Zamanın tərs axını və
ya yaddaşın qiyaməti
Vaqif
Sultanlının "Tərs axın" hekayələr
kitabı bir müəllifin timsalında son yarım əsrdə
zamanın bədii sözdəki axını (həm
düzünə, həm də tərsinə), ədəbiyyatın
keçdiyi yol (həm enişli, həm yoxuşlu) barədə
mülahizə yürütmək, eləcə də
yazıçının yaradıcılığında
baş verən keyfiyyət dəyişmələrinə nəzər
salmaq baxımından əhəmiyyətlidir.
Bədii
söz yaradıcılığından bəhs etməzdən
əvvəl Vaqif Sultanlının ədəbiyyat tarixi
ixtisasının professoru olduğunu, universitetdə Azərbaycan
ədəbiyyatı tarinin XX-XXI əsrlər
dövrünü tədris etdiyini, ədəbiyyatın nəzəri
problemlərinə dərindən bələdliyini xüsusi vurğulamağın
faydalı olacağını düşünürəm: Vaqif
müəllim ədəbiyyatda nəyin nə olduğunu, bədii
sözün haradan gəlib haraya getdiyini peşəkar səviyyədə
bilir və bunun dərsini verir.
Vaqif Sultanlının ilk hekayəsi 1980-ci ildə nəşr
olunub. Söz
meydanında böyük xidmətləri olmuş
"altmışıncılar" ədəbi nəsli həmin
dövrdə öz missiyasını
tamamladığını və yeni axtarışların zəruriliyini
hiss etməmiş deyildi. Bu haqqı da danmaq olmaz ki, tarixin və
ədəbiyyatın yeni zamanının
çağırışlarına səs verənlərin
önündə gələnlər də elə
"altmışıncıların" özləri idi...
O illərdə
ədəbiyyatın bəzən öz keçmişindən,
xüsusilə 1960-cı illərin romantik əhval-ruhiyyəsindən
ayrılmağa çətinlik çəkdiyini qeyd etməklə
yanaşı, ədəbiyyatın zamanı ilə tarixin
zamanının axınları arasında dərin ziddiyyətdən
daha çox, ilk baxışda gözə çarpmayan uyum
olduğunu düşünürəm, bunlar bir-birini
tamamlayırdı, ədəbiyyat zamanın
gedişatını doğru hiss edirdi. 1970-80-ci
illərdə "Məhşər" (İsa Muğanna),
"Qiyamət" (Çingiz Aytmatov), "Qətl
günü" (Yusif Səmədoğlu), "Ölüm
hökmü" (Elçin) motivini roman sərlövhəsinə
gətirən bədii söz ürəyədamma əhvalı
ilə yaşayırdı. 1980-ci illərin ortalarında
İsa Muğannanın Azərbaycan ədəbiyyatında
"altımışıncıların" manifesti hesab
olunan "Yanar ürək"dən imtina edib,
"İdeal"a tapınması təəccüb
doğurduğu qədər də bədii sözün təkamülünü
izələmək baxımından üzərində
düşünülməyə dəyən hadisə idi...
Həmin illərdə zahirən durğun görünən
cəmiyyətin ziddiyyətləri isə getdikcə dərinləşir
və qəlizləşir, ictimai proseslərin axını
burulub tərsinə dönür, yeni məcraya çıxa
bilmirdi. Vaqif
Sultanlının 1988-ci ildə nəşr etdirdiyi publisistik
yazılardan birinin başlığı o zamanın ədəbiyyatındakı
ictimai mənzərəni dəqiq ifadə edirdi: yazı
"Ziddiyyətlər burulğanında" adlanırdı və
cəmiyyət də, ədəbiyyat da burulğandan
çıxa bilməyəcəkdi.
Vaqif Sultanlının 2023-cü ildə nəşr
etdirdiyi "Tərs axın" hekayələr
kitabının adı ilə 1980-ci illərin burulğanı
arasında səsləşməni görməmək
mümkün deyil. Zamanın və məkanın tərs
axın yönündən təqdimi isə müəllifin
"Səhra savaşı" romanında sınaqdan
keçirildi. Roman boyu Qoca tarixin
xarabaları arasından irəli, keçmişə doğru
yol gedir, onu "zamanın tərs axını elə sürətlə
aparırdı ki, o bu sürətin ahənginə uyuşa
bilmir, bircə anlıq dayanıb düşünməyə,
illərin xatirəyə çevirdiklərinin təkrar
gerçəkliyə dönüşünün içəri
dünyasındakı yaşantılarını çək-çevir
etməyə imkan tapmırdı".
