Qatardakı adam
Hekayə
Qatar yavaş-yavaş hərəkətə gəldi.
Dərindən silkələnib
ürəkdən fit verdi. Və
alayarımçıq fanar işığına
bürünmüş bu zavallı stansiyadan həvəslə
sıyrılıb çıxaraq gecənin zülmət
qaranlığına bürünmüş
çöllü-biyabana daxil olmağa başladı.
Bura qədər mən kupedə tək idim. Qatar yola davam
edəndə sevindim ki, kupeyə qonşu gəlmədi. Amma sevincim uzun çəkmədi. Bir qədər relslərin yeknəsəq səsini
eşitdikdən sonra kupenin qapısı bayır tərəfdən
dartılmağa başladı. Bir-iki uğursuz cəhddən
sonra, nəhayət, qapı hücmlə yana,
öz yuvasına doğru şaqqıltıyla yol edib
açıldı. Uzun boyuna baxmayaraq, ikiqat olmuş
yaşlı bir kişi əlində yol səbəti
içəri daxil oldu:
Ağ kəpənəklər
- Faiq Xudanlı
Məşuqəsi
ilə birgə özünəqəsd edən
yazıçının hekayəsi
Xərçəng
diaqnozu qoyulan aparıcının vəziyyəti
ağırlaşdı
- Salam. Axşamın xeyir.
- Salam...
Mən mümkün qədər çalışdım
ki, səsimdəki üzüntü duyulmasın. Buna nail oldum
ya olmadım, bilmək olmaz, amma yenicə gəlmiş bu
qonşum mənim "salam"ımdan sonra sulanmış
gözlərilə zənlə, bir qədər də təəccüblə
mənə baxdı.
Qatar getdikcə sürətini artırırdı. Pəncərədən o tərəfdəki
zil qaranlıq rəngə bürünmüş
çöllü-biyaban qara dəlik kimi qatarı
öz içinə sovurub udmaqda idi. Elə bir
gecə düşürdü ki, elə bil, öz yerini əbədiyyən
qoruyub saxlamağa gəlmişdi.
Mənim yerim alt qatda idi. Qonşum əlindəki
səbəti birdəfəyə qaldırıb kupenin
yuxarı mərtəbəsindəki əşyalar
üçün nəzərdə tutulmuş boşluğa itələdi.
Sonra bu ahıl kişi quş
yüngüllüyü ilə sıçrayaraq mənimlə
üzbəüzdə, amma yuxarıdakı yerinə, əlbəttə
ki, əllərilə bədəninə dirsək verib
atılıb oturdu, elə oturduğu yerdəcə
fırlanıb üzü kupeyə döndü. Sonra bu kişi başladı soyunmağa. Əvvəlcə pencəyini çıxardı.
Kəmali-qabiliyyətlə şalvarını
soyundu. Qatarda tez-tez zaman keçirən
adamlara xas səliqə ilə onları yatağın
aşağı tərəfindəki asılqana keçirdi, əli
ilə sığallayıb, nəhayət, yerinə uzandı.
Bütün bunları adətkərdə şəkildə,
çox böyük bir yetkinliklə etdi. Onu
müşahidə eləmək maraqlı idi. Bu adam, elə bil, qatarda yaşamaq
üçün doğulmuşdu. Əsl qatar
adamı idi. Onun hər bir hərəkəti
qatarın relslərdə çıxardığı
"taq-taraq" səsinə həmahəng idi. Az qala bir adam boyda olan vaqon təkərlərinin
yeknəsəq səsi onun bədəninin incə və kobud
titrəyişlərinin ifadəsinə çevrilirdi. Ya da əksinə...
Qonşum yataqdakı nazik və alabəzək adyalı
üstünə çəkdi. Başının altındakı
alçaq yastığı əli ilə bir neçə dəfə
dümsüklədi və bütün bunlardan sonra bir ah
çəkib ürəyinin dərin yerindən gələn
ahla birgə bu sözləri dedi: "Ya qərib imam Rza...". Sonra kupe sakitlik içində
əridi.
Vaqon təkərlərinin
yeknəsəq səsi aydın şəkildə eşidilməyə
başladı: taq-taraq-taq-taraq...
Mən yerimin içinə girib ora-bura çönərək
bədənimlə soyuq yatağı
qızışdırmağa və sabaha qədər heç
olmasa, gözlərimin acısını almağa
çalışdım. Bir müddət keçdi. Təkərlərin
yeknəsəq taqqıltısı qulağıma az qala layla kimi gəlməyə başlayanda
yuxarıdan qonşumun xeyli gümrah səsi eşidildi:
- Deyirsən,
məhəbbət dünyanın ən gözəl nemətidir?
