Yusif Səmədoğlunun
"Qətl günü" romanı və Azərbaycan nəsri
Qədim
tarixə və ənənələrə malik Azərbaycan ədəbiyyatının
tərkib hissəsi olan Azərbaycan milli nəsri özünəməxsus
üslubu, yüksək ədəbi keyfiyyəti və zəngin
məzmunu ilə diqqəti cəlb edir. Azərbaycan bədii nəsrinin
tarixi çox qədim olmasa da bu nəsr müxtəlif cərəyanların
təzahürünə görə və spesifik milli
mentalitetin, dəyərlərin, arxetiplərin yüksək səviyyədə
bədii inikası baxımından dünya ədəbiyyatının
inkişafına, formalaşmasına mühüm təsir
göstərmişdir. Öz çoxqatlılığı, rəngarəngliyi
ilə diqqəti cəlb edən Azərbaycan milli nəsrinin
dünya mədəniyyətinə və ədəbiyyatına
verdiyi töhfə əvəzsizdir.
Öz köklərini şifahi şəkildə mif, əsatir,
nağıl, əfsanə mətnlərindən başlayan
milli nəsrimiz orta əsrlərdə Əfzələddin
Xaqaninin məktubları ilə yazıda reallaşdı. Milli nəsrimizin
formalaşma prosesinin M.F.Axundzadənin "Aldanmış kəvakibi"
ilə başlanan yeni etapının inkişafında XIX əsr
mühüm rol oynadı. Akademik İsa Həbibbəyli
yazır: "Bədii nəsr sahəsində də XIX əsr
ədəbi mənzərəni dəyişmişdir. Nəriman Nərimanovun "Bahadır və Sona"
romanı Azərbaycan ədəbiyyatında roman janrında
yazılmış ilk əsərlərdən olmuşdur.
Bunun ardınca Mirzə Əbdürrəhim
Talıbovun (1834-1911) "Kitab yüklü eşşək"
romanının meydana çıxması Azərbaycan bədii
fikrində nəsrin mövqeyini və roman təfəkkürünü
daha da möhkəmləndirmişdir. Bu əsrlərdə
Azərbaycan ədəbiyyatında roman janrı
özünün ilk və mükəmməl dayaqlarını
yaratmışdır".
XX əsr Azərbaycan ədəbiyyatına yeni
inkişaf meylləri, yeni özünüifadə imkanları,
milli mədəniyyəti və tarixi irsi dünyaya təqdim
etmək üçün yeni üfüqlər gətirdi. Əsrin əvvəlində
milli azadlıq hərəkatını və 23 aylıq
suverenliyin ilkin bədii təzahürlərini əks etdirən
milli ədəbiyyat çox keçmədən sosrealizmin
çərçivələri daxilində inkişafa məhkum
oldu. Sosrealizmin bütün mənfi təzahürlərinə
baxmayaraq məhz bu dövrdən etibarən Azərbaycan ədəbiyyatı
milli çərçivələri aşaraq beynəlxalq aləmdə
də tanınmağa başladı. Professor Bədirxan
Əhmədov: "XX yüzillik xalqımız
üçün yalnız siyasi cəhətdən deyil, ədəbi,
mədəni, kulturoloji cəhətdən də yeni bir mərhələdir.
Başa çatmış əsrə kənardan
baxış ədəbiyyatın keçdiyi yolun ziddiyyətli
olduğu qədər də forma, məzmun, ideya, obrazlar
baxımından zəngin olduğunu göstərir".
Azərbaycan nəsrinin də əsas yüksəliş
dövrü məhz XX əsrə təsadüf edir. Nəinki Azərbaycan,
ümumən dünya nəsri tarixində XX əsr unikal bir
dövrdür. Məhz bu dövrdə nəsrdə
aktiv şəkildə cəmiyyətdə baş verən dəyişikliklər
əks olunur, forma və məzmun eksperimentləri
aparılırdı. Bir əsrlik keşməkeşli
yolun sonunda Azərbaycan nəsri milli
özümlülüyünü qoruyub saxlamağa nail olan və
müstəqillik dövrü ədəbiyyatına keçidi
reallaşdırma potensiallı ədəbi irs
kimi dünya ədəbiyyatı tarixində öz yerini tutdu.
XX əsr Azərbaycan nəsrinin ən maraqlı və
polemik etapı ədəbiyyatşünaslığımıza
"60-cılar fenomeni" kimi daxil olub. Qeyd etməliyik
ki, "60-cılar" yalnız Azərbaycana deyil, ümumən
sosialist ölkələrinə xas bir ədəbi fenomen idi.
Bu kontekstdə Azərbaycan ədəbiyyatında
diqqəti cəlb edən imzalardan biri də Yusif Səmədoğludur.
