Məfkurə dalğası,
yaxud Əli bəy Hüseynzadədən İlham Əliyevə
Bu yazını Prezident seçkilərinin sona
çatdığı saatlarda, fevralın 7-dən 8-ə
keçən gecə yazıram. Azərbaycan
bağımsızlığını elan edəndən sonra
ilk dəfədir ki, Prezident seçkiləri Azərbaycanın
bütün ərazilərini əhatə etdi. Prezident isə
Xankəndidə səs verdi. Son vaxtlar Xankəndi
yaddaşıma Əli bəy Hüseynzadənin misraları ilə
assosiasiya edir: "Bu yerləri Türkə vermişdir
Tanrı!"
Fevralın
24-də Əli bəy Hüseynzadənin 160 yaşı tamam
olacaq...
Əli bəyin
qızı Feyzavər Alpsarla son söhbətimiz 2018-ci il martın 17-də günorta saatlarında
telefonla olmuşdu. Hüseynzadənin
dünyasını dəyişdiyi gün idi və Feyzavər
Turan Alpsar məhz həmin gün Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı
ilə "Dostluq" ordeni ilə təltif edilmişdi.
Xəbərin sevincini bölüşmək
üçün dərhal ona zəng vurdum. Ordenlə təltif olunmasından xəbərsiz idi.
99 yaşlı Feyzavər xanım hər
zamankı kübar və həzin səsiylə "mən nə
etdim ki? -dedi. - Sağ olsun, sayın Aliyev, əlbəttə,
bunu türk kültürünün böyük mütəfəkkiri
babamın adına sevinclə
qarşılayıram" - dedi.
İlham
Əliyev Feyzavər xanımı təkcə bu ordenlə
sevindirmədi ki... Əli bəy Hüseynzadənin 150 illik
yubileyinin keçirilməsi ilə bağlı 2014-cü ildə
verdiyi Sərəncam, Əli bəy Hüseynzadənin əsərlərinin
dövlət varidatı elan edilməsi, kitabının
latın qrafikası ilə kütləvi tirajla nəşri,
Cümhuriyyətin 100 illiyi günlərində Əli bəy
Hüseynzadənin varisinə verilən yubiley medalı...
Atasının yüz ildən sonra fikir həyatımıza
belə vüsətlə qayıtması Feyzavəri çox
sevindirirdi.
2014-cü ildə Hüseynzadə barəsində
verilmiş Prezident Sərəncamı Feyzavər xanımı
çox duyğulandırmış, onu heç vaxt görmədiyi
Azərbaycana daha da yaxınlaşdırmışdı. Bəlkə
elə bu səbəbdən də, Feyzavər xanım
atasına aid olan hər şeyi, o cümlədən, çox
qiymətli olan rəsm əsərlərinin hamısını
qarşılıqsız olaraq Azərbaycana
bağışladı.
Bu sətirləri yazdığım otağın iki pəncərəsindən
biri Bayraq meydanına, digəri isə Bibi Heybət məscidinə
açılır. Pəncərədən işıqlara qərq
olmuş Bibi Heybətə baxıram. 1936-cı
ildə partladılıb dağıdılmış bu məscid
müstəqillik illərimizdə yenidən quruldu. Tablonun tarixçəsini çoxlarımız
bilirik, ötən yüzilin əvvəllərində, yəni
"Səadət" məktəbinin müdiri olduğu
sıralarda, konkret isə 1908-ci ildə Hüseynzadə Bibi
Heybət məscidinin şəklini çəkir. Bəlli səbəblərə görə əsəri
satışa çıxarır. Bakıdakı
İngilis konsulu Mak Donnel şəkli almaq istəyir. Hacı Zeynalabdin Tağıyev hadisəni eşidir və
buna imkan vermir. "Öz məscidimizin
şəkli öz şəhərimizdə qalsın"
deyib, tablonu özü alır. Az
qala, bir əsr sonra Azərbaycan müstəqil olur. Ulu öndər Heydər Əliyev məscidi yenidən,
amma əslində necə vardısa elə, yəni olduğu
kimi inşa etdirmək istəyir. Və o
zaman Hüseynzadənin çəkdiyi və Hacının
iltifatı ilə öz şəhərimizdə qalan tablo da
etibarlı şahidlərdən olur. Müxtəlif
sənədlərin, o cümlədən, həm də bu
tablonun əsasında Bibi Heybət məscidi yenidən qurulur.
Və 2008-ci ildə rekonstruksiyadan sonra məscidin
açılış lentini kəsmək İlham Əliyevə
nəsib olur.