Belə dedin də sən?!
Mən artıq yumulmaqda olan gözlərimi zor-güc
açdım.
Qonşumun "imam Rza"sını xatırladım və
beynimdən bunlar keçdi: "Məhəbbət barədə
danışmaq üşün bundan daha namünasib vaxt tapmaq
mümkün olmazdı... Belə də zülm
olar?! Və həm də! Mən nə zaman bu mənasız
sözləri dedim, ya qərib imam Rza?!"
- Mən
səni anlayıram. - Qonşum üçün mənim onu
dinləyib-dinləməməyimin bir fərqi yox idi. - Mən
səni gözəl anlayıram... Çox adam
belə düşünür. Amma inan mənə,
belə deyil. Yuxun gəlmirsə, sənə
bir əhvalat danışım. Etirazın
yoxdu ki?!
Mən ancaq sükutdan ibarət cavabımla etiraz edə
bilərdim. Belə bir etirazın isə qəbul ediləcəyinə
ümidim yox idi. Mənim cavabımı heç kim gözləmədi.
- O ilin
baharı qaysı, gilas, vişnə ağaclarının ağ çiçəklərinə
bürünüb bər-bəzəkli gəlin kimi gəlmişdi...
İlk cümlə məni necə tutdusa, diqqətimi
topladım.
- Mən
rayon mərkəzindəki məktəbimizin sonuncu sinfində
oxuyurdum. Gələcək planlarımı qururdum, onillikdən
sonra hansı ali məktəbdə necə
oxuyacağımı beynimdə götür-qoy edirdim. Sinfimizdəki İdbar Razi ilə
böyük-böyük şəhərlərə gedəcəyimizi,
gözəl-gözəl yerləri gəzəcəyimizi,
sevib-seviləcəyimiz gözəl-göyçək
qızları ağız ləzzətilə hər axşam həyətimizin
qabağında oturub götür-qoy edirdik.
Sinfimizin
bütün oğlanları bir il, iki il
bundan əvvəl hansısa qızlara vurulmuşdular, bəziləri
sevib-sevilirdi, bəziləri məhəbbətdən
yanıb-qovrulurdu. Mən və İdbar Razi sevgi
payımızı böyük şəhərə, ali məktəbə saxlayırdıq.
Relslərdən gələn yeknəsəq
"taq-taraq" səsi artıq eşidilmirdi.
- O
qız bizim məktəbimizə onuncu sinifdə gəldi. Ailəsiylə başqa rayondan
köçmüşdülər. Onu
qonşu sinfə yerləşdirdilər. Mən onu ilk dəfə
məktəb dəhlizində görən kimi nəfəsim
tutuldu, sinəmdə nə idisə, az qala
yerindən çıxdı. Mən ona elə o
saat bir könüldən-min könülə vuruldum. Sən demə, belə də olurmuş. Sonralar dəhlizdə üz-üzə gəldiyimdə
gözlərinə baxmağa belə qorxurdum. Mən bu rəngdə göz heç harda görməmişdim.
Yaşıl gözlərini utanmadan, çəkinmədən
adama zilləyir, elə təkidlə baxırdı ki, elə
bil, baxışı sənin içindən televiziya, radio
dalğaları kimi keçib arxanda nə varsa, ona nüfuz
edir. Sənin özünü isə yox,
görmür. Yaşıl gözlər səni ahənruba
kimi özünə doğru çəkir, sənin
baxışını özünə sarı yönəldəndən
sonra isə çox ecazkar şəkildə yana
çəkilir, bu zaman gözlərinin dərinliyində gizlənmiş
boşluq açılır, sənin baxışın onun
gözlərinin yanından ötüb haman boşluğa
yuvarlanır. Beynimdə qəribə məqamlar
canlanırdı. Mən o boşluğa
yaşılgözlümün zərif əndamını
qucaqlayıb onunla birgə yuvarlanırdım,
öpüb-öpüb dişləyib doymayırdım,
bir-birimizə dünyanın bütün şirin, şəhvətli
sözlərini deyə-deyə o boşluqda az
qala güləşə-güləşə qalırdıq. Sonra yenə mən boşluqdan bu tərəfə məktəb
dəhlizinə qayıdırdım. Onun
etinasız gözləri məni yenə qaytarıb dəhlizin
başına gətirirdi. Etinasız
yaşıl gözlər mənə bir həqiqəti
aşkar bəyan edirdi. Bu adamın mənə
qarşı biganə olmasını. Məktəb dəhlizinə
qayıdandan sonra mən özümə bu gen dünyada rahat
yer tapa bilmirdim.
