Orasio Kiroqadan yazarlara 10 məsləhət:
"Sənətini
sevgilin kimi sev, ona bütün qəlbini ver"
Uruqvay yazıçısı Orasio Silvestre Kiroqa Fortesa 31 dekabr 1878-ci ildə Salto şəhərində anadan olub.
Orasio Kiroqa 1926-cı ildə
yazdığı "Ölü adam" hekayəsi ilə
"magik realizm" cərəyanının
yaradıcısı kimi qəbul edilir. Kiroqanın öz faciəli
həyatı da mistik olaylarla dolu olub.
Belə ki, yazıçının özü, ailə
üzvləri və ətrafındakı ən yaxın
adamların öz həyatlarına, ya intiharla son qoyublar, ya da
faciəli şəkildə vəfat ediblər.
Orasio Kiroqanın atası argentinalı diplomat Prudensio
Kiroqa olub. Oğlunun doğumundan iki ay yarım sonra təsadüfi
tüfəng atəşindən vəfat edib. Montevideoda
təhsil alan Orasio ədəbiyyat və
eksperimental elmlərə (mexanika, fizika, kimya) meyil göstərib.
1899-cu ildə Parisi ziyarət edib. Uruqvaya qayıdaraq ispan dilini tədris edib, jurnalistika
ilə məşğul olub və fotoqraflığa meyil
göstərib. Ədəbiyyatda
debütünü 1901-ci ildə ispandilli modernizmin (Ruben Dario)
təsiri ilə yazılmış şeir və poetik nəsr
kitabı ilə edib. 1902-ci ildən əsasən,
Argentinada yaşayıb. Bir fotoqraf olaraq, Təhsil
Nazirliyinin dəstəyi ilə Leopoldo Lugones tərəfindən
təşkil edilən Çako vilayətinə bir ekspedisiyada
iştirak edib. Selvaya adlı xanıma aşiq olub və
orada bir neçə il ailəsi ilə
birlikdə yaşayıb. 1915-ci ildə həyat
yoldaşı intihar edib. 1920-ci illərdə
ssenari müəllifliyi edib, film tənqidi ilə məşğul
olub, qəzet və jurnallara yazıb. Yazıçının
ikinci evliliyi də uğursuz olub. Prostat xərçəngindən
əziyyət çəkən yazıçı dostunun
gözünün qabağında sianid turşusu içərək
intihar edib. Dözülməz
ağrılar içində qovrulan Orasio Kiroqa bir neçə
dəqiqədən sonra, 19 fevral 1937-ci ildə vəfat edib.
Orasio Kiroqa Latın Amerikasının Edqar Po-su kimi
tanınır; Kortasar, Borxes və Markesin sələfi hesab
olunur. Onun hekayələrində ağıl və dəlilik,
ehtiras və peşmanlıq, sevgi və xəstəlik
bir-birini qovur, ölümsə, görüş anını
gözləyən kölgə kimidir. Kiroqanın
ən böyük mövzuları insanın faniliyi ilə
sevgi, ya da dünyada bir yer kimi mütləq bir şey
axtarışı arasında dram, ölümün
valehediciliyi və dəhşətidir.
Orasio Kiroqa bütün dövrlərin ən
yaxşı hekayə yazıçılarından biri hesab
olunur. Yazıçının yoldaşlarına verdiyi 10
tövsiyəni təqdim edirik.
1. Bir
ustada - Po, Mopassan, Kiplinq, Çexova - Allaha inandığın
kimi inan.
2. Sənətini
əlçatmaz bir zirvə kimi qəbul et.
Onu üstələyə biləcəyinə
dair xəyallar qurma. Üstələyə
biləcəyin vaxt gələndə, bunu özün də fərqində
olmadan bacaracaqsan.
3. Təqliddən,
mümkün qədər, uzaq dur, üzərindəki təsir
kifayət qədər güclü olarsa, təqlid et. Şəxsiyyəti inkişaf
etdirmək hər şeydən çox, səbir tələb
edən bir işdir.
4.
Kor-koranə inan: uğur qazanacaq qədər istedadlı
olduğuna deyil, arzuladığın şey
qarşısında göstərəcəyin şövqə.
Sənətini sevgilin kimi sev, ona bütün qəlbini
ver.
5. İlk
sözün hara gedib çıxacağını bilmədən
yazmağa başlama. Yaxşı işlənmiş
hekayədə ilk üç sətir, demək olar ki, son
üç sətir qədər əhəmiyyətlidir.
6. Bu
şərti dəqiqliklə ifadə etmək
üçün bir misal: "Çaydan soyuq külək əsirdi".
Ən yaxşı ifadə vasitələri sadə
danışıq dilindən götürülmüş fikirlərdədir.
Sözlərinə sən hökm et, harada
hansı sözü işlədəcəyini dəqiq bil.
7.
Lazım olmadıqca təsvirdən istifadə etmə. Onlar zəif bir ada yapışdırılan rəng
spektri qədər yararsızdılar. Dəyərli birinə rast gəlsən,
onun misilsiz rəngi olacaq. Ancaq əvvəlcə
onu tapmaq lazımdır.
8. Qəhrəmanlarını
yarat və onları ardıcıl, hekayənin sonuna qədər
apar. Yaratdığın yolda onları başqa
cür görməyə çalışma. Başqalarının görə bilmədiyi və
ya görsələr belə, əhəmiyyət verməyəcəkləri
şeylərə görə yolundan yayınma. Oxucunu aldatma. Hekayə, söz
yığınından arınmış bir romandır.
Elə olmasa belə, bunu mütləq həqiqət kimi qəbul
et.
9.
Duyğuların axışına qapılıb yazma. Qoy, yox olsunlar, amma sonra hamısını
ağlına gətir. Bundan sonra
emosiyaları yenidən canlandıra biləcək gücün
qalıbsa, demək, artıq yolun yarısındasan.
10. Yazarkən,
nə dostların, nə də hekayənin yaradacağı təsir
barəsində düşün. Hekayəni, bir
yerə toplayacağın qəhrəmanların içində
yaşadığı o kiçik mühitdən başqa səni
maraqlandıran heç nə yoxmuş kimi danış. Hekayədəki
həyatdan başqa, ortaya heç bir şey çıxmasın.
Hazırladı: Nilufər Hacılı
Ədəbiyyat qəzeti 2024.- 10 fevral, №5.- S.32.