Ədəbiyyatın səhnəsi
1
Bir
gün içində, bir həftə, bir ay içində
zaman qurşağında özünə bir yer seç,
baş alıb gedən hadisələrin stixiyasına dal,
ruhunda elə bir ortam yaransın ki, bu hadisələrin hər
birinin rəsmini, səhnədə oynanıb getdiyini, lap
sonuncu ayaq səsini eşidə, görə biləsən. Bu
səhnədə susan adamlara yer yoxdu,
hamı dil-dodaq əsdirir, danışır, nəfəsini
havamıza yamayır, kiminsə ürəyi gedir, kiminsə nəfəsi
çatmır...
Susan
adamlar yerin təkinə gömülüblər sanki,
danışsalar da, səsləri çıxmır, bu mənzərədə
hardasa onların içindən çıxan nəfəslə
güzgülər tərləyir, hardasa heç gözləmədiyin
halda bir çıraq sönür, bir güzgü
baxdığın yerdə çat verir, yazacağın nəsə
o çatın arasında ilişib qalır, pəncərə
şüşəsində oynaşan gün
işığı sənə yuxuda itirdiyin adamların rəsmini
göstərir, ürəyin ağrıyır...
Sən elə
bir yer seç ki, hər şeyi nöqtəbənöqtə
görəsən, heç nə gözündən
qaçmasın, bir anlıq Borxesin yaddaşına yiyələn,
səhnədən dağ çayı kimi "axıb gedən"
at dabanından qopan son qığılcımı görəsən, gözünü kor edən,
bir-birinin içindən keçən, ürəyini üzən
hadisələrin soyuğu günəşi yerə endirər,
görərsən, kimsə günəşi tonqal bilib, əllərini
açıb isinmək istəyir, kimsə nəfəsiylə
sönən közləri üfürür...
Bu son nöqtədə
keçmişə dönüb onu yenidən yaşamaq
şövqü yaranar... Həyatda və ədəbiyyatda...
2
Heç
bir mətn bir dəfə yazılmaqla bitmir, təkrar-təkrar
işlənir, sənin yeni ideya kimi işlədiyin mətn ilk
cümləsiylə keçmişə dönür, hər
vurğu, heca, sətir.. ürək
kimi çarpır, keçmişdə yaranmış mətnlərin
"boşluqları"ndan keçir, onu tamamlamaq
şövqüylə çırpınır, əlinin,
barmaqlarının altında. Eynilə, yerə
enmiş günəşin oduna indi üşüyən əllərini
uzatmaq kimi. Bir araşdırmada oxuyuruq: "... "
Borxesin 60-cı illərin əvvəllərində
yazdığı "Don Kixot"un müəllifi,
Pyer Menar" adlı hekayəsi var. Hekayə ədəbiyyatşünaslıq
essesini imitasiya edir və orada söhbət Servantesin
romanının bir neçə fəslinin hərfini belə dəyişmədən,
yenidən yaratmaq istəyən yazıçıdan
gedir".... X.L.Borxesin "Babil
kitabxanası" bütün dünyanı əhatə edən,
reallığına şübhə olmayan kitabxanadır.
Lakin o labirint kimi qarışıb və orada mövcud olan kitablar aynada
olduğu kimi bir-birində əks olunur. Əfsanəvi
Babil qülləsi bu kitabxananın yanında çox
kiçik görünür. Əsər fantaziya ilə
reallığın sərhədlərində, uydurma ilə
gerçəkliyin sintezində yaranıb..."
Kitablar, mətnlər
bir-birində əks olunur...
Çağdaş
nəsrimiz indi belə bir dövrü yaşayır,
keçmişin gözəl mətnlərini tamamlamaq işi hələ
zəif olsa da, proses gedir. Bu onu göstərir
ki, nəsr yeni nəfəslə dolur, yeni naxışlar boy
atır. Sovet dövründə yazılan,
məlum məsələyə görə insanların bəyənmədiyi
(dərhal rədd etdiyi - !) mətnlərin içindəki
ağrılar qövr edib yeni dərdlər çiçəkləyəcək.
Mirzə Cəlilin sovet dövrünə düşən
ömrü yeni bədii mətnlər "yaradacaq".
Janrların çevrilməsi, transformasiyası baş verəcək:
şeirlər hekayələrə, pyes və romanlara
çevriləcək, yenidən yazılacaq, boşluqlar yeni
hisslərlə dolub daşacaq, olsun ki, Əliağa Vahidin
bütün külliyyatı kiminsə qələmində
roman cildində zühur etsin. Yaxud "Gələcək
gün", "Pərvanə"... Milli ədəbiyyatda
dövründən asılı olmayaraq bütün hisslər,
bütün duyğular bu və ya digər şəkildə
bir məqamda uc-uca calanır və bu, heç də
post-modernizm məsələsi deyildir. Xətai haqqında
çox romanlar yazıldı, bəlkə heç biri
dediyimiz ideyanın əksi deyildir, ən mükəmməl,
ürək doyduran mətn o zaman yaranacaq ki, onların nüvəsində
Xətainin şeirləri, varsağıları dursun,
onları yaradan enerji dursun...
Ən gözəl əsər ən dar macalda yarana bilər.
Bu barədə sonra...
Cavanşir Yusifli
Ədəbiyyat qəzeti 2024.- 10 fevral, №5.- S.23.