"Səhra savaşı"nda Qoca zamanın tərs
axınına düşdüyü kimi, hekayələrin əksəriyyərində
müxtəlif rakurslardan göstərilən insanlar da
zamanın və məkanın fövqündə təqdim
olunur. Kitabda hekayələrin xronoloji ardıcıllıqla
deyil, tərs axın məntiqi ilə düzülməsi də
müəllifin niyyətini ifadə edir.
Yazılma
tarixinin xronologiyası baxımından buradakı hekayələrin
ən "yaşlısı" "Yovşan ətri"dir.
Bu həm də Vaqif Sultanlının mətbuatda nəşr
olunmuş ilk nəsr əsəridir. Müəllifin
qeydinə əsasən, hekayə 1978-ci ildə
Bağçasaray, Yalta və Bakı şəhərlərində
yazılıb. Hekayənin doğulma məkanları
Vaqif Sultanlının yaradıcılıq yolunu izləmək
baxımdan maraqlıdır. Səyahət
etməyi çox sevən Vaqif müəllimin sonrakı bədii
əsərlərinin əksəriyyəti dünyanın fərqli
coğrafiyalarında araya-ərsəyə gəlib.
"Yovşan ətri" hekayəsində ilk
ağıla gələn əsərin yazıldığı
zamanın ədəbiyyatdakı ətridir. O vaxt universitet tələbəsi
olan gənc yazıçının hekayəsinin qəhrəmanı
da tələbədir. Hekayənin ilk cümləsində
həmin tələbə əlində çamadan
"günün hərarətindən cadar-cadar olmuş,
göz işlədikcə uzanan yovşanlı düzənlərin
arası ilə kəndə gedən işlək yolla ...
addımlayır".
O vaxt
şəhərdən kəndə gələn və kənddən
şəhərə gedən tələbə (gənc)
obrazları ədəbiyyat üçün yeni hadisə
deyildi. Vaqif Sultanlının hekayəsində isə
çoxluqdan seçilən iki fərqli məqam var idi:
birincisi, ilkin yaddaşla XX əsrin sonunun, urbanizasiya
dövrünün insanı arasında rabitə yaradan
yovşan ətri motivi. Hekayənin doğulma məkanları
ilə tarixə hopmuş yovşan ətri motivi arasında da
şüuraltı səsləşmə olduğunu qeyd etmək
mümkündür. Türk
yaddaşının dərinliyindən gələn, bir
sıra yazıçıların (Qazaxıstanda Moris
Simaşko, Rusiyada Murad Aci kimi) əsərlərində
müşahidə olunan bu motiv sonradan Vaqifin bədii
yaradıcılığının sədaqətli
müşayiətçisinə çevriləcəkdi.
"Yovşanlı çöllərin üstü ilə
ağır-ağır çıxıb gedən duman
qocanın ömrünə çökən sonuncu duman
olacaqdı" ("Səhər dumanı"); sevgilisi
Yaxşının sorağı ilə düzlərdən
keçib dağlardan aşan aşıq "görüş
yerinə" - Yaxşının qəbrinə
yaxınlaşanda "havadan yovşan ətri gələcəkdi"
("Görüş yeri"); bu dünyanın çəpik
səslərindən cana doyan insanı "su səsi, külək
səsi, yovşan ətri... ixtiyarsız olaraq bu günündən
alıb, keçmişə aparacaqdı" ("Ada");
Birinci Qarabağ müharibəsi vaxtı qaçaqaçda
yurdundan didərgin düşmək məcburiyyətində
qalan itin boynunu sahibi "kəndin ətəyində
yovşanlı düzənliyin arası ilə uzanan
çınqıllı yolda ... son dəfə
qucaqlayacaqdı" ("Vətən"); adilikdən
çıxıb qarşı sahildə qeyri-adilik axtaran insan
"qumlu səhralardan, yovşanlı, yulğunlu
çöllərdən... keçərək günlərlə
yürüsə də, yolun sonuna vara bilməyəcəkdi"
("Gil ovsun").