Onunla bircə kəlmə kəsmək, heç olmasa,
ona olan sevinc dolu, acı dolu hisslərimi söyləmək mənim
üçün əlçatmaz bir xülya idi.
Sinif
yoldaşım, həyət qonşum İdbar Razi yenə də
sözünün yerini bilməyə-bilməyə deyinirdi:
- Nə təhər
baxırsan ə sən bu qıza?! Elə bil,
yeyəcəksən onu. Nə
görmüsən bu yaşılgöz sonada?! Odu, Nazlı var, ona niyə baxmırsan?! Səni
görəndə yerişi də dəyişir... - İdbar
Razi guya mənim halıma yanırdı.
Mən İdbar Raziyə düz-əməlli bir cavab verə
bilmirdim. Ya qərib
imam Rza, mən İdbar Raziyə necə deyəydim ki, bu
çəlimsiz, yaşılgöz qızdan ötrü
canımı belə fəda edərəm?! İdbar
Razi məni anlamazdı.
Bizim məktəbin ikinci mərtəbəsində uzun
bir dəhliz var. Ortadan iki yerə bölünüb sağa
dönürdü. Dönən yerdə küncdə bir taxta
qalağı nə zamandan bəri atılıb
qalmışdı. Hamı bu taxta
qalağını unudub getmişdi.
Bu taxta qalağının arxasında mən özümə
bir gizli yer düzəltmişdim. Səhər orda gizlənib
yaşılgözlümün məktəbə gəlməsini
gözlərdim. Mən onun gəlişini
dəhlizin o biri tərəfindən, hələ görünmədiyi
yerdə ikən qoxusundan hiss edərdim. Taxtaların
arasında bir balaca deşik açmışdım, o
deşikdən baxırdım.
Həmişə birinci dərsə gecikərdi. Yaşılgözlüm
boş dəhlizi dönüb qənşərimdən
keçəndə ürəyim az qala
dayanar və mən nəfəsim təngiyə-təngiyə
bu qızın yanımdan ötərək gözdən itib
sinfə girməsini izlərdim. Bəzən o gələnə
qədər onu gözləmək onun gəlişindən daha
ləzzətli olurdu.
O bahar məktəb
həyətindəki qızılgüllər bir daha o cür
bitmədi. O cür, yəni elə ürəkdən, elə ətirli,
elə al-əlvan, min bir rəngli...
- Günlərin
bir günü...- Burada qonşum sözlərinə ara verdi və boğazını
arıtladı. Yenə qatar təkərlərinin
relslərlə təmasından doğan yeknəsəq
"taq-taraq" səsi qulaq deşməyə başladı.
-
Qulağın məndədi?! - Qonşumun cod səsi xəncər
kimi havaya saplandı.
Mən
özüm yerimdə uzana-uzana, elə bil, haman
baharın tüğyan edən çiçəklərini
görməyə başlamışdım, o baharın rayihəsini
duyurdum. Çiçəklər, həqiqətən,
ürəkdən açmışdılar, qonşum deyən
qədər gözəl idilər və hətta
çiçək kollarının üstündə
sığırçınlar civildəşə-civildəşə
dövrə vururdu. Mən o baharın
içində idim.
- Haman o
gün mən yenə öz yerimi tutmuş idim və
taxtadakı deşiyə gözlərimi dikmişdim. Budur, birinci dərsin zəngi vuruldu. O, yenə
də zəng vurulandan, dəhlizdəki gediş-gəliş
yığışandan sonra gəldi. Dəhlizi
buruldu və taxta yığnağının yanında...
yaşılgözlüm qəflətən ayaq saxladı.
Gözlərini mənim baxdığım
deşiyə dikdi. Belə bir
yaxınlıqdan mənim gözlərim qamaşdı.
Onun asta səsi yağ kimi canıma
yayıldı:
- Bilirəm,
ordasan. Hər gün gəlib orda gizlənib məni gözləyirsən...
Mən hərəkətsiz qalmışdım. Cınqırımı
da çıxara bilmirdim. Nəfəs
almağa belə qorxurdum. Məni tilsimə
salmışdılar.