Onun ilk hekayələri məhz
"60-cılar" ədəbiyyatına xas xüsusiyyətləri
özündə əks etdirir, "yeni nəsr"ə
hazırlıq etapı kimi diqqəti cəlb edir.
AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu:
"Təbii ki, yeni nəsr ədəbiyyatımıza ilk əvvəl
60-cı illər nasirlərinin yaradıcılıq ovqatı,
ilk hekayələri ilə daxil olur və o da doğrudur ki,
burada xronoloji sıranı deyil, tipoloji məqamı
vurğulamaq gərəkir".
Yusif Səmədoğlunun "Qətl günü"
romanı isə sosrealizmin ömrünün son illərini
yaşadığı dövrdə meydana çıxaraq
polifonik bir əsər kimi ədəbiyyatımıza tam fərqli
ab-hava gətirdi. "Altmışıncılar" ədəbiyyatının
"Molla Nəsrəddin" və Cəlil Məmmədquluzadə
estetikasına dayanan yaradıcılığından sonra məhz
Yusif Səmədoğlunun bu romanı ədəbi mühitdə
rezonans doğuraraq altmışıncılardan sonrakı,
növbəti ədəbi dövrün
başlanğıcının müjdəçisi kimi
çıxış etdi. Ədəbiyyatşünas Məti
Osmanoğlu "Qətl günü" romanının ilk
çapı ilə bağlı yazır: "1984-cü ildə
"Azərbaycan" jurnalının "Qətl
günü" çap olunan nömrəsi isə ölkədə
böyük ədəbiyyat hadisəsinə
çevrilmişdi. Peşəkar dairələrdə
roman böyük maraqla qarşılandı, Elmlər
Akademiyasında, Dövlət Universitetində əsərin
ciddi müzakirələri keçirildi. Mətbəə
işçilərinin bildirdiyinə görə, jurnalın
nüsxələri rəsmi tirajından qat-qat artıq buraxılmışdı.
Kitab isə "perestroyka" vaxtı, 1987-ci
ildə çap olundu".
Müxtəlif
mifoloji, kultural ədəbi qatları özündə ehtiva
etməsi, zaman anlayışının fərqli təqdimi
baxımından "Qətl günü" həmin dövr
Azərbaycan ədəbiyyatı kontekstində sözün əsl
mənasında "qeyri-adi" roman kimi qəbul edildi və
şöhrət qazandı. Yusif Səmədoğlunun bu
romanı bu gün də şərti olaraq "ən
yaxşı Azərbaycan romanı" , "ən mükəmməl
nəsr nümunəsi" adlandırıla biləcək
nominasiyalarda ilk sıralarda qərar tutur. Professor Vaqif Yusifli
Yusif Səmədoğlu nəsrinin bilicilərindən biri kimi
"Qətl günü" romanının
yaradılış genezisini izah edərkən yazır:
""İncə dərəsində yaz
çağı", "Bayatı-şiraz",
"Astana"... Bu üç hekayə "Qətl
günü" romanından öncə yazılıb və əgər
belə demək mümkünsə, onlar "Qətl günü"nün
çox yaxşı - professional məşqləridir. Hətta mənə elə gəlir, bu hekayələrin
hər birinin romanın yazılmasında müəyyən
rolu olmuşdur. Onların hər biri
müstəqil hekayədir, amma bu hekayələrin
üçünün də bir-biri ilə bu və ya digər
dərəcədə bağlılığı var. Yusif Səmədoğluya
məxsus təhkiyə tərzi, təsvir ustalığı,
nəsr ahəngi həm hekayələrdə, həm də
romanda davam etdirilir. İdeya-məzmun planında
yanaşıldıqda isə bu bağlılıq daha çox
hiss olunur. İnsan faciələri: ləyaqətin
alçaldılması, mənəviyyat böhranı, cəmiyyətin
çıxılmazlığa yol alması, ölüm və
qətllərin labüdlüyə çevrilməsi romanda da,
hekayələrdə də diqqəti cəlb edir".
"Qətl günü" psixonalitik obrazların,
mifoloji anlayışların cari, real həyat lövhələri
ilə sintezidir. Romanda real həyat səhnələri zamanlararası
keçidlər, obrazlar, əfsanələrlə uzaq və
yaxın keçmişə bağlanır. Fərqli mifik, tarixi dövrlərin
energiyasının qarışması, birləşməsi
fonunda dəyişməz qalan bir əlaqələndirici obraz
var - Külək. Məhz küləyin əsməsi, xəbərdarlıq
etməsi süjetin həlledici məqamıdır:
"Külək bütün aləmin, daşın,
torpağın, göylərin, ulduzların qəzəbini
canına hopdurmuşdu, dünyanın ikiayaqlılarına hədə
göndərirdi: gəlirəm! Gəlirəm
ki, haqq-hesab çəkəm, gəlirəm ki, görüm bu
ikiayaqlı, dəmir libaslı, nizəli-qalxanlı, aylarla su
üzü görməyən, kirdən-pasdan sifətləri
qaralıb mis rənginə çalan bu ikiayaqlı
şeytanlar niyə belə qudurublar? Gəlirəm ki, bu
ikiayaqlı yarasalar nə vaxt qandan doyacaqlar?.."