Vaqif Sultanlının bədii
yaradıcılığının ilk dövründən
başlayaraq onun əsərlərinin içindən keçən
daha bir motiv də yoldur. Başlanğıcda, 1980-ci ildə qələmə
alınmış hekayədə bu, ağ
yoldur və həmin yoldan da yovşan ətri gəlir: "Bu
ağ yol kəndin ətəyindən başlayaraq
yovşanlı düzənlərin içərilərinə
doğru uzanıb gedirdi" ("Ağ yol"). Sonradan həmin yol irreal məkana və zamana
uzanacaqdı. Beləliklə, Vaqif
Sultanlının istər ilk hekayələrində, istərsə
də sonradan qələmə aldığı pritçalarda
yovşan ətri və yol motivini mətnlə oxucu arasında
yaddaşın rabitəsini quran bir vasitəçi kimi
görürük. Yaddaşın zamanı isə
yazıçının da, oxucunun da şüurunun və iradəsinin
ötəsindədir...
İlk
hekayədə diqqəti cəlb eləyən daha bir
mühüm məqam gənc müəllifin bədii sözlə
davrana bilmək mədəniyyəti, tanış
mövzuya bədii don biçə bilmək, tanış həyat
faktını orijinal bədii həqiqətə çevirə
bilmək məharəti, sakit, durğun görünən həyatın
içindən hekayə çıxartmaq bacarığı
idi. İki günlüyə kəndə, ata
ocağına gələn, anasının xatirəsi ilə
yovşan ətrinin əsarətindən çıxa bilməyən
tələbə kənddən şəhərə
böyük ağrı ilə qayıdır. Səhərdən axşama qədər işləyən,
oturub oğlu ilə söhbət eləməyə vaxt tapa
bilməyən kəndlinin cibində tələbə
oğlunu yola salmağa pulu yoxdur, o, pul üçün
qonşunun üstünə getməli olur. Hekayənin
ictimai qayəsi də elə bunun üzərində qurulub,
atanın qonşudan aldığı borc pulu cibinə qoyan (tələbə
oğlanın ona ömürlük ağrı yükləyən
borc puldan imtina etmək seçimi yoxdur) oğul şəhərə
gedəcək, ömür boyu yovşan ətirli yurdun
ağrısı, vicdan borcunun əzabı ilə
yaşayacaqdı...
İlk
hekayələrində Vaqif Sultanlı çoxumuzun
müşahidə etdiyi, fərqinə
varmadığımız faktlardan bədii düşüncə
üçün faydalı xammal kimi istifadə etmək və
həmin "xammalı" yüksək ustalıqla emal edə
bilmək bacarığını nümayiş etdirə
bilmişdi.
Aydınlıq üçün qeyd edim ki, Vaqif
Sultanlı ilə mən universitetdə eyni illərdə təhsil
almışıq. O vaxtın tələbə həyatının ən
maraqlı məkanı, yəqin ki, yataqxana idi. Macəralarla
dolu yataqxana həyatının özünəməxsus adətləri,
məişəti və yaşayış tərzi vardı,
hamımız buradakı "insan mənzərələrinin"
yaranmasında eyni dərəcədə iştirak edirdik.
Bu mənzərələrin bir detalı da
qızların yataqxanasına oğlanların
buraxılmaması idi. "Əgər
qızları çağırmaq lazım olsa, burada
yaşayanlardan kiməsə otağın nömrəsini, bir də
çağıracaqları adamın adını deyirlər.
Yuxarı qalxan tələbə də gedib
çağıracağı adamın
qapısını-filanı döyüb eləməz, elə
dəhlizdəncə səsləyər... Elə
buna görə də yataqxanada bir nəfəri
aşağı çağırsaydılar, beş mərtəbənin
beşi də bu çağırışı eşidərdi".
"Xurmayı saçlar" hekayəsini oxucuya təqdim
edən təhkiyəçinin (mətndən onun oğlanlar
yataqxanasının sakini olduğu anlaşılır) söylədikləri
qızlar yataqxanası ilə üzbəüz yataqxanadan
müşahidə elədikləridir. Xurmayı saçlı
qızı və onu sevən oğlanı nə təhkiyəçi
tanıyır, nə də oxucu. Qızla
oğlanın münasibətlərinin təfərrüatları
da təhkiyəçinin və oxucunun "görüş məsafəsindən"
kənardadır. Buna baxmayaraq hekayə müəmmalarla
dolu qəmli bir sevgi tarixçəsi kimi qavranılır...
Qəhrəmanlarını
və təhkiyəçini iki yataqxana arasındakı məsafədən
tanıdığımız bu hekayə Vaqif Sultanlı
yaradıcılığının fərqli bir təmayülünün
başlanğıcı kimi də maraqlıdır: burada gənc
müəllif xarakter yaratmaqdan, xarakteri yetişdirən ictimai
mühiti izləməkdən daha çox, ümumiləşdirmə
aparmağa, pritça ənənəsini müasir nəsr
poetikası ilə stilizasiya etməyə cəhd eləmişdi.