- İstəyirəm, biləsən. Mənim də
ürəyim çoxdan səninki olub. Mən
də səni dünyalar qədər sevmişəm. Hər məktəbə yaxınlaşanda ürəyim
guppuldayır, səni tənəffüsdə görəcəyimi
min cür xəyal edirəm. Eşit məni.
Məni bir daha burda belə gözləmə.
Bu taxta-tuxtanın da arxasında gizlənmə.
Gəl səninlə klubda kino axşamı
kinodan əvvəl görüşək. Daha
heç kimdən gizlətməyək sirrimizi. Qoy bunu
hamı bilsin... Danışdıq, bax, sabahdan
burda durma. Mən daha gedim. Sən də
get dərsə. Gec qaldıq. Amma bil. Ürəyim səninlə
vurur.
Yaşılgözlüm
bu sözləri dedi, mənim huşumu əlimdən aldı,
gedərkən hələ bir dodaqlarını bir-birinə
sıxıb taxta deşiyindən mənə hava
öpücüyü də göndərdi. Mən
də öz növbəmdə deşiyin bu biri tərəfində
dodaqlarımı bir neçə dəfə açıb
bir-birinə sıxdım. Gözlərim
yaşarmışdı.
O gün
məktəb həyətindəki gül-çiçəyin
ətri aləmi başına götürmədimi,
götürdü. Quşların şən cəh-cəhini
mən bu gün də unuda bilmirəm. Yoxsa
ki bu "taq-taraq"?! Adamı lap gic edir...
O gün
mən başa düşdüm ki, dünyanı sevmək nə
deməkdir. Bu, qarşına keçən hər
adamı, tanıdın ya tanımadın, sevmək deməkdir.
Mən o gün bütün dünyanı
sevirdim. Təkcə onu sevmək azıma gəlmişdi.
Xoşbəxtlik də bu idi - təkcə
sevdiyini sevmirsən, qarşına keçən hər
adamı, hətta düşmənini sevirsən. İdbar Razi belə mənə gözəl-göyçək
bir oğlan kimi görünürdü.
Qatar hərəkətini yavaşıtdı. Dəmir təkərlərin
canına əyləclər necə yapışdısa əttökən
bir səs çıxdı. Amma qatar
dayanmadı. Dərindən nəfəs dərib
fısıldadı və yenə də yavaş-yavaş
sürət yığmağa başladı.
"Taq-taraq-taq-taraq..."
Qonşum
davam edirdi:
- O
günün səhəri məktəbə necə gəldiyimi
xatırlamıram. Əslində, gəlmirdim,
uçurdum. Bütün gecəni
yatmamışdım. Fikrimdə cürbəcür
xəyallar, daha dəqiq desəm, xəyalplovlar qururdum.
Dəhlizin
burulan yerini az qala sürüşüb
keçdim. İstədim, taxta yığnağına bir təpik
vurub yanından ötüm keçim, elə bil, kimsə mənə
dedi ki, gəl bu gün axırıncı dəfə bu
qızı sən burda gözlə. Gələndə
çıx qarşısına, əlini əlinə al,
gözünü gözünə dik...
Nəhayət, zəng vuruldu, dəhlizdən əl-ayaq
çəkildi. Sakitlik ətrafı bürüdü.
Onun gəlişini ondan əvvəl gəlib ətrafa
yayılan qoxusundan duydum. Ayaq səsləri
nəhəng devlərin ayaq səsləri kimi ağır və
vahiməli idi. Dəhlizin burulan yerinə
çatanda dayandı. Əvvəlcə
dal-dalı əyilib dəhlizin mən tərəfinə
baxdı, elə bil, yoxlayırdı ki, kimsə var, yoxsa yoxdu.
Sonra üzünü dəhlizin mənə
görünməyən tərəfinə tutub mənim
görə bilmədiyim kiminlə isə danışmağa
başladı. Aramızda, təxminən,
5-6 addımlıq məsafə var idi. Amma
mən onun dediklərini bircə-bircə eşidirdim.
Taq-taraq -
taq-taraq...
- Onun ilk
sözləri məni səksəndirmədimi, səksəndirdi.
O sözlərin kimə ünvanlandığını görə
bilmirdim, amma mən bu sözləri artıq
tanıyırdım. Bu sözləri mən
dünəndən dəfən-dəfən
özüm-özümə təkrar edib əzbərləmişdim.
Yaşılgözlüm deyirdi...
Taq-taraq-taq-taraq...
