksinqilabi və millətçilik fəaliyyəti" ittihamı ilə suçlandırır və 20 il həbs cəzasına məhkum edir. Əhməd Ziya həbsxanada işgəncələrə dözməyib faciəli şəkildə ölür və "Divan"ın tərcüməsi və əlyazmaları müsadirə edilərək yandırılır.

Növbəti fədakar təşəbbüs 1960-63-cü illərdə Çin Elmlər Akademiyasının Sincan şöbəsinin direktor müavini uyğur Sairani tərəfindən həyata keçirilir. Uyğur dilinə tərcümə bitdikdən və çapa təqdim olunandan dərhal sonra əsər müsadirə olunub yandırılır, Sairani iki köməkçisi ilə birlikdə öldürülür.

Dünyasını dəyişmiş bu ziyalılara, alimlərə, şairlərə Allahdan rəhmət diləyirik. Bu repressiyaların ilk qurbanı özbək əsilli, həmin ərəfədə Azərbaycanda yaşayan, 1934-37-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Dil və Ədəbiyyat İnstitutunun Dil bölməsində birinci dərəcəli elmi işçi kimi çalışan Xalid Səid Xocayev olmuşdur.

Xalid Səid Xocayev və "Divanü lüğat-it-türk"

(İnsanlar bəzən sevdikləri işin qurbanı olurlar)

Yeni qurulan Azərbaycan Sovet Sosialist Respublikası kadr azlığından 1923-cü ilin əvvəllərində Ankara Böyük Millət Məclisi Hökumətinə müraciət edərək Bakı Ali Pedaqoji İnstitutu və Azərbaycan Dövlət Universitetində türk dilindən dərs demək üçün mütəxəssislərə ehtiyac olduğunu bildirmişdi. O zaman türkiyəli alimlərin Azərbaycana dəvət olunması, onların elmi-mədəni, ədəbi-pedaqoji həyatda fəal iştirakı 1921-ci ildə Sovet Rusiyası ilə Türkiyə arasında bağlanan "Sovet - Türkiyə sazişi"nin və Zaqafqaziya Federasiyası respublikaları ilə Türkiyə arasındakı "Qars müqaviləsi"nin mədəniyyət sahəsində əlaqələrlə bağlı müqavilələr əsasında tənzimlənirdi. Azərbaycan Dövlət Universitetində milli kadrlarımız çatışmadığı üçün başqa ölkələrdən də alimlər dəvət edilirdi. Respublikada elmin və mədəniyyətin inkişafında böyük rol oynayan bu alimlər arasında Ə.S.Qubaydulin, B.V.Çobanzadə, M.F.Köprülzadə, A.N.Aşmarin, X.S.Xocayev, A.Samoyloviçin adı çəkilir. Ancaq X.S.Xocayev bu sıraya aid deyildir. 1926-cı ildə ADU-ya dəvət edilib, Şərq fakültəsində mühazirə oxuması və praktik dərslər aparan X.S.Xocayev Bakıya xeyli əvvəl gəlmişdi. "Əksinqilabi-millətçi təşkilatın işində iştirak etdiyi" və türkün ana kitabı Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsərini tərcümə etdiyinə görə həbs olunan X.S.Xocayevin məhkəmədə şəxsi qovluğundakı ifadələrində qeyd edilir ki, 1893-cü ildə Daşkənddən 25 km aralı məsafədə yerləşən  Qoş-Kurqan qışlağında anadan olmuşdur. Daşkənddə mədrəsə təhsili almış, tale elə gətirir ki, 1911-ci ildən sonra cəmi 1 il öz vətənində yaşamışdır. Həmin il Xocayevin həyat və fəaliyyəti köklü surətdə dəyişir: o, Türkiyəyə İstanbul Universitetində oxumağa göndərilir. 1917-ci ildə universitetin Tarix-filologiya fakultəsini bitirdikdən sonra vətənə yox, Azərbaycana gəlir - 1918-ci ildə İstanbul Universitetinin bir qrup tələbəsi ilə birlikdə Nuru Paşanın türk ordusunun tərkibində Azərbaycana göndərilir. Bunu Xalid Səidlə bağlı Azərbaycanda ilk monoqrafiyanın müəllifi, görkəmli alim, tanınmış publisist, filologiya üzrə fəlsəfə doktoru, sözün əsl mənasında millət cəfakeşi Azər Turan Xalid Səid Xocayevin qızı Bəhicə xanımla söhbətində də qeyd edir. Bəhicə xanım atasının adından: "...Demişdi ki, mən ona görə Nuru Paşanın əsgərlərinə qoşulub gəldim ki, gəlmək üçün başqa yolum yox idi. Universiteti qurtarsa da, Türkiyədə onun pasportu, sənədi yoxdur. Məhz o günlərdə gəlmək üçün münasib şərait yaranıb və o da türk ordusuna qoşulub gəlib...". (Azər Turan. "Xalid Səid Xocayev - Şəhid türkşünas". Bakı, "Elm və təhsil", 2009, s.50.) Xalid Səid Xocayevin AMEA arxivindən tapılmış 1934-cü ildə Dilçilik İnstitutuna işə qəbul olunarkən yazdığı ərizədən sətirlər: "Mən Üzbəkistanın Taşkənd şəhərindən olub, orta və ali təhsilimi İstanbulda ikmal etmişəm. 1918-ci ildən indiyə qədər Azərbaycanın orta və ali məktəblərində türk dili və ədəbiyyatı tədrisilə məşğul olmaqdayam. Hazırda dəxi İctimai-İqtisadi İnstitutunun Hüquq fakültəsində Türk dili (Azərbaycan dili - N.M.) və Ali Pedaqoji İnstitutda ərəbcə və farsca tədrisilə məşğulam." (Xalid Səidin DTX arxivində saxlanan cinayət işi materiallarından: ¹: 12493/72.) Bəhicə xanımın Aşninə göndərdiyi atasının 1935-ci ilə aid anket vərəqində qeyd edilir: "1922-ci ildən həbs olunduğum günə kimi Bakıda ali məktəbərdə dərs demişəm (v.8). Qayıtdıqdan sonra azaərbaycanlı xanımla ailə qurmuşam, bu da məni həmin şəhərə daha çox bağlayıb, qızım Bəhicə 1925-ci ildə anadan olub. Müxtəlif illərdə Azərbaycanın bir çox ali məktəbində: Azərbaycan Dövlət Universitetində, Pedaqoji Universitetdə, İndustriya Texnikumunda, Hidrotexnikumda, rabfaklarda dərs demişəm. Pedaqoji fəaliyyətə Bakının neft rayonu və fəhlə qəsəbəsi sayılan Balaxanıda başlayıb, ömrümün sonuna kimi pedaqoji fəaliyyətimi Ağamalıoğlu adına texnikumda, Bakının ali təhsil ocaqlarında, aspirantlar üçün kurslarda davam etdirmişəm". (F.D.Aşnin, V.M.Alpatov, D.M.Nasilov. Repressirovannaə törkoloqiə. Moskva, İzdatelğskaə firma "Vostoçnaə literatura" RAN, 2002, s.98.) Ərizədə daha sonra məlumat verilir: "Hal-hazırda Akademiyada müqavilə ilə lüğət üzərində işləyirəm". (Azər Turan. "Xalid Səid Xocayev- Şəhid türkşünas". Bakı, "Elm və təhsil", 2009, s.50.) Tərcümədən öncə "Divan" əsasında hətta SSRİ Elmlər Akademiyası Azərbaycan filialının tapşırığı ilə XI əsrə aid "Türk dilinin tarixi qrammatikası" yazdığı da məlum olur. 12 çap vərəqi həcmində əlyazma şəklində olan kitab "1937-ci ildə Xalid Səidin evindən NKVD-nin müsadirə edib götürdüyü sənədlərin arasında gedib və sonra da digər əsərləri kimi "itkin" düşüb." (Azər Turan. "Sirli" seyfin tilsimini kim qıracaq, yaxud "Divanü Lüğat-it-Türk"ün Azərbaycanda ilk tərcüməsi niyə üzə çıxarılmır? "Ədəbiyyat qəzeti" 10 sentyabr 2022)