Azərbaycan ədəbiyyatında köklü ənənələri
olan pritçalarda və ya hekayətlərdə xarakterlərin
daxili aləminin açılması, psixoloji konfliktin incələnməsi
mütləq deyil, hadisələrin hansı məkanda və
hansı zamanda baş verməsi şərti səciyyə
daşıyır. Burada fikrin
çoxqatlılığı, oxucuya sözün altından
söz çıxartmaq imkanlarının yaradılması,
oxucunun yozum sərbəstliyinə üstünlük verilməsi
səciyyəvidir. Həyat və
ölüm, xeyir və şər, sədaqət və xəyanət,
sevgi və nifrət kimi əbədi suallar qaldıran, həmin
sualları zamanın işığına tutan
pritçalardakı detallar, obrazlar
simvollaşdırılır, rəmzi məna
daşıyır.
Bu keyfiyyət Vaqif Sultanlının 2015-ci ildə nəşr
etdirdiyi "Səhra savaşı" romanında
özünü daha bariz göstərir. Romanda hadisələr
zamanın o biri üzündən təqdim olunur. "Tərs axın" kitabında toplanmış
hekayələrin də böyük əksəriyyətində
hadisələr zamanın fövqündə baş verir.
Müəllif bu pritçalarda da öz yaradıcılıq
prinsipinə sadiqdir - tanış əhvalatları,
hər kəsin başına gəlməsi mümkün olan vəziyyətləri
bədii mətn materialına çevirmək
ustalığını nümayiş etdirir. Kitabdakı
"Budda heykəli" hekayəsində təqdim olunan
mühit - professorun mühacirət etməzdən əvvəl
uzun müddət işlədiyi məkan mənə
yaxşı tanışdır. Lakin zaman keçdikcə
tanış məkanın içində
yetişən həyatın tanış gerçəkliyinə
hekayədə zamanın xaricindən baxılır, gözlə
müşahidə olunan gerçək məkan və həmin
məkanda baş verənlər hər bir oxucunun sərbəst
şəkildə yoza biləcəyi şərti işarəyə,
simvola çevrilir. Gözdən uzaq olanın
könüldən qırağa düşməsi yalnız
şəxsi ünsiyyət rabitəsinin
qırılmağından, professorun qürbətdə
yaşamasından irəli gələn məsələ deyil,
alimini, düşüncə adamını özündən
uzaqlaşdıran cəmiyyətdə gedən cırlaşma,
keyfiyyətsizləşmə ilə bağlı ciddi ictimai
problemdir. Bu adi həqiqəti mühitin
içində yaşayan adamlar özləri görə bilmirlər,
daha doğrusu, görmək onların ağıllarına belə
gəlmir. Balıq sudakı mühitə
bağlı olduğu kimi onlar da öz mühitlərinə alışıblar,
onların təsəvvürünə görə hər
şey belə də olmalıdır.
Ətrafda baş verənlərin mahiyyətini cəmiyyətin
öz başı üstündə ucaltdığı Budda
heykəli - kor dilənçi daha aydın görür. Çünki
qürbətdə yaşayan professor kimi o da ictimai proseslərin,
başqa sözlə desək, zamanın xaricindədir, tərs
axını təmsil edir.
Onu da
deyim ki, Vaqif Sultanlının yaratdığı "Budda heykəli"
bədii düşüncənin təkamülü
baxımından da nəsrimizin "tərs
axınını" təmsil edir. Hekayə-pritçanın
istər məzmununu, istərsə də dilini, poetik sintaksisini
janrın yaratdığı düşüncə mühitindən
təcrid etmək, dilə mətndəki düşüncə
mühitindən kənarda baxmaq mətnə dəxli olmayan
iddiaların irəli sürülməsinə ayaq verə bilər
və bunu "Kulis.az" saytının hekayəyə həsr
etdiyi müzakirədə aydın görürük.
Əslində, təsəvvürlərdə
"avtomatlaşmış" "hekayə dili"
sisteminin pozulmasına cəhd kimi diqqəti çəkən
bu mətn ciddi filoloji müzakirə aparmaq üçün əlverişli
ola bilərdi. Bunun əvəzinə,
"müəllifin dilinin" müzakirə olunması məsələni
mahiyyətindən xeyli uzaqlaşdırır. Zənnimizcə, bədii dili "yaratmaq" müəllifin
deyil, əsərin səlahiyyətində olan məsələdir.