Əvvəldə qeyd etdiyim kimi, Əli bəy Hüseynzadənin
150 illik yubileyinin keçirilməsi ilə bağlı
2014-cü ilin 21 yanvarında Prezident İlham Əliyevin
imzaladığı Sərəncam fikir həyatmızda yeni
bir dövrün başlandığından xəbər
verirdi. Çünki həmin Sərəncam Hüseynzadənin
yalnız ədəbi-estetik deyil, həm də ideoloji
baxışlarının dominant fikir olaraq təcrübədə
tətbiq olunmasına vəsilə oldu. Yuxarıda
xatırlatdığım "Bu yerləri Türkə
vermişdir Tanrı, / Ey düşmən, burası Turan
qapısı" misralarının yaratdığı ideoloji
intibalarla biz bu gün Zəngəzur səmtinə yönəlirik.
Bu isə ərazi bütövlüyü təmin olunmuş Vətəndə
yüz il sonrakı perspektivdən - Vahid və
Bütöv Azərbaycan həqiqətlərindən soraq
verir. Bu, son iki yüz əlli ildə millətimizə
Tanrının böyük iltifatıdır.
Bu mənada, mədəni Turançılığın
yaradıcısı və ideoloqu olan Əli bəy
Hüseynzadənin irəli sürdüyü məfkurənin
başında Azərbaycanın Gücü İlham Əliyev
dayanır. Və
İlham Əliyevin yürütdüyü siyasətin
hesabına biz artıq Əli bəy Hüseynzadə
ideallarının ölkəsində yaşayırıq və
bu ölkənin siyasi, ideoloji səmtini müəyyənləşdirən
İlham Əliyevin təbirincə, Hüseynzadə türk
xalqlarının mədəni inteqrasiyasının məfkurə
kimi təşəkkül tapmasında mühüm rol
oynayıb, müasir cəmiyyət quruculuğunda demokratik
prinsiplərin ənənəvi dəyərlər zəminində
bərqərar olmasının vacibliyini irəli sürüb və
müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının
işlənib hazırlanmasında yaxından iştirak
edib...
Əli bəy
Hüseynzadənin əsərlərinin dövlət səviyyəsində
ilk təqdimatı da, yuxarıda xatırlatdığım
kimi, İlham Əliyevin latın
qrafikalı nəşrlərin həyata keçirilməsi ilə
bağlı 2004-cü ildə imzaladığı Sərəncamdan
sonra - 2007-ci ildə gerçəkləşdi: Hüseynzadənin
"Seçilmiş əsərləri" 25 min tirajla nəşr
olundu...
2018-ci
ilin həmin mart günündə Feyzavər Alpsarı ona
"Dostluq" ordeninin verilməsi münasibəti ilə təbrik
edəndə inandım ki, qızına verilən bu orden
yüz il bundan qabaq Əli bəy
Hüseynzadənin həyata keçirdiyi işlərin
qarşılığında Azərbaycan adına bir qədirdanlıq
nümunəsidir. İlham Əliyevin
timsalında dövlətimizin öz dəyərlərinə
bütövlükdə sahib çıxmasının gözəl
və misilsiz bir örnəyidir.
Feyzavər Alpsar yer üzünün koronovirusla
çalxalandığı 2020-ci ilin 25 aprelində
dünyasını dəyişdi. Yollar bağlı olsa
da, Azərbaycan adından ilk təziyə sözlərini
İlham Əliyev yazdı. Feyzavər xanımla
bağlı millətə ilk başsağlığını
o verdi: "...Əli bəy Hüseynzadənin
qızı Feyzavər Turan Alpsarın vəfat etməsi xəbərini
dərin kədər hissi ilə qarşıladım. Feyzavər
Turan Alpsar böyük mütəfəkkirin ədəbi-elmi
irsinin qorunub saxlanmasında mühüm rol
oynamışdır..."
İlham Əliyev 2008-ci ildə Bakıda İstiqlal Bəyannaməsini
abidələşdirdi. O Bakıda ki, bu gözəl şəhər hələ
erməni əsarətində olanda və hələ paytaxt
elan edilməzdən öncə, Hüseynzadə "Azərbaycanın
təbii paytaxtı Bakıdır, Bakını Azərbaycana
çox görən kim olursa-olsun, Azərbaycan
xalqının ən mənfur düşmənidir", - deyə
Qafqaz İslam Ordusuna varılacaq son hədəfi -
Bakını nişan vermişdi.