Türkologiya tarixində bu möhtəşəm ensiklopedik əsərin ərəb dilindən latın qrafikası ilə ilk tərcüməsi məhz Xalid Səid Xocayevə məxsusdur. (O, təkcə dilçii yox, şair, peşəkar tərcüməçi idi. Təsadüfi deyildir ki, Füzulinin qəzəllərini, sonralar repressiya qurbanı olmuş Abdulla Qədrinin bir neçə romanını, Rəşad Nuri Güntəkinin "Çalı quşu" əsərini ilk dəfə Azərbaycan dilinə çevirmişdir).  O zaman onun "Divan"ın başqa nəşrləri ilə tanışlığı olmayıb. Əlimizdə olan nəşrlər və tədqiqatlarla müqayisə etdikdə ərəb dilinə necə dərindən bələdliyinə, tərcümənin orijinallığına heyrətlənməmək olmur - sözlərin oxunuşunda tarixi və müqayisəli araşdırmaların nəticələrindən ustalıqla istifadə etməyi bacarıb. Məktublarının birində qeyd edir ki, 1936-cı ildə lüğətin ərəb dilindən tam tərcüməsi bitsə də, nəşri baş tutmamışdır. Xalid Səid məhz bu kitaba görə həbs edilmiş, ona pantürkist damğası vurulmuş, tələm-tələsik 13 oktyabr 1937-ci ildə 15 dəqiqəlik şahidsiz və sübutsuz məhkəmə qərarı ilə ona güllələnmə hökmü verilmişdir. 1937-ci il iyunun 5-də SSRİ EA-nın Azərbaycan filialının Tarix, Dil və Ədəbiyyat İnstitutu direktorunun əmrinə əsasən Xalid Səid Xocayev iyunun 4-də institut əməkdaşlarının siyahısından çıxarılmışdır. Bəhicə xanımın Azər Turanla müsahibəsindən: "Mən yatmışdım. Gecə saat 12 radələri (hələ bir az da gec) olardı. Qəribə səslər eşidib yuxudan oyandım. Gördüm ki, ev adamla doludur. ...Demək olar ki, səhərə qədər axtarış apardılar. Yazı stolunda çoxlu yazılar vardı. Onları da götürdülər. Kitab dolabındakı kitabların da hamısını apardılar. Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsərinin tərcüməsini də, yəni o iki qovluğu da həmin gecə götürdülər." (Azər Turan. "Divanü lüğat-it-türk"ün ilk tərcüməçisi Xalid Səid Xocayevin qızı Bəhicə xanımla söhbət". "Ədəbiyyat qəzeti", 14 noyabr, 2008)