Məsələn, "Danabaş kəndinin əhvalatları"
ilə "Xatiratım"ı eyni müəllif - Cəlil Məmmədquluzadə
yazsa da, bu əsərlərin hər birinin dili Azərbaycan bədii
dilinin fərqli səviyyələrini təmsil edir...
Təəssüflər
olsun ki, əsərin "yaratdığı" dil ilə
müəllifin "yaratdığı" dil
anlayışları çox vaxt qarışıq
salınır, müəllifin "yeni bədii dil yaratmaq"
həvəsinin isə dil üçün də, ədəbiyyat
üçün də nə dərəcədə qeyri-ciddi
cəhd olduğu nəzərdən qaçırdılır.
"Tərs axın" kitabındakı "Kül qəfəs"
də şərti-metaforik dildə yazılmış
pritçadır. "Əsərdə dilin yalnız
informativ səciyyə ilə məhdudlaşmadığı,
tarixin bərpasına yönəlik köklü funksiya
daşıdığı, həmçinin rəmz-obraza
çevrilərək bədii mətnin ayrılmaz komponentlərindən
birini oluşdurduğu" qənaətində və
mövqeyində olan Vaqif Sultanlının bu hekayəsində əsas
fikir - pritça ümumiləşdirməsi küllə
bağlı inancdan gələn, dilin yaddaşında
yaşayan sözlərin, ifadələrin üzərində
qurulub. "Küllükdə eşələnmək",
"külü eşələmək", "kül ələmək",
"küllənmək", "kül rəngi",
"başına kül yağmaq", "başına
kül tökmək", "külünü göyə
sovurmaq", "odu söndürüb, külü ilə
oynamaq", "arxasınca kül atmaq", "gözə
kül üfürmək", "küllə yuyunmaq",
"kül olsun gözlərinə", "xəyalları
kül olmaq", "kül təpəcik" - bunlar
müasur ədəbi dilimizin fəal leksikasında işlədilən
sözlərdir və onları işlədərkən
hansı sözün hansı qaynaqdan gəldiyi, etimoloji mənbəyi
barədə düşünmürük. Hekayə
dilin yaddaşını danışdırır - dilin
yaddaşındakı kül mətndəki yerindən
asılı olaraq müxtəlif "görüntülərlərə"
çevrilərək əyaniləşdirilir.
Hekayədəki
əhvalat o dünyada baş verir və "o dünya"
anlayışı da şərti səciyyə
daşıyır: təhkiyəçinin oxucu ilə
ünsiyyət qurduğu "kül qəfəs" yuxu kimi
də, xəyal kimi də, ölümdən sonrakı həyat
kimi də qəbul edilə bilər. Bura real
olmayan bir məkandır. "Yol boyunca...
yanıb külə dönmüş torpaqdan, orda-burda küllənən
hisli-paslı adamlardan savayı heç nə gözə dəymir".
"Kül qəfəs"də gerçək aləm
ilə gerçək olmayan aləm bir-birindən o qədər
də uzaq deyil və bir-biri ilə təmasdadır. Qəfəsin
içində küllənənlərdən biri təhkiyəçinin
uşaqlıq dostudur, müəmmalı şəkildə qətlə
yetirilib, biri doğma anasıdır. Ana da
qətl qurbanıdır, o, körpə olanda əri (təhkiyəçinin
atası) qətlə yetirib. Qəfəsdə küllənənlərdən
biri də onun gəncliyində, şəhərə gəldiyi
ilk günlərə tanış
olduğu, sevdiyi, xəyanət gördüyü
qızdır...
"Kül qəfəs"in bizə təqdim etdiyi bədii
aləm ilə dilin yaddaşı tərs axında verilir - təzad
təşkil edir. Dilin yaddaşının dan üzündən Dədə
Qorqud: "Kül təpəcik olmaz", - deyə səslənir.
"Kül qəfəs"də isə səsi o dünyadan
gələn təhkiyəçi ilə bu dünyada sevdiyi
qız... "Adamların arasından keçərək
kül təpəciyə dırmandılar. Burdan hər tərəf ovuc içi kimi aydın
görünürdü. Təpəciyin
üstündə yanaşı oturdular. Qız
başını onun çiyninə söykəyərək
gözlərini yumdu. Qızın əlini
ovcuna alaraq bir anlığa hər şeyi unutdu. Ancaq qəfildən
xəyallardan qoparaq:
- Bura niyə
gətirdin məni? - sordu.