Romanda mifik obrazlardan, bədii personajlardan əlavə bir
sıra ümumiləşdirilmiş,
simvollaşdırılmış obrazlar da mövcuddur. Xəstə,
Hökmdar, Şair məhz bu cür obrazlardır. Əsərin
əsas obrazı, tarixin düyünləndiyi və
düyünlərinin açıldığı personajı
isə əlbəttə ki Xəstədir: "Xəstəyə
elə gəlirdi ki, o özü Sədi Əfəndinin
üç dəftərlik gündəliyini oxuyandan sonra qəddarlaşmamışdı,
sadəcə gözləri açılmışdı,
çoxdan ürəyində gəzdirdiyi şübhəli
sualların cavabını tapıb bir-iki gün ərzində
həyat, bəzi hadisələrə baxışında bir
qədər müdrik və ayıq olmuşdu".
Beləliklə, Yusif Səmədoğlu "Qətl
günü" romanı ilə XX əsrin sonlarında
"yeni nəsr"in əsasını qoyanlardan oldu. Müstəqillik illərinə qədəm qoyan Azərbaycan
ədəbiyyatının ilk nümunələrindən biri də
məhz onun imzasını daşıyırdı. Həyat
nasirə imkan versəydi "Qətl günü" siqlətli
daha bir əsər Azərbaycan ədəbiyyatına daxil
olacaqdı. Bu yazıçının xəstəlik səbəbindən
qırılan ömrü kimi yarımçıq qalan
"Deyilənlər gəldi başa" romanı idi. Yusif Səmədoğlunun bu romanının birinci
hissəsi tamamlansa da ikinci hissədən cəmi bir neçə
səhifə hazır idi. İkinci hissənin
yarımçıq başlanğıcından
yazıçının qəhrəmanını birinci hissədən
tam fərqli bir zaman kontekstində təsvir edəcəyi bəlli
olur.
80-ci illərdə Mövlud
Süleymanlının "Köç" və Yusif Səmədoğlunun
"Qətl günü" romanı magik realizmi cərəyan
olaraq ədəbiyyatımıza gətirə bildi. Yusif Səmədoğlu
ikinci romanı - "Deyilənlər gəldi başa" ilə
Azərbaycan ədəbiyyatında magik realizmin mövqelərini
möhkəmləndirmiş oldu.
Azərbaycan nəsri xalqımızın milli
kimliyini əks etdirməklə yanaşı, həm də
tariximizin bədii güzgüsü rolunu oynayır. Milli nəsrimizi,
ümumən ədəbiyyatımızı yaşatmaq və
gələcəyə ötürmək üçün onu
yüksək səviyyədə öyrənmək, tədqiq
və təbliğ etmək qarşımızda duran əsas məqsəd,
milli missiyalardan biridir. Professor Şirindil Alışanlı: "Klassik ədəbi irsimizin indi yenidən, ən
müasir mənəvi, siyasi və elmi meyarlarla oxunması və
təhlilinin nəzəri-metodoloji ölçülərini
müəyyən etmək ədəbiyyatşünaslığımızın
ən ümdə problemlərindəndir. Çünki milli mənəvi
irsin tarixi yeri və müasir mənası məlum standartlara,
ölçülərə
sığışmır".
Müxtəlif janrlarda təcəssüm tapan
Azərbaycan nəsri dilinin gözəlliyi, ümumbəşəri
ideyaların milli kontekstdə mükəmməl bədii həlli
və təqdimi ilə diqqəti cəlb edir. Yusif
Səmədoğlunun bədii nəsri də
dövrünün reallıqlarını və zamanını
qabaqlayan çağırışları əks etdirməklə
yanaşı məhz milli mədəni irsin zənginliyindən
qidalanır, məhz bununla öz unikallığını təmin
və təsdiq edir. Ədəbi xəzinəmizin ən qiymətli
incilərindən olan Yusif Səmədoğlu nəsri Azərbaycan
ədəbiyyatının milli irsi qorumaq və ötürmək
missiyasını müvəffəqiyyətlə yerinə
yetirir.
Elnarə Qaragözova
Ədəbiyyat qəzeti 2024.- 10 fevral, №5.- S.12.