Bu fakt dəqiqdir ki, NKVD-nin apardığı "Divan"ın tərcüməsinin üzü köçürülmüş əlavə nüsxələridir, çünki lüğətin heç bir naqisliyi olmayan 3 cildinin hər biri 3 qovluqdan ibarət 9 qovluğun latın qrafikalı əlifba ilə orijinalı məhz onun işlədiyi yerdə - Dilçilik İnstitutunun arxivində qorunub saxlanılıb. Mətnlər, lüğət maddələri makinada yazılmış, müxtəlif rəngli qələm, kiril qrafikalı əlifba, əl yazısı ilə redaktə olunmuşdur. Əlyazmanı institutdan kənara çıxarmaq olmazdı. Həm də Xalid Səid məktubda qeyd etdiyi kimi, "Divanü lüğat-it türk"ün AzFAN-da olan yeganə nüsxəsidir. Elə buna görədir ki, Xalid Səidin başqa əsərləri də müsadirədən yayınıb.

Xalid Səidin əqidəsi də, məfkurəsi də türkçülük idi. İstintaqda suallara da M.Kaşğarinin "Divanü lüğat-it-türk"ünün təsiri altında cavab verib, hətta türkologiya sahəsində apardığı işləri fəxrlə sadalayıb.

İstintaq materialından.

Sual: Siz əbəs yerə verilən suala cavab verməkdən çəkinirsiniz. İstintaqa məlumdur ki, siz əksinqilabi pantürkist təşkilatın üzvüsünüz. Bunu etiraf edirsinizmi?"

Cavab: Qəti surətdə rədd edirəm.

Sonrakı istintaqlarda X.S.Xocayev artıq "peşəkar pantürkist" kimi suallara cavab verir:

Cavab: Bəli, mən etiraf edirəm ki, 1916-cı ildən həbs olunanadək pantürkist mövqeyində dayanmışdım. ...Mən tələbə-gənclər arasında pantürkist təbliğat apararaq Sovet hakimiyyətinə qarşı pantürkist kadrlar hazırlayırdım. ...Mən pantürkist təbliğatı öz əsərlərimdə əks etdirmişəm, xüsusilə Mahmud Kaşğarinin "Türk sözləri lüğəti" kitabının tərcüməsində.

...Sual: Azərbaycandan, türk ordusundan tərxis olunduqdan sonra sizin Türkiyə kəşfiyyatı ilə əlaqəniz barədə istintaqın kifayət qədər məlumatı var.

Cavab: Bəli. 1924-cü ildə mən yenidən Türkiyə kəşfiyyatı ilə əlaqə yaratdım və təxminən 1937-ci ilədək onunla əlaqə saxladım.

Sual: Türkiyə kəşfiyyatının verdiyi hansı tapşırıqları yerinə yetirirdiniz?

Cavab: Türkiyə kəşfiyyatının tapşırığı üzrə mən təşkilatımızın özəyini İngiltərəyə meyildən uzaqlaşdırmaq üçün üzvlər arasında türkofil iş aparırdım.

Verilən işgəncələrdən bəzən faktlar təhrif olunur. Məsələn, Bəkir Çobanzadənin dindirilmədə aspirant kimi qələmə verilməsi inandırıcı deyil, o, I Türkoloji Qurultay dövründə və ona yaxın olan əvvəlki zamanlarda professor olmuşdur. Xatırladaq ki, istintaq işinə dair sənədlərdə Xalid Səid Xocayev elmi ad və vəzifə ilə təqdim olunmur, həmin ərəfədə professor B.Çobanzadə Xocayevi dosent və dissertasiya müdafiə etmədən elmlər namizədi elmi dərəcəsi almağına dair məsələ qaldırmışdı. (Bax: F.D.Aşnin, V.M.Alpatov, D.M.Nasilov. Repressirovannaə törkoloqiə. Moskva, İzdatelğskaə firma "Vostoçnaə literatura" RAN, 2002, s. 100.)

Xalid Səid əksinqilabi pantürkist təşkilatın üzvü kimi Türkiyənin xeyrinə kəşfiyyat işi apardığı üçün 1937-ci il sentyabrın 13-də yeni ittihamla təqsirləndirilir. (Bax: Ziya Bünyadov. Qırmızı terror. Bakı, səh.154-155.)