2014-cü
ilin aprelində isə Praqada Türkiyənin təmsil
olunmadığı "Şərq tərəfdaşlığı"
sammitində Türkiyənin qarasınca deyinən köhnə
düşmənin sözünü "Türkiyə burda
yoxdur, amma mən burdayam", - deyə Azərbaycan Prezidenti
İlham Əliyev kəsmişdi. Yəni gerçəkdən
də, Hüseynzadənin dediyi kimi oldu, tarixin elə bir
anı gəldi ki, dünya reallığının
doğurduğu bütün çətinliklərə rəğmən,
beynəlxalq siyasi müstəvidə Ermənistanın
sözünü Azərbaycan kəsdi, Türkiyənin
sözünü Azərbaycan dedi.
2021-ci ildə
Hüseynzadənin təbirincə, "Qarabağın mərkəzi
və bir çox Qafqasiya türk üdəba və şüərasının
vətəni olan" Şuşa şəhərində
İlham Əliyev Rəcəb Tayyip Ərdoğanla birgə Azərbaycan
və Türkiyə arasında müttəfiqlik münasibətləri
haqqında Şuşa Bəyannaməsini imzaladı.
İlham
Əliyev Azərbaycanda türk qanlı, islam
imanlı, Avropa fikirli bayrağımız üçün
Bayraq meydanlarını qurdu. Bayraq meydanları
qurmaqla kifayətlənmədi, o əziz bayrağı Şuşada,
Xankəndidə, Xocalıda və işğaldan azad etdiyi digər
Qarabağ şəhərlərində ucaltdı.
O
bayrağın ki, onu mənalandıran türkləşmək,
islamlaşmaq, avropalaşmaq amilinin ideoloqu da Hüseynzadə
idi.
İlham
Əliyev 2018-ci ili Azərbaycanda
Cümhuriyyət ili elan etdi.
O Cümhuriyyət ki, 1918-ci ildə Gəncədə
Əli bəy Hüseynzadə ölkənin "irəli gələnləri,
münəvvərləriylə birgə Azərbaycanın bir
Cümhuriyyət halında təsis və təşkil
olunmasında yaxından iştirak" etmişdi.
İlham Əliyevin İstiqlal dəyərlərimizlə,
fikir həyatımızla bağlı gördüyü
işlər daha çoxdur, bu barədə çox yazmaq olar. Əlimərdan bəy
Topçubaşovun Parisdəki məzarının ziyarətgah
halına gətirilməsindən, Məhəmməd Əmin Rəsulzadənin,
Əlimərdan bəy Topçubaşovun, Fətəli Xan
Xoyskinin, Ceyhun Hacıbəylinin, Əhməd Ağaoğlunun
ölkə miqyasında və dövlət səviyyəsində
keçirilən və keçiriləcək yubileylərindən
tutmuş, Azərbaycan Xalq Cümhuriyyəti
Ensiklopediyasının nəşrinə qədər və s.
Amma seçkidən sonra məni bu yazını
yazmağa vadar edən səbəb başqadır. Məni
düşündürən və haqqında dəfələrlə
yazdığım 1918-ci ildən 2024-cü ilə kimi gəlib
çıxmağı bacarmış ümumtürk siyasi təfəkkür
və davranış faktının İlham Əliyevin örnəyində
sabit qalması, mental siyasi baxışın öz romantik
ecazını qoruyub saxlaması və nəhayət, iki
yüz ildən sonra ən məkrli və qəddar
düşmənimizin üzərində zəfər
çalmasıdır. Xankəndi səmasında
dalğalanan üçrəngli Azərbaycan
bayrağının sayəsi düşən yerdən Azərbaycan
əsgərinin addımlamasıdır. O, bunu necə
etdi? 250 ildir ki, hipnoz edilib uyuşmuş milli
enerjini necə hərəkətə gətirdi,
canlandırdı və onu necə hərəkata çevirə
bildi? Mütəfəkkirlərimizin ideya
olaraq irəli sürsələr də, həyata keçirə
bilmədikləri milli ittihad - milli birlik fəlsəfəsini
necə yarada bildi? Bu mənada İlham
Əliyev, XX yüzilin əvvəllərində Əli bəy
Hüseynzadə də daxil olmaqla, millət
atalarımızın xəyal edə bilmədiyi ideyaları
XXI yüzilin 20 ilində gerçəkləşdirdi. Vətənin milli birlik düsturunu yaratdı. Və bu hərəkat, Qarabağ Zəfəri
kontekstində Turan idealını aktuallaşdırdı.
