Yer kürəsi - bütün bəşəriyyətin
vətənidir!
Yer
üzünün bütün şair və
yazıçılarına müraciət edirəm!
Əziz
şair və yazıçılar! Əziz dostlarım!
Yer
kürəsi bizim ümumi evimizdir!
Dünyada
müxtəlif müharibələrin, epidemiyaların
tüğyan etdiyi, konfliktlərin gərginləşdiyi, əxlaqsızlığın
dərinləşdiyi, ruhi düşkünlüyün davam
etdiyi, bəzi insanların amansız olduqları bir zamanda, biz
- şair və yazıçılar dinindən, irqindən,
yaşından, peşəsindən və yaşayış
yerindən asılı olmayaraq bütün insanlara
çağırışla müraciət etməliyik ki,
bizim Yer kürəsini - bizim evimizi qorusunlar ki, bizim ümumi
evimizdə sülh bərqərar olsun, gələcək nəsillərə
sakit və dinc səma, çiçəkli dünyanı əmanət
qoyaq.
Biz müxtəlif müharibə və toqquşmalar
zamanında böyümüşük, çox
amansızlıqlar görmüşük, saya-hesaba gəlməyən
müxtəlif xəstəlikləri, epidemiyaları
yaşamışıq. Biz şəhərlərin
dağıdıldığını, ölkələrin
bombardmana məruz qaldığını
görmüşük və ən qorxulusu odur ki, bütün
bunlar hələ də davam edir. Hər gün bizim dinc gələcəyə,
xoşbəxt sabaha olan inamımız itir, əriyir... Çünki bizim qonşularımızda fəlakətdir.
Onların evləri yanır - və onlarda olan
yanğının tüstüsü, faciələrinin əks-sədası
bizə də gəlib çatır. Biz
onların fəryadını, ah-vayını eşidirik.
Öz övladlarını itirən anaların
çığırtı və iniltilərini eşitmək
bizim üçün dözülməz ağrıdı.
Əgər dünyanın bütün
anaları üsyan etsələr, onların
qarşısında dayanmaq olmaz. İnanın ki,
Dünya öz orbitindən çıxacaq!
Əziz dostlar, hörmətli şair və
yazıçılar, mən bizim hamımızın bu
ağrını hiss etdiyimizə, hər atəşin bizim
ürəyimizi deşdiyinə inandığım
üçün sizə müraciət edirəm. Artıq biz
hamımız canlı meyitə çevrilirik. Sizdən
xahiş edirəm, fikirləşin, biz hər şeyi
olduğu kimi qalmasına razı ola bilmərik.
Axı bizim hər şeydən uca Haqq-təala tərəfindən
bəxş olunan öz silahımız - bütün
dünyanı lərzəyə gətirəcək səsimiz
var! Elə isə, nəyə görə biz
susuruq?!
Əgər hər şey bu cür davam etsə, onda gələcək
nəsillərin aqibəti necə olacaq, onlar harada
yaşayacaqlar?
Biz insanların qəlblərində mənəvi
dəyərlərin dağıdıldığı, əxlaq
anlayışının amansızcasına məhv edildiyi və
mənəviyyatsızlığın
aşılandığı dünyadan nə gözləyirik?
Mən
sizin hər birinizə, dinc dünyada yaşamaq istəyən
hər bir kəsə səslənirəm! Sadəcə, təsəvvür
edin: işıq və xeyirxahlıq zülmətə və
pisliyə qalib gəlir, ətrafda sevgi, sədaqət və
xeyirxahlıqla dolu insanlar var... Başımızın
üstündə bizə öldürücü mərmilər
atmağa hazır olan təyyarələr deyil, xoşbəxt,
azad quşlar dövrə vurur. Bizim
övladlarımızın və nəvələrimizin gələcəyini
hədələyən, onların xoşbəxtliyini, həyatlarını,
işıqlı gələcəklərini əllərindən
almaq istəyənlər olmayacaq. Və bütün
dünyada, dünyanın hər guşəsində uşaqlar
müharibənin nə olduğunu bilmədən, sevgi,
hüzur içində, sakit, dinc səma altında
böyüyürlər... Və hər yerdən
uşaqların şaqraq gülüşləri eşidilir...
Gəlin, hamımız birlikdə fikirləşək və
bu mövzu haqqında yazaq. Mən inanıram ki, bizim səsimizi
bütün Dünya eşidəcək... Hətta biz
pıçıltı ilə danışsaq da, inanın ki,
bizi eşidəcəklər!
Dünyanı
əxlaqi, mənəvi gözəlliklərin, mənəviyyatla
dolu ədəbiyyatın xilas edəcəyinə inanan, bəşəriyyətin
taleyinə biganə olmayan hər bir şair və
yazıçı birləşsin! Əgər biz Yaradanın
bizə bəxş etdiyi istedaddan istifadə edib,
dünyanı əxlaqsızlıqdan, mənəviyyatsızlıqdan,
qəddarlıqdan qoruya bilsək, dünyanın gələcəyinə
arxayın ola bilərik! Çünki fədakar
ədəbiyyat xadimlərinin həmrəyliyi ilə
ucaldılan qayanı dağıdıb, yıxmaq mümkün
deyil! Bu gün mən uzaqda, lakin hər birinizin qəlbinə
yaxın olan Özbəkistanda olsam da, sizin qələminizin
gücünə inanıram və həmçinin siz də mənim
kimi gələcəyə biganə deyilsiniz və mən Sizin
hamınıza müraciət edirəm: "Yer kürəsi -
bütün bəşəriyyətin vətənidir!"
marafonuna qoşulun, bədii-publisistik məqalə və
şeirlərlə iştirak edin!
Mətnlərinizi
öz sosial media hesablarınızda paylaşın, eyni zamanda
bu elektron ünvana - bizə, "Kitab dünyası" qəzetinə
göndərin:
avgust-07@list.ru
Mətnlərinizin
həcmi 1,5-3 səhifədən çox
olmamalı, 1,5 intervalla, 14-lük Times New Roman şriftlə
olmalıdır. Arzu edənlər mətnlərini
öz fotoşəkilləri ilə birgə orijinal dildən
başqa türk, ingilis və rus dilinə tərcümə
edilmiş versiyada göndərə bilərlər.
Hörmətlə...
Özbəkistan,
Daşkənd şəhəri
Tərcümə: Məlahət
QƏNBƏROVA
Ədəbiyyat qəzeti 2024.- 10 fevral, №5.- S.15.