Payız notları
1.
Ən gözəl qəmləri geyir -
Ürək
də dəb xəstəsidi...
2.
İçinə bir gül budağı
düşmüşdü -
Bahar
gəlmişdi suya.
3. Hərdən
oxuyuram məktublarını -
Yolunu
tapmışam diri qalmağın.
4.
Ürəyini qalın geyin -
Çöldə
ayrılıq əsir.
5. Həyat,
nə yaxşı varsan
Lap mənim
olmasan da.
6.
Gül əkmişəm əllərinin ətrinə...
7. Ay
girib dənizə ləpələnirdi...
8.
Hardasa, uzaqda kaman ağlayır -
Bəlkə
bir nəğməni güllələyirlər?..
9.
Quşlar göy üzünə uçmaq öyrədir -
Bir
azdan göylər də qanadlanacaq...
10.
Çox adam itirdim bu təklik
üçün...
11. Diksinər
yanağın göz yaşlarından - ağlama ana.
12. Kimin
günahıdı görən bu dünya?
13.
Yuxusunda azadlığını görürdü
Çərçivəyə salınmış şəkil.
14.
Dodaqlarının izi qalmışdı
Su içdiyin bulaqda.
Öpdüm
suyu -
Öpdüm
dodaqlarının
Suda qalan
izini...
15. Bənövşə
boynunu elə büküb ki,
Elə bil onun da atası yoxdu.
16. Sənin
ad gününə baharı dərdim...
17. Bir
gül yarpağından boylanar mənə,
Məni yoldan edər alagöz şeir.
18. Bəlkə
də bir qızın təbəssümüymüş,
Sonradan böyüdüb günəş ediblər?!
19.
Ömür hesab dərsi imiş -
İndi
çıxma fəslindəyəm...
20. Hər
qönçə bir gülün uşaqlığıdı.
21. Mən
elə təşbehəm, elə təşbehəm,
Hər şeirin içinə girən deyiləm.
22.
Yüz il yaşasan belə
Ömür yarımçıq qalır.
23. Yer -
göyün altında bir zirzəmidi.
24. Nə
qədər ki, qara rəng var,
Sənin gözlərini unutmayacam.
25.
İnsan qızıl tozu kimidi -
Əyarı gec bilinər.
26.
Ölümdən qorunmaq üçün
Hamı
öz həyatında gizlənib...
27. Elə
istəyirəm gün işığından
O yetim
uşağa bir libas tikim.
28.
Adını dilimin ucunda tutub...
Sonra da ömürlük susub qalardım.
29.
Asta-asta yeriyirdi -
Qorxurdu ki, yer kürəsi qurtara.
30. Hərdən
yada sal məni -
Məni unutmaq üçün.
31.
Qaranlıq otaqda şam da günəşdi.
32. Nə
gözəl əyləncə olar:
Bütün
günü oturub,
Bir
gülün açmasına tamaşa etmək...
33.
Daş atdım, suların xətrinə dəydi -
Daha daş atmağın daşını atdım.
34.
Tanrı bu dünyanı sənə həsr edib...
35. Sənin
şəklini çəkəcəm, Vətən -
Başını
dik tutarsan!
36.
Adını gülə qoydular -
Gülü bəxtəvər etdilər.
37. Sən
mənim sevgi sonbeşiyimsən.
38. Mən
səni bu axan çaydan
Bir damla
sutək götürdüm...
39. Kədər,
gündüz gəl bizə
Gecə yolu azarsan.
40. Ürəyimi
açdım sənə,
elə
yüngülləşdim ki,
sən
demə, bütün gücüm
deyəcəyim söz imiş...
41. Şəkildə
ağlayan o uşağın
göz
yaşını silə bilsəm...
42. Bir
azdan bir payız öldürəcəklər.
43. Nəsimi
asıldı dar ağacından -
Tarix Nəsimidən
asıldı qaldı...
44. Sənə
bir sirr açım, Allah
Ancaq aramızda qalsın.
45. Payızı kim qorxudub -
Heyva-heyva saralıb?
46.
Yağış nə biləydi ki,
Çölün
çətiri yoxdu...
47. Korun
gözündə də açılır səhər.
48.
Günəş - göy üzünün çəkdiyi
ahdı...
49.
Üzündə ay doğan qız
o
ayın neçəsidi?
50.
Şeir olmaq istəyirdim,
Şair oldum.
51. Elə
böləsən ki, dəni quşlara,
Quşlar da danışa ədalətindən.
52. Hər
gün bir əsgər kimidi -
"Vurulub"
qoşundan çıxır...
53.
Hamı qonaqdı dünyada,
Hamı qonaqlıqda deyil.
54.
Dünya, eşidirsənmi
O yetimin
göz yaşının səsini?!
55.
Uşaq say öyrənmək istəmirdi -
Deyirdi ki,
Allah birsə,
bir sayılmaz!
56. Allah
danışmasa belə
Ən yaxşı həmsöhbətdi.
57.
İstəyin bu ola tək:
Səhər
günəşi görmək üçün
Axşam
yuxuya getmək...
58.
Qanadlarında
göy
üzü gətirmişdi o quş.
59. Nə
olsun ki, karam? -
milyon səsin
içindən də
Sənin
səsini tanıyıram...
60. Odu
söndürəndə su özü yandı.
61. Sənin
pəncərəndən baxdım dünyaya -
İlahi,
bu dünya nə gözəl imiş!
62.
Dünyanın siyasi xəritəsində
Sizin evi
küçə-küçə gəzirəm...
63.