Xalid Səid güllələnən gün həyat yoldaşı Sara xanım həbs edilir, islah-əmək düşərgəsinə göndərilir. 8 il əvəzinə 5 il sonra dustaq həyatından azad olunsa da, ona Bakıda yaşamaq qadağan edilir. Ərinin sağ qalmasına sidq-ürəklə inanan Sara xanım respublika prokuroruna məktubla müraciət edərək işinə yenidən baxılmasını, bəraət verilməsini və ev əşyalarının qaytarılmasını xahiş edir. Zaqafqaziya hərbi prokurorunun köməkçisi Çesnakovdan bəraətlə bağlı müsbət cavabı gəlir, bir neçə nüfuzlu, tanınmış şəxsin şahid qismində ifadəsi ilə işdə cinayət tərkibi olmadığı üçün SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar iclasının qərarı ləğv edilir və 16 may 1957-ci ildə ölümündən sonra Xalid Səidə bəraət verilir. Məsələn, çıxışçılardan:

1. Professor Sultanlı Əli Abdulla oğlu:

- O, (Xalid Səid - N.M.) indi də əhəmiyyətini itirməmiş olan "Türk dillərinin müqayisəli qrammatikası" yazmışdır. Bu kitab qohum dillərin müqayisəli qrammatika sahəsində çox qiymətli əsərdir. Onun üslubiyyata dair əsəri orta məktəb müəllimləri və ali məktəb tələbələrinin uzun müddət yeganə vəsaiti olmuşdur. Son illər Azərbaycan dilinin tarixini öyrənmək üçün ərəb mənbələrini dilimizə tərcümə edirdi. Onun bütün əsərləri göstərir ki, özünü, bütün gücünü və enerjisini Azərbaycan dilçiliyinin inkişafı işinə həsr etmişdir.

Xalid Səid təvazökar, az danışan, öz işinə həmişə vicdanla yanaşan bir adam idi.

2. Professor Feyzulla Səməd oğlu Qasımzadə:

- Xalid Səidin müəllim və tələbələr arasında böyük nüfuzu var idi. Onu tələbələr çox sevirdi. Mən onda antisovet, əksinqilabi meyil görməmişəm. Habelə, onun bu istiqamətdə təbliğat apardığının da şahidi olmamışam. Mən belə hesab edirəm ki, o namuslu, vicdanlı və təvazökar bir sovet pedaqoqu idi.

3. Professor Məmmədağa Şirəliyev:

Mən Xalid Səidi 1933-cü ildən tanıyıram. Həbs olunana qədər o mənimlə köhnə mətnlərin oxunması məşğələlərini aparmışdır. Dərsdə olduğu kimi, məsləhət saatlarında da heç vaxt antisovet hərəkətlərə yol verməmişdir, habelə millətçi ruhda olan fikirlər söyləməmişdir. Mən Xalid Səidi vicdanlı, namuslu bir sovet vətandaşı kimi tanıyırdım.

4. Professor Mikayıl Rəfilı:

Əbdülrza Salamzadə, Seyid Hüseyn Sadıqzadə, Xalid Səid Xocayev, Vəli Xuluflu, Hənəfi Zeynallı, Əli Kərimov haqqında həmişə müsbət fikirdə olmuşam. Onlar heç vaxt əksinqilabi- millətçi təşkilatın üzvü olmamışlar. (Bax: DTX arxivində saxlanan cinayət işi. ¹: 12493/72.)

"Divan" Xalid Səidin tərcüməsində

Dilçilik İnstitutunda "Divan"ı bəzilərinin nə vaxtsa gördüyünü iddia etməsi inandırıcı deyildir. Heç ola bilməzdi ki, türkologiya tarixi üçün çox qiymətli olan bu əsərin tapılmasına dəfələrlə istər mətbuatda illərlə göstərilən səylər, istərsə də hətta Xalid Səidin qızı Bəhicə xanımın xahişi ilə dövlət başçısının akademiyanın keçmiş rəhbərinə verdiyi tapışırıqlar nəticəsiz qalsın. Lakin bu kitabın axtarışına çıxan bütün ziyalıların fikri yekdil idi, hamı əlyazmanın Dilçilik İnstitutunda olduğunu təxmin edirdi. "Divan"ın axtarışına başlayanda məlum oldu ki, Dilçilik İnstitutunun kitabxanasına məxsus xeyli kitab, içində əlyazma olan qovluqlar aktlaşdırılıb arxivə göndərilmiş, müəyyən vaxtdan sonra makulaturaya veriləcək və ya yandırılacaqmış. Xalid Səid dünyasını dəyişəndən sonra artıq heç kimi bu "lazımsız" bağlamalar maraqlandırmamışdır.

Ümid yalnız bu bağlamalara qalırdı. Sonuncu ölən ümidlərdir! Bəli, "Divan"ının Dilçilik İnstitutunda olması ehtimalları düz çıxdı 2021-ci ildə Dilçilik İnstitutuna direktor təyin edildiyim ilk vaxtdan akademik İsa Həbibbəylinin təşəbbüsü ilə kitabın axtarışı uğurla nəticələndi. Düz 86 ildən sonra kəm taleli kitabın bəxti açıldı. "Şəhid bir alimin sahibsiz qalmış elmi mirası"nın tapılma tarixi məhz o gündən başlandı - 19 yanvar 2022-ci il. Qəzet məqalələrində, çıxışlarında "Divan"ın məhz Dilçilik İnstitutunda olduğunu söyləyən və ciddi axtarış aparmağı dəfələrlə məndən xahiş edən Azər Turana da dərin təşəkkürümü bildirirəm.