- Həə,
yaşılgözlüm mənim görə bilmədiyim o tərəfdəki
adama belə deyirdi:
- Bilirəm,
hər gün burda gizlənib məni gözləyirsən. Hər gün gəlib məni gözləməkdən
yorulmursan. Düz demirəm?! İstəyirəm biləsən. Mənim də ürəyim çoxdan səninki
olub. Mən də səni dünyalar qədər
sevmişəm. Hər məktəbə gələndə
ürəyim guppuıdayır, səni necə görəcəyimi
xəyal edirəm. Amma daha sən məni
burda gözləmə. Gəl səninlə
klubda görüşək. Kino
günündə. Daha heç kimdən sirrimizi
gizlətməyək. Danışdıq?!
Mən daha gedim. Sən də get dərsə.
Gec qaldıq. Amma ürəyim burda səninlə
qalır, biləsən... Onun bu dedikləri eynən
dünən dedikləri idi. Nə artıq, nə əskik...
Taq-taraq -
taq-taraq...
-
Yatmamısan hələ?! Yatma. Qurtarıram. Yaşılgözlüm
gəlib mənim gizləndiyim taxta-tuxta qalağının
qabağından keçəndə ürəyim sinəmdən
çıxıb yerə, ayaqlarımın altına
düşdü.
Mən öz yerimdə quruyub qalmışdım. Hərəkət
eləməyə halətim yox idi. Sənin ağlına
gələrmi, dəhlizin burulan yerindən, mənim görmədiyim
tərəfdən kim çıxdı?!
"Taq-taraq-taq-taraq..."
- Razi
çıxdı. İdbar Razi. Əyilə-əyilə, oğrun-oğrun ora-bura
baxıb tez-tələsik gedib girdi sinfə.
Sən də
deyirsən, məhəbbət belə gəldi, belə getdi...
O vaxtdı, bu vaxtdı mən sevgi, məhəbbət nədi
bilmənəm, bilmək də istəmirəm. Hər
şey öldü mənimçün. İndiyənə
qədər günüm bu yollarda, elə bu qatarda keçir.
Di, bəsdi. Yordum səni.
Yataq. Gecən xeyrə
qalsın.
Mən gözlərimi yumdum. Yenə də
qaysı, gilas, vişnə ağacları çıçək
açan bir məktəb həyətindəydim. Gün işığı həzin-həzin nurunu ətrafa
yayırdı. Torpağın ətri adamı bihuş
edirdi... Birdən bu yaz təravəti ilə dolu
həyətə leysan yağışı yağmağa
başladı. Bir neçə saniyə içində nə
gül-çiçəkdən əsər-əlamət
qaldı, nə asudə-asudə uçuşan quşlardan...
Kupenin
qapısı şəstlə yana
açılıb şişman bələdçi
qadını içəri buraxanda mən diksinib gözlərimi
açdım. Yatırdımmı, ayıq
idimmi - bilmirəm. Bələdçi qadının
gümrah, qalın səsi kupeni başına
götürdü:
-
Çay, çay vaxtıdı. Çaylarınız
gəldi. Qalxmaq lazımdı. Bir
saatdan az vaxtımız qalıb. İnşallah, bu dəfə gecikmərik. Sən
hələ bayırdakı leysan yağışa bax,
yağışa... Ya qərib imam Rza...
Bələdçi
qadın qəribə bir səliqə ilə əl-ayaq eləyib
çay stəkanlarını, limon
qabını, balaca qənd qabını kupedəki mizin
üstünə düzdü.
Qonşum artıq özünə sahman-səliqə
verib mənim qarşımdakı yataqda oturmuşdu. Qaşqabaqla pəncərədən
çölə baxırdı. Yağışın əlindən
pəncərədən o tərəfdə heç nəyi
seçmək olmurdu. O isə yenə də qatarın yeknəsəq
"taq-taraq" səsinin ahənginə uyğun olaraq
başını aşağı-yuxarı tərpətməkdə
idi.
- Sənin sevdiyin mürəbbədən
qalmayıb. Bağışla...
Bələdçi qadın bu
sözləri qonşuma ünvanlayıb şişman bədənini
qapıya tərəf çevirməzdən əvvəl məni
öz yaşıl gözlərilə diqqətlə süzərək
gülümsündü, sonra köksünü
ötürüb kupedən çıxdı. Qonşum bu
qadının sözlərinə heç bir reaksiya vermədi.
Təkərlərin səsi yenə qulaq
deşməyə başladı: taq-taraq-taq-taraq...
Kamal Abdulla
Ədəbiyyat qəzeti 2024.- 17 fevral, №6.- S.6-7.