Həyatın
təməl meqafazası və ya İnsan Teatrı Kainat Teatrının bir
səhnəsi kimi
Azərbaycan
Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun
Estetika şöbəsinin müdiri, fəlsəfə elmləri
doktoru, professor, ölkəmizi bir sıra beynəlxalq elmi konqreslərdə
təmsil edən, elmin populyarlaşdırılması sahəsində
səmərəli fəaliyyətinə görə AMEA Rəyasət
Heyəti mükafatının qalibi Adil Əsədov
ardıcıl iki fundamental kitabı ilə çağdaş
fəlsəfi fikrimizi zənginləşdirmişdir.
O, elm və
fəlsəfənin yaranışından bəri həmişə
onların diqqət mərkəzində olan bir problemə -
kainatın mənşəyi məsələsinə müasir
astronomiya, astrofizika və fizikanın xüsusi bölümlərinin,
başlıca olaraq, ümumi nisbilik nəzəriyyəsi və
nəzəri fizikanın ən son elmi nailiyyətləri zəminində
dərin konseptual baxışı özündə əks
etdirən "Kainat və onun inkişaf mərhələləri"
adlı yaradıcı intellektə güclü təkan və
impulslar verə biləcək əsərini ərsəyə gətirmişdir.
Müəllif "Böyük Partlayış"la ("Big
Bang") başlayıb, "Həyat"ın (Canlı Aləmin)
yaranması çağınadək davam edən, təqribən
14 milyard illik mövcudluq dönəmini bir-birindən doğan
epoxal mərhələlər olaraq, həm də özünəməxsus
elmi-fəlsəfi üslubun cazibədar epik təhkiyəsi ilə
izləyir. Filosofun təhlillərindəki
"zəncirvari reaksiya" elə "Böyük
Partlayış"ın inqilabi dəyişmələrindəki
bağlılığı andırır. Bu, həm də
o deməkdir ki, fəlsəfi idrakın yaddaşında Kainat
təkamülünün izləri saxlanılır... Sivilizasiyanın tərəqqisi də, əslində,
o yaddaşın qorunması və keyfiyyətcə təzələnməsi,
zənginləşməsi ilə mümkün olur.
Əsər
iki böyük hissədən - müəllifin analitik
"monoloqu"ndan və digər mütəxəssislərlə
problem üzrə apardığı "dialoqu"ndan ibarətdir
ki, onlardan spontan olaraq bir-birinə sarmaşıb üzə
çıxan fikirlər belə bir mürəkkəb problemə
aydınlıq gətirmək məqsədi daşıyır.
Filosof ən müxtəlif hipotez və nəzəriyyələrin
nəticələrini ələyərək, Kainatın
yaranması haqqında mövcud elmi-fəlsəfi biliklərdən
toplanmış daha mühüm və dürüst
saydığı qənaətlərin vahid arsenalını
yaratmağa çalışır. Az qala, hər gün
yeniləşən, bir-birini tamamlayan və tamamlamayan, təsdiq
və inkar edən, eksperimental təcrübələrlə
daha dəqiq nəticələr əldə etməyə
çalışan, bəzən elmdən-fəlsəfəyə,
fəlsəfədən-elmə adlamasında dolaşıb
uçuruma, skepsisə yuvarlanan, hətta ən etibarlı
imperativlərini belə sorğu-suala tutan nəzəriyyələrin
ortaq məxrəcini tapmaq və həmin arsenalı gücləndirərək,
onu elmi axtarışların növbəti mərhələsinə
yüksəltmək kimi çətin bir missiyanı XXI əsrin
fəlsəfəsi öz üzərinə götürür.
Əsər
məhz XXI əsr fəlsəfəsinin baxışı olaraq
Kainatın varlığına nəzər salır:
"Böyük partlayış"ı - "mahiyyət
daşıyıcısının ideyadan gerçəkliyə
total transformasiyası" kimi şərh edərək,
inkişafının hər mərhələsində
Kainatın yetdiyi yeni durumun özəlliyini açır. Bu
epoxal təkamül pillələri Kainatı
"yetişdirir", onu orqanikasının daha mükəmməl mərhələsinə
çatdırır. 13,72 milyardlıq ili
qapsayan bu prosesin ən heyrətləndirici məqamı -
Kainat həyatının ilk 10-43 saniyəsidir. Məhz
həmin başlanğıc anında ("Quantum
Fluctuations") sinqulyar nöqtədən Kainatın
yaranışına "Böyük partlayış"la təkan
verilir. Müəllif Kainatın "Böyük
partlayış"dan sonrakı inkişafının bu birinci
mərhələsini, yəni "Böyük
partlayış" anından 10-43 saniyənin sonuna qədər
davam edən Plank Epoxasını lüksonların
doğuluşu və məkan kvantlarının
mövcudluğu zamanı sayır. "Kainatı
törədən iki başlanğıcdan biri olan lüksonlar
maskulin başlanğıc statusunda, ikinci başlanğıc
olan məkan kvantları isə feminin başlanğıc
statusunda çıxış etmişlər" - qənaətinə
gəlir.
