Yarpağını tökmüş ağaca dediklərim...
Qara-qara
adamların
arasından
keçib getməyə çalışıram.
Qara-qara
gödəkçələrin,
Qara-qara
ayaqqabıların,
Qara-qara
çantaların
Qara-qara əlcəklərin...
Çətin...
Qara-qara
adamların arasında
Ürəyimdə
qalır ağ-ağ fikirlər,
Boğazıma
tıxanır
Ağ-ağ
sözlər...
Küçədə
satılan nar qalağında
Qırmızı-qırmızı
umid axtarır
Gözüm..
Üzüm
Hər
axşam söykəli şüşələrin
bu
üzündən küləkli şəhərə
Lampalarının
sarı işığında
Qar dənəsi
axtara-axtara
Anqappaq
çıxa bilərik, deyirəm,
Anqappaq
çıxa bilərik səhərə...
***
Ağ
qağayılara hopur
səhra
karvanlarının qoxusu
Dəniz
sahillərində
Əllərim
qoynumda üşüyə - üşüyə
Üzümü
soyuq dalaya dalaya
Bir səhra
yuxusu görürəm...
Görürəm
ki, səslənir zınqrovlar
Görürəm
ki
xırçıldayır qum
Dum -
duru
günəş üfüqə əyilib,
gözlərimi
qamaşdırır
Görürəm
ki üzü qüruba ölürəm...
Oyatmır
məni qağayı qanadlarının səsi
Böyük
əzablardan sonra toz kimidir bədənim
Uzaqlarda,
Çox
uzaqlarda
Qumun
istiliyini dərimdə hiss edə-edə
Günəşlə
səhranın arasında əriyir bədənim...
***
Gözlərimin
yaşı
Yarpaq-yarpaq
qopub düşmür
Çiçək-çiçək
çiçəkləmir
Mən
göz yaşı - göz yaşı təklənirəm...
Göy
göyərçinlərə bənzədirəm göz
yaşlarını,
Hər
axşam onlara qoşulub uçuram
Hər səhər
qonşu evinin artırmasının damına
Göy
göyərçinlər üçün dən səpirəm...
***
Hər
gecə
Qollarımı
yana açıb
Özümü
buraxmaq istəyirəm boşluğa
Beşinci
mərtəbədən...
Nə
cır şabalıd ağacının budağına
qonmaq
qorxudur məni
Nə nəm
asfalta çaxılmaq,
Nə
elektrik xəttinə toxunmaq qorxudur məni
Aşağıda
Bir birinə
qısılıb yatan pişikləri
Qorxutmaq
qorxudur məni...
***
harda
intizar var,
harda səma
var
harda
buludların boz dərinliyi
harda bir
qadının çiyinlərində
ən
gizli sirlərin öz dərinliyi...
əllərin uzana bilmədiyi yer,
gözlərin boylana bilmədiyi yer,
kişi
ürəyinin döyüntüsündən
sözlərin boylana bilmədiyi yer...
məhəbbət xəyaldır,
həqiqət boğuq
dənizin sinəsi ölüm daşıyır
bizə
elə gəlir şəhərlər evdir,
şəhərlər qapıdır, karvan qapısı
qocalar
köç edir, Allah yaşıyır...
dayanır, baxmayır kim keçib gedir,
dayanır, eşitmir duaları da
özü hər yerdədir
ruhu bax
burda,
bax
burda: çiçəklər içən sularda...
kiçik bir yarpağın saplağındakı
qopmaq
qorxusudur Allahın ruhu
böyük bir qayanın çatlağındakı
qarmaq
qorxusudur Allahın ruhu...
mən
onu tutmuşam ovuclarımda
dünyadan keçmişəm övuclarımda
Allahın
quşların uçuşundakı
ruhunu
içmişəm ovuclarımdan...
harda
intizar var,
harda səma
var
bir vərəq
yazı var, bir qara qələm
qadın
çiynindəki sirr nöqtəsində
unut
şəhərləri,
mən
o nöqtəyəm...
Atama
Baxıram
uzun-uzun
Baxıram sonsuzluğa.
Səs
yox,
yol yox,
kölgə yox.
Ayağıma
toxunur ləpələri dənizin
Özü
susuz, yatağı boşluğun dərinliyi...
Nə deməkdir
var olmaq
Nə deməkdir, bilmirəm.
Bəlkə
mən unutmuşam,
bəlkə
o heç olmayıb.
Elə
gedib, əlinin istisi də qalmayıb
Elə
yoxdur, elə bil heç zaman doğulmayıb...
Bir tərəfim,
bir yanım yoxdur..
Çox
uzaqlara
Məktub
yollaya bilsəm,
gedib
yerinə çatmaz
Kim deyir
uçurumlar ayaq altında olur
Mən
bir boşluq duyuram,
hamı
keçib o yerdən
Getdiyi yerə
gedər,
Bir də
geri qayıtmaz...
Nədir məni
dindirən,
Kimdir dilimi açan?
Mən ki
Elə
baxıram, baxıram bu boşluğa
Dəli
kimi susmuşam, dəli kimi ölmüşəm,
Kimsə
dirilə bilməz qarışıb sonsuzluğa...
Hədiyyə Şəfaqət
Ədəbiyyat qəzeti 2024.- 10 fevral, ¹5.- S.21.