Sevgi fəlsəfəsinin xiridarı

 

Əbülfət Mədətoğlunun “Yoruldum ahları körpü etməkdən” kitabı haqqında

Ömrünün müdriklik çağında Əbülfət Mədətoğlu 65 illik yubileyi münasibətilə "Yoruldum ahları körpü etməkdən" adlı növbəti kitabını oxucularına ərmağan edib. Kitabın redaktoru, "Yeni səs" saytının baş redaktoru Fəridə xanım Rəhimlinin də xüsusi vurğuladığı kimi, pensiya yaşını - 65-i haqlasa da, hələ də xəyali Leylisini aramaqda davam edən şair çətin ki, Məcnun libasına "əlvida" deyə. Təbii ki, Əbülfət Mədətoğlu yaradıcılığına yaxından bələd olanların hər biri də bunu şəksiz təsdiqləyər...

 

Gün yaşayır sələmiylə Əbülfət

Dəftəriylə, qələmiylə Əbülfət...

Sevgi adlı ələmiylə Əbülfət -

Yol ölçdüyü bu dünyada iz qalır...

 

Bəli, şairin başlıca məramı yenə əvvəlki təkindir, sözü o Qadınadır. Yaradıcılığı yaşananların pıçıltılarıdır, Tanrının ən böyük mətləbinə söykənir. Onun şeirlərinin bədii-estetik dəyəri özünəməxsusdur. Bütün yaradıcılığının mayası ulu Yaradanın mükəmməl eşq fəlsəfəsindən yoğrulub. Emosional qat səni bağrına basır, kədər okeanının ağuşuna düşürsən. Şair hər bir kəsi sevgi nəğmələrinə qovuşdurur. Onun nəzmindən həm dünən, həm də bu gün boy verir, klassika ilə müasirlik vəhdətdədir. Plagiatlıq Əbülfət Mədətoğlu yaradıcılığına yaddır, onun buna qətiyyən ehtiyacı yoxdur, hər kəlməsi, hər bəndi içdəngəlmədir.

 

Mənim ürəyimin baharı Sənsən,

Qışı tənhalıqdı, bir də ahdı...

Mənim varlığımın hər anı Sənsən -

Sənsizəm söyləmək böyük günahdı!

 

Bəlkə də, tək-tük qələm əhlindəndir ki, yaşantılarına sığal çəkmir, bütün səmimiyyətilə, incəliklərinə qədər bölüşür. O, sevgi dünyasına gah ən uca zirvələrdən boylanır, gah da buludlarla qoşalaşıb kirpiklərini pərçimləyərək saf bulağa çevrilir, qananlara eşq şərbəti daddırır. Onun yaradıcılığı eyni zamanda bir növ qabaqkı aşıq toylarını andırır, dilimizin bütün incəliklərini ortalığa qoyur, ana dilimizlə bağırbadaş olursan. Şeirlərindəki Qarabağ ləhcəsinin zərləri də səni özünə çəkir. Beləcə, onun sözlə, sözün də onunla bu qədər doğmalığına həsəd aparırsan. Azərbaycan türkcəsindən bədii xalılar sıralayır. O, kəlamlar xiridarıdır. Dədə Qorqud ruhu onun yaradıcılığı və sevgi dastanının mayasındadır. Əbülfət Mədətoğlu ulu Qarabagda, füsunkar Tuğda ağlı kəsəndən aldığı dərsləri eynilə şeirlərinə hopdurur. Məhz ona görə də onun yaradıcılığı ulu təbiət qədər hər birimizə doğmadır.

Şairin başlıca mətləbi Tanrı fəlsəfəsinin sevgi üzərində bərqərar olmasından qaynaqlanır, hayqırtısının məramı da elə budur. Əbülfət Mədətoğlu yaradıcılığının diqqətçəkən özəlliklərindən biri onun hər gün qələmə sarılması ilə bağlıdır. Şübhən qalmır ki, demək olar heç yatmır da, gecələr onun şeirlərinin möhtəşəm körpüləridir. Əksər şeirlərinin mayası elə yuxudaykən yoğrulur. Ömür yoluna yaşıl işıq yandıran, bəzən "gözlə", bəzən də "dur" deyən sevgi işıqforu onun eşq tonqalına kösövü kösöv dalınca tolazlayaraq gur alovunu öləziməyə qoymur. Onun çəkdiyi sevgi yükünə tab gətirmək hər oğulun işi deyil...

 

Ağ vərəqdə əlim hər an gül əkdi,

Nəfəsim də tel oxşayan küləkdi...