Qanunauyğundur ki, filosof bu iki (maskulin və feminin)
başlanğıcı Kainatın təkamülündəki
epoxal dəyişmələrin - lüksonlardan qalaktikalara, məkan
kvantlarından qara dəliklərədək - hərəkətverici
və sükunətləndirici qütbləri kimi tədqiqatının
sonuna qədər izləyir. Qədim Çin fəlsəfəsində
kosmogenezi açan "in" və "yan"
başlanğıclarının dialektikasını
xatırladacaq bu yanaşma Kainatın vəhdətində ilahi
bir nizamın - Loqosun olduğuna da xüsusi diqqət yetirir.
Kainat "orqanizmi"nin hər bir
hüceyrəsi, elementi, sanki bütün Kainatın həyatını
özünün "fərdi" qısa ömründə
özünün ayrıca taleyi olaraq yaşayır.
Adil
Əsədovun gəldiyi bu nəticə olduqca
maraqlıdır: "Mən Kainatda yalnız materiyanın və
enerjinin deyil, həm də obyektiv informasiyanın
mövcudluğunu qəbul edirəm. Mən ...
inamla təsdiq edə bilərəm ki, fotonlar və eləcə
də digər lüksonlar məhz Tanrıdan gələn
informasiyanın daşıyıcısıdırlar, bir qədər
də dəqiqləşdirilərsə, fotonlar və digər
lüksonlar - Tanrıdan gələn informasiyanı və
enerjini dünyaya yayan başlıca vasitələrdir. Bu
səbəbdən də Kainatda real olaraq mövcud olan
yalnız materiya və enerji deyildir, həm də obyektiv
informasiyadır... Kainatın bütün mahiyyəti
haqqında informasiyalar, həqiqətən də, Tanrıda
toplanmışdır." Bu, filosofun elmi
sübutsuzluq çarəsizliyindən gəldiyi nəticə
deyil, doğrudan da, nəinki fenomenal Kainatın, ümumiyyətlə
substansial varlığın yaranışını
mümkün edən ilahi qüdrətin təsdiqidir.
Adil
Əsədovun kitabı "Həyat"ın
başladığı nöqtədə bitərək, ikinci
nəfəsində dialoji sferaya açılır:
"Maskulin və feminin başlanğıcların on
dördüncü və sonrakı nəsillərinin təşəkkül
tapması isə Kainatda həyat adlı möhtəşəm
bir hadisənin təşəkkül tapmasından sonra baş
verdi." Bu, fəlsəfi
düşüncədə "Həyatın
Üverturası"nı oyandırır!
Əvvəlki əsərlərinin örnəkləri
əsasında demək olar ki, Adil Əsədov fikir klassiklərində
olduğu kimi, öz fəlsəfi sistemini yaratmağa
iddialı olan çağdaş mütəfəkkirdir.
Bu o deməkdir ki, "ideya qalaktikasının
formalaşması" hələ davam edir və Azərbaycan
filosofu Kainatın Materiyadan Ruha doğru hərəkətində
bütün fazaları birər-birər arayacaq, Kainatın
özünü görən gözünün nə qədər
bəsirətli olduğunu, İnsanı Yer planetində təsadüfən
yaratmadığını bir daha təsdiq edəcəkdir!
Azərbaycanın
daim axtarışda və tapıntıda olan alimi Adil Əsədovun
"Kainat və onun inkişaf mərhələləri"
kitabından sonra, Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin
"Gözəllikdən Teatr Estetikasına" adlı dəyərli
Ön sözü ilə başlayan, mövzu və
problematikası ölkəmizdə ilk dəfə
qaldırılan "TEATR VƏ PROTO-TEATR: teatrın mahiyyəti
və təşəkkül xüsusiyyətləri fəlsəfi
refleksiya kontekstində" əsərini yazması yetərincə
təbiidir. Yaradılışı və
mövcudluğu ziddiyyətlərsiz mümkün olmayan
varlığın mahiyyətinə enməyə
çalışan filosofun o varlığın dramatik-teatral
ekzistensiyasına varması qaçılmaz idi. Adil Əsədov, doğru olaraq, teatrı təkcə
bəşər sivilizasiyasının yaratdığı bir
incəsənət forması kimi deyil, həm də
kainatın, sanki mövcudluq forması kimi idrak edir.