- Kül
təpəciyi görməni istədim.
- Mən elə bilirdim, kül təpəcik olmaz".
Bu dünya ilə o dünya arasındakı məsafə
yuxu ilə oyaqlıq, xəyalla gerçəklik, həyatla
ölüm arasındakı məsafə qədər bir-birinə
yaxındır. Külün təpəcik olması isə tərsinə
axan zamanın gətirdiyi qiyamətin özüdür. Mənə
elə gəlir ki, mətnin oxucuya ötürdüyü ana
fikir də bundan ibarətdir. Görünür, miflərin,
inancların, dinlərin vəd etdiyi qiyamət kimi,
ayrı-ayrı fərdlərin yaddaşının ən dərin
qatlarında gəzdirdiyi qiyamət də var və insan bir
gün o qiyamət qarşısında hesabat verməli olur.
"Qız... yerdən bir ovuc kül götürüb onun
başına tökdü. Qızı itələyərək
ayağa durdu. Təpəciyin üstündən üfüqlərə
qədər uzanan kül yaylalarını, yanıb
kömürə dönmüş ucsuz-bucaqsız ormanları,
səmadan asılan bozumtul buludları, küllükdə
eşələnən insan yığınını
süzdü..."
"Kulikovo döyüşü" hekayəsində
də hekayənin qəhrəmanı yaddaşın mühakiməsi
qarşısında mühakimə olunur. Bu əsər
quruluşuna görə "hekayə içində hekayə"
kimi düşünülüb. Qızıl Orda
sərkərdəsi Mamay xanın ruslara məğlub olduğu
Kulikovo çölündən keçən qatarın hərəkəti
ilə qatardakı sərnişinin kitabdan oxuduğu tarixi mətn
bir-birinə əks axın təşkil edir, qatar irəlilədkcə
qatarın içində gedən adam geriyə, tarixə (bəlkə də tarixdən o yana) qayıdır. Bu
günlə tarix arasında paralellik yaradılır:
keçmiş bu günün, bu gün keçmişin
işığına tutulur və yaddaş şüur
axınına qapılmış insandan tarixdən ibrət
almağı hökm edir. Qatar və zaman isə... qatar yoluna,
zaman da axınına davam etməkdədir...
Vaqif Sultanlı tarixin ən faciəvi ibrət
dərslərindən birini "Kamasin dili" hekyəsində
canladırmağa çalışıb. Hekayədə
türk soyundan gələn, başqa etnosların arasında
assimilyasiyaya məruz qalmış bir xalqın dilinin
axırıncı daşıyıcısı olan
qadının ömrünün son günlərindən bəhs
olunur. O, ölümü ilə yalnız özünün
deyil, bütövlükdə xalqının yox
olacağını dərk edir. "Qu quşu son nəğməsini
ötən kimi, o da yaşayıb sonuna vardığı
ömürlə birgə soyunu bitirəcəkdi. Ondan sonra bu
ucsuz-bucaqsız bozkırlarda yenə qurdlar ulayacaq, ancaq mənsub
olduğu eli, ulusu bu ulartı səsini bir daha duymayacaqdı.
Qurdlar eləcə heçliyə, yoxluğa, kimsəsizliyə
ulayacaqdı"...
Dilin sonuncu daşıyıcısının
ölümü ilə yer üzündəki bir xalq da
ölür. Beləliklə, ən amansız pritçanı,
ən ibrətamiz hekayəni tarix özü yazmış olur...
"Kufi xətti" hekayəsinin qəhrəmanı
öz alın yazısını oxumaq istəyir: "...həlim
toxunuşla barmaqlarını alnının
qırışları arasında gəzdirdi. Ancaq
alnındakı qırışlar kufi xəttinə
dönüşərək ömrü, taleyi ilə
bağlı yazılanları oxunmaz hala saldığından
bir şey anlaya bilmədi"...
Yazıçının da missiyasının
özünün, mənsub olduğu toplumun, millətin,
ümumiyyətlə, insanlığın taleyini oxumağa və
oxutmağa cəhd etmək olduğunu düşünürəm.
Vaqif Sultanlının bəzən kufi xətti kimi mürəkkəb
rəmzlərlə danışan, oxucuya yozum sərbəstliyi
təklif edən hekayələrindən aldığım
başlıca təəssürat bu oldu...
Məti Osmanoğlu
Ədəbiyyat qəzeti 2024.- 10 fevral, №5.- S.28-29.