Belə çıxır ki, nə vaxtsa, bir gün Turan da
qurulacaq, çünki İlham Əliyev onu mədəni xəyaldan
siyasi reallığa çevirdi və bu gün
Macarıstanın Baş naziri Viktor Orban Macarıstanın
Türk ailəsinə yaxınlaşmasında və Türk
Dövlətləri Təşkilatı ilə münasibətlərin
inkişaf etdirilməsində Azərbaycanın göstərdiyi
dəstəyə görə İlham Əliyevə təşəkkürünü
bildirir, Prezident seçkilərindəki qələbəsini
ilk təbrik edənlərdən biri Orban olur:
Sizlərsiniz ey qövmi-macar, bizlərə
ihvan,
Əcdadımızın müştərəkən mənşəyi
Turan.
Bunu isə
130 il əvvəl Əli bəy
Hüseynzadə deyirdi. Deyirdi ki, ey macar
xalqı, siz bizə qardaşsınız, əcdadımızın
da ortaq mənşəyi Turandır.
2020-ci ildə İkinci Qarabağ savaşında
Türkiyə mənəvi-siyasi baxımdan Azərbaycanın
yanında oldu.
Əli bəy Hüseynzadə 1918-ci ildə
yazırdı ki, "Azərbaycanı qurtaran Anadolu
öz-özünü də qurtarır. Buna şübhə
etməyiniz! Deyirlər ki, dağ-dağa qovuşmaz isə
insan-insana qovuşur! Xeyr, tarixin elə anları vardır ki, dağ
da dağa qovuşur, bu gün Ərciyəs dağı Qaf
dağına qovuşur və qovuşduqca yüksəlir!.."
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının VIII Zirvə Görüşündə
İlham Əliyev türk birliyinə mühüm töhfə
verən tarixi qələbəyə görə "Türk
Dünyasının Ali Ordeni" ilə təltif edildi. Bu, Turan
quruculuğu yolunda türk dünyası miqyasında
qazanılmış ilk orden idi. Həm də
türk dünyasının ən böyük ordeni.
Ötən
il dekabrın 30-da "Ədəbiyyat qəzeti"ndə dərc
olunmuş "Ədəbiyyatda həsrət mədəniyyət
hadisəsidir, yaxud yeni tariximizin Qərbi Azərbaycan mərhələsi"
məqaləmdə yazmışdım ki, "Milli tariximizin ən
məsul dövründəyik. Budəfəki
seçki fevral ayına təsadüf edəcək - Turan
düşüncəsini ilk dəfə siyasi gündəmə
gətirən Əli bəy Hüseynzadənin doğulduğu
tarixə. Seçkilər ərəfəsində
böyük mütəfəkkirin 160 yaşı tamam olacaq...
Bu gün Turan yolunda Azərbaycana onun ideyaları çox
lazım oldu: "Menşikov, Maqda Neyman, Çerevanski,
"Mşak", "Arşalyus" və sairə divlər,
ifritlər arxadan, sağdan, soldan istədikləri qədər
çığır-bağır etsinlər, biz qorxub geri
baxanlardan deyiliz!.."
Maqda Neyman bu sırada Qərbi təmsil edən yeganə
ermənipərəst ünsür idi. İndi Maqda Neymanlar
AŞPA-da ağız-ağıza verib
çığır-bağır salmaqdadırlar. Salsınlar, bu gün bu sözləri İlham
Əliyevin üslubunda eşidirik. Bunu, sanki indi o deyir:
divlər, ifritlər arxadan, sağdan, soldan istədikləri qədər
çığır-bağır etsinlər, biz qorxub geri
baxanlardan deyilik!..
Bu tərəfdən də, Fransa meydana atıldı. "Hər
zövqü min haram olan əfsunlu cənnətdə" -
Parisdə dünyaya mədəniyyət dərsi keçən
fransızlar, əvvəlcə, Natəvanın heykəlinə
qəsd etdilər. 1992-ci ildə ermənilərin
Şuşada etdiyini fransızlar (bəlkə Fransadakı ermənilər)
Fransanın Evian-le Ba şəhərində təkrar etdilər.
Sonra Azərbaycanın öz torpaqlarını
ermənilərdən təmizləməsi Fransa
senatını qeyzləndirdi. Əmin olsunlar, Natəvanın
heykəlinə qəsd də, senatın üzgün qərar
layihəsi də, hətta AŞPA-dakı icazəli və təmənnalı
parlamentarilər də əmin olsun ki, bütün bu cəhdlər
Azərbaycanda antifransız, yaxud antiavropa ruzigarları əsdirməyəcək.