Kainatın təkamülü və bu təkamül nəticəsində
Günəş sistemi və onun da strukturunda Yer planetinin, bu
planetdə canlı həyatın ali
varlığı kimi İnsanın yaranması və nəhayət,
İnsanın sivilizasiya həyatına başlaması və həmin
sivilizasiyanın bətnindən teatrın doğulması
bir-birini yetişdirən mərhələlərdir. İnsan
Teatrı Kainat Teatrının bir səhnəsidir!
Kainat teatrı kosmodialoq modelindədir. Bu teatrın
da baş qəhrəmanları - Harmoniya və Xaosdur.
Harmoniya və xaos varlığın ziddiyyətdə olan əbədi
qarşı-substansiyası kimi bir-birindən ayrılıqda
mövcud olan yox, bir-birindən törəyən hadisələrdir:
harmoniya xaosu, xaos harmoniyanı doğurur. Kainatda
onların kosmomonoloqu yox, kosmodialoqu baş verir; ancaq xaos,
disharmoniya yalnız harmoniya qanunlarının fəaliyyət
sferasında müəyyən zaman və məkan kəsiyindəki
pillələrdir. Məhz harmoniya
qanunları içrə harmoniya və xaosun əbədi
dialektikası təzahür edir. Yəni
varlığın əbədi və başlıca mənası,
mövcudluq prinsipi - xaosun harmoniyaya tabe olmasıdır.
Harmoniya sonsuz, əbədi proses, xaos isə bu əbədi,
sonsuz prosesin zəruri, qaçılmaz
"buğumları", "düyünləri",
"intervalları"dır; Kainatın ümumi hərəkət
və təkamülü, kosmosferin, onun daxili inkişafı
kimi günəş sisteminin, bu sistemdə Yer planetinin, burada
biosfer və noosferin yaranışı, üzvi aləmin təşəkkülündə
filogenez və ontogenez proseslərinin (bütövün və
onun hissələrinin) vəhdəti, koevolyusiya sisteminin
formalaşması, psixosferin idarəedici qüvvəyə
çevrilməsi və onun daimi olaraq ilkbaşlanğıca -
kosmosferə can atması məhz harmoniya qanunları əsasında
baş verir.
Kainat
Teatrı Rejissorunun - Dialektikanın qarşılıqlı
bağlılıqda olan üç qanunu - əksliklərin vəhdəti
və mübarizəsi, inkarı inkar və kəmiyyət dəyişmələrinin
keyfiyyət dəyişmələrinə keçməsi
qanunları - ayrılıqda və bir-biri ilə münasibətdə
ümumdünya harmoniyası qanununun tərkib hissələri
kimi fəaliyyət göstərir. Varlığın
universal əlaqələri, interaktivliyində
mövcudlaşan sistemlərin və altsistemlərin daxili əlaqəliliyi
məkan, zaman və hərəkət harmoniyasının pillə,
mərhələ və proseslərində
sinergiyalaşır. Harmoniya qanunu əsasında (1)
varlıq - dünyaya, (2) hərəkət - dinamikaya, (3) zaman
- tarixə çevrilir, (4) biosferin - antroposfer, (5) kosmoloqosun -
psixoloqos, (6) təbiətin - mədəniyyət fazası
yaranır. Beləliklə, varlıq - dünya -
insan yaradılışının bir-birini tamamlayan,
homosivilizasiyanı planet həyatının mühüm təkamül
aktına çevirən ilk böyük meqafazası başa
çatmış və yenisinə keçilişin şərtlərini
meydana gətirmiş olur.
Bütün
canlı aləmdə, xüsusilə, həyatın iki
mühüm aktı
- cütləşmə (insanlarda sevişmə) və
ovlama az qala, ritual səviyyədə teatral mahiyyət kəsb
edir. Demək olar ki, bütün canlılar ovu
ilə oynayır. Pələng porsuqla,
pişik siçanla, köpək balığı suiti ilə,
suiti balıqla..., qalib əsgər məğlub əsirlə
oynayır. Özü də bu, sadəcə,
"oyun" deyil, əslində ölüm-qalım
dramıdır. Sivilizasiya isə
başdan-başa teatrallaşmış bir səhnədir.