"Divan", sadəcə olaraq, köhnə latın qrafikalı əlifbada solğun sarı vərəqlərdə makinada yazıldığı və qarışıq şəkildə müxtəlif üslublarda, fərqli qələmlərlə redaktə olunduğu üçün ciddi bir əsər hesab olunmamış, kitabxana kartotekasına salınmamış, qaydalardan kənar olaraq, formulyar belə qoyulmamış, elə ona görə də heç kimin diqqətini çəkməmişdir. 2016-cı ildə Dilçilik İnstitutunun kitabxanasına yeni direktor təyin olunmuş Sevil Zülfüqarova yandırılacaq və makulaturaya veriləcək son günlərini gözləyən bu bağlamaları instituta qaytarmışdır.

Xalid Səidin Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsərini Azərbaycan dilinə tərcümə etməsi dilçilik tariximizdə böyük bir hadisə kimi əbədi yaşayacağı deyilsə də, nədənsə bəzi mənbələrdə məşhur ərəbşünas alim P.Juze də ona bu işdə şərik qoşulur. Yerusəlim şəhərində, yoxsul pravoslav ərəb ailəsində doğulan Juze Rusiyaya gəldikdən sonra əsasən ruslar üçün səciyyəvi olan ad, ata adı və soyadını təhsil almaq üçün qəbul etmişdi. Vətənində isə o, Bəndəli ibn Səlib əl Cəuzi kimi doğulmuşdu. Rəsmən Osmanlı imperiyasının təbəəsi sayılan Juze 1899-cu ildə imperator II Nikolaya sədaqət andı içərək Rusiya vətəndaşı olmuşdu. 1920-ci ilin sentyabrında Qazandan Bakıya köçmək və Şərq fakültəsinin qurulmasında iştirakla bağlı dəvət almışdı. Bakıya gəldikdən az sonra P.Juze universitetin tarix-filologiya fakültəsinin Şərq şöbəsində işə başlamışdır. Universitet elmi şurası xidmətlərini nəzərə alaraq 1921-ci ildə onu ərəb filologiyası kafedrasının professoru təyin etmişdi. Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin açılması professor P.Juzenin adı ilə bağlıdır. Professor Juze Şərqşünaslıq fakültəsinin ilk dekanı seçilmiş və 1926-cı ilə qədər həmin vəzifədə çalışmışdı. Sovet Azərbaycanında genişlənən elmi-mədəni quruculuq prosesinin fəal iştirakçılarından biri məhz o olmuşdur. 1921-ci ildə Yeni əlifba komitəsinin üzvü seçilmiş, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin tarix-etnoqrafiya bölməsində fəal iştirak etmişdir. Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsərinə Azərbaycanda birincilər sırasında diqqət yetirmiş, ədəbi abidə barəsində "Maarif və mədəniyyət" jurnalında ayrıca məqalə dərc etdirmişdi (1925, ¹ 3, səh.32-38). X.S.Xocayev onun ardınca "Divan"ın ilk Azərbaycan nəşrini hazırlamışdı. Sovet rejimi onun konkret ölkənin kəşfiyyat şəbəkəsi ilə əlaqələrini də yaddan çıxarmamış, Fələstinə səfərləri nəzərə alınaraq 1940-cıı il fevralın 23-də ingilis casusu kimi həbs edilmişdir. İstintaq üçün xüsusi maraq doğurmadığı, qocalığı və ağır xəstəliyi nəzərə alınaraq, cinayət işi yarımçıq dayandırılmış, məhbus evinə buraxılmışdı. Lakin zindanda keçirdiyi vaxt, üzləşdiyi fiziki və mənəvi sarsıntılar təsirsiz qalmamış, P.K.Juze 1942-ci il yanvarın 20-də Bakıda vəfat etmişdi. (Bax: Vilayət Quliyev, https://old.525.az/view.php?lang=az&menu=7&id=44461#gsc.tab=0)

A.N.Kononov 1972-ci ildə Ankarada keçirilən Türkoloji qurultaydakı məruzəsində görkəmli ərəbşünas alim P.K.Juzenin Mahmud Kaşğarinin "Divan"ını ətraflı araşdırmaya cəlb etməsi, 30-cu illərin sonlarında SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı X.S.Xocayevin sədrliyi ilə Mahmud Kaşğari "Divan"ının Azərbaycan dilinə etdiyi tərcüməsi ilə bağlı komissiya yaradılması, 1939-cu ildə tərcümənin özü və S.E.Malov tərəfindən redaktə olunması haqqında ətraflı məlumat verir. (Bax: AN.Kononov. İzuçenie "Divanu Luqat-it-turk" Maxmuda Kaşqarskoqo v Sovetskom Soöze. Tekst dokla da, proçitannoqo na Törkoloqiçeskom scezde v Ankare (sentəbrğ, 1972 q.). 1972-ci ilin sentyabrında Ankarada keçirilən Türkologiya Qurultayındakı məruzənin mətnindən "Sov türk" j.,.....) Bu barədə əlyazmanın 1-ci cildinin 1-ci qovluğunda da qeyd vardır.