Gülün üstündə şeh
o qədər
gözəl idi,
gülü qoyub şehi dərmək istədim.
64. Məzar
üstə gül kimisən -
Qoxlaya bilmirəm səni.
65.
Balası sularda batan ana
qəbir
kimi qucaqlamışdı dənizi.
66. Mənimlə
yol getdin, yola getmədin...
67. Ah, bu
qədər güzgülərin
Birində əksin qalmayıb.
68. Şəhid
məzarıyla bərkitmişik ki,
bu torpaq
yıxılmasın.
69. Bir
damla götürsən, azalar dəniz.
70.
Xoşbəxtlik də göy üzütək
Uzaqdan
baxmaq üçünmüş...
71. Həyat
- müvəqqəti çətinlikdi
Bir azdan çıxıb gedəcək.
72. Qumru
quşu elə oxuyurdu
elə
bil ağlayırdı.
Qumru nənəm
elə ağlayırdı ki,
elə
bil oxuyurdu...
73.
Ayrı-ayrı söz olsaq da,
Biz eyni cinasdayıq.
74. Bir qədəh
xatirədən
Sərxoş olmaq olurmuş.
75. Bu kədər
- kol dibidi
Ürəyim bənövşədi.
76. Bəlkə
elə göy üzü də
nə
vaxtsa, dəniz imiş -
çəkilib sonradan göy üzü olub?!
77.
Günəş sən tərəfdən doğduğu
üçün
Adını
qoymuşam: "gündoğar qadın".
78. Suyu elə
çoxalıb ki,
boğulur dəniz.
79. Məni
barı bir dəfə də
Həqiqətlə aldadın.
80. Bir ağ göl kimidi göy üzündə ay.
81.
Baxdıq uca dağlara
Boyumuz da böyüdü.
82. Belə
bölgü apardım:
Dünyanı
sənə verdim,
Səni də
mən götürdüm...
83.
Ölüm, heç insafdan deyil ha,
bütün ömür boyu oturub
səni
gözləmək.
84. Dəlixananın
divarında
səliqəsiz yazı:
"ağlın varsa, bura düşmə".
85. Bəlkə
biz nağılları da
göydən düşən üç almaya görə sevdik?
86. Bir
adamlıq yeri boşdu ömrümün...
87. On beşindən sonra
bütün qızlar oddu,
on
beşindən sonra
bütün oğlanlar oda həssas.
88. Hər
il - elə bil bir ata evidi,
İçində on iki övlad oturub.
89.
Quşa atılan güllə
həm
də göy üzünə dəyir.
90.
Başın üstə göy üzü var -
Başından arxayın ol.
91. Bu tərəflərdə
ağıllı adamları
sevmirlər -
mən
də dəli deyiləm ki, ağıllı olum?!
92. Durub
haqq gəzirəm mən bu dünyada,
Heç ayın günləri bərabər deyil.
93. Sənsiz
dünya nədir ki? -
təkadamlıq çarpayı.
94. Əgər
qoxlamasan, solar o çiçək...
95. Sənsiz
ömür keçirmək,
güldana qoyulmuş gül ilə
bahar
yaşamaq kimidi.
96.
Əlifbadakı "A" hərfi kimisən
-
hər
şey səndən sonra gəlir.
97.
Göyqurşağı Tanrının
həm
də rəssam olmağına
bir
işarədir.
98. Elə
yaşayasan: - üzr istəmədən...
99. Mən
bir "kənar şəxs" imişəm -
sənin
qapından içəri girmək
qadağanmış mənə, sevinc.
100. Həyat
mane olur həyat sürməyə...
101. Bircə
çiçək qalıbsa,
demək,
hələ bahar var.
102. Bir
misra yağışda neçə heca var?
103.
Dünya adlı qatardan
Sərnişinlərə
xəbərdarlıq:
"İtən
ömürlərə görə,
dünya
cavabdeh deyil".
104.
Gözünün üstündə yeri olana
"gözaltı" demə.
105. Bu
gün də məni ötüb keçdin -
bu
gün də mənə çata bilmədin.
106.
Qızmar günəşin istisindən
tez əridi
yay...
107.
Özünü qarış-qarış,
Üzünü qırış-qırış gəzdim,
Vətən.
108.
İş budur, bax -
Günəş
kimi təmənnasız olmaq!
109.
Qılınc doğuldum ki,
batım
bir yana.
110. Sən
yaşayan küçəni
Oğurladım
şəhərdən...
111.
Ağac dincəlirdi öz kölgəsində...
112.
Axşam ulduzları yığar başına -
Ay da
ürək etməz çölə tək çıxa...
113. Tək
sudakı çiçəyin yox,
Suyun da
öz qoxusu var...
114. Mən
səni o qədər böyütdüm, Vətən
Gördüm
ki, dünya da sığışar sənə...
115. O ay
işığından bir şüşə salın -
Şüşəsi
qırılmış bir bacayam mən...
116. Zər
oldun ki, bilim zərin qədrini?!
117.
Əlim aşağıdı, olsun, nə olsun,
Başımı
yuxarı tutub gəzirəm...
118. Milyon
il əvvəl də doğulsaydım
Oturub mən
səni gözləyəcəkdim...
119.
Gördüm ki, yanımda kağız tapılmır,
Bir gül ləçəyinə yazdım şeirimi.
120. Bu
yağan yağışdı, ya göy üzündən
Yerə damla-damla payız tökülür?!
121.
...İlahi, at yoluma
Bir
parça ay işığı...
Əlizadə Nuri
Ədəbiyyat qəzeti 2024.- 10 fevral, №5.- S.14.