Gül içində bəyəndiyim gül təkdi -

Allah təkdi, Sevgim təkdi, Sən də tək!

 

Onun ruhunun yerdəmi, göydəmi olduğunu ayırd eləmək müşkül məsələdir, axı, bunu əslində heç o, özü də bilmir. Daxili pıçıltıları səngimir. Şeirlərindən göründüyü kimi Tanrı onun ustadı, müqəddəs ağsaqqalıdır...

 

Əl açan saysızdı, dinləyən Sən - Tək!

Başqa ümid yoxdu, varlığa Səntək!

Allahım, Allahlıq yükünü Sən çək -

Mən də bəndə qalım Sənə alqışla!

 

O, həyata sevgidən boylanan kəslərdəndir. Şeirlərində vurğuladığı kimi, eşq dini və qibləsidir. Yaradıcılığı sevgi dualarıdır. Yozumları səngimir. Poeziyasında çox vaxt Xəzərin dalğaları tək çağlayır. Təkliklə əlbəəldir, birgə addımlayırlar. Ahları tükənməz. O, kövrələndə buludlar da ona qoşulur. Gah eşqin piyadası, gah da atlısı olur, var gücü ilə çapır. Bəlkə də, məhdud şairlərdəndir ki, qələmə aldıqlarının hər birində mütləq nəsə var. Hər gün yazmağı qismən də olsa ovunmaq üçündür. O, sevgini, sevgi də onu körüklədikcə, qələm dilə gəlir, nalə yağdırır, bir-birindən üstün mətləbləri sıralayır, ahı Tanrı dərgahına dirənir. Beləcə, onun məhəbbət dastanın növbəti boyları araya-ərsəyə gəlir. Əbülfət yaradıcılığının özəlliyi ondadır ki, hər gün qələmə sarılsa da, bir-birini döyən şeirlərinə qətiyyən rast gəlməzsən, mövzusu əsasən eyni olsa da...

 

Əlim Allah ətəyində, ünümsə

Sənə çatır, bəs eləyir - gülümsə!

Bu sevgidən mənə düşən ölümsə -

Sevə-sevə səsləyəcəm, bunu bil!..

 

Əbülfət Mədətoğlu yaradıcılığında sevgi və yurd həsrəti daim qoşa ləpir olub. Vaxtilə şeirlərinin birində:

 

Əriyir ömrüm, yaşım da,

Əriyir dağım, daşım da!

Papağım düşmən başında -

Bakıda papaq gəzirəm!..

 

- deyən şair indi istər ölkəmizin möhtəşəm paytaxtında, istərsə də, Qarabağın hər bir bucağında, o cümlədən, doğmaca Tuğunda papağını yan qoyub gəzir, canbir ellərinə hayqırtısını da, şeirlərini də mərdi-mərdanə yetirə bilir. Artıq bir neçə dəfə Tuğu bağrına basaraq bir-birini nəzmə də çəkiblər. Bu "deyişmə"də Qarabağ da ona çoxdan fürsətini gözlədiyi "halal olsun, eloğlum!" alqışını layiq bilib.

 

Axır ki, duruldu yurdun səması -

Dualar selləndi şəhid adına!

Əsgər oğulların Vətən anası -

Təbəssüm sarıdı yaralarına!

 

İndi Əbülfətin bircə istəyi var, ulularının həsrətinə də nəhayət ki, son qoyulsun, eyni soy-kökdən olduğu soydaşları Qərbi azərbaycanlılarla birgə (onun əsli Naxçıvan və Qərbi Azərbaycandandır) Vətənimizin o parçasını da bağrına basmaq, orada da poeziya şərbətini dadmaq ona qismət olsun.

Bu məqamda Əbülfət Mədətoğlu yaradıcılığı ilə bağlı təxminən 4 il əvvəl dilə gətirdiyim və qələmə aldığım bir mühüm qeydi yenidən səsləndirmək istərdim. Ona görə ki, təəssüf, ölkəmizdə əsl ədəbi tənqid (təbii ki, məhdud sayda tənqidçiləri çıxmaq şərtilə) hələ də yerində sayır. Buna əyani nümunə kimi Əbülfət Mədətoğlu kimi qələm əhlinin yaradıcılığına hələ də qədərincə dəyərin verilməməsidir. Bir daha təkrarlayıram, Azərbaycan bədii sənətinin ustadlarından Elçinin təbirincə desək: "Əbülfət poeziyasının bədii-estetik səviyyəsi ədəbi prosesin faktına çevrilməyə layiqdir!".

 

Azad Müzəffərli

 

Ədəbiyyat qəzeti  2024.- 10 fevral, №5.- S.26.