Birinci cildin 315 səhifəlik birinci qovluğunun sonunda prof. S.E.Malov və A.N.Kononovun 16 may 1939-cu il tarixli redaktə qeydi (rusca): "Vse 315 str. otredaktirovali nauçn.redaktorı çl-kor. An SSSR prof.Ser. Malov, A.Kononov".

Hətta burada başqa görkəmli Azərbaycan alimlərinin adı tərcüməçilər siyahısında verilir, bircə "xalq düşməni" elan olunmuş Xalid Səiddən başqa.

Çox güman ki, tərcüməçilərin siyahısı A.N.Konov və S.E.Malovun əlavəsidir. F.D.Aşnin bu yanlışlığa aydınlıq gətirir: "1939-cu ildə artıq əsər tərcümə edilmiş və S.E.Malov, A.N.Kononov tərəfindən redaktə olunmuşdur. Lakin təqdim edəcəyimiz sonrakı materiallar bu məlumatın dəqiq olduğunu göstərmir.  Etibarlı mənbələrə əsasən Xocayevin 1936-cı ilə kimi həyatda olması təsdiqlənir; bu kitab redaktə olunan zaman Xocayevin sağ qalması mümkün deyildi. Daha doğrusu, alimin faciəvi həyatı barədə məlumat yox idi." (F.D.Aşnin, V.M.Alpatov, D.M.Nasilov. Repressirovannaə törkoloqiə. Moskva, İzdatelğskaə firma "Vostoçnaə literatura" RAN, 2002, s.106.) Azərbaycan dilçilik tarixinə çox qiymətli töhfələr verən yuxarıda adları çəkilən bu alimlərin nə şəxsi işlərində, nə də elmi işlərinin siyahısında "Divan"ı tərcümə etmələri ilə bağlı kiçik bir qeyd və ya ipucu işarə verilir. Məsələn, əlyazmanın 1-ci cildinin 1-ci qovluğu, yenə səhifə 316-da tərcüməçi kimi iddia olunan Mirzə Əskərli" və P.K.Juzenin əlyazmanı məhz redaktə etməsi barədə qeydləri verilib (315 səhifədən ibarət azərbaycanca tərcüməsini ərəbcəsilə müqayisə edərək redaktə etdik. Redaktorlar M.Əskərli və Jüze. 25.IV.1940):

Ziya Bünyadov "Qırmızı terror" kitabında yazırdı: "Lakin onun (Xalid Səid - N.M.) ən böyük əsəri Mahmud Kaşğarinin məşhur lüğətinin tərcüməsi idi. Təəssüf ki, Xocayevin minnətdar şagirdləri öz müəllimlərinin əsərini elə adamlara aid edirlər ki, onlar 30-cu illərdə Mahmud Kaşğarinin varlığı barədə belə heç nə bilmirdilər. Bu zaman Xalid Səidi xoş bir sözlə xatırlamağı belə ona çox görürdülər." (Ziya Bünyadov. Qırmızı terror. Bakı, "Qanun", 2017, səh. 154.) Bəhicə xanımın söylədiklərindən: "İndi Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsərinin tərcüməsinin atama aid olmadığını iddia edən adamlar var. Bilmirəm niyə belə deyirlər? Hətta "Divan"ın min səhifəlik əlyazmasını gördüm deyən yoxdur." (Azər Turan.  "Divanü lüğat-it-türk"ün ilk tərcüməçisi Xalid Səid Xocayevin qızı Bəhicə xanımla söhbət". "Ədəbiyyat qəzeti", 14 noyabr, 2008.)

"Divan" Xalid Səid tərəfindən tərcümə olunduqdan sonra onun üzərində müxtəlif vaxtlarda ayrı-ayrı redaktorlar, "redaktə və tərcümə briqadaları" işləmişdir.

Onların adı və hansı səhifəyədək redaktə etdikləri barədə qovluqların sonlarında rus və Azərbaycan dillərində məlumat verilir.

İkinci qovluğun sonundakı qeyd:

315-630 str. otredaktirovali nauçn.redaktorı prof.Ser. Malov, A.Kononov. Baku, 1 avq., 1939.

Əsasən tərcümənin keyfiyyətini yoxlayan redaktorların (M.Əskərli və P.Jüze) 2-ci qovluqda qeydləri:

"316 səhifədən 630-cu səhifəyə qədər azərbaycanca tekstini ərəbcəsilə yoxlayıb redaktə etdik. Redaktorlar M.Əskərli və imza."

Üçüncü qovluğun sonundakı qeyd:

"Str. 631-861 otredaktirovali prof. Ser.Malov, A.Kononov. 16.VIII.39"

Üçüncü qovluğun sonundakı azərbaycanlı redaktorların qeydləri:

"631-861-ci səhifəyə qədər ərəbcə teksti ilə tərcüməsi və leksikoqrafik cəhətdən redaktə edildi. Redaktorlar: N.Əskərli və digər redaktorun sadəcə imzası. 20. V. 1940. Gecə saat 10."

Həmin material mütərcimlər tərəfindən axırıncı dəfə yoxlanılıb təshih olundu. S.Nizami və bir imza. 19.X.1940.