Tarixin ayrı-ayrı çağlarında bu səhnəyə
ayrı-ayrı qəbilələr, xalqlar, dillər, dövlətlər,
cəmiyyətlər, dinlər, ideologiyalar, personal səviyyədə
siyasətçilər, diplomatlar, alimlər, o səhnənin
yan-yörəsində bir-birinin tayasını yandıran
bığıburma kişilər, bir-birinə tapança
çəkən qoçular - Əsgər bəylər...
çıxır.
Meqafaunada
(planetin canlı sferası) olduğu kimi, meqaflorada da (planetin
bitki sferası) dramatik teatr yaşanılır. "Ərazi fatehliyi" bitkilərin həyat
prinsipidir. Hündür ağacların kölgəsində
məhv olmaq istəməyən bir kol al günəşin
qızmarında "özünü yandırır" ki, həmin
hündür ağaclar da külə dönsün! Meşədə
ətrafını yandıran həmin kol yenidən kök diblərindən
göyərir və fatehlərin ərazisini fəth edir!
Kosmosferada da bu proses yaşanılır. Kainatın
bətnində, hətta qalaktikalar, metaqalaktikalar bir-birini
"yeyir". Qara dəlik, anti-materiya təkcə
dağıdıcı, məhvedici deyil, həyatyaradıcı
proseslərin başlanğıcıdır. Kainat Dramının
estetikası İnsan Dramının estetikasına ən dərin
stixiyasında proyeksiya olunur... Biz sezsək də, sezməsək
də, o "təbii" dramın gərginliyini, cazibəsini
antropoloji mahiyyətimizlə, hüceyrələrimizlə
duyur, yaşadırıq...
Professor Adil Əsədovun əsas paradiqması -
"teatr insani mahiyyət və insanın real mövcudluğu
arasında yaşanan ziddiyyətin kütləvi
nümayişi kimi" formullaşdırılaraq irəli
sürülür. Bu ideya estetikanın təməl kanonikasına söykənir:
təkcə teatr deyil, bütövlükdə incəsənət,
təbii ki, həm də ədəbiyyat mahiyyətində
harmoniyanı əks etdirən "ideal dünya" ilə mahiyyətində xaosu gizlədən
"real dünya"nın toqquşan və barışan
ziddiyyətli münasibətlərinin bədii dərkidir.
Öz "insani mahiyyəti"ni tapa bilməyən
dünya elə öz ziddiyyətləri içərisində
qıvrılır, qovrulur. Teatr, həm də bu
qıvrılma və qovrulmanın estetik
yaşantısıdır. "İnsani mahiyyətlə
onun real mövcudluğu arasında yaşanan ziddiyyətin"
teatrı - təzadların gərilmiş dramatik təcəssümündə
"dram" olur, komik təcəssümündə
"komediya" olur, tragik təcəssümündə
"faciə" olur. Georq Vilhelm Fridrix Hegel komizmin əsasını
daxili çatışmazlığın zahiri
özünütəsdiqə dəlicəsinə can atması
gülünclüyündə görürdü. Onun fikrincə, Aristofan komediyalarının estetik dəyəri
bundadır ki, o, gerçək substansial mahiyyətini
itirmiş məxluqların məhz belə bir mahiyyətə
malik olmaq iddiasına gülə və güldürə bilir.
Hegelə görə, dünyanın durumu faciəvi və
komik ola bilər. Tərəqqi
Ruhun mahiyyətini və ideallarını əks etdirən
substansial başlanğıcın təntənəsindən
özünə yol açır. Sonra Ruh
daxilindəki nizamı taparaq "aram vəziyyət"
alır, bunun da ardınca tarixin komediya fazası
başlayır. Yeri gəlmişkən, deyim ki, Karl Marks
Hegelin bu ideyasını özünün məşhur
aforizmində belə cizgiləmişdi: "Tarix iki dəfə
təkrar olunur: əvvəl faciə, sonra fars
şəklində." Bu "transformasiya", deyəsən,
incəsənət tarixində də öz əksini tapır:
realizmdən sonra sürrealizmin yaranması onun komediyası
deyilmi?!
Xüsusilə, bu gün bəşəriyyətin
"gülüş mədəniyyəti" (M.Baxtin) onun
estetik dünyagörüşünün, yaradıcılıq
qabiliyyətinin böyük sərvəti kimi, tarixən gəldiyimiz
yolun, müasir sivilizasiyanın dərkində ən kəsərli
vasitələrdən biridir. Bu Mədəniyyətin
Beşiyi - Teatrdır.
Rahid Ulsel
Ədəbiyyat qəzeti 2024.- 10 fevral, №5.- S.19.