Çünki Azərbaycan Makronun Fransası ilə
Monteskyönün Fransasını fərqləndirməyi
bacarır. Sovetlər dövründə
biz fransız Anri Massenin "İslam" kitabını
ruhumuzu, inancımızı diri saxlayan kitablardan biri olduğu
üçün əziz bilmişik. Sonra
da onu öyrəndik ki, Masseyə bu kitabı yazdıran səbəb
fransız aliminin azərbaycanlı bir qıza böyük
heyranlığı olubmuş. Biz Pyer
Lotinin qələmindən çıxmış Aziyadanın
eşqini sonsuza qədər dəyərləndirəcək
bir millətik. İndi isə dünənə
qədər dünyanı avropalaşdıran, dünyaya
demokratiya təlimləri ixrac edən Fransa, Makronun
timsalında təəssüf ki, özü antimədəniyyət
elementinə çevrilməkdədr. Biz
Parisi krallarına, prezidentlərinə görə deyil,
şairlərinə, rəssamlarına, bəstəkarlarına
görə sevdik. İndi həmin Paris kədərli
bir şair və həzin bir rəssam olan qarabağlı
estet, yaradıcılıqda dekadans bir xanımın mərmər
hüsnünə əl qaldırır.
O mədəniyyət
ki, ünvanı Avropadır - Parisdir, bu gün o,
ikiqütblü mədəniyyətdir. İsmayıl
bəy Qaspıralı bunu nəzərdə tutub deyirdi ki, bu
gün milyonlar sərf edib dünyanın müxtəlif yerlərində
xristianlığı təbliğ etmələrinəmi
baxalım, yoxsa, özlərinin kilsəyə və İncilə
imanlarının qalmadığınamı heyran olalım?
Guya insan haqları üçün
yapdıqları müharibələrimi seyr edəlim?
Yoxsa biçarə Alsace-Lorrainənin bakirə
qızlarının Parisdə əlli franka
satıldığınımı insaf mizanına çəkəlim?.. Bu gün heykəlinə qəsd
etdikləri Natəvan XIX yüzildə Şuşaya fransız
mədəniyyətinin daxil olmasına cəhd edirdi.
Şübhəsiz ki, mən Aleksandr Düma və Natəvanla
bağlı dəfələrlə deyilib-yazılmış
faktdan deyil, Knyaginya Usmiyevanın, yəni bu gün
Fransadakı heykəlinə həqarət edilən Natəvanın
Qarabağda Qadın Xeyriyyə Cəmiyyəti yaradıb Cəmiyyətin
hesabına fransız dilində dərslər təşkil
edilməsinə rəvac verməsindən danışıram.
Özü də bu, elə bir dövr idi ki, o illərdə,
daha dəqiq, 1888-ci ildə Qarabağlı Əhməd
Ağayev ermənilər və azərbaycanlılar arasında
ilk şuşalıydı ki, təhsil almaq üçün
Şuşadan Parisə getmiş, Sarbon Universitetində Renan,
Darmesteter kimi alimlərdən dərs almışdı. Və
1894-cü ildə geri qayıdıb Şuşa
Realnı Məktəbində fransız dilini tədris edirdi. Realnı məktəbin yeganə fransız dili
müəllimi tək o özü idi. Fransızlar bunu
bilmir, bilmir ki, bu gün təəssübünü çəkdikləri
qarabağlı ermənilərin babalarına Şuşa
Realnı Məktəbində fransız dilini həmin Əhməd
Ağaoğlu öyrətmişdi.
Həm də o Əhməd Ağaoğlu ki, Sədi
Şirazinin padşaha mütləq itaət təlim edən
ehkamçı baxışlarının əvəzinə,
Monteskyönün "Qanunların ruhu"nu mənimsəməyi
daha uyğun görürdü. İtaət, qənaət,
təvəkkül, təslim, dözüm modelinə söykənən
dərviş əxlaqı prinsiplərinin yerinə, Russonun
"İctimai müqavilə" nəzəriyyəsini
öyrənməyi tövsiyə edirdi.
***
Azərbaycan
xalqı Fransa prezidentinin və senatının, eləcə də
AŞPA-nın hərəkətlərinə bu gün Əli
bəy Hüseynzadənin yüz il əvvəlki
tövsiyəsi ilə cavab verdi: "Qəm yemə, səbr
et, bu da yahu, keçər".
Prezident
seçkilərində təkcə burada yaşayan Azərbaycan
vətəndaşları deyil, eyni zamanda yüz il əvvəl Azərbaycanda pərvəriş
tapmış böyük məfkurə dalğası
iştirak edirdi...
Azər Turan
Ədəbiyyat qəzeti 2024.- 10 fevral, №5.- S.16-17.