Üçüncü qovluğun son redaktəsi:

"1-861 səhifələri ərəbcə mətnilə birlikdə həmin lüğəti redaktə etdik. 27.XII.1946-cı il. Redaktorlar: Əsk M.R. (Əskərli M.R), Əfəndiyev C., Xəlifəzadə M."

Qeydlərdən də göründüyü kimi, kitab üzərində bir neçə redaktor heyəti işləmişdir, həm tərcüməyə müqayisəli şəkildə baxılmış, həm də lüğəvi vahidlərin düzgün yazılışı yoxlanılmışdır.

Redaktorların qeydlərindən məlum olur ki, müqayisələrdə ərəbcə mətnin "Mahmud bin əl-Hüseyn bin Məhəmməd əl-Kaşğari. Kitabu divanü lüğat-it-türk"ün (Alaaddin Kral mətbəəsi, İstanbul, 1941) fotofaksimile nəşri əsas götürülmüşdür. (Əlyazmanın I cildi, I qovluğu, səh.22) Kitabın çap mətninin üstündəki düzəlişlər gah əski əlifba, gah da latın qrafikasında qara və rəngli sadə qrafit qələmlərlə yazılmışdır.

Bütün bunlar 1939-cu ildən sonra baş vermişdi. Kabardin-Balkar Vilayət komitəsinin katibi Kumukova yazdığı məktubdan məlum olur ki, Xalid Səid "Divan"ın tərcüməsinə 1935-ci ildə başlamış və 1936-cı ildə bitirmişdir.

 

Kabardin-Balkar Vilayət Komitəsində Kumukov yoldaşa

 

Sizin 4.III.37-ci il tarixli məktubunuzu aldım və çox məmnuniyyətlə oxudum. Gec cavaba görə üzr istəyərək, Sizə aşağıdakıları məlum edirəm:

1) Mahmud Kaşğarinin əsərinin yeganə nüsxəsi İstanbulda tapılmış və orada haman nüsxənin sayı artırılmışdır.

2) Mən əsərin tərcüməsinə və işlənməsinə 1935-ci il, sentyabrın 1-də başlamış və 1936-cı ilin aprelində qurtarmışam.

3) Hazırda əsərin çapa hazırlanması işləri ilə məşğulam və ümid edirəm ki, bu ilin iyul ayının 1-nə Leninqradda kitabın redaktorları akademik Kraçkovskiyə və professor Malova göndərə biləcəyəm.

4) AzFAN-da kitabın yalnız bir nüsxəsi vardır. Ona görə əsəri göndərə bilmərəm.

Əsərin xüsusiyyəti və məzmunu ilə Sizi tanış etmək üçün özümün bu məsələyə aid məqaləmi göndərirəm.

5) Leninqrada gedərkən (iyulun 25-də) Nalçikdə məmnuniyyətlə dayana bilərəm və əgər Sizin arzunuz və marağınız olsa, əsərdə müəllifin kumık və Qaraçay-balkar dillərinə münasibəti haqqında Sizi ətraflı məlumatlandıra bilərəm.

Məktubu bitirərkən, bu işdə Sizə hərtərəfli kömək etməyə hazır olduğumu bildirirəm.

Qardaş kimi səmimi salamlarımı qəbul etmənizi xahiş edirəm.

Xocayev X.S.

1/VI-1937

Bakı, Qasım İsmayılov küçəsi, ev 12

 

Məktub 1937-ci ilin iyunun 1-də yazılıb, tərcümə işi bitib, əsər "iyul ayının 1-nə Leninqradda kitabın redaktorları akademik Kraçkovskiyə və professor Malova göndər"iləcək imiş, lakin Xalid Səid həmin tarixdən 4 gün sonra həbs olunur. Görünür, tərcüməni göndərməyə macal tapmamış, "Divan"ı akademik İ.Y.Kraçkovski yox, ölümündən sonra, qeyd etdiyimiz kimi, A.N.Kononov və S.Malov redaktə etmişlər.

Xalid Səidin "dostları" bilirdilər ki, 37-ci illərdə qara maşında aparılanlar bir daha geri qayıtmırlar. Ancaq əmin olmaq üçün onlar 3 il də gözləməli olurlar. "Divan" təkmilləşmə adı ilə çap olunmur, 1939-cu ildə redaktəyə verilir. Sonrakı illərdə 37-ci ilin xofu ilə əlyazmanın necə redaktə olunması yeni bir araşdırmanın mövzusudur.

Tanınmış türkoloq alim Ramiz Əskər yazır ki, 30-cu illərdə SSRİ Elmlər Akademiyasının filialı "Divanü lüğat-it-türk"ün tərcüməsini məşhur dilçi Xalid Səid Xocayevə tapşırmışdır. Bəsim Atalaydan gətirdiyi sitatla fikrini tamamlayır: "Xalid Səid Xocayevin əsas nöqsanı, sözləri klassik xaqaniyyə türkcəsi ilə deyil, müasir Türküstan şivəsinə uyğun şəkildə vermişdir" (Mahmud Kaşğari. "Divanü lüğat-it-türk" (tərcümə edəni və nəşrə hazırlayanı: Ramiz Əskər). Bakı, Ozan, 4 cilddə, I cild, s. 35.) Bu da təbiidir, Türkiyədə təhsil alıb, Bakıda çalışsa da, o, əslən Türküstanlı idi. Əlyazmanın 30-cu illərin ədəbi dili və latın qrafikası ilə makina yazısı "Türküstan şivəli" sözlərlə zəngin olmasa da, karluq-uyğur qrupu sözlər burada yer almışdır, redaktorlar Xalid Səidin tərcüməsinə müdaxilə edərək, dil materialını azərbaycancalaşdırmışlar. Deyilənlər üst qatdakı kiril qrafikası, əl ilə qeyd olunan redaktənin makinada yazılmış alt yazının müqayisəsində aşıq-aşkar görünür.

"Divan"ın latın qrafikalı yox, XX əsrin 40-60-cı illərin də artıq kiril əlifbalı mətnləri üzərində düzəlişlər aparılır, redaktə edilir, yalnız "tərcümənin təkmilləşdirilməsi"nə təşəbbüs edilir, lakin lüğət işıq üzü görmür və nəhayət, adı heç yerdə çəkilməyən Xalid Səid unudulur. Təsadüfi deyildir ki, A.N.Kononov da məruzəsində məlumat verir ki, hətta 60-cı illərdə Azərbaycan dilinə tərcümənin təkmilləşdirilməsi ilə əlaqədar iş davam etdirilib və məşhur Azərbaycan filoloqları A.Dəmirçizadə, Ə.Cəfər, C.Əfəndiyev tərəfindən həyata keçirilib. (Bax: AN.Kononov. İzuçenie "Divanu Luqat-it-turk" Maxmuda Kaşqarskoqo v Sovetskom Soöze. Tekst doklada, proçitannoqo na Törkoloqiçeskom scezde v Ankare (sentəbrğ, 1972 q.). 1972-ci ilin sentyabrında Ankarada keçirilən Türkologiya Qurultayındakı məruzənin mətnindən "Sov türk" j.,.....) Bu barədə Aşnin də məlumat verir. Bildirir ki, yeni tərcümə 1941-ci ildə başa çatdırılır. Əkrəm Cəfərin məlumatına görə, "bu kitabın çapı qeyri-münasib hesab edilir". 1946-47-ci ildə tərcümə yenidən çapa hazırlanır, lakin o vaxt yenə nəşr olunmur. Nəhayət, 1958-ci ildə tərcümənin çapı ilə əlaqədar yenə təklif irəli sürülür və Azərbaycan ədəbi dilinin orfoqrafik qaydaları, terminlərin yazılışı nəzərə alınaraq yeni tərkibdə redaksiya təsis olunur: A.Dəmirçizadə, Ə.Cəfər, C.Əfəndiyevə. Əlyazmanın fotosurəti də əlavə olunur. (F.D.Aşnin, V.M.Alpatov, D.M.Nasilov. Repressirovannaə törkoloqiə. Moskva, İzdatelğskaə firma "Vostoçnaə literatura" RAN, 2002, s.106.) Məsələn, hətta kiril əlifbası ilə əlyazmanın 60-cı illərə aid olan nüsxəsində C.Əfəndiyevin qara qrafit qələmlə ciddi qeydləri vardır. (Bu nüsxələr də AMEA Nəsimi adına Dilçilik İnstitutunun arxivində qorunub saxlanılır.)

"1937-ci ilin istintaq materiallarında Kaşğari "Divan"ı pantürkist konsepsiyalı kitab kimi şərlənmişdi və bu kitabla münasibəti olan hər kəsi milliyətcə erməni, Azərbaycan SSR Xalq Daxili İşlər komissarı Sumbatovun əmri ilə ya güllələyir, ya daşnin sürgün edirdilər. Elə bu səbəbdən də, aydındır ki, 1937-ci ildən 1956-cı ilə qədər heç kəs bu əsəri Elmlər Akademiyasının tədqiqat sferasına daxil edə bilməzdi. Kitab yalnız 1956-cı il bəraətindən sonra və 60-cı illlərdə yenidən dövriyyəyə qayıda bilərdi". (Azər Turan. Sirli seyfin səksən altı illik tilsimi qırıldı - Xalid Səid Xocayevin tərcümə etdiyi "Divanü lüğət-it-türk" nəşrə hazırlanır "Ədəbiyyat qəzeti". 15 aprel 2023) Şübhəsiz ki, "Divan"ın belə qaranlıq və dumanlı taleyi Xalid Səidin aqibəti ilə bağlıdır. Repressiya bitsə də, rus şovinizminin türklərə irticaçı ideologiyası qalmaqda, azadlığı "qram-qram" verməkdə idi. Ona görədir ki, hətta ötən əsrin 60-cı illərində "bu mötəbər abidənin nəşr olunmasına cəhd göstərilməyib". Unudulmuş Xalid Səidi və bu əsəri artıq heç kəs xatırlamır.

 

Nadir Məmmədli

 

Ədəbiyyat qəzeti  2024.- 10 fevral, ¹5.